Güc birlikdədir
Hörmətli
oxucularımıza qəzetimizin ötən saylarında məlumat
verildiyi kimi, dekabrın 18-də Bakıda Dünya Azərbaycanlılarının
Əlaqələndirmə Şurasının “Azərbaycan-Şərqin
dünyaya açılan qapısı” mövzusunda iclası
başlayıb. 31 dekabr – Dünya Azərbaycanlılarının
Həmrəylik Günü ərəfəsində təşkil
olunmuş bu mühüm tədbirə Yer kürəsinin
müxtəlif ölkələrində yaşayan
soydaşlarımızın nümayəndələri ilə
bərabər türk, yəhudi diasporalarının təmsilçiləri
də təşrif buyurublar. Əməkdaşımız
hazırda Nyu-Yorkdakı Türk-Amerikan Dərnəklər
Federasiyasının baş katibi Əli Çinarla
görüşərək ondan müsahibə
almışdır.
— Əli bəy, zəhmət
olmasa əvvəlcə özünüzü təqdim edin...
— Böyük məmnuniyyətlə. Mən 10 ildir ki, Amerika Birləşmiş Ştatlarında yaşayır, burada özəl maliyyə qurumlarının birində çalışmaqdayam. Dünyanın nəhəng maliyyə mərkəzi olan Nyu-York şəhərində özəl biznesdə çalışdığım ilk günlərdən ermənilərin böyük canfəşanlıqla sözdə erməni soyqırımı məsələsini qabartmaq cəhdlərində bulunduqlarını görürdüm.
Ümid edirəm ki, Ankarada, Bakıda, Astanada, başqa türk paytaxtlarında erməni diasporunun nə qədər böyük təhlükə yaratmaq niyyətlərindən xəbərdardırlar. Lakin okeanın o tayında erməni məkrinin miqyası, törədəcəyi fəsadlar, zənnimcə, daha aydın görünür. Bunu duyaraq mən qəlbimin və vicdanımın səsi ilə Amerikadakı türk diasporunun işinə qatıldım.
Burada dərin qürur hissi ilə qeyd etmək istəyirəm ki, hazırda Amerikada türk və Azərbaycan diaspor təşkilatları arasında güclü həmrəylik yaranıb. Bizi birləşdirən tarixi, etnik, mədəni-mənəvi dayaqlar birgə fəaliyyətimizin genişləndirilməsinə imkanlar açır.
— Əli bəy, bir halda ki, söhbət birgə fəaliyyətdən düşdü, son vaxtlar həyata keçirdiyiniz tədbirlər barədə məlumat verməyinizi xahiş edirəm.
— Belə tədbirlər çoxdur. Bir neçəsini qeyd etməyi özümə borc bilirəm. Məsələn, biz Nyu-Yorkdakı Amerika Azərbaycanlıları Cəmiyyəti ilə birlikdə Nyu-York, Kolumbiya, Çikaqo və başa nüfuzlu universitetlərdə sözdə erməni soyqırımının mahiyyəti ilə bağlı konfranslar təşkil etmişik. Millət vəkilləri ilə təmaslar qururuq, onlara Türkiyədə və Qafqaz regionunda baş vermiş tarixi və çağdaş ictimai-siyasi hadisələr barədə mümkün qədər çox məlumat veririk. Nyu-Yorkda yaşayan türk diasporu olaraq azərbaycanlı qardaşlarımızla bərabər Amerikadakı qəzet və dərgilərdə, elektron KİV-lərdə erməni saxtakarlığı ilə bağlı məqalələr dərc etdiririk.
Bizim üçün ən gərgin anlar ocaq və nisan (yanvar və aprel – red.) aylarında olur. Bu aylarda erməni diasporu bir qayda olaraq daha aqressiv mövqe nümayiş etdirir. Biz bunları bilirik və haqsız hücumların təsirini əvvəlcədən azaltmağa çalışırıq.
— Təəssüf ki, Türkiyədə bu gün özünü “millət aydınları” hesab edən bir qrup adam sözdə erməni soyqırımı üçün ermənilərdən üzr diləmək kampaniyasına başlayıb...
— Siz çox mühüm mövzuya toxundunuz. Bu haqda mən söz açmaq istəyirdim. Bu məsələ dünyanın hər yerində hər bir türkün hədsiz qəzəbinə səbəb olub. Mən bu gün Amerikada yaşayan türklərin dilindən deyirəm: sözdə erməni soyqırımı üçün ermənilərdən üzr diləyənlər türk deyillər. Bu məsələ dərindən araşdırılsa, orada erməni barmağı olduğu mütləq üzə çıxacaq.
Amerikada azəri arkadaşlarımızla bərabər internetdə “Biz üzr diləmiriz” kampaniyasına başlamışıq. Əslində məhz ermənilər türklərin başlarına gətirdikləri cinayətlərə görə məsuliyyət daşıyırlar. Biz Amerika universitetlərində hər dəfə tələbə və müəllimlərlə görüşərkən onlara XX əsrin ən dəhşətli faciəsi olan Xocalı soyqırımı barədə geniş məlumat verməyə çalışırıq. Məgər Xocalı soyqırımını törətmiş millətdən üzr istəmək olar? Mən Türkiyənin Baş naziri sayın Rəcəb Tayyib Ərdoğanın ermənilərdən üzr diləmək istəyənlərə aşkar təpki verməsindən çox məmnun qaldım.
Amerikada hazırda 400 mindən çox mənşəcə türk yaşayır. Bu, böyük qüvvədir. Biz əl-ələ verib millətimizin gələcəyi üçün çalışmağa borcluyuq. Bu elə bir müqəddəs işdir ki, hər kəs çalışmalıdır. Bizim Anadoluda belə bir söz var: – hər kəs əlini daşın altına qoymalıdır. Yəni təkcə lafda (sözdə – red.) danışmaq azdır, iş görmək, daha çox, həm də faydası çox olan işlər görmək lazımdır.
Bu ilin martında dünyada fəaliyyət göstərən türk və Azərbaycan diasporlarının nümayəndələri Almaniyanın Berlin şəhərində toplaşaraq “Birlikdən güc doğar” devizi altında çox möhtəşəm bir konfrans keçirdik. Orada da mən çıxışımda Azərbaycan və Türkiyə hökumətlərinin, şəxsən hörmətli İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın türk diasporlarının birgə fəaliyyətlərinin genişlənməsinə dərin önəm verdiklərini minnətdarlıq hissi ilə qeyd etdim. Biz həqiqətən bu gün kürəyimizdə Türkiyə və Azərbaycan dövlətlərinin güclü dəstəyini hiss edirik.
— “Azərbaycan – Şərqin dünyaya açılan qapısı” mövzusunda Bakıda keçirilən iclasın təşkilinə münasibətinizi bilmək istərdim.
— Bu tədbir həqiqətən çox yüksək səviyyədə təşkil olunub. Mən iclasda akademik Mahmud Kərimovun, komitə sədri Nazim İbrahimovun, Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun, Milli Məclis sədrinin müavini Bahar Muradovanın, Amerika Azərbaycanlıları Cəmiyyətinin sədri Tomris Azərinin və başqa natiqlərin məzmunlu çıxışlarını diqqətlə dinlədim.
Bu çıxışlardan bir daha hiss etdim ki, Azərbaycan dövləti ilə xaricdə yaşayan azərbaycanlılar arasında mənəvi və təşkilati yaxınlıq yaranıb. Diasporanın normal fəaliyyəti üçün belə əlaqələrin olması çox vacibdir. Məlumat üçün deyim ki, mən həm də Türkiyənin dövlət bakanlığı — Yurd Dışında Vətəndaşlarla Danışma Kurumunu Amerikada təmsil edirəm. Çox məmnunam ki, Azərbaycanın müvafiq dövlət qurumu, şəxsən cənab Nazim İbrahimov diaspora ilə əlaqələri gücləndirmək istiqamətində faydalı işlər görə bilər.
Nəhayət, Xəzərin qoynunda uyuyan Bakını çox sevdim. Buradakı tərəqqidən, mehriban insanlardan çox məmnun qaldım.
Söhbəti yazdı: Məsaim ABDULLAYEV
Xalq qəzeti.-2008.-21 dekabr.- S.3.