Tərtərdən yeni Tərtərədək

 

Son vaxtlar Tərtərə yolu düşənlər bir həqiqətin şahidi olurlar: şəhər öz məcrasına sığmır, hər tərəfə “addımlayır”, yeni binalar ucalır, təzə yollar, səkilər, yaşıllıq zolaqları salınır. Təkcə Bərdə tərəfdən, Tərtər çayının yaxası boyu uzanan asfalt yolla gəlmək kifayətdir. Yolun sağ tərəfi, sözün əsl mənasında, göz oxşayır, qədəm basanların qəlbində xoş, rahat və təkrarsız duyğular yaradır. Qısa müddət ərzində burada istirahət guşəsi yaradılmışdır. Ərazidə çay evi, səhəngli bulaqlar və fontan tikilmişdir. Təbii daş və ağaclardan istifadə edilməklə oturacaqlar qoyulmuşdur. İşıqlanma sistemi qurulmuş, yaşıllıq zolağı salınmış, çoxlu bəzək ağacları və gül kolları əkilmişdir.

Burada başqa bir cəhət də diqqəti cəlb edir: İnsan əli ilə tikilmiş, qurulmuş və yaradılmış bu yeniliklər təbiətin əzəli və əbədi gözəlliyi ilə qəribə bir ahənglə qovuşur, təkrarsız bir mənzərə yaradır. “Yeni Tərtər” qəzetinin baş redaktoru Tofiq Hüseynovun aşağıdakı sözlərini xatırlayıram: “Yeni” sözü təkcə qəzetimizin adına aid deyil. Tərtərin bütün sahələrində yenilik, irəliləyiş və yüksəliş var. Biz, həqiqətən də yeni bir Tərtərdə yaşayırıq”.

Haqlı sözlərdir. Bu həqiqəti bir daha görüb yəqin etmək üçünsə, sadəcə, şəhəri gəzmək, görmək, yeniliklərlə tanış olmaq kifayətdir. Bircə şərtlə: bütün bunlara qara eynək arxasından yox, ədalət və sağlam mövqedən baxmaq lazımdır. O zaman hər şey gün kimi aydın görünəcək. Necə ki, biz gəzdik, gördük və sevindik...

 

Yeni Tərtər belə yarandı

 

Əvvəlcə son illərin dinamikasını əks etdirən bəzi rəqəmləri bir daha yada salaq. 2003-cü ilin doqquz ayına nisbətən 2008-ci ilin doqquz ayında rayonda ümumi məhsul buraxılışı 2,8 dəfə, sənayenin həcmi 3,8 dəfə, kənd təsərrüfatı məhsulları 2,8 dəfə, əsas kapitala yönəldilən investisiyalar 5,2 dəfə, əhalinin pul gəlirləri 3,8 dəfə, bir nəfərə düşən orta aylıq nominal əmək haqqı 4,3 dəfə artmışdır.

Müqayisə olunan dövrdə Heydər Əliyev Fondu hesabına Sarıcalı-2 kənd orta və Düyərli kənd əsas məktəbləri üçün yeni binalar inşa olunmuşdur. 10 orta məktəb əsaslı təmir edilmişdir. Tərtər şəhər 2 saylı orta məktəb liseyə çevrilmişdir. Yeni tibb məntəqələri tikilmiş, 17 tibb məntəqəsi əsaslı təmir olunmuşdur. 15 poçt binası ikilmişdir. 37 yeni subartezian quyusu qazılıb istifadəyə verilmişdir. Əlillər və şəhid ailələri üçün 56 mənzili olan 3 yaşayış binası tikilmişdir.

Tərtər şəhərinin mərkəzi meydanı, Heydər Əliyev xiyabanı, Böyük Vətən müharibəsi iştirakçılarının abidə kompleksi və M.Ə.Sabir parkı tamamilə yenidən qurulmuşdur. Şəhərdə 30-dək istirahət guşəsi yaradılmış, 27 bulaq tikilmiş, geniş yaşıllıq zolaqları salınmış, bir milyondan çox ağac və gül əkilmişdir və s.

Aparılan genişmiqyaslı tikinti-abadlıq və quruculuq işləri cari ilin ötən ayları ərzində də davam etdirilmişdir. Ümummilli lider Heydər Əliyev adına 2,7 hektar ərazisi olan mərkəzi mədəniyyət və istirahət parkının inşası tam başa çatdırılmışdır. Parkda Heydər Əliyev muzeyi, 2 fontan, çay evi, 410 nəfərlik yay konsert zalı, kənarda şəlalə kompleksi tikilmişdir. Bura 6780 kvadratmetr aqlay, 520 kvadratmetr tamet, 60 kvadratmetr qranit üzlük döşənmiş, elektrik, su və kanalizasiya sistemi qurulmuşdur. İşıqlandırma sistemi yaradılmış, 3000 kvadratmetr yaşıllıq sahəsi salınmışdır. Ötən aylarda M.Ə.Sabir adına gənclər parkının tikintisi də başa çatdırılmışdır. Parkda şairin büstü, əsərlərinin personajlarının heykəlləri qoyulmuşdur.

Bərdə – Tərtər avtomobil yolunun 15-ci kilometrliyində, şəhərin girəcəyində 0,2 hektar sahədə istirahət guşəsi yaradılmış, işıqlanma sistemi qurulmuş, yaşıllıq zolağı salınmışdır. Bundan başqa, DSMF-in rayon şöbəsi üçün inzibati bina istifadəyə verilmişdir. Hazırda Baytarlıq İdarəsinin inzibati binasında tikinti işləri davam etdirilir. Dövlət Proqramına uyğun olaraq Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 24 və 16 mənzilli binaların inşası tam başa çatmışdır. Şəhərin Ə.Paşayev küçəsində yöndəmsiz qeyri-qanuni tikililər sökülmüş, yaşayış binalarının fasad hissələri və dam örtükləri təmir edilmiş, ətraf abadlaşdırılmışdır.

Heydər Əliyev prospektində, Ş.Qurbanov, N.Nərimanov və Nizami küçələrində hasarlar təmir olunmuş, 145020 kvadratmetr hasar rənglənmişdir. Sabir adına gənclər parkının və Elman Səfərov küçəsinin işıqlandırılması üçün 3,5 kilometr uzunluğunda gecə işığı sistemi quraşdırılmışdır. Ümumilikdə, şəhərdə aparılan tikinti-abadlıq işləri zamanı 8050 kvadratmetr hörgü, 14900 kvadratmetr suvaq, 242 kubmetr beton, 48530 kvadratmetr rənglənmə işləri görülmüşdür.

Rayon ərazisindəki 49 seçki məntəqəsindən 5-i əsaslı, 44-ü cari təmir edilmiş, ətrafları abadlaşdırılmışdır. Şəhərin küçə və meydanlarında, respublika əhəmiyyətli avtomobil yollarının kənarlarında 295 min ədəd müxtəlif növ ağaclar, 58 min ədəddən çox gül kolları əkilmiş, yaşıllıqlara gündəlik qulluq göstərilmişdir.

2008-ci ildə rayonda 2086 min manat dəyərində mühüm əhəmiyyətə malik 14 obyektin tikilib istifadəyə verilməsi nəzərdə tutulmuşdu. İlin doqquz ayında 2851 min manat dəyərində iş görülmüşdür. 13 obyektdə işlər başa çatdırılmış, 1 obyektdə işlər davam etdirilir. 40X40 sm ölçüdə mişar daşı ilə 77 tumba hörülmüş, səkilərə 7200 kvadratmetr qum-çınqıl əsası verilmişdir. 6500 kvadratmetr tamet və 4950 kvadratmetr asfalt-beton örtüyü qoyulmuşdur. 7920 kvadratmetr fasad divarı emulsiya ilə, səki daşları isə yağlı boya ilə rənglənmişdir. Digər abadlıq işləri də görülmüşdür. Cavanşir küçəsində 2400 metr səki daşları sökülüb yenidən qurulmuş, 12 sm qalıqlıqda 3600 kvadratmetr qum-çınqıl tökülmüşdür. 35600 kvadratmetr asfalt-beton örtüyü salınmış, səki daşları yağlı boya ilə rənglənmişdir.

 

Kənd gözəlləşir, kəndlinin güzəranı yaxşılaşır

 

Aqrar sahənin sürətli inkişafına yönəldilmiş tədbirlər cari ilin ötən aylarında da davam etdirilmişdir. Azərbaycan Respublikası Prezidentinin 24 mart 2006-cı il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Ağdam, Bərdə və Tərtər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə Tədbirlər Planı”na müvafiq olaraq cari ildə rayonun susuzluqdan əziyyət çəkən kəndlərində 10 subartezian quyusunun qazılması nəzərdə tutulmuşdur. Ötən doqquz ay ərzində Qapanlı, Qaynaq, Buruc, Xoruzlu, Mamırlı, Söylən, Qazyan və Qaradağlı kəndlərində 9 subartezian quyusunun qazılması başa çatdırılmışdır. Bundan başqa, 155 subartezian quyusunun nasosları, 12 quyunun transformatorları əsaslı təmir olunmuşdur. 22 subartezian quyusunun yararsız nasosları yeniləri ilə əvəz olunmuşdur.

Buğda istehsalının stimullaşdırılması barədə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamının yerinə yetirilməsi nəticəsində rayonda 11813 hektar sahədə buğda əkilmişdir. 39846,8 ton məhsul istehsal olunmuşdur ki, bu da keçən ildəkindən 18773,7 ton və ya 89,1 faiz artıqdır. Cari ildə buğdanın hər hektardan məhsuldarlığı 33,7 sentner və ya əvvəlki ildəkindən 4,4 sentner çox olmuşdur. Əkin sahəsi isə əvvəlki illə müqayisədə 5137,6 hektar artaraq 15016 hektara çatmışdır.

Başqa sahələrdə də məhsuldarlıq yüksək olmuşdur. 4626,4 ton kartof, 11584 ton tərəvəz, 994,7 ton günəbaxan, 690,3 ton qarğıdalı dəni, 3956,9 ton meyvə, 392,6 ton üzüm yığılmışdır. Keçən ilin müvafiq dövrü ilə müqayisədə hər hektardan məhsuldarlıq taxıl üzrə 3,8 sentner, kartof üzrə 2,1 sentner, tərəvəz üzrə 2,9 sentner, günəbaxan üzrə 0,6 sentner artmışdır.

Heyvandarlıq məhsulları istehsalı da artan sürətlə inkişaf etmişdir. Rayon üzrə iri malın sayı ötən ilin eyni dövrü ilə müqayisədə 924 baş, qoyunların sayı isə 1749 baş artmış, müvafiq olaraq 22914 və 64678 başa çatmışdır. Doqquz ayda rayonda 1245 ton diri çəkidə ət, 8743 ton süd, 102 ton yun, 2410 min ədəd yumurta istehsal olunmuşdur. Keçən ilin müvafiq dövrü ilə müqayisədə 2 ton ət, 11 ton süd, 1 ton yun və 20 min ədəd çox yumurta istehsal olunmuşdur.

 

Sosial məsələlər ön plandadır

 

Əhalinin vacib sosial ehtiyaclarının daha dolğun ödənilməsi istiqamətində həyata keçirilən təsirli tədbirlər cari ilin ötən ayları ərzində də davam etdirilmişdir. İstehlakçıları fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təmin etmək üçün yüksək gərginlikli qidalandırıcı yarımstansiyalarda və paylayıcı elektrik şəbəkəsində əsaslı və cari təmir işləri görülmüşdür. Yüksək gərginlikli elektrik hava xətlərinin 60,72 kilometri, aşağı gərginlikli elektrik hava xətlərinin isə 38,82 kilometri əsaslı təmir edilmişdir. Rayon mərkəzində aşağı gərginlikli 1,23 kilometr elektrik hava xətti kabelləşdirilmişdir.

Güc transformatorlarının 18-i əsaslı və 150-i cari təmir edilmiş, bütün abonentlər sayğaclaşdırılmışdır. İstismara yararsız 113 elektrik dirəkləri yeniləri ilə əvəz olunmuşdur.

İlin əvvəlindən daxili imkanlar hesabına Gülabatlı, Bayandur, Yenikənd kəndlərinə təbii qaz verilmişdir. Hazırda İrəvanlı, Səhləbad və Əskipara kəndlərinin qazlaşdırılması sahəsində işlər sürətlə davam edir. Hacıqərvənd və Seydimli kəndlərinin qazlaşdırılması üçün tədbirlər görülür.

Rayon mərkəzinin tam qazlaşdırılması üçün M.Hüseynzadə küçəsində 500 metr, Cavanşir küçəsində 130 metr orta təzyiqli qaz kəmərləri çəkilmiş və 1 qaztənzimləyici quraşdırılmışdır. Ə.Paşayev küçəsinin qaz kəməri, küçələrin abonent xətləri bərpa olunmuşdur. Şəhərdə 23 qaztənzimləyici təmir edilmiş və 297 sayğac quraşdırılmışdır. Ə. Paşayev küçəsində 30 mənzilli beşmərtəbəli, M.Hüseynzadə küçəsində 4 ikimərtəbəli bina qazlaşdırılmışdır. Ümumiyyətlə, doqquz ay ərzində rayonda 391 mənzilə təbii qaz verilmişdir.

Cari ilin ötən dövrü ərzində T.Rəhimov və E.Səfərov küçələrində iki subartezian quyusu qazılıb istifadəyə verilmişdir. Beləliklə, 200-dən çox ailəyə su verilişi bərpa olunmuş, 500-dən artıq ailənin su təchizatı yaxşılaşdırılmışdır. 15 subartezian quyusunun dərinlik nasosu əsaslı təmir edilmiş, 2 subartezian quyusunun nasosu yenisi ilə əvəz edilmişdir. F.Qulami küçəsində su xətti bərpa edilib yenidən istifadəyə verilmişdir. Heydər Əliyev adına xiyabana, şəhərin girişində salınmış yeni istirahət zonasına, M.Ə.Sabir adına parka, Nizami küçəsində 5 mərtəbəli kommunal evlərin həyətlərinə içməli su xətləri çəkilmiş, bulaqlar tikilmişdir. 617 metr yeni su xətti çəkilmiş, şəhərin su təsərrüfatında 288646 manatlıq təmir və bərpa işləri aparılmışdır.

 

Təhsil, səhiyyə, mədəniyyət

 

Rayonda təhsilin, səhiyyənin və mədəniyyətin inkişafı, o cümlədən sahənin maddi-texniki bazasının möhkəmləndirilməsi diqqət mərkəzində olmuşdur. Hazırda Respublika Təhsil Nazirliyinin xətti ilə Sarov kənd orta məktəbinin binasının əsaslı təmiri, şəhər 2 və 6 saylı orta məktəblərinin istilik-qazanxana sistemlərinin bərpası və yenidən qurulması, yerli büdcə vəsaiti hesabına Evoğlu kənd orta məktəbinin əsaslı təmiri davam etdirilir.

Müəllimlərə metodik köməklik göstərmək üçün şəhər 56 saylı orta məktəbində müasir tələblərə cavab verən metodkabinet yaradılmışdır. Kabinet kompyuter və digər texniki avadanlıqlarla təchiz edilmiş, telekommunikasiya avadanlıqları internet şəbəkəsinə qoşulmuşdur. 2008-ci ilin doqquz ayında ümumi dəyəri 39830 manat olan 97 məktəb partası, 328 yumşaq stul, 39308 manat dəyərində 22132 dərslik, 6198 manat dəyərində idman avadanlığı və s. alınıb məktəblərə verilmişdir. Heydər Əliyev Fondu hesabına bu il birinci sinfə qəbul olunan 763 şagirdə məktəbli çantası və dərs ləvazimatları verilmişdir. Hazırda rayonda hər 100 şagirdə 29 kompyuter düşür.

Həyata keçirilən bütün bu tədbirlər isə təhsilin səviyyəsinin yaxşılaşdırılmasına öz müsbət təsirini göstərmişdir. Cari ildə ümumtəhsil məktəblərini 953 nəfər bitirmiş, onlardan 906 nəfəri və ya 95,1 faizi mərkəzləşdirilmiş qaydada keçirilən test imtahanlarında iştirak etmişdir. Test imtahanlarında iştirak edənlərdən 871 nəfəri və ya 96,1 faizi attestat almağa nail olmuşdur. Bu il ali məktəblərə 371 məzun sənəd vermiş, onlardan 107 nəfəri tələbə adını almışdır. Sevindirici haldır ki, ali məktəblərə qəbul olunanlardan 11 nəfəri 500-dən çox bal toplamışdır ki, bu da keçən ildəkindən 7 nəfər çoxdur. Orta ixtisas məktəblərinə qəbul olunanların da sayı artaraq 18 nəfərə çatmışdır.

Rayon Mərkəzi Xəstəxanasının 15 çarpayılıq vərəm xəstəlikləri şöbəsi əsaslı təmir edildikdən sonra istifadəyə verilmişdir. Şöbəyə “Qlobal Fond” tərəfindən yeni inventar və avadanlıqlar verilmişdir. Mərkəzi xəstəxananın cərrahiyyə, təcili tibbi yardım şöbələri, Azadqaraqoyunlu kənd xəstəxanasının binası əsaslı təmir edilmiş, poliklinikanın binasının isə əsaslı təmirinə başlanılmışdır.

 

Ağa qara demək namərdlikdir

 

...Tərtərə son səfərimiz zamanı gördüklərimiz, şahidi olduqlarımız, eşitdiklərimiz bizi qəlbən sevindirdi. İrəliləyiş və yüksəliş, görülüb başa çatdırılmış, planlaşdırılmış genişmiqyaslı tədbirlər qürur və iftixar duyğuları yaratdı. Ən başlıcası isə odur ki, bu gün rayonda sağlam mənəvi-psixoloji mühit, işgüzar, yaradıcı və təşəbbüskar ab-hava var. Rayon icra hakimiyyəti, onun yerli strukturları iş üslub və metodlarını daim təkmilləşdirir, təşkilat-idarəetmə məsələlərində daha çox elmi münasibəti əsas tutur. Adamlarla aparılan gündəlik işi diqqət mərkəzində saxlayırlar.

Tərtərlilər isə onların həyat şəraitinin, gün-güzəranlarının daha da yaxşılaşdırılmasına yönəldilən bu tədbirləri yüksək qiymətləndirir, ölkə Prezidenti İlham Əliyevin apardığı müdrik və uzaqgörən daxili və xarici siyasət xəttini ürəkdən bəyəndiklərini və dəstəklədiklərini bildirirlər.

Ancaq çox təəssüf ki, bütün bunları gözü götürməyən, inkişaf və irəliləyişi qəribə bir qısqanclıqla qarşılayan, necə olursa-olsun, qara yaxmaq, şər və böhtan atmaq istəyən üzdəniraq qüvvələr də var. Belələri tək-tük olsa da, rayonun sağlam qüvvələri, ağsaqqalları, ziyalıları onlara vaxtında və layiqli cavab versələr də, hər halda, bir həqiqəti xatırlatmağı lazım bilirik: Həqiqəti danmaq namərdlikdən başqa bir şey deyil. Bu günlərdə bizim redaksiyaya tərtərli ağsaqqalların, ziyalıların imzası ilə bir müraciət daxil olmuşdur. Yeri gəlmişkən, həmin müraciətdən bir parçanı burada misal gətirmək istəyirik: “Yeni Müsavat” qəzetinin 23 noyabr 2008-ci il tarixli nömrəsində dərc olunmuş cızmaqara bizi hədsiz dərəcədə hiddətləndirmişdir. Söhbət təkcə ondan getmir ki, orada sadalanan faktların heç biri həqiqətə uyğun deyil. Bizi narahat edən odur ki, bu cızmaqara müəllifi qərəzli və xəyanətkar bir mövqe tutmuş, son illər Tərtərdə görülüb başa çatdırılmış və bu gün də davam edən genişmiqyaslı tikinti-abadlıq və quruculuq işlərini görməyib, yaxud görmək istəməyib, necə olursa-olsun, şər və böhran atmaq yolunu tutmuşdur. Bununla da əslində, çox böyük ədalətsizliyə yol vermişdir. Məqalə müəllifi çayxana qeybətlərinə, küçə və bazar söhbətlərinə qulaq asmaq əvəzinə, Tərtər şəhərinin gecəsi də gündüzü kimi işıqlı və gözəl olan küçə, meydan və parklarını gəzsəydi, son illər simasını əsaslı şəkildə dəyişən kəndlərinə baş çəksəydi və azacıq da olsa haqq-ədalət və insaf mövqeyində dayana bilsəydi onda belə qərəzli və böhtan dolu yazını yazmağa əli gəlməzdi”.

Bizə isə yalnız bu sözləri əlavə etmək qalır: Son illər qədim Tərtərbasarda yeni bir Tərtər yaranıb. Hər addımda inkişaf, irəliləyiş və yüksəlişin şahidi olursan. Onlarla yeni iş yeri açılıb. Əhali fasiləsiz olaraq elektrik işığı və təbii qazla təmin olunur. Adamların günü-güzəranı, həyat şəraiti durmadan yaxşılaşır. Bəli, başı qarlı Murovun ətəklərinə sığınmış, gecə-gündüz ana təbiətin laylasını dinləyən, neçə illərdir ki, yağı düşmənlə üz-üzə dayanan qəhrəman bir bölgənin bu günü belədir. Sabahı isə, heç şübhəsiz, daha abad, gözəl və xoşbəxt olacaqdır. Bu sözlərin həqiqət olduğuna inanmaq üçünsə, sadəcə, Tərtərə gəlmək, gəzmək və görmək lazımdır. Vəssalam.

 

Ziyəddin SULTANOV

 

Xalq qəzeti.-2008.-20 dekabr.- S.5.