Qətər Azərbaycanın ərazi
bütövlüyünün
bərpa edilməsini qətiyyətlə dəstəkləyir
“Ölkələrimiz
arasında dostluq və qardaşlıq münasibətlərinin
tarixi qədim olsa da bu münasibətlər Qətər
dövlətinin əmiri əlahəzrət Şeyx Həməd
bin Xəlifə Al Tani və onun Azərbaycandakı
dostu-qardaşı, cənab Prezident İlham Əliyevin səyləri
nəticəsində bu gün yüksək bir səviyyəyə
qalxmışdır. Dövlət başçıları
ölkələrarası dostluğun və əməkdaşlığın
daim inkişaf etdirilməsi və genişləndirilməsi
üçün çox mühüm addımlar
atmışlar. Mən bu gün azərbaycanlı dostlarım
qarşısında fəxrlə deyə bilərəm ki,
işğalçılığı,
separatçılığı və terrorçuluğu daim
pisləyən, bu əməllərə qarşı
mübarizə aparan Qətər dövləti üzv
olduğu bütün beynəlxalq təşkilatların
tribunasından Azərbaycanın mövqeyini müdafiə
etmiş, bu dövlətin ərazi
bütövlüyünün bərpa edilməsinin zəruriliyini
bildirmişdir”.
Bu fikirləri Qətər
dövlətinin milli bayramı münasibəti ilə
Bakıda keçirilmiş tədbirdə fövqəladə
və səlahiyyətli səfir Mübarək bin Fəhd Cəsim
əl-Səni söylədi. Səfir qeyd etdi ki, Azərbaycan
Prezidenti cənab İlham Əliyevin 2004-cü ilin noyabr-dekabr
aylarında Qətərdə rəsmi səfərdə
olması, ikitərəfli əməkdaşlığın
müxtəlif sahələrini əhatə edən
mühüm sənədlərin imzalanması və sonrakı
görüş və müzakirələr Azərbaycan — Qətər
dostluq və əməkdaşlıq münasibətlərini
yüksək səviyyəyə qaldırmışdır.
Milli Məclis sədrinin
müavini Valeh Ələsgərov turizm, mədəniyyət,
iqtisadiyyat, ticarət və elmi-texniki sahələrdə Azərbaycan
— Qətər əməkdaşlığının daha da
genişləndirilməsi üçün böyük potensial
olduğunu söylədi.
Natiq qeyd etdi ki, Yaxın və Orta Şərqin coğrafiyaca kiçik, lakin çox zəngin və nüfuzlu dövlətlərindən olan Qətərin daim Azərbaycanın mövqelərini dəstəkləməsi ölkəmizdə hörmət və ehtiramla, beynəlxalq aləmdə isə maraq və diqqətlə qarşılanır: “Dövlət başçılarının şəxsi dostluq münasibətləri Bakı — Doha əməkdaşlığını daha da genişləndirəcəkdir”.
Tədbirdə Milli Məclisin və hökumətin üzvləri, Azərbaycanda akkreditasiya olunmuş səfirlər, paytaxt ictimaiyyətinin nümayəndələri və KİV təmsilçiləri iştirak edirdilər.
İttifaq MİRZƏBƏYLİ
Xalq qəzeti.-2008.-20 dekabr.- S.3.