Diaspor təşkilatlarının tez-tez görüşməsi müsbət haldır

 

Bakı yenidən dünyanın müxtəlif guşələrində yaşayan həmvətənlərimizi öz başına topladı. Məqsəd Azərbaycan diasporunun daha sıx birləşməsinə, milli varlığımızın, ölkə həqiqətlərinin dünyada doğru və düzgün təbliğinə nail olmaq, eləcə də son bir əsr ərzində azərbaycanlılara qarşı soyqırım siyasəti aparmış ermənilərin qondarma iddialarına lazımınca cavab verməkdir. Bu məqsədlərin həyata keçirilməsi uğrunda Azərbaycan dövləti son illərdə çox uğurlu addımlar atır, milli diaspor təşkilatlarının gücündən səmərəli istifadə edilməsi üçün mütəmadi tədbirlər görür. Belə tədbirlərdən biri də dekabrın 18-19-da Bakıda keçirilən Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurasının Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təşkil etdiyi “Azərbaycan - Şərqin dünyaya açılan qapısı” mövzusunda toplantı idi. Toplantıda dünyanın müxtəlif nöqtələrindəki Azərbaycan diasporunun nümayəndələri iştirak edirdilər. Onlardan bir neçəsi ilə görüşüb diasporumuzun təşəkkülü, qarşısında duran vəzifələr barədə söhbət etdik.

Tomris AZƏRİ, Amerika Azərbaycanlıları Cəmiyyətinin sədri:

– Həmişə Bakıya Azərbaycan diasporunun bu və ya digər probleminin həlli ilə bağlı gəlir, toplantılarda iştirak edərək məsləhətləşmələr aparır, gələcək fəaliyyət istiqamətlərimizi müəyyənləşdiririk. Bu dəfə də Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurasının yığıncağına toplaşmışdıq. Avropanın, Asiyanın müxtəlif ölkələrindən gəlmiş soydaşlarımızla fikirlərimizi bölüşmək, diaspor fəaliyyəti sahəsində qarşıda duran ən aktual vəzifələrin nədən ibarət olması və onların həlli yolları haqqında danışdıq. Ayrı-ayrı diaspor təşkilatlarının nümayəndələri özlərinin gördükləri işlər barəsində məlumatlar verdilər. Yollar axtarmağa çalışdıq ki, hansı işlərimizi fərdi qaydada, hansı işlərimizi birgə görməliyik. Gələcək fəaliyyətimizi planlaşdırmaq, strateji məqsədləri müəyyən etmək üçün məsləhətləşdik. Eyni zamanda, birlikdə belə bir suala da cavab tapmağa çalışdıq ki, diaspor təşkilatları arasında birlik yaratmaq, əlaqələrimizi sıxlaşdırmaq, koordinasiya işlərini düzgün qurmaq niyə çətin olur.

Təbiidir ki, Azərbaycan diasporu hələ gəncdir, qarşısında çoxlu problemlər var. Amma birləşib onları çözməyə çalışırıq. Biz Amerika Birləşmiş Ştatlarını təmsil edirik. Bu, böyük bir ölkədir burada diaspor quruculuğu məsələləri asanlıqla başa gəlmir, çoxlu zəhmət, gərgin tələb edir. Amma Amerika Azərbaycanlıları Cəmiyyəti təzə bir təşkilat deyil, artıq 51 ildir ki, fəaliyyət göstərir. Üzvlərimiz təkcə azərbaycanlılardan ibarət deyil, Amerikada yaşayan ayrı-ayrı millətlərin nümayəndələrindən olan üzvlərimiz var. Artıq amerikalı üzvlərimiz Dağlıq Qarabağ münaqişəsi, Xocalı qətliamı haqqında doğru-dürüst məlumatlara malikdirlər. Onların vasitəsilə ABŞ əhalisinə, eləcə qanunvericilik, icra strukturlarında çalışan rəsmi şəxslərə Azərbaycan həqiqətləri ilə bağlı lazımi informasiyalar çatdıra bilirik. Amerikada hər ştatdan seçilmiş konqresmenlər var, bu ştatlardakı təşkilatlarımız onlarla görüşüb fikir mübadiləsi aparır, problemlərimizi çatdırırlar. Dəfələrlə bu cür görüşlərimiz olub. Şəxsən mənim yaşadığım ərazidən seçilmiş konqresmen Bill Paskalla dönə-dönə görüşmüşəm. Səsimizin daha yaxşı eşidilməsi üçün Amerikadakı yəhudi türk icmaları ilə bigə işləyirik. Onlarla birgə indiyədək keçirdiyimiz tədbirlər müsbət nəticələr verib. 2009-cu il üçün çox yaxşı planlar müəyyənləşdirmişik. Yenə bu dost xalqların diaspor təşkilatları ilə birgə Azərbaycanı olduğu kimi, yəni mədəni, böyük tarixi ənənələrə malik, tolerant bir ölkə kimi tanıtmaq üçün fəaliyyətimizi davam etdirəcəyik.

Xüsusilə qeyd etmək istəyirəm ki, gördüyümüz işlərin hamısında Azərbaycan dövlətinin, şəxsən Prezident İlham Əliyevin güclü dəstəyini hiss edirik. Heydər Əliyev Fondu, onun Prezidenti Mehriban xanım Əliyeva ilə əlaqə saxlayırıq. Keçirdiyimiz görüşlər toplantılarda Heydər Əliyev Fondunun göndərdiyi kitablar, ayrı-ayrı əyani vəsaitlər köməyimizə çatır, Azərbaycan torpaqlarının Ermənistanın işğalına məruz qaldığını, insanlarımıza amansız işgəncələr verildiyini, tam bir əsr ərzində azərbaycanlılara qarşı Ermənistan dövləti tərəfindən soyqırım siyasəti aparıldığını amerikalılara anladır, əyani vəsaitlərlə sübut edirik.

Bu günlərdə Amerikada olan Heydər Əliyev Fondu Rusiya nümayəndəliyinin rəhbəri Leyla xanım Əliyeva ilə görüşüb məsləhətləşmələr aparmışıq. Leyla xanım gənc olmasına baxmayaraq, olduqca istedadlı, işini bilən, mili mənafelərimizin müdafiəsi üçün harda, etmək lazım olduğunu yaxşı bilən bir insandır. Görüşümüz zamanı təklif edəcəyimiz istənilən layihəni dəstəkləyəcəyini bildirdi.

Dekabrın 18- keçirdiyimiz toplantıda təkcə yaxşı işlərimizdən deyil, problemlərimizdən danışdıq. Mən Amerikada təşkilatımızın yerləşdiyi binanın ciddi təmirə ehtiyac duyduğunu qeyd etdim. Bu bina 51 il əvvəl alınıb, onun üzərində həmişə Azərbaycanın bayrağı dalğalanıb, bu gün üçrəngli, ay-ulduzlu bayrağımız dalğalanır. Onu bərpa etmək lazımdır. Çünki hələ qarşıda görüləcək işlərimiz çoxdur.

Cavid HÜSEYNOV, Amerika Azərbaycanlıları Şurası:

İldə bir dəfə Azərbaycan diaspor təşkilatlarının görüşməsi olduqca müsbət haldır. Ancaq bu tədbirlərə əliboş gəlməməliyik, hər bir təşkilat özünün proqramları, layihələri ilə gəlməlidir. “Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurasının toplantısında təqdim olunanDünya Azərbaycanlılarının Həmrəylik Xartiyası" olduqca əhəmiyyətli bir sənəddir. Belə bir sənəd Amerika Azərbaycan cəmiyyətləri qarşısında da qoyulmalı, azərbaycançılıq ideyasının mahiyyəti təbliğ olunmalıdır. Biz eyni zamanda türkçülük ideyası ətrafında da birləşməliyik. Çünki bu, artıq reallıqdır ki, Amerikada yaşayan azərbaycanlılar ermənilərdən sayca azdırlar, cəmi 300 min. Amma təxminən 2 milyona qədər erməni yaşayır. Ona görə bizə Amerikadakı türk təşkilatları ilə əməkdaşlıq çox vacibdir. Bizi ümumi prinsiptürkçülük ideyası birləşdirə bilər. O zaman biz daha qüvvətli olacağıq. Türkdilli mədəniyyətlərə əsaslanmış diaspor təşkilatlarının qurulması bizim üçün vacib vəzifələrdən biridir.

Hazırda bizim təşkilatımız Kaliforniya ştatındadır. Bilirsiniz ki, burada 1 milyona yaxın erməni yaşayır. Yəni Ermənistandan kənarda yaşayan ermənilərin ən böyük diaspor təşkilatı Kaliforniyadadır. Los-Ancelesdə təxminən 500 min erməni yaşayır. Onların ictimai-siyasi həyata təsiri böyükdür. Bu yaxınlarda onlar Qarabağ ermənilərinə yardım məqsədilə marafon keçirdilər 35 milyon dollar pul topladılar. Biz bu cür tədbirlər keçirməliyik. Bu, həm azərbaycanlıların doğma Vətənə marağını artırar, həm Azərbaycana aid tədris proqramlarını genişləndirməyə, forumlar, konfranslar keçirməyə imkan verərdi. Ermənilər artıq neçə ildir ki, qondarma soyqırım məsələsi ilə bağlı qanunlar qəbul etdirib, bunu dərsliklərə saldırıb tədris etdirməyə başlayıblar. Artıq amerikalı məktəbli orta məktəbdən belə bir məsələ haqqında məlumat alır. Bizə belə tədris proqramları təşkil etmək lazımdır.

Doğrudur, biz universitetlərdə tədbirlər, forumlar keçiririk. 2006, 2007 2008-ci illərdə Kaliforniyada üç fərqli universitetdə forumlar təşkil etdik. Burada həm amerikalı, həm azərbaycanlı araşdırmaçılar çıxış edir, Azərbaycanın tarixi, siyasi, iqtisadi, mədəni sahədə nailiyyətləri haqqında məlumat verirlər. Xocalı soyqırımı ilə bağlı tədbirimiz olub. Xocalı hadisələrinin şahidi olmuş amerikalı jurnalist Tomas Qolds orada iştirak etmişdi. Amerikalılar üçün ermənilərin azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırım barədə eşitmək yeni bir şeydir. Bu tədbirlər onların ermənilərlə bağlı fikirlərini dəyişdirir.

Biz, təbii ki, başqa milli təşkilatlarla da əlaqələr qururuq. Noyabr ayında Amerika Yəhudi Komitəsi ilə birgə forum keçirdik. Bu, Amerikada ən qədim güclü yəhudi təşkilatıdır. İspandilli qruplarla da əlaqələrimiz möhkəmlənir. May ayında Kaliforniya senatında görüşlər keçirdik. Ştatın paytaxtı Sakramento şəhərində Azərbaycan bayrağı qaldırıldı. Belə tədbirlərin sayını artırmaq lazımdır. Doğrudur, federal səviyyədə proqramların həyata keçirilməsi daha yaxşıdır, amma yerli səviyyədə tədbirlər öz səmərəsini verir.

Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurasının bu toplantısı məhz mövqelərimizi müəyyənləşdirmək, düzgün istiqamət götürmək, gələcəkdə fəaliyyətimizi koordinasiya etmək baxımından çox faydalıdır.

 

Paşa ƏMİRCANOV

 

Xalq qəzeti. -2008.-21 dekabr.- S.2.