Azərbaycanın inkişaf
tarixinin qızıl dövrü
Son beş ildə
ölkəmizin keçdiyi inkişaf yoluna nəzər salanda
qürur duyulası bir tərəqqinin şahidi oluruq, Azərbaycan
Prezidenti cənab İlham Əliyevin söz və əməl
vəhdətinin necə xarüqələr
yaratdığını görürük. Ümummilli
liderimizin siyasi kursu, müəyyən etdiyi strategiya, azərbaycançılıq
ideologiyası uğurla davam etdirilir. Və bir daha əmin
oluruq ki, Azərbaycanın uzaq və böyük gələcəyinə
istiqamətlənmiş siyasətin təmin etdiyi inkişaf
qarşısıalınmaz prosesdir.
Tarixi təcrübə göstərir ki, yeni dövlət qurmaq böyük təcrübə, bilik, bacarıq, iradə tələb edir. Ola bilsin ki, azadlığı tarixi şərait özü xalqlara bəxş etsin. Amma dövlət qurmaq çox mürəkkəb işdir. Müstəqilliyi qoruyub saxlamaq daha çətin və məsuliyyətli məsələdir. Ötən əsrin əvvəlində bunu bacarmadıq, əsrin sonunda da eyni problem və çətinliklərlə üzləşdik. Təbii ki, 1993-cü ildə ulu öndər Heydər Əliyev xalqın çağırışı ilə hakimiyyətə qayıtmasaydı Azərbaycan daha acınacaqlı tale yaşayacaqdı. Ümummilli liderimiz çətinlikləri dəf etdi, dövlətçilik ənənələrimizi bərpa elədi və dövlət idarəçiliyində səviyyəsizliyə, bəsitliyə son qoydu, qüdrətli bir dövlət qurdu.
Xalqımız 1993-cü ildə müdrikliyini nümayiş etdirdi, taleyini böyük oğlu, dünya şöhrətli siyasi xadim Heydər Əliyevə tapşırdı. Bu dahi şəxsiyyət isə xalqına dövlət qurdu, müstəqilliyini qorudu, iqtisadiyyatını inkişaf etdirdi, ölkəsini dünyada tanıtdı. 2003-cü ildə isə xalqı ən çox düşündürən bu siyasətin, bu kursun olduğu kimi davam etdirilməsiydi. Çünki tarixi təcrübə göstərir ki, ölkədə birinci şəxsin xalq mənafeyindən uzaq olması, idarəçilik bacarığının zəifliyi ən qüdrətli dövlətlərin belə süqutuna səbəb olub.
2003-cü il prezident seçkiləri ərəfəsində ümummilli liderimizin səhhətində yaranan problemlər xalqı bir növ seçim qarşısında qoymuşdu. Nə etməli? Sanki hamı ulu öndərin müraciətini gözləyirdi. Bu isə çox çəkmədi. Ümummilli lider Heydər Əliyev səhhətindəki problemlərlə bağlı prezidentliyə namizədliyini geri götürməsi ilə bağlı xalqa müraciət etdi. Bu tarixi müraciət Azərbaycanın gələcək siyasətini və düzgün inkişafını müəyyən elədi. Xalqın prezident seçimində şüurlara bir aydınlıq gətirdi. Həmin müraciətdə deyilirdi: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”. Bununla da xalq Heydər Əliyevin siyasi kursunu davam etdirəcək qüvvənin kim olduğunu dəqiq şəkildə müəyyənləşdirdi. Cənab İlham Əliyev isə prezident seçkiləri öncəsi seçicilərlə görüşlərində ümummilli liderin siyasi kursunun dəyişməyəcəyini, müəyyən etdiyi strategiyanın davam etdiriləcəyini bəyan etdi. Eyni zamanda, Azərbaycanın qarşıdakı beş ildə inkişafı üçün böyük layihələrdən söz açdı. Rəqibləri bunları fantastik layihələr adlandırsa da xalq yeni liderinə inanırdı. Çünki cənab İlham Əliyevin fəaliyyəti ilə yaxşı tanış idi. Odur ki, xalqın böyük dəstəyini qazanan cənab İlham Əliyevin 2003-cü il oktyabrın 15-dəki tarixi qələbəsi də elə bu inamın məntiqi nəticəsiydi.
Xalq ilk günlərdən ulu öndərin uzaqgörənliyinin, cənab İlham Əliyevin sözlə əməl vəhdətinin şahidi oldu. Cənab İlham Əliyev andiçmə mərasimində xalqa Heydər Əliyev siyasi kursunu qətiyyətlə davam etdirmək məqsədini açıqladı, az sonra ümummilli liderimizin müəyyənləşdirdiyi inkişaf strategiyasının prinsipial müddəalarına əsaslanan bir sıra mühüm sənədlər imzaladı. Həmin sənədlərdə yeni dövr üçün ölkənin iqtisadi yüksəlişinin və əhalinin sosial şəraitinin yaxşılaşdırılmasının konkret mexanizmləri göstərildi, reallaşdırılacaq layihələrin hansı prinsiplərə və bazaya əsaslanacağı müəyyənləşdirildi. Aradan ötən müddətdə görülən işlərin miqyasına diqqət yetirəndə, bununla əlaqədar statistik rəqəmlərə nəzər salanda ölkə Prezidentinin sözlə əməl vəhdətinə necə yüksək səviyyədə təmin olunduğuna heyran olmaya bilmirik.
Azərbaycan Prezidenti cənab İlham Əliyev son beş ildə ölkə iqtisadiyyatının daha da güclənməsinə, regionlarımızın dinamik inkişafına, qeyri-neft sektorunun neft sektorundan asılılığının aradan qaldırılmasına xüsusi diqqət yetirib. Bu da təsadüfi deyil. Cənab İlham Əliyevin dediyi kimi, güclü iqtisadiyyat bir nömrəli məsələdir, çünki möhkəm iqtisadiyyat olmadan heç bir siyasi layihə real olmayacaqdır. Çünki iqtisadiyyat güclü olduqca dövlətin digər dövlətlərdən asılılığı azalır, sözükeçərli olur. Cənab İlham Əliyev də məhz bu məsələni önə çəkdi, müstəqil siyasət yeritdi, ölkəmizin hansısa bir dövlətdən asılılığına imkan vermədi. Nəticədə, dövlətimiz dünya ölkələri arasında nüfuz qazandı, sözükeçərli oldu.
Ötən beş ildə baş vermiş bir çox məsələlərə diqqət yetirək: Azərbaycan Prezidenti cənab İlham Əliyevin məqsədyönlü fəaliyyəti nəticəsində Azərbaycanın qüdrətli dövlətə çevrilməsi yolunda son dərəcə mühüm amil olan ictimai-siyasi səbitlik qorunub saxlanılmışdır. Ümummilli liderimiz Heydər Əliyevin balanslaşdırılmış xarici siyasət kursunun davamlılığının təmin olunması nəticəsində ölkəmizin sivil dünyanın siyasi-iqtisadi mənzərəsini müəyyən edən aparıcı dövlətlərlə və beynəlxalq təşkilatlarla münasibətləri yeni müstəvidə daha da inkişaf etdirilmişdir. Dəqiq müəyyənləşdirilmiş prioritetlər, elmi əsaslara söykənən fundamental qərarlar, xalqın mənafeyinə uyğun sosial-iqtisadi siyasət, çevik idarəçilik mexanizminin formalaşdırılması, diplomatik münasibətlərdə balanslaşdırma prinsipinin qorunması, mövcud imkanlardan Azərbaycan vətəndaşlarının rifahı naminə maksimum istifadə müasir tariximizin son beş illik dövrünü səciyyələndirən ən xarakterik xüsusiyyətlərdəndir. Qeyd edilməlidir ki, bu məsələlər istər xalqımız, istərsə də xarici dövlətlərdə xüsusi qiymətləndirilən cəhətlərdir.
Ötən beş ildə ümummilli liderimizin yeni neft strategiyası getdikcə özünü daha qabarıq göstərməyə başladı və milli iqtisadiyyatın inkişafına ciddi təkan verdi. Cənab İlham Əliyev neftdən əldə olunan gəlirlərin iqtisadiyyatın digər vacib sahələrinə yönəldilməsini, qeyri-neft sektorunda yeni istehsal müəssisələrinin açılması yolu ilə yeni iş yerlərinin yaradılmasını, bir sözlə, əhalinin sosial müdafiə tədbirlərinin daha da gücləndirilməsini özünün iqtisadi siyasətində prioritet vəzifə kimi bəyan etdi. Son beş ildə qazanılan sosial-iqtisadi nailiyyətlərdən söhbət açarkən Prezident İlham Əliyevin dövlət başçısı kimi fəaliyyətinin ilk aylarına təsadüf edən 2003-cü il 24 noyabr tarixli “Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında” fərmanının əhəmiyyətini xüsusi qiymətləndirmək lazımdır. Çünki keçid dövrünə xas bir sıra köklü problemlərin həlli prosesinə məhz bu fərmanla start verilmişdir. Sözügedən fərman sonrakı mərhələlərdə imzalanaraq bu gün də uğurla icra edilən dövlət proqramları üçün bir növ baza rolunu oynamış, qısa zaman ərzində ölkə iqtisadiyyatında mütərəqqi inkişaf meyllərinə böyük təkan vermişdir. Dövlət başçısının 2004-cü il 11 fevral tarixində imzaladığı “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı (2004–2008-ci illər) Dövlət Proqramı” isə regionların tarazlı və davamlı inkişafı, sosial infrastrukturun yenidən qurulması, mərkəzdə və əyalətlərdə özəl sektorun inkişafı, iqtisadiyyatın neft amilindən asılılığının qeyri-neft sektorunun inkişafı hesabına aradan qaldırılması üçün kompleks tədbirlər müəyyənləşdirilmiş və bu tədbirlər uğurlu göstəricilərlə nəticələnmişdir. Dövlət Proqramı çərçivəsində atılmış ardıcıl addımlar regionların sosial-iqtisadi inkişafına mane olan köklü problemləri aradan qaldırmış, yerlərdə infrastrukturun yeniləşdirilməsinə geniş imkanlar açmışdır. Bu gün ölkəmizin hər yerində həmin tədbirlərin real nəticələrinin canlı şahidləriyik.
Bu uğurlu və hərtərəfli inkişaf nəticəsində həyatımızın bütün əhəmiyyətli sahələrində sürətli inkişafa rəvac verən Dövlət Proqramı ölkəmizdə tarazlı və davamlı inkişafın ilkin mərhələsinin əsasını qoymuş, regionlarda canlanma yaranmış, iş adamlarının ölkəmizdə normal fəaliyyəti üçün əlverişli biznes mühiti formalaşdırılmış, yeni müəssisələrin yaradılması sayəsində Azərbaycanda işsizlik minimuma enmiş, yoxsulluğun səviyyəsi xeyli dərəcədə azalmışdır. Respublikamızın mərkəzində olduğu kimi, ucqar rayonlarımızda, kəndlərimizdə belə nəqliyyat-kommunikasiya sisteminin bərpası, elektrik enerjisi, qaz, su, rabitə təminatı kimi sosial problemlərin həlli, müasir informasiya texnologiyalarının tətbiqi mədəni-intellektual yüksəlişə yol açmışdır. Azərbaycanın regionları öz simasını dəyişmiş, vətəndaşlarımızın maddi-rifah halı yaxşılaşmışdır.
Ötən beş ildə əhalinin sosial müdafiəsi daim diqqət mərkəzində olmuşdur. Fakt budur ki, 2004-cü ildən başlayaraq dövlət büdcəmiz də ildən-ilə daha sosialyönümlü olur. Minimum əməkhaqlarının, büdcə təşkilatlarında çalışan vətəndaşların məvaciblərinin, pensiya və müavinətlərin, tələbə, magistr və aspirantların təqaüdlərinin davamlı olaraq artırılması, sosial müdafiə sisteminin getdikcə təkmilləşdirilməsi dövlətin vətəndaşlarına diqqət və qayğısının bariz nümunəsidir. Azərbaycanda mövcud iqtisadi potensialın insan kapitalına çevrilməsi üçün bütün imkanlar səfərbər edilmişdir. Bu məqsədlə ölkədə səhiyyə, mədəniyyət obyektlərinin, yeni məktəblərin tikintisi geniş vüsət almışdır. Təhsil ocaqlarının maddi-texniki bazasının təkmilləşdirilməsi, informasiya texnologiyalarının tətbiqi, bir sözlə, təhsil sisteminin müasir standartlara uyğun yenidən qurulması ümummilli hərəkata çevrilmişdir. Bu mədəni hərəkatın təşkilində Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın xidmətləri xüsusi qeyd edilməlidir.
Son beş
ilin rəsmi statistikasına diqqət yetirsək görərik
ki, Azərbaycan necə yüksək inkişaf tempinə nail
olub. Məsələn, 2003-2008-ci illərdə iqtisadiyyata təxminən
44 milyard dollar investisiya qoyulmuşdur. Bu çox böyük rəqəmdir
və bu barədə Prezident İlham Əliyev belə
demişdir: “...Bütün müstəqillik illərində Azərbaycana
investisiya qoyuluşu 57 milyard dollar olubdur. Onun 44
milyardı, yəni 77 faizi son beş il ərzində təmin
edilibdir. 2003-cü ildə
Azərbaycanın valyuta ehtiyatları 1 milyard 600 milyon dollar təşkil
edirdi. 2008-ci ilin oktyabr ayında təxminən 17 milyard
dollardır və bu ilin sonuna qədər daha da
artacaqdır...
Bu çox böyük nailiyyətdir, çox
böyük göstəricidir. Bu, bizə əlavə
güc verir, əlavə arxayınlıq verir. Bizim valyuta ehtiyatlarımız dünya miqyasında
artıq ən ciddi rəqəmlərlə
ölçülür və növbəti illərdə bu məbləğ
daha da artacaqdır. Çünki bizim
enerji layihələrindən əldə edilmiş və gələcəkdə
gözlənilən gəlirlər daha da çox olacaq və
Azərbaycan valyuta ehtiyatları baxımından dünya
miqyasında ən qabaqcıl ölkələrdən birinə
çevriləcəkdir. Adambaşına düşən
məbləğ isə hesab edirəm ki, dünya miqyasında
birinci yerdədir...”.
Bir məqama da diqqət yetirək:
ümummilli liderimiz Heydər Əliyev Azərbaycanda ikinci dəfə
hakimiyyətə gəldikdən sonra iri, qlobal layihələrin
icrasına başlanıldı. Bakı–Tbilisi–Ceyhan
neft, Bakı–Tbilisi–Ərzurum qaz kəmərlərinin layihələri
beynəlxalq dəstək qazandı. Cənab
İlham Əliyev 2003-cü ildə xalqın etimadı ilə
prezident seçiləndən sonra isə bu layihələri
başa çatdırdı və onların sırasına
Bakı–Tbilisi–Qars dəmir yolu layihəsi də daxil edildi.
Hamıya məlumdur ki, bu layihə uzun müddət
müzakirə olundu. Cənab İlham Əliyev
çıxışlarının birində bu barədə
demişdir: “...Bu da layihə kimi qala bilərdi. Əgər
tədbirlər görülməsəydi, maliyyə məsələləri
həll olunmasaydı, Azərbaycana Bakı–Tbilisi–Ceyhan,
Bakı–Tbilisi–Ərzurum neft-qaz kəmərlərindən əldə
edilmiş gəlirlər gəlməsəydi, biz 200 milyon
dollardan çox krediti necə verə bilərdik?
Heç vaxt! Nəyin hesabına verə
bilmişik? Bax, bu layihələrin icrası nəticəsində!
Bax, bu layihələr, neft-qaz layihələri
başqa layihələrin icrasına gətirib
çıxarıb, Azərbaycanın müstəqilliyini
möhkəmləndiribdir. Bakı–Tbilisi–Qars
dəmir yolu o layihələrdəndir ki, Azərbaycanın
uzunmüddətli iqtisadi və siyasi maraqlarını təmin
edəcəkdir. Mən çox şadam ki, layihə icra
olunmağa başlamışdır və şübhə
etmirəm ki, biz bunun tikintisinə vaxtında nail
olacağıq...” Bütün bunlar bir daha ulu öndərin
uzaqgörənliyinin təsdiqidir: “İnanıram ki, mənim
axıra çatdıra bilmədiyim taleyüklü məsələləri,
planları, işləri sizin köməyiniz və dəstəyinizlə
İlham Əliyev başa çatdıra biləcək”.
Ötən beş
ildə beynəlxalq layihələrlə yanaşı ölkə
daxilində də nəhəng infrastruktur layihələrinin
reallaşdırılmasına başlanılmışdır.
Bakını təmiz içməli su ilə təchiz edəcək
Oğuz-Qəbələ-Bakı su kəmərinin tikintisi
hazırda uğurlu aparılır və gələn il istismara verilməsi nəzərdə
tutulmuşdur. Bundan başqa Samur-Abşeron su
kanalı, Taxtakörpü su anbarının da inşası
davam etdirilir. Son beş ildə
Naxçıvan, Gəncə, Zaqatala, Lənkəran hava
limanları istifadəyə verilmişdir. Hazırda
Bakını üç sərhədlə birləşdirən
avtomobil yolları salınır. Şəhərlərarası,
kənd yolları yenidən, beynəlxalq standartlara uyğun
qurulur. Ümumiyyətlə, nəqliyyat
sektorunun inkişafı dünyanın ən əlverişli məkanlarından
birində, Şərqlə Qərbin qovuşağında yerləşən
respublikamızın tərəqqi imkanlarını xeyli
genişləndirmişdir.
Azərbaycanın gələcək
inkişafında, onun beynəlxalq əməkdaşlıq
imkanlarının genişlənməsində qədim “İpək
yolu” layihəsinin mühüm rolunu cənab İlham Əliyev
dəfələrlə vurğulamış, bu istiqamətdə
həyata keçirilən tədbirlərin daha da
canlandırılmasını prioritet vəzifələrdən
saymışdır. Çünki İlham Əliyevin
fikrincə, Azərbaycanın qloballaşan dünya
iqtisadiyyatı şəraitində Avropa–Qafqaz–Asiya nəqliyyat
dəhlizində fəal iştirakı respublikamız
üçün daimi kapital, daimi gəlir, daimi sabitlik, daimi
strateji faktordur. Odur ki, dövlətimiz bu
istiqamtdə ardıcıl və qətiyyətli tədbirlər
həyata keçirməkdədir.
Bütün bunlar bir daha
sübut edir ki, ümummilli liderimizin siyasi kursu, müəyyən
etdiyi strategiya, azərbaycançılıq ideologiyası Azərbaycan
Prezidenti cənab İlham Əliyev tərəfindən
uğurla, inamla, qloballaşan dünyanın prinsiplərinə
uyğun davam etdirilir. Bu saysız-hesabsız uğurları,
xalqa və dövlətçiliyə yüksək xidmətləri
nəzərə alaraq, bu günlərdə Milli Məclisdə
qaldırılan vacib bir məsələyə də
münasibətimi bildirmək istəyirəm: bəli,
xalqın seçim hüququna hörmətlə
yanaşıb, onun inandığı, güvəndiyi və
arxalandığı lideri istədiyi qədər prezident
seçmələrinə məhdudiyyət
qoyulmamalıdır.
Teymur ZEYNALOV,
Azərbaycan Dövlət İqtisad
Universitetinin “İqtisadi təhlil və
audit” kafedrasının dosenti,
Aynur ZEYNALOVA,
“Menecment” kafedrasının
müəllimi
Xalq qəzeti.-2008.-21 dekabr.- S.3.