Xaricdəki soydaşlarımız
müstəqil Azərbaycanın
inkişafından qürur
və iftixar hissi ilə söz açırlar
Ulu öndər Heydər
Əliyevin siyasi kursunun mühüm tərkib hissələrindən
olan xaricdə yaşayan soydaşlarımızla əlaqələrin
genişləndirilməsi, diaspor quruculuğunun sürətləndirilməsi
öz yüksək nəticələrini verməkdədir. Artıq
müstəqil Azərbaycanın paytaxtı iki dəfə
dünya azərbaycanlılarının ən ali məclisinə
– qurultaya ev sahibliyi etmişdir. Prezident İlham Əliyevin təşəbbüsü
və bilavasitə iştirakı ilə keçirilmiş II
qurultay (16 mart, 2006-cı il) Azərbaycan diasporunun tarixində yeni
bir mərhələnin başlanğıcı idi.
Zaman bütün dövlətlərdən və xalqlardan
inkişafın növbəti mərhələsini təmin etmək
üçün daha konkret addımlar və daha mütəşəkkil
fəaliyyət tələb edir. Dünya Azərbaycanlılarının
II qurultayında yaradılmış Əlaqələndirmə
Şurasının İdarə Heyətinin diaspor fəallarımızın
iştirakı ilə Bakıda özünün növbəti
iclasını keçirməsi də bu baxımdan əhəmiyyətli
idi. Həm tədbir iştirakçıları, həm də
bu iclasa qatılmayan soydaşlarımız Əlaqələndirmə
Şurasının sonuncu iclasında müzakirə edilmiş
məsələləri, qarşıda duran vəzifələrin
icrası üçün müəyyən edilmiş qərar
və layihələri böyük məmnunluqla
qarşılamışlar.
Qazaxıstanın Kustanay şəhərində yaşayan
iş adamı, soydaşımız Azad Qaçayevin fikirləri
də bu barədədir:
— Əslində “10 il, 15 il əvvələ qədər xarici
ölkələrdə Azərbaycan diasporu yox idi” — deyənlər
bir qədər haqlıdırlar. Çünki xaricdə
yaşayan azərbaycanlılar olsa da, onların mütəşəkkil
təşkilatları yox idi. Bu işi ulu öndərimiz Heydər
Əliyev başladı və uğurla davam etdirdi. Son beş
ildə isə Azərbaycanın indiki Prezidenti, cənab
İlham Əliyev diaspor təşkilatlarımızın daha
da qüdrətlənməsi üçün çox
mühüm bir addım atdı: Azərbaycan və türk
diaspor təşkilatlarının fəaliyyətini əlaqələndirmək
və onları daha da qüdrətli etmək. Cənab
İlham Əliyev bu variantdan hələ Azərbaycan Milli Məclisinin
Avropa Şurası Parlament Assambleyasındakı daimi nümayəndə
heyətinin rəhbəri olarkən istifadə etmiş və
qurumun sənədlərində Ermənistanın
işğalçı dövlət kimi tanınmasına nail
olmuşdu. Ona görə də indi dünyanın
bütün ölkələrində bu tezis – Azərbaycan və
türk diasporlarının fəaliyyətinin əlaqələndirilməsi
tezisi uğurla həyata keçirilir. Doğrudur,
Qazaxıstanda buna o qədər də ehtiyac yoxdur.
Çünki biz qazaxlarla eyni soydan, eyni kökdənik. Ancaq
Avropa ölkələrində bu məsələ çox
böyük əhəmiyyət kəsb edir.
Dekabrın 18-də
Bakıda keçirilmiş iclasdan əvvəl öyrənmişdim
ki, beynəlxalq aləmdəki Azərbaycan və türk
diaspor təşkilatları öz fəaliyyətlərini əlaqələndirməklə
yanaşı müxtəlif ölkələrdəki yəhudi
icmaları ilə də geniş iş birliyinə nail olublar. Bakıda keçirilən
iclasda isə bu faktın rəsmi şəkildə
elan edilməsini eşitdim və məmnun oldum. Məlumatda bildirilirdi ki, iclasda Şuranın 27 ölkədə yaşayan
üzvləri, habelə
dünyanın 17 ölkəsindən
Şura üzvü olmayan nüfuzlu Azərbaycan icma və birliklərinin rəhbərləri, türk
və yəhudi icmalarının təmsilçiləri
iştirak ediblər.
Bu, çox yaxşı haldır. Son məqsədə, Azərbaycan dövlətinin
qüdrətləndirilməsinə xidmət edən istənilən addım alqışlanmalıdır.
Bu gün bizi
ruhlandıran, hər birimizin qəlbində qürur və
iftixar hissləri yaradan əsas məsələ müstəqil
Azərbaycanın hərtərəfli inkişafıdır. Azərbaycanın
adını istənilən siyahıda öndə görəndə
istər-istəməz deyirik: – Can, Azərbaycan!
Qələmə aldı: İttifaq MİRZƏBƏYLİ
Xalq qəzeti.-2008.-21 dekabr.-S.2.