Qədim yunan və Roma ədəbiyyatı
tarixi haqqında maraqlı dərslik
Dünya ədəbiyyatı
haqqında yazılmış və tərtib olunmuş əsərlər
ədəbiyyatımızın inkişafını ideya- fəlsəfi
və sənətkarlıq cəhətdən keyfiyyətcə
yeni bir mərhələyə qaldırır. İndiki
dövrdə əsas məqsəd müasir bədii prosesin
qanunauyğunluqlarını dərindən təhlil etməkdən
və onun ideya- estetik səviyyəsini yüksəltməkdən
ibarətdir. Universitetlərimizin dil və ədəbiyyat
fakültələrində təhsil alan tələbələrin
dərsliklə bağlı problem yaşadığı bir
zamanda professor Nərgiz xanım Paşayevanın, professor Tərlan
Novruzov ilə birlikdə hazırladığı “Qədim
yunan və Roma ədəbiyyatı tarixi” dərsliyi də
böyük işin başlanğıcı
sayılmalıdır.
Bu dərsliyin ali məktəb
tələbələri üçün nə dərəcədə
əhəmiyyətli olması söhbətin predmeti olmağa
layiqdir və dərsliyin keyfiyyəti ondan xüsusi
danışmağa imkan verir. Dərslik iki hissədən ibarətdir,
filologiya fakültəsinin bakalavr pilləsinin proqramı əsasında
yazılmışdır. Dərslikdə yunan ədəbiyyatı
ilə Roma ədəbiyyatının ayrı- ayrılıqda
verilməsi, mürəkkəb və çoxplanlı
quruluşun olmaması, sadə emprizmin, təhkiyəviliyin
gözlənilməsi onun əsas məziyyətlərindəndir.
Otuza yaxın yunan və Roma yazarlarının həyatı və
yaradıcılığı təhlil obyektinə
çevrilmiş, onlarla oxucu kütləsi arasındakı əlaqəni
mühafizə etmək üçün ən kiçik
imkanlardan belə istifadə olunmuşdur.
Avropa və dünya ədəbiyyatı öz tarixini yunan ədəbiyyatı tarixindən nəinki ayrılıqda görmür, hətta ona bağlılığını qoruyub saxlamağa səy göstərir, yunan mifologiyası ilə öz ədəbi keçmişi arasında milli- tarixi ümumilik axtarır. Ədəbiyyatşünaslıqda qədim yunan ədəbiyyatından danışılarkən antik dövr istilahı əsas termin kimi işlədilirdi. Ancaq dərslikdə bu termin antik deyil, “qədim dövr ” kimi verilmiş və yunan ədəbiyyatının birinci dövrü sivil xalqların ədəbi və mədəni tarixi üçün əhəmiyyətli bir zaman kəsiyi kimi qiymətləndirilmişdir. Yunan ədəbi nümunələrinin nəinki Avropa bədii şüuruna güclü təsirindən, eyni zamanda orta əsrlər Azərbaycan bədii fikrinə, bütövlükdə Şərq bədii- fəlsəfi fikrinə təsirindən danışan, Nizami, Füzuli kimi nəhənglərin qədim yunan təfəkküründən bəhrələnməsi kimi mülahizələri irəli sürən müəlliflər bu sənətin indi də bizə zövq verdiyi qənaətindədir. Müxtəlif dövrlərdə yunan ədəbi qəhrəmanlarının təhlili zamanı tədqiqatçılar özünəməxsus bir yanaşma nümayiş etdirmişlər. Dərslikdə yunanların yaratdıqları ədəbi nümunələrin bədii dəyəri çox yüksək qiymətləndirilmiş, yunan ədəbiyyatını öyrənmək üçün birinci növbədə onun tədqiqi və dəyərləndirilməsi təcrübəsini bilmək tövsiyə olunmuşdur.
Qədim mədəniyyətə malik olan xalqların ədəbiyyatının inkişafında müxtəlif mərhələlərin olması danılmaz faktdır. Həmin mərhələlər tədqiqatçılar tərəfindən ayrı- ayrılıqda öyrənilir və sonra hər bir xalqın ədəbiyyat tarixi qiymətləndirilir. Müəlliflər yunan ədəbiyyatının da inkişaf mərhələlərini və xüsusiyyətlərini əhatəli şəkildə təhlilə cəlb etmiş, yunan və Roma ədəbiyyatının inkişaf tarixini tələbələrin başa düşəcəyi şəkildə təqdim etmişlər. Müəlliflər heç də özlərini yunan ədəbi tarixini ilkin əhatəli təhlilə cəlb edən şəxslər kimi təqdim etmir, hətta bundan çəkinir. Ekkermanın, Lessinqin və digər qədim yunan fəlsəfəsinin tarixi araşdırıcılarının konsepsiyalarını irəli sürərək qədim yunan sənətinin asan dərk olunması üçün müxtəlif imkanlardan istifadə edir və dərin mühakimələr yürütməyə çalışırlar. Maraqlı haldır ki, kitabda qədim yunan mifologiyasına ayrıca yer ayrılmış, miflərin öz süjet və obrazları ilə qədim yunan ədəbiyyatının əsas qaynağı, zəngin xəzinəsi və insanın təbiətin sirli hadisəsinə axtardığı yol olması bir daha təsdiqlənir, miflərdə insanın təbiət qüvvələri üzərindəki qələbəsi Prometey, Tomtal, Sizif kimi obrazların qeyri- adi hərəkətləri ilə əks etdirilir və qədim insanlığın idealının nə olduğu ortaya çıxır. Həmişə dəyişmədə, inkişafda olan miflərin xalqın kollektiv yaradıcılığının bəhrəsi olduğunu bir daha təsdiq edən müəlliflər bu başqalaşmanı ictimai şüurla əlaqələndirmişlər. Yunan miflərində qədim insanın dünyagörüşü, uzaq keçmişin qalıqları haqqında məlumat alır, qədim dövrün sənətkarları üçün əsl yaradıcılıq qaynağı olan bu janrı daha dərindən mənimsəyirik. Dövrümüzə güclü ədəbi abidələr vasitəsilə gəlib çatan miflərin reallığına bu kitabı oxuyandan sonra daha da inanırıq. Homerin vətəni uğrunda yeddi şəhərin mübarizə aparmasına mütləq inanmaq lazımdır. Avropa ədəbiyyatının banisi, əfsanəvi şair Homer bu haqqı “İlliada” və “Odisseya” əsərləri ilə qazanıb.
Dərslikdən yunan ədəbiyyatının arxaik dövrlərindən bizə gəlib çatan Hesiodun iki müstəqil didaktik poeması haqqında məlumat alırıq. Əsərlərin məzmunu kainatın əsasının yaranması, insanların namusla işləməsi və əxlaq prinsipləri ilə bağlıdır.
Eramızdan əvvəl VII əsrin ikinci
yarısında formalaşan və mənşəcə folklor
janrları ilə əlaqədar olan yunan lirik poeziyası və
onun janrları hesab olunan melika, elegiya, jambların hələ
də öz məzmun və forma spesifikasını qoruyub
saxlaması haqqında olan məlumatı alarkən müəlliflərin
nə qədər ağır və zövqlü bir
işin öhdəsindən bacarıqla gəldiklərinin
şahidi oluruq. Vətəndaşlıq mövqeyini qorumaq və
xalqın taleyini düşünmək baxımından
müasir günlərimizlə səsləşən bu
şeirlər dövrün həyat və hadisələrinin
poetik dillə şərhidir. Zaman keçdikcə
yaradıcılıq janrlarının imkanlarının
genişlənməsi izaha çox da ehtiyacı olmayan bir
mülahizədir. Xalq satirik şeir nümunələrindən
törəmiş jambların müxtəlif adlarla dünya ədəbiyyatında
yayılmış nümunələri göz
qabağındadır. Matəm
mahnılarının təsiri ilə yaranmış qədim
yunan elegiyaları həm matəm səciyyəsini saxlayır,
eyni zamanda musiqiyə yol tapır, məhəbbət və
xoşbəxtlik kimi şəxsi düşüncələri
özündə əks etdirən iri həcmli musiqi əsərlərinin
yaranmasına təsir göstərir. Xüsusən məzmun
cəhətdən öz xüsusiyyətlərini qoruyub
saxlayan elegiyanın ən kamil nümunələrindən biri
XXI əsrin əvvəllərindən etibarən Azərbaycan
səhnəsində səslənməkdədir. Sevil xanım Əliyevanın “Ana haqqında
elegiya”sı sivil insanın antik dövrlə həmahəng səsləşən
vətənpərvərlik hissinə, şəxsi
duyğularının təntənəsinə, bəşəriyyətin
mədəni tarixinə səyahətin lirik təcəssümünə
həsr olunmuş ən güclü; insanın hisslərinin
ən həssas nöqtəsinə toxunduğu
üçün zərif, incə bir simfoniya təsiri
bağışlayır. Kitabda müəlliflərin
qədim yunan lirikasının forma və məzmun xüsusiyyətlərinə
diqqət yetirməsi dövrün tələbləri
baxımından çox aktualdır və bu lirikanın ayrı-
ayrı növlərinin mənşəyinə səyahət
formal hesab olunmamalıdır. Hətta qədim yunan
dövlətlərinin təşəkkülündən sonra
yeni məzmun qazanmış monodik lirikanın rusların indiki
melodik lirikasının təməl daşı olduğunu
düşünməmək mümkün deyil. Dərsliyin
“Lirik poeziya” bölməsində Tirteyin “Döyüş
elegiyası”ndan nümunələr verilib. Azərbaycan
hazırda müharibə vəziyyətindədir, 20%- dən
artıq torpaqları işğal altındadır, bir milyona
yaxın qaçqını və məcburi
köçkünü var və bu insanlar əli yalın
olmasına baxmayaraq, ermənilərin ağır
artilleriyasının qabağından keçib, ölən
ölüb, qalan qalıb. Dərslikdəki
Doğrudan da, qaçqına
yoxdur əsla mərhəmət ...
— misrasını tədris zamanı öyrənən gənclərimiz bu məqama həssas yanaşmalı, Azərbaycanın milyonlarla mərd, qorxmaz, düşmənə sinə gərən övladlarının olduğunu unutmamalıdır. Tirteyin ədəbi nümunəsi qorxaqlara, döyüşdən qaçanlara şamil edilə bilər. Klassik dövr yunan ədəbiyyatından danışanda gözümüz önünə Afina və onun teatrı gəlir. Dünyanın hansı nöqtəsində azadlıq, demokratiya varsa, oranın ictimai- siyasi, ədəbi və mədəni mühiti Afina demokratiyasına olan minnət duyğusunu unutmamalıdır. İnsanı bütün şeylərin yeganə ölçüsü hesab edən Afina demokratiyasının dünyagörüş mövqeyi orta dövr Azərbaycan siyasi və ədəbi mühitində güclü mövqeyi olan hürufi və sufi təriqətinin, hürufilərin “ənəlhəq” iddiasının dəyərləri ilə üst- üstə düşür. Şəxsiyyətin hərtərəfli inkişafı, müstəqilliyi, təşəbbüskarlığı, məsuliyyət hissi kimi insani dəyərlərin hələ eramızdan əvvəl V- IV əsrlərdə əsas tələb kimi qoyulması yunanların bəşəriyyətin normal övladı olması fikrini bir daha təsdiqləyir.
Dərslikdə müəlliflər dram janrında kompozisiyanın ibtidai komponentlərinin yaranmasında böyük əməyi olan Esxilin həyat və yaradıcılığına da yer ayırmış, faciənin mənşəyi və teatr tamaşalarının təşkilində qədim yunan ədəbiyyatının və estetik fikrinin oynadığı rolu yüksək qiymətləndirmişlər. Əsərlərində dialoqu əsas ünsürə çevirən Esxil dünya mədəniyyəti tarixində teatr islahatı sahəsində gördüyü işlərə görə hörmətlə xatırlanır. “Faciənin atası” adlandırılan Esxilin əsərləri müxtəlif dövrlərdə və müxtəlif ölkələrdə güclü aktyor truppalarının formalaşmasında böyük rol oynayıb. Onun bütün faciələri, xüsusilə “Zəncirlənmiş Prometey” faciəsi mənəvi problemlərin bədii həlli üçün hər bir dramaturqun məsuliyyət daşıması məsələsini ortaya qoydu. Əsərdə eyni zamanda iki güclü personaj üz- üzə dayanır: insanlara kömək edən Prometey və bəşəriyyətə nifrət bəsləyən Zevs. Gözümüz önünə xeyir və şər qüvvələrin mübarizəsi, dolayısı ilə yunan mifologiyasında əks dünyagörüşlərin qanlı çarpışması, xeyir qüvvələrin şər qüvvələr üzərində qələbəsi gəlir. Bununla müəlliflər əsaslı təhlildən sonra bu nəticəyə gəlirlər ki, Esxil mifoloji süjetlərə dramaturji forma verib və onda bəşəriyyətin parlaq gələcəyinə güclü inam olub. Dərslikdə diqqəti çəkən maraqlı bir məsələ də var. Bu da qədim Attik komediya haqqında olan məlumatları kiçik başlıq şəklində toplanılmasıdır. Çox vaxt bu komediyalar bayramlarda tamaşaya qoyulur, bir qayda olaraq gülüş hədəfi hörmətsiz bir şəkildə səhnəni tərk edirdi. İnsanın xarakterində olan mənfiliklərin gülüş yolu ilə islahı klassik komediyanın əsas tələblərindən idi.
Dərsliyin ən üstün cəhətlərindən
biri yunan ədəbiyyatı ilə yanaşı Roma ədəbiyyatı,
mədəniyyəti və ayrı- ayrı nümayəndələri
haqqında əhatəli məlumat və ədəbi təhlillərin
verilməsidir. İntibah dövründə yaranmış ənənəyə
görə Roma ədəbiyyatı beş yerə
ayrılmaqla təsnif olunur və bu dövrlərdə həm
yunan nümunələri əsasında yaranan, həm də
Roma nəsrinin və poeziyasının çiçəklənməsi
dövründə formalaşan ədəbi nümunələr
təhlil obyektinə çevrilir. Müəlliflər bu
bölgünün aparılmasını Romada dilin
inkişafı ilə bağlayırlar. Roma
mifologiyası, allahlar aləmi və insan cəmiyyətinin
prinsipləri və s. məsələlərdə həyatın,
ölümün köklü problemlərinin qoyuluşuna diqqət
yetirilir və bunun qəribəlikləri Roma
mifologiyasının sonrakı inkişafı izlənilərkən
açılır. Romada şifahi xalq ədəbiyyatının
inkişafından söhbət açan müəlliflər
maraqlı nümunələr gətirməklə dərsliyi
oxuyanı qiyabi olaraq həmin dövrə səyahətə
aparır:
Ey qəddar, rəhmsiz Mars,
İstidir, var rütubət,
Səndə varsa mərhəmət
Çağır
gəlsin ruhları...
Yazdıqları
ədəbi- bədii oçerklərdə yunan və Roma ədəbiyyatının
üzdə olan yazarları haqqında ən maraqlı, yaddaqalan
və tarixi mənbələrə istinadən verilən məlumatları
oxuculara və tələbələrə çatdıran müəlliflər
işlərinin öhdəsindən layiqincə gəlmişlər,
bu dərslikdən istifadə edən hər bir kəs minnətdarlıq
duyğusunu unutmamalıdır.
Sakibə ƏLƏSGƏROVA,
filologiya elmləri namizədi
Xalq qəzeti.-2008.-21 dekabr.-S.7.