Qıyma gözəlliyə

 

Bu yaxınlarda şair-alim Hikmət Mahmudun “Qıyma gözəlliyə” kitabı çapdan çıxmışdır. Kitab bir oxucu kimi dərhal diqqətimi çəkdi. Ona görə yox ki, Hikmət Mahmudu çoxdan tanıyıram, bir alim və müəllim kimi həmkarımdır, bütün qohum-əqrəbasına bələdəm, xüsusən, böyük qardaşı, gözəl jurnalist, rəhbər vəzifələrdə çalışmış, “Kommunist” qəzetinin (indiki “Xalq qəzeti”nin) redaktoru olmuş, bu yaxınlarda dünyasını dəyişən Rəşid Mahmudovu lap yaxından tanıyırdım, mərhum qardaşları Fikrət və Ədhəmi də həmçinin, Hikmətin şeirlərinə, elmi əsərlərinə də bələdliyim vardı. Kitabı maraqla oxumağımın səbəbi təkcə bunlara görə deyildi. Hər şeydən əvvəl onun adı mənim diqqətimi cəlb etdi və çox xoşuma gəldi. “Qıyma gözəlliyə” ekologiyaya, təbiətin qorunmasına təsirli bir çağırışdır. Hər bir şeyə qıysan da, gözəlliyə qıymamalısan, çünki o, çox önəmli və çox vacibdir. F.Dostoyevski demişkən: “insanlığı yalnız gözəllik xilas edə bilər”.

Kitabı vərəqlədikcə gördüm ki, kitabın elə özü gözəllikdən bəhs edir, gözəl şeirlərlə doludur. Çox xoşuma gələn, ürəkdən bəyəndiyim bu kitaba rəy yazmaq qərarına gəldim.

Hikmət Mahmudun şeirlərini qruplaşdırsaq birinci yerə vətənpərvərlik şeirlərini qoymaq olar. Şair vahid və bölünməz vətəni - Azərbaycanı, doğma elini-obasını, ana yurdunu sonsuz məhəbbətlə sevir, onların vurğunudur.

 

“Azərbaycan qəlbim, Bakı çırağım,

Sadə Mican kəndim, ana torpağım,

Babadağ yurdumdur, Şirvan oylağım,

Dağdan çıxan çeşmə bulanlıq olmaz.

 

Həm yaxşı alim, həm də yaxşı şair olan şəxsiyyətlər var. Belə şairlər indi də az deyil. Elə Hikmət Mahmud da belələrindəndir. Dediyim kimi o, həm şair, həm də alimdir – “Yerin altını da bilir, üstünü də”. Bu sözləri qələmə alarkən istər-istəməz böyük pedaqoq-alim Şəfaət Mehdiyev yada düşdü... 1962-ci il idi. Yenicə kafedra müdiri təyin olunmuşdum. Çox cavan idim, heç 33 yaşım da yox idi. Şəfaət müəllimin yanına (o vaxt o, BDU-nun rektoru idi) 3-4 nəfər qonaq gəldi. Geoloq idilər. Mən çıxmaq istədikdə “dayan, dur, səni qonaqlarla tanış edim", dedi. Üstünə beşini də qoyub məni tərifləməyə başladı. Dedi ki, “biz geoloqlar yerin altını bilirik, bununla da fəxr edirik. Qızılın ağını da, qarasını da kəşf edən, üzə çıxaran bizik. O cümlədən, faydalı qazıntıların hamısını. Yerin altını və üstünü bilən elmlər də çoxdur. Fəlsəfə elmi də yerin altını və üstünü bilməlidir" O zaman dahi Hegelin bu fikirləri yadıma düşmüşdü: “Fəlsəfə (filosof) bütün suallara cavab verməlidir və verir də. Əgər cavab yoxdursa, bu fəlsəfənin (filosofun) günahı deyil. Sualı dəyişmək lazımdır”.

Alimin şair və ya şairin həm də alim olmasına konkret yanaşmaq lazımdır. Bunu filoloq-alim edirsə və ya şair, həm də ədəbiyyatla, dilçiliklə məşğul olursa, bu bir növ təbiidir. Xüsusən də şair, filologiya üzrə baza təhsilinə malikdirsə. Bunu fizik, mexanik, riyaziyyatçı, kimyaçı, bioloq, geoloq və ya başqa bir sırf təbiətşünas alim edirsə, bu çox nadir bir işdir, ancaq təriflənməyə və təqdir olunmağa layiqdir.

Bu sevgi, bu məhəbbət Hikmətin “Azərbaycan”, “İsmayıllı”, “Qarabağ”, “Vətən”, “İsmayıllıda”, “Xidmət eylə millətinə” şeirlərində, “Bayatılar”ında daha aydın görünür.

Əvvəla, təbiət gözəlliklərini tərənnüm edən şeirləri, habelə Vətənlə, doğma el-oba ilə bağlı bütün şeirləri ekologiyanın vətənpərvərliklə əlaqəsinə əsl nümunədir. İkincisi, müəllifin diqqəti çəkən şeirlərində ictimai məna gördüm, bunlar öyüd-nəsihət xarakteri daşıyan, yüksək əxlaqi qayələr güdən şeirlərdir. Burada Hikmət Mahmudun moralist şair olduğunu görürsən. “Gördüm”, “Olsan”, “Yüksələr”, “İnsan”, “Şirin söz gərək”, “Yaxşılıq və pislik”, “Əyilməsin kişi gərək” şeirləri buna ən yaxşı misaldır.

Bir vaxtlar totalitar rejimin, bolşevik ideologiyasının tüğyan etdiyi vaxtlarda öz doğma yurdunu, elini-obasını, onu əhatə edən təbiəti tərifləyənləri millətçilikdə ittiham edir, pisləyirdilər. Deyirdilər ki, bir Böyük vətən var, bir də kiçik “vətən”. Əsl vətən böyük vətəndir, o həlledici, aparıcı vətəndir və özü də Kremldən, Moskvadan başlanır. Kim öz “vətənini” tərifləyir, tərənnüm edir, o, millətçidir, qətiyyətlə pislənməli, təqib olunmalıdır. İstedadlı Ukrayna şairi V.Sosyura “Lyobi Ukrainu” şeirinə görə qəddar millətçi adlandırılmış və təqib olunmuşdu. Vətən bir idi, SSRİ idi, özü də Moskvadan, Kremldən başlanırdı. İndi müstəqillik bizi bu asılılıqdan, köləlikdən azad etmişdir. Öz Vətənini, öz doğma elini-obasını tərifləmək fərəh sayılır. Hikmət Mahmudun “Qıyma gözəlliyə” kitabında toplanan şeirlərin çoxu Vətənə, ana torpağa, könül açan təbiətə həsr olunmuşdur.

Hikmət Mahmud həm yaxşı şair, həm də yaxşı alimdir. Bu, olduqca çətin bir işdir və çoxuna müyəssər olmur. Böyük şairimiz Səməd Vurğun deyirdi ki:

 

Alim teleskopla göyə baxanda

Mənim tuti dilim birdən lal olur.

İldırım göydə yox, yerdə çaxanda

Həqiqət gözümdə bir xəyal olur.

Nə üçün ağlımız bu cür sirləri

İnci tək saplara düzə bilməsin.

Nə üçün şeir yazan şair əlləri

Elmin dəryasında üzə bilməsin?

 

Amma üzənlər də olur. Lap qəvvas kimi. Nizami, Füzuli, Seyid Əzim, Sabir, Cavid, Vurğunun özü məhz belə idi. Lomonosovun poeziyası dərin elmi xarakter daşıyırdı. Dahi Höte həm təbiətşünas, həm də şair idi. Belinski deyirdi ki, alim və şair əslində bir iş görürlər. Alim sübut edir, şair isə göstərir.

Təəssüflər olsun ki, insanın hərəkətlərində şeytani əməllər də az deyil. İnsanda həm bəşəri, həm də qeyri-insani sifətlər olur. Maksim Qorki deyirdi ki, ədəbiyyatın məqsədi, qayəsi insanda olan qeyri-insanlığı məhv etmək, insani olanları isə bərqərar etməkdir.

Hikmət Mahmud bu həqiqəti dərindən dərk edən, ona dərindən vaqif olan və hakim kəsilən sənətkardır. “İnsanlıq” adlanan şeirində deyir:

 

Bir kəsdə insanlıq yoxdursa əgər,

O insan deyildir desək, müxtəsər.

İnsanlıq nə rütbə, nə də yaşdadır,

İnsanlıq ağılda, müdrik başdadır.

 

Kitabda öyüd-nəsihət xarakterli şeirlərə də geniş yer verilmişdir. Müəllif kitabın bir bölməsini “Öyüdnamə” adlandırır. Şair oxucularına qeybət etməməyi, qəlbi incitməməyi, ariflər yanında susmağı, qocalara gülməməyi, yaxşılıqla dolanmağı tövsiyə edir, mənəm-mənəm deyənləri tənqid atəşinə tutur, ağsaqqallara hörmət, millətə xidmət etməyi və s. bu kimi yüksək əxlaqi sifətləri geniş təbliğ edir. Bu bölmədəki şeirlər didaktik məna daşıyır, şairin yüksək əxlaqi keyfiyyətlərə, etikaya dərindən vaqif olduğunu göstərir.

Hikmət Mahmudun dini xarakterdə olan şeirləri də var. “Allah”, “Qismət”, “Tanrıdan gəlir”, “Allah götürməz”, “Yaradana min əhsən” və b. Elm və poeziya fədaisi olan müəllif əsl Allahsevər adamdır. Onun dinə olan münasibəti və Allaha məhəbbəti özünün səmimiyyətilə seçilir. Onda Allaha böyük inam var. Təbiətşünas alimin və dünyəvi hisslərin tərənnümçüsü olan şairin Allahı qəbul etməsi, ona bağlanması olduqca təqdirəlayiqdir və əsas nümunə ola bilər. Qoy inansın, hamılıqla inanaq. Bu haqq yolundan, hidayət yolundan, ədalət yolundan heç vaxt dönməyək. Allaha büsbütün inanmaq, ona ən yüksək, ən ülvi məhəbbət bəsləmək, insanların müqəddəs borcu, şərəf işidir. Sokratdan, Platondan böyük filosof, Nizamidən, Füzulidən böyük şair, Eynşteyndən, Bordan böyük alim, yüzlərlə dahilərdən artıq olmayacağıq ki. Onların hamısı Allahsevər olmuş, ona dərindən inanmışlar.

Əsl poeziya məzmun və formanın vəhdətinə əsaslanır. Bu baxımdan Hikmət Mahmudun şeir yaradıcılığı nümunə sayıla bilər. Şair klassik poeziya formalarından istifadə etdikdə də buna ciddi əməl edir. Məsələn:

 

O kəsə hörmət et ki, bilir dəyərin hörmətin,

O kəsdən gen dolan ki, heç bilməyir öz qiymətin.

 

və yaxud:

 

Aqillərdən ibrət götür, sözün dinlə, öyrən ki, sən,

Aqilliyin zirvəsinə sən özün də yüksələsən.

 

şeirləri bu qəbildəndir.

Şairin şeirlərinin bir qrupu personal, fərdi xarakter daşıyır. Kitaba daxil olan belə şeirlərdən birincisi istedadlı şairimiz, dünyadan nakam getmiş Mikayıl Müşfiqə həsr olunmuşdur. “Şeirin pərvanəsi” adlanan bu şeirdə müəllif Müşfiqin parlaq istedadı, poetik dühası qarşısında baş əydiyini, Müşfiqin tayı-bərabəri olmayan, misilsiz şair olduğunu söyləyir, onun sözün əsl mənasında şeirin pərvanəsi olduğunu yazır.

Sonrakı personal şeirlər akademik Akif Əlizadəyə, Midhət Abasova, Abel Məhərrəmova, Budaq Budaqova, Arif Şəfaət oğlu Mehdiyevə, professor Vüsət Əfəndiyevə, şairin mərhum qardaşları Fikrətə və Ədhəmə, 3 yaşlı nəvəsi Rənaya, 1 yaşlı nəvəsi Səbuhiyə həsr olunub. Alimlərə həsr etdiyi şeirlərin çoxu onların yubileyləri münasibətilə yazılıb. Bu şeirlər müəllifin Azərbaycan elminə dərindən bələd olduğunu, alim həmkarlarına böyük hörmətlə yanaşdığını, onlara çox yüksək qiymət verdiyini göstərir. Kimin kim olduğunu, elmimizə nələr verdiyinə vaqifi olduğunu göstərir. Onu da deyim ki, şair-alimin və ya alim-şairin (düzünü deyim ki, birinci yerə hansını qoymağa çətinlik çəkirəm, Hikmət şeirdə parlaq, istedadlı olduğu kimi, elmdə də parlaqdır, şeirin də, elmin də yüksək zirvəsində durur) bu sahədə zəngin təcrübəsi var.

1967-ci ildə hələ tələbə ikən yazdığı ilk mətbu şeiri akademik Mirəli Qaşqaya həsr olunmuşdu (“Geoloq” şeiri). Arzumuz budur ki, elmə, alimlərə həsr etdiyi şeirləri bundan sonra da çox yazsın. Məlum olduğu kimi, bədii ədəbiyyatın bir gücü onun qüdrətli tərbiyə vasitəsi olmasındadır. İnsan qəlbinin mühəndisləri olan yazıçılar sözün qüdrətilə insanları tərbiyə edir, onları məhz insan kimi yetişdirirlər. Çünki insanın təbiətində həm insanlıq, həm vəhşilik, həm bəşərilik, həm də iblislilik vardır. İnsan həmişə çalışmalıdır ki, öz bədənindən qeyri-insani xisləti qova bilsin.

Şairin məzmunca (formasına görə yox) xeyli rübai xarakterli şeirləri də vardır. O, bunları “rübai" adlandırmasa da 4 misradan ibarət olan bu şeirlər dərin hikmətilə, fəlsəfi dolğunluğu ilə açılır və əsl öyüd-nəsihət nümunəsidir:

 

Xanımlar dünyası sirli bir aləm,

Həyata bəzəkdir, sevgiyə məlhəm.

Sonsuz bir dəryadır məhəbbət elmi,

Ona layiq sözə acizdir qələm.

 

Hikmət Mahmud yeni kitabı ilə ekologiya, təbiətin qorunması haqqında şeir incilərini oxuculara bəxş etmişdir. Bəli, şeir incilərini, əlbəttə, şeir inci ola bilər.

Görkəmli türk dilçisi Seyfəddin Altaylı, Azərbaycan türkcəsi sözlüyündə (İstanbul, 1994, səh. 697) “İncisözünün mənasını belə izah edir: “bəzi dəniz canlılarının içindən çıxan parlaq, yuvarlaq zinət əşyasıkullinan sədəf maddəsidir”. Məcazi mənada isəçox qiymətli əşyadır”. Məhz bu mənada şeir (əlbəttə, yaxşı şeir) incidir.

Kainat haqqında, Yer haqqında, onların sirləri haqqında bilikləri olan adam haqqında da atalar sözü mövcuddur: “Yerin altını da bilir, üstünü !” Bu kəlmənin birinci yarısını geoloqlar haqqında demək olar.

Çox haqlı olaraq ortaya belə bir sual çıxa bilər. Bəs nöqsanlar, sizin tənqidiniz? İdeal əsər yoxdur, yəqin ki, Hikmət Mahmudun kitabında da nöqsanlar var. Onları niyə göstərmirsiniz? Əlbəttə ki, var... Məsələn, bəzi şeirlərin başlığı ilə məzmunu uyğun gəlmir, bəzən isə müəllif yersiz haşiyələr edir, kənara çıxır s. Onları geniş qeyd etmək istəmədim. Tənqid gərək ictimai məna kəsb etsin, müəllifə , oxuculara da kömək etsin. Əgər bunlar sırf fərdi xarakter daşıyır müəllifin yalnız özünə aiddirsə, belələrini elə müəllifin özünə demək olar, oxucuya bir o qədər dəxli yoxdursa, onları kütləvi oxucunun, ictimaiyyətin malı etməyə dəyməz. Elə bu səbəbdən onları geniş qeyd etməyi lazım bilmədim.

Qıyma gözəlliyəçox dərin ekoloji məna daşıyan bir ifadədir. Ekologiyaya, təbiətin qorunmasına dair əsl çağırışdır.

Hikmət MahmudunQıyma gözəlliyəkitabını oxuyanda müəllifin Yer haqqında, onun çayları dağları haqqında geniş dərin biliklərə malik olduğunu görürsən. Bu təbiidir. Çünki o, geoloqdur, elmin bu sahəsində ən yüksək zirvəyə qalxıb, elmlər doktorudur. Füsunkar təbiətin dostudur, aşiqidir. Üstəlik, təbiətin çox gözəl, dilbər bir guşəsindəİsmayıllı torpağında, Mican kəndində dünyaya göz açıb. Lahıc, Basqal kimi kəndlərin, Girdiman çayının, Babadağın, Nihaldağın qoynunda boya-başa çatıb. Onun təbiətə olan sevgisi təbiidir.

Bu cür gözəl, kütləvi oxucunun malik ola biləcəyi kitabı, cəmisi 400 nüsxədə buraxmaq ən azı qəbahətdir. Bilirəm ki, böyük tiraj, böyük xərclər tələb edir. Belə ki, müəllifdə olmaya bilər, amma ictimaiyyətdə var, respublikada var. İmkan tapıb bunu çoxtirajlı etmək olardı...

Kitabın tərtibatı da yaxşıdır. Nəşr özünün nəfisliyi ilə seçilir. Yüksək keyfiyyətli kağızdan istifadə olunmuşdur. Cilddə möhtəşəm bir dağ təsvir olunur, güllü-çiçəkli, otlu, ətirli bir çəmən . Bu, kitabın adına layiqdir. Yuxarıda qeyd etdiyim kimi, kitabın tirajı isə çox azdır, cəmi 400 nüsxə. Deyirlər, qaş-daş da, qızıl da az olur, çox az. Elə onların qiyməti az olmalarındadır. Mən bu fikirlə razılaşmıram. Qoy qızılımız da, qaş-daşımız da, şeir incilərimiz çox olsun.

Kitab “Tale yazısıadlı poema ilə bitir. Onun lap son beyti belədir:

 

Qismət var Tanrıdan bu yalan deyil,

Taleyin yazısı pozulan deyil”.

 

Bu Allahsevər alim şairə yaradıcılığında yeni-yeni uğurlar diləyirik. 

 

Fuad Qasımzadə, akademik

 

Xalq qəzeti.-2008.-21 dekabr.- S.6.