Neft sənayesinə dövlət qayğısı əsaslı yüksəlişə təminatdır

 

Ölkə iqtisadiyyatının lokomotivi sayılan neft sənayesinin dinamik inkişafı davam edir. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə işlənib hazırlanmış yeni neft strategiyasının uğurla reallaşdırılması Azərbaycanın iqtisadi qüdrətini ilbəil artırır. Artıq Azərbaycanda neft və qaz hasilatı rekord səviyyəyə çatdırılmış, ölkəmizin ixrac potensialı xeyli artmışdır. İndi ölkəmiz Avropanın enerji təhlükəsizliyinin təminatında mühüm rol oynayır. Neft sənayesinə dövlət qayğısının ilbəil artması, neftçilərin rifah halının yaxşılaşdırılması istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlər bu şərəfli peşə sahiblərini yeni-yeni nailiyyətlərə ruhlandırır. Bundan əlavə, ölkə Prezidenti İlham Əliyevin diqqət və qayğısı sayəsində Dövlət Neft Şirkəti modern bir quruma çevrilmiş, neft sənayesinin maddi-texniki bazası gücləndirilmiş, mütərəqqi texnologiyaların tətbiqinə diqqət xeyli artırılmışdır. Bütün bunların nəticəsidir ki, son illər neft və qaz hasilatına dair dövlət tapşırıqları vaxtından əvvəl və artıqlaması ilə yerinə yetirilir.

Bütün bu uğurların qazanılmasında “Azneft” İstehsalat Birliyinin qabaqcıl müəssisələrindən sayılan “Qum adası” Neft və Qazçıxarma İdarəsinin də xüsusi payı var. Təkcə onu demək kifayətdir ki, adı çəkilən idarənin kollektivi neft və qaz hasilatına dair illik planı müvafiq olaraq noyabrın 20-si və dekabrın 11-də yerinə yetirmişdir. Bütövlükdə isə 2008-ci ilin 11 ayı “Qum adası” NQÇİ üçün uğurlu olmuşdur. Elə adı çəkilən idarənin hesabat dövrü üzrə texniki-iqtisadi göstəriciləri də bunu sübut edir. Belə ki, cari ilin yanvar-noyabr ayları ərzində “qara qızıl” ustaları 50380 ton əvəzinə 56916 ton neft çıxararaq proqnoz tapşırığını 113 faiz yerinə yetirmişlər. Onu da deyək ki, bu, ötən ilin müvafiq dövrünün göstəricisindən 5788 ton çoxdur. Bundan əlavə, hesabat dövründə 55611 ton “qara qızıl” təhvil verən neftçilər plana 113 faiz əməl edərək ötən ilin göstəricisini 1538 ton üstələmişlər.

“Qum adası”nın neftçiləri qaz hasilatına dair tapşırıqlara da vaxtından əvvəl və artıqlaması ilə əməl edirlər. 2008-ci ilin 11 ayında idarə üzrə nəzərdə tutulmuş 222 milyon 300 min kubmetr əvəzinə 231 milyon 731 min kubmetr qaz hasil edilərək proqnoz tapşırığınıa 104,2 faiz əməl olunmuşdur. Bundan əlavə, hesabat dövründə ölkənin qazpaylayıcı şəbəkəsinə 179 milyon 347 min kubmetr “mavi yanacaq” təhvil verən neftçilər planı 105,7 faiz yerinə yetirməyə müvəffəq olmuşlar. Hazırda isə 2009-cu ilin hesabına işləyən ada neftçiləri hasilat göstəricilərini getdikcə artırmağa səy göstərir, imkanlardan maksimum istifadə etməyə çalışırlar.

“Qum adası” Neft və Qazçıxarma İdarəsi hazırda “Qum dəniz” və “Bahar” yataqlarının istismarını həyata keçirir. Son zamanlar Dövlət Neft Şirkəti üzrə qazma işlərinin intensivləşməsi adı çəkilən yataqlarda da yeni-yeni quyuların qazılıb neftçilərin sərəncamına verilməsinə səbəb olmuşdur. Təkcə onu demək kifayətdir ki, cari ilin yanvar-noyabr aylarında qazmadan istismara 3 yeni quyu daxil edilmiş, bunlardan 2517 ton neft hasil edilmişdir. İlin sonunadək isə qazmadan daha iki quyunun alınması gözlənilir.

Qazmadan alınan yeni quyularla yanaşı, fəaliyyətsiz quyuların da işlək fonda qaytarılmasına diqqət getdikcə artırılır. Belə ki, 2008-ci ilin 11 ayında fəaliyyətsiz fonddan bir quyu əvəzinə 4-ü yenidən istismara daxil edilmiş, bunun da hesabına 104 ton əlavə neft alınmışdır.

Bütün bunlarla yanaşı, idarə üzrə neft və qaz hasilatının sabit saxlanması üçün bütün digər zəruri tədbirlər də uğurla reallaşdırılır. Bu məqsədlə əsaslı və yeraltı təmir işlərinin, eləcə də geoloji-texniki tədbirlərin vaxtında və keyfiyyətlə aparılmasına böyük diqqət yetirilir. Bu işdə təmirçilərin üzərinə böyük məsuliyyət düşür. Hazırda “Qum adası” NQÇİ-də əsaslı və yeraltı təmir işləri sahəsində 10 briqada iki növbədə fəaliyyət göstərir. Quyuların sabit rejimdə, ahəngdar işini təmin etmək üçün ilin əvvəlindən lazımi cari və əsaslı təmir aparılmış, bu da böyük iqtisadi səmərə ilə müşayiət olunmuşdur. Belə ki, yanvar-noyabr aylarında 92 əvəzinə 104 quyuda əsaslı təmir işləri aparılmış, nəticədə 9149 ton əlavə neft alınmışdır. Bundan əlavə, hesabat dövründə 202 əvəzinə 283 quyuda yeraltı təmir işləri həyata keçirilmişdir.

Quyuların neftvermə əmsalının artırılması məqsədilə idarə üzrə həyata keçirilən geoloji və texniki tədbirlərin səmərəsi getdikcə artır. Cari ilin yanvar-noyabr aylarında da bu sahədə yüksək nailiyyətlər əldə edilmişdir. Belə ki, hesabat dövründə planda nəzərdə tutulmuş 23 əvəzinə 33 quyuda geoloji tədbir aparılmış, bunun da hesabına 4586 ton neft hasil edilmişdir. Bu da proqnozdan xeyli çoxdur. Quyularda həyata keçirilən texniki tədbirlər isə daha böyük iqtisadi səmərə ilə müşayiət olunmuşdur. Belə ki, 11 ay ərzində 65 əvəzinə 138 quyuda belə tədbir həyata keçirilmiş, nəzərdə tutulmuş 3700 tona qarşı 6418 ton neft hasil edilmişdir.

Bu il ölkənin məhsuldar təbii qaz yataqlarından sayılan “Bahar” yatağının istismara daxil edilməsinin 40 ili tamam olur. Vaxtilə respublikamızın “mavi yanacağa” olan tələbatının 65 faizini ödəyən bu yataqda ötən müddətdə 128 milyard 522 milyon kubmetr qaz hasil edilmişdir. Hazırda isə “Bahar” yatağındakı 13 işlək quyudan gün ərzində təqribən 650-680 min kubmetr qaz çıxarılır. Adı çəkilən yataqda çıxarılması mümkün olan ehtiyatların çoxluğu nəzərə alınaraq yeni qaz proqramında burada hasilatın artırılması üçün bir sıra tədbirlər nəzərdə tutulmuşdur. Yaxın vaxtlarda həmin tədbirlərin reallaşacağı təqdirdə yatağın əvvəlki şöhrətinin qaytarılması mümkün olacaq.

“Qum adası” NQÇİ-də texniki-iqtisadi göstəricilərin aybaay yaxşılaşdırılması sosial sferada bir sıra mühüm tədbirlərin həyata keçirilməsinə imkan yaradır. İdarədə çalışan neftçilərin sosial-məişət şəraitinin və rifah halının yaxşılaşdırılması istiqamətində ilin əvvəlindən həyata keçirilən tədbirlər də bunu deməyə əsas verir. Ötən dövrdə “Bahar” yatağının əlahiddə dəniz özüllərində vaxt üsulu ilə çalışan neftçilərin sosial-məişət şəraitini yaxşılaşdırmaq məqsədilə mədəni evciklərin bir hissəsi yeni çarpayılarla və lazımi məişət cihazları ilə təmin olunmuşdur. Bundan əlavə, idarənin inzibati binasındakı iş otaqlarının kabinet mebel dəsti və məişət cihazları yeniləşdirilmişdir.

2008-ci ilin 11 ayı ərzində neftçilərin əmək şəraitinin yaxşılaşdırılması məqsədilə xeyli iş görülmüş, qaz-kompressor sexinin 7 və 14-cü stansiyaları əsaslı təmir edilmiş, dam örtüyü dəyişdirilmiş, ventilyasiya sistemi bərpa olunmuş, su çənləri yeniləşdirilmişdir. Bundan əlavə, 1 və 2 saylı neft və qazçıxarma sexlərində və digər yardımçı sahələrdə də normal iş şəraiti yaradılmış, idarənin inzibati binasında əsaslı təmir işləri sona çatdırılmışdır. Hazırda isə adada idarə üçün yeni iki mərtəbəli inzibati binanın tikintisi aparılır.

Neftçilərin sosial qayğıları da daim diqqətdə saxlanılır. İlin ötən dövründə idarənin üç işçisi yeni mənzilin sevincini yaşamışdır. Neftçilərin səmərəli istirahətini təşkil etmək məqsədilə onlara ölkəmizin müxtəlif guşələrinə yollayışlar verilmişdir. Bundan əlavə, şəhid, əlil və himayəyə götürülmüş aztəminatlı ailələrə də daimi qayğı göstərilir.

İdarənin rəisi Qamət Məmmədov bizimlə söhbətində dedi: — Son illər möhtərəm Prezidentimiz İlham Əliyev Dövlət Neft Şirkətinin qarşısında neft və qaz hasilatının artırılması kimi son dərəcə mühüm bir vəzifə qoymuşdur. Bu vəzifənin yerinə yetirilməsi neftçilərin məsuliyyətini birə-beş artırır. Dövlət Neft Şirkəti və “Azneft” İstehsalat Birliyinin rəhbərliklərinin daimi diqqət və qayğısını hər an hiss edən kollektivimiz tapşırılan işin öhdəsindən layiqincə gəlməyə çalışır. Elə 2008-ci ilin hasilat tapşırıqlarının vaxtından əvvəl yerinə yetirilməsi də məhz bu diqqət və qayğının nəticəsidir. Onu da deyim ki, son illər yerlərdə səyyar müşavirələrin keçirilməsi ənənə halını alıb. Ötən ayın 24-də “Azneft” İstehsalat Birliyinin baş direktoru Səbuhi Əhmədovun rəhbərliyi ilə “Qum adası” NQÇİ-də keçirilən səyyar müşavirədə bir il əvvəlki analoji tədbirdə tərtib olunmuş protokolun icra vəziyyəti müzakirə olunaraq görülmüş işlər qənaətbəxş hesab edildi. Dövlət Neft Şirkəti və onun müvafiq qurumlarının rəhbərliklərinin iştirakı ilə keçirilən son müşavirədə həmçinin qarşıda duran vəzifələri özündə əks etdirən yeni protokol qəbul olundu. Burada əsas diqqət növbəti ildə idarə üzrə təmir-tikinti işlərinin sürətləndirilməsinə, kommunikasiyaların, yeni qaz-lift xəttinin dəyişdirilməsinə, qazma işlərinin intensivləşdirilməsinə və s. məsələlərə yönəldilmişdir. Dövlət qayğısından ruhlanan neftçilərimiz etimadı doğrultmağa çalışacaq, neft və qaz hasilatına dair tapşırıqların yerinə yetirilməsi üçün imkanları səfərbər edəcəklər.

 

Mirbağır YAQUBZADƏ

 

Xalq qəzeti.-2008.-20 dekabr.- S.4.