Şirvan: zəhmət
sığal çəkir onun hüsnünə
2008-ci ildə Azərbaycan
Respublikasının şəhərləri sırasına bir
yeni ad da əlavə olundu — Şirvan şəhəri. Ölkəmizin
ən qədim və ən zəngin bölgələrindən
birinin adı sayılan “Şirvan” sözünü yaşatmaq
Əli Bayramlı şəhərinin qismətinə
düşdü. Bunu bir növ qədimliklə müasirliyin
sintezi kimi də xarakterizə etmək olar. Çünki
“Şirvan” adı nə qədər qədimlərə gedirsə,
Əli Bayramlının da şəhər kimi tarixçəsi
müasirdir. Ancaq burada ziddiyyət yox, qəribə vəhdət
var. Sanki bu yeni adla tariximizə münasibətdə
düzgün bir addım da atılmış oldu. Şəhər
icra hakimiyyətinin başçısı Mərdan Camalov
2008-ci ildə görülmüş işlərlə
bağlı söhbətə başlayarkən dedi:
— 2008-ci ildə biz şəhər sakinləri olaraq məhz şəhərimizə Şirvan adının verilməsini ən böyük uğur sayırıq. Möhtərəm Prezidentimizin də şəhər sakinləri ilə görüş zamanı çox haqlı olaraq vurğuladığı kimi, bu ad böyük məsuliyyət və şərəfdir. Biz də çalışırıq ki, bu məsuliyyətin ağırlığını həmişə şərəflə daşıyaq, doğrulda bilək. 2008-ci ildə görülmüş işlərlə bağlı isə öncə onu deyə bilərəm ki, iqtisadiyyatın əsas sahələrində istehsal olunmuş məhsul və xidmətlərin həcmi əvvəlki ilə nisbətən faktiki qiymətlərlə 1,2 faiz artaraq 264,0 milyon manat olmuşdur ki, bu da 2003-cü ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfə çoxdur. Məhsul və xidmətlərin həcmində sənaye məhsulunun payı 89,9 faiz olmuşdur.
Ümumi məhsul buraxılışında xüsusi çəkiyə malik olan sənaye sahələrində fiziki şəxslərin də fəaliyyəti nəzərə alınmaqla 237 milyon manatlıq məhsul istehsal edilmişdir ki, bu da 2003-cü ilin müvafiq dövrü ilə müqayisədə 2,1 dəfə artım deməkdir.
İstehsal olunmuş məhsulun 26,8 faizi dövlət, 73,2 faizi isə qeyri-dövlət müəssisələrinin və fiziki şəxslərin payına düşür. Qeyri-dövlət bölməsində məhsul buraxılışı 93,5 faiz artmışdır.
Keçən ilin müvafiq dövrü ilə müqayisədə şəhərdə xam neft istehsalı 9,0 faiz, meyvə-tərəvəz şirələri istehsalı 58,0 faiz, təmizlənmiş duru bitki yağları 6,2 faiz, pambıq yağı 12,0 faiz, çörək və çörək məmulatı 72,2 faiz, şirniyyat məmulatı 71,4 faiz, quyu avadanlığı 2,5 dəfə artmışdır.
Müdafiə Sənayesi Nazirliyinin tabeçiliyində olan “Telemexanika” zavodunda istehsal prosesinin tənzimlənməsi, işçilərin iş şəraitinin yaxşılaşdırılması üçün xeyli işlər görülmüşdür. Zavodun 2, 3, 4 saylı korpuslarında tam yararsız 1626 kvadratmetr sahəsi olan inzibati və məişət otaqları yüksək səviyyədə təmir edilmiş, ətrafda abadlaşdırma işləri aparılmış, 1,2,3,4 saylı istehsal korpuslarının 22000 kvadratmetr dam örtüyü əsaslı təmir edilmişdir. Eyni zamanda, su nasosxanası və qazanxana istifadəyə verilmiş, material və hazır məhsul anbarları tikilmişdir. Yeni texnologiyanın tətbiqi istiqamətində məqsədyönlü işlər görülmüşdür. Cari ilin sonuna kimi 3 növ məhsul istehsalının rotor xətti ilə həyata keçirilməsi tam başa çatdırılacaqdır. Eyni zamanda, ilin axırına kimi 2 növ sursat buraxılışı üzrə 2 xətt hazırlanıb istifadəyə veriləcək, 1200 kvadratmetr sahəsi olan istehsal korpusu əsaslı təmir olunacaqdır. Cari ildə zavodda 72 iş yeri açılmış, işçilərin əmək haqqı 3 dəfə artırılmışdır.
Cari ildə tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş işlərin həcmi 7,9 milyon manatdan artıq olmuşdur ki, bu da 2003-cü ilin müvafiq dövrü ilə müqayisədə 5,2 dəfə çoxdur. Ümumilikdə cari ildə istifadəyə verilən əsas fondların dəyəri 552,2 min manat təşkil etmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 65 faiz çoxdur.
Əsas kapitala yönəldilən investisiyanın həcmi qeyd olunan dövrdə 13,5 milyon manat olmuşdur ki, bunun da 10 milyon manatını (73,3 faizi) istehsal təyinatlı, 3,5 milyon manatını isə (26,7 faizi) qeyri-istehsal təyinatlı obyektlərə qoyulan investisiya təşkil etmişdir. Tikinti-quraşdırma işlərinin həcmi ümumi investisiyanın 36,2 faizi qədər olmuşdur.
Azərbaycan Respublikası regionların sosial-iqtisadi inkişafı (2004-2008-ci illər) Dövlət Proqramının uğurla yerinə yetirilməsi daim diqqət mərkəzində olmuşdur.
Şəhid ailələri, Qarabağ müharibəsi, 20 Yanvar və Çernobıl əlilləri üçün şəhərin 28 May küçəsində 4 mərtəbəli, 16 mənzilli yaşayış binasının tikintisinə başlanılmışdır.
Şəhərdə sahibkarlığın inkişafı üçün olduqca münbit şərait yaradılmışdır. Özəl qurumlar cəlb edilməklə şəhər ərazisində 526 mənzilli 9 yaşayış binasının tikintisi davam etdirilmişdir.
Cari ilin 9
ayında sahibkarlara ümumilikdə 8 milyon 278 min manat kredit
verilmişdir.
Eyni zamanda, kənd təsərrüfatı məhsulları
istehsalçılarına 549 adda 4 milyon 588 min manat dəyərində
kənd təsərrüfatı texnikası və gübrə
satılmışdır.
Baş
Şirvan kollektorunda 1 milyon manatdan artıq bərpa işləri
görülmüşdür.
“Azərenerji”
Tikinti-Təmir MMC tərəfindən 220 kilovatlıq
Şirvan İES-Salyan elektrik ötürücü xəttinin
inşası davam etdirilir, hazırda bu istiqamətdə Salyan
rayonu ərazisində işlər davam etdirilir.
5 sentyabr 2008-ci ildə şəhərdə
keçirilən əmək yarmarkasına 368 boş iş
yeri təqdim edilmişdir. 222 işsiz vətəndaş
işlə təmin olunmuş, 15 nəfər peşə
hazırlığına cəlb edilmişdir.
Cari ildə şəhərdə
840 nəfər işlə təmin olunmuşdur ki, onlardan
745-i daimi iş yerləridir. Ümumilikdə 2003-cü ildən
indiyə qədər 7501 nəfər işlə təmin
edilmişdir ki, onlardan 4152-i daimi iş yerləridir.
Məlumdur ki,
Azərbaycanda idmanın inkişafı Prezidentimizin daim diqqət
mərkəzindədir. Bu sahədə Şirvan şəhərində
də xeyli işlər görülmüş və
görülməkdədir. Heydər Əliyev
prospektindəki şəhər Mərkəzi stadionu və
qapalı əl oyunları kompleksinin tikintisi Dövlət Neft
Şirkəti tərəfindən davam etdirilir.
Görülən işlərin həcmi 2,2
milyon manat təşkil etmişdir. S.Zeynalov
küçəsində Gənclər və İdman
Nazirliyinin xətti ilə müasir standartlara cavab verən
“Mini futbol” meydançası istifadəyə verilmişdir.
Oktyabrın 4-də
hörmətli Prezidentimiz tarixi səfəri zamanı 2009-cu
ildə şəhərimizdə ən müasir olimpiya
kompleksinin tikintisi üçün göstəriş
vermişdir.
Cari ilin müvafiq
dövründə avtomobil nəqliyyatı sahəsində fəaliyyət
göstərən fiziki şəxslər tərəfindən
203 min ton, yaxud 2003-cü ilin müvafiq dövrünə nisbətən
30,7 faiz çox yük, 11 milyon nəfər
və ya 50 faiz çox sərnişin
daşınmışdır. Rabitə müəssisələri
əhaliyə, müəssisə və təşkilatlara
faktiki qiymətlərlə 645 min manat dəyərində və
ya 2003-cü ildə olduğundan 3 dəfə çox rabitə
xidməti göstərmişlər.
Görülmüş xidmətlərin
87,6 faizi telekommunikasiya, 13,2 faizi isə
poçt müəssisələri tərəfindən yerinə
yetirilmişdir. Cari ilin 9 ayında 418 abonentə yeni telefon
çəkilmiş, stansiyanın tutumu 256 nömrə
artırılmış, 1 May, N.Nərimanov və Energetik
küçələrində tam kabelləşmə işi
başa çatdırılmışdır.
Poçt xidmətinin
yaxşılaşdırılması məqsədilə şəhərdə
1,2,3, 6 saylı poçt şöbələri
üçün yeni binalar tikilib istifadəyə verilmişdir.
Hazırda şəhərdə hər 100 ailənin sərəncamında
84 stasionar və hər 100 nəfərin sərəncamında
34 mobil telefon nömrəsi vardır.
Şəhər
iqtisadiyyatının başqa sahələrində olduğu
kimi, ticarət və xidmət sektorunda da son illərdə əldə
olunmuş inkişaf dinamikası davam etdirilmişdir. Ticarət və
xidmət şəbəkələrindən əhaliyə 68
milyon manatlıq xidmət göstərilmişdir. Pərakəndə
əmtəə dövriyyəsi 55 milyon manat olmuşdur ki, bu
da 2003-cü ilin müvafiq dövrü ilə müqayisədə
2,6 dəfə, əhaliyə göstərilən
pullu xidmətin həcmi 11 milyon manat olmaqla 2003-cü ilə
nisbətən 3,1 dəfə çox olmuşdur.
2008-ci ilin 9
ayında ticarət şəbəkələrindən hər
bir şəhər sakini orta hesabla 728 manatlıq və ya əvvəlki
ilin eyni dövründəkindən 231 manat çox müxtəlif
istehlak malları almışdır. Bu da əhalinin maddi
rifah halının getdikcə yaxşılaşmasını əks
etdirən real göstəricidir.
Şəhərdə
dövlət əmlakının özəlləşdirilməsi
istiqamətində müəyyən işlər
görülmüş, cari ildə 14 əmlak özəlləşdirilmiş,
özəlləşdirmədən respublika büdcəsinin
xüsusi hesabına 153 min manat vəsait
köçürülmüşdür.
Təhsil
müəssisələrinin maddi-texniki bazasını möhkəmlətmək
və təhsilin keyfiyyətini yaxşılaşdırmaq daim
diqqət mərkəzində saxlanılmışdır. Təhsil
Nazirliyinin ayırdığı vəsait hesabına 2
saylı orta məktəbdə əsaslı təmir işləri
başa çatdırılmışdır. Ümumtəhsil məktəbləri
üçün 3308 manat dəyərində bərk, 2119 manat
dəyərində isə yumşaq inventar
alınmışdır.
Əhalinin
sağlamlığının qorunması istiqamətində də
xeyli işlər görülmüşdür. Şəhər
Mərkəzi Xəstəxanasının yoluxucu xəstəliklər
şöbəsinin yerləşdiyi bina Səhiyyə
Nazirliyinin ayırdığı vəsait hesabına əsaslı
təmir edildikdən sonra mart ayında səhiyyə naziri
hörmətli Oqtay Şirəliyevin iştirakı ilə həmin
şöbənin açılışı olmuşdur.
Uşaq Birləşmiş Xəstəxanasının
stasionar şöbəsində və travmatalogiya şöbəsində
əsaslı təmir və yenidənqurma işləri
aparılmışdır.
Xəstəxananın
bütün korpus və şöbələrini istiliklə
tam təmin etmək məqsədilə qazanxana tikilmiş,
1200 metr boru alınmış, yeni qaz xətti çəkilmiş
və son tamamlama işləri görülmüşdür.
Şirvan şəhərinin
ekoloji vəziyyətini yaxşılaşdırmaq məqsədilə
Neftçilər, Hacıqəhrəmanlı və Bayramlı
qəsəbələrinin hüdudlarında mövcud olan 20
hektar sahə neft-lay sularından, gölməçələrdən,
torpaq anbarlarından təmizlənərək
abadlaşdırılmışdır.
Azərbaycan
Respublikasının Prezidenti möhtərəm İlham Əliyevin
2007-ci ilin dekabr ayının 24-də etdiyi səfər,
görülən işlərlə şəxsi
tanışlığı, tapşırıq və tövsiyələri
şəhərimizin inkişafını sürətləndirmiş,
hazırlanmış tədbirlər planına uyğun olaraq
2008-ci ildən başlayaraq tikinti-quraşdırma, təmir,
yenidənqurma və abadlıq işlərinin həcmi
artırılmışdır.
2008-ci ilin yanvar ayının
1-dən keçən müddət ərzində büdcədən
ayrılmış vəsait hesabına şəhərin
Bayramlı qəsəbəsindəki Sabir küçəsinə,
eyni zamanda H.Cavid, Mehmandarov, Z.Tağıyev, M.Füzuli, H.Əliyev,
Vidadi, F.Cavadov, Neftçilər və digər küçələrə
420 min manat dəyərində 32 min kvadratmetrdən artıq
asfalt örtük qoyulmuşdur.
“Azərbaycan xalqının
ümummilli lideri Heydər Əliyevin 85 illik yubileyi
haqqında” Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin
11 mart 2008-ci il tarixli sərəncamına əsasən
şəhərin “Heydər Əliyev parkı”nda yenidənqurma
işləri aparılmışdır. Parkın
ərazisində yerləşən Yeni Azərbaycan
Partiyasının inzibati binasında müasir tikinti materiallarından
istifadə etməklə əsaslı təmir işləri
görülmüşdür.
İ.Qayıbov
küçəsində, uzun müddət baxımsız
qalmış istirahət parkında da əsaslı təmir
işləri aparılmış, sakinlərin asudə
vaxtının səmərəli keçirilməsi
üçün səhnə kompleksi tikilmiş, uşaq əyləncə
mərkəzi yaradılmış, yeni oturacaqlar və
işıq dirəkləri
quraşdırılmışdır. Park əhalinin istirahət
mərkəzinə çevrilmişdir.
Heydər Əliyev
meydanının cənub hissəsində “Heydər Əliyev
muzeyi”nin inşası başa
çatdırılmış, muzeydə son tamamlama və
abadlıq işləri görülür.
46 saylı
Şirvan Seçki Dairəsinin inzibati binası da əsaslı
təmir olunmuşdur.
F.Eynullayev
küçəsində 1 hektar ərazidə sakinlərin mədəni
istirahəti üçün “Nümunəvi məhəllə”
salınmışdır. Eyni zamanda, İbrahimov küçəsindəki
məhəllənin abadlaşdırılması məqsədilə
1,8 hektar ərazidə uşaq əyləncə mərkəzi,
idman qurğuları quraşdırılmış, 2
bağlı istirahət guşəsi, 1 dairəvi istirahət
mərkəzi yaradılmışdır.
Möhtərəm
dövlət başçımız İlham Əliyevin təməlini
qoyduğu “Cənub” Elektrik Stansiyasında da
tikinti-quraşdırma işləri davam etdirilmişdir. Ayrılmış
ərazidə inzibati binanın və yeməkxananın
özüllərinin beton işləri başa
çatmışdır. “Cənub” Elektrik
Stansiyasının tikintisi ilə əlaqədar şəhərin
T.İsmayılov küçəsində yeni 60 mənzilli 5 mərtəbəli
yaşayış binası tikilib istifadəyə
verilmişdir. Şirvan şəhər mərkəzi mədəniyyət
evinin dam örtüyü metal keramikadan olmaqla yenidən
qurulmuş, suvaq işləri, fasadın ağ
layla üzlənməsi işi görülmüşdür. Hazırda son tamamlama işləri
aparılmışdır.
2008-ci ildə
bələdiyyə tərəfindən şəhərin küçə
və meydanlarının abadlaşdırılması məqsədilə
504 min manat həcmində tikinti-təmir və abadlıq
işləri yerinə yetirilmişdir.
Dövlət
Miqrasiya Xidmətinin Şirvan Regional Miqrasiya İdarəsinin
inzibati binası istifadəyə verilmiş, Daşınmaz Əmlakın
Dövlət Reyestri Xidmətinin Şirvan şəhər Ərazi
İdarəsinin inzibati binası yaxın günlərdə
istifadəyə veriləcəkdir.
Şirvan şəhər
Maliyyə İdarəsinin tikintisi davam etdirilmişdir.
Müasir
memarlıq üslubunda Şirvan şəhər Regional Ədliyyə
şöbəsinin inzibati binasının tikintisinə
başlanılmışdır.
Şirvan şəhəri
bu gün tikinti meydançasını xatırladır desəm,
əlbəttə, yanılmaram.
Apardığımız
abadlıq, tikinti və quruculuq işləri ölkə
Prezidentinin daim diqqət mərkəzində olmuşdur. 24 dekabr 2007-ci il tarixində şəhərimizə tarixi səfəri
zamanı dövlət başçısı görülən
işlərə yüksək qiymət verərək
demişdir: “Əli Bayramlıda aparılan abadlıq və
quruculuq işləri məni ürəkdən sevindirir”.
Qeyd etmək
istəyirəm ki, şəhər ərazisində aparılan
tikinti-quraşdırma, təmir, yenidənqurma və
abadlıq işləri bu gün də sürətlə davam
etdirilir.
Əhalinin
fasiləsiz elektrik enerjisi alması tam təmin edilmişdir. Bu məqsədlə 400
kilovat gücündə yeni yarımstansiya
quraşdırılmış, 4 ədəd transformator əsaslı
təmir edilmiş və 3500 metr uzunluğunda elektrik naqilləri
dəyişdirilmiş və təmir edilmişdir.
Qaz təsərrüfatında
da nəzərəçarpacaq müsbət dəyişikliklər
əldə edilmişdir. Korroziyaya uğramış 1640 poqonometr
müxtəlif qaz xətti çəkilmiş və ya təmir
edilmiş, 1 qaz tənzimləyici şkaf təmir edilmiş,
310 qaz sayğacı quraşdırılmışdır.
Qış
mövsümü ilə əlaqədar olaraq əhalinin təbii
qaz və elektrik enerjisi ilə tam təmin olunması
üçün bütün tədbirlər
görülür.
Şirvan şəhər
Mənzil Təsərrüfatı İdarəsinin
balansında olan binaların ətrafında əvvəlki illərdən
mövcud olmuş qeyri-qanuni tikililərin, qarajların, çəpərləmələrin
sökülməsi davam etdirilmişdir.
Rəqəmlərdən
göründüyü kimi, bütün sahələrdə-tikinti,
nəqliyyat, xidmət, abadlıq və quruculuq sahəsində
irəliləyiş geniş vüsət almışdır və
bu, onu deməyə əsas verir ki, gələcəkdə də
şəhərin hərtərəfli inkişafı yüksək
templə davam etdiriləcəkdir.
Bunu xüsusi
vurğulamaq istəyirəm ki, möhtərəm Prezidentimiz tərəfindən
Şirvan şəhərində aparılan abadlıq və
quruculuq işlərinə verilən yüksək qiymət məsuliyyətimizi
bir daha artırmışdır. Bizə göstərilən
etimada cavab olaraq bütün imkanlarımızı səfərbər
edərək işimizi bundan sonra da tələb olunan səviyyədə
qurmağa, vaxtında və keyfiyyətlə yerinə yetirməyə
çalışacağıq.
İcra
başçısının dediklərinə yalnız bunu əlavə
etmək qalır: Şirvan şəhərində həyata
keçirilən tədbirlər sakinlərin əhval-ruhiyyəsinə,
yaşayış tərzinə doğrudan da xeyli müsbət
təsir göstərir. İndi burada insanlar
yaxın keçmişdə olduğu kimi gün
batmamış evlərinə getməyə tələsmirlər,
həm də şəhərin aylı, işıqlı gecələrini
seyr etməkdən doymurlar. Çünki
bu şəhərin gecəsinin də,
gündüzünün də öz romantikası var.
Səməd HÜSEYNOĞLU
Xalq qəzeti.-2008.-21 dekabr.- S.5.