“Azərbaycanın səhiyyə nazirləri”

 

  Yeni nəşrlər

 

... Ağır yükdür nazir yükü, ağır qayğıdır nazir qayğısı. İçi özünü, çölü özgələrini yandıran yükdür bu yük. Günü-ayı məşəqqətli ömürdür nazir ömrü. Bu ömür cəbhəçi ömrüdür. Önü od, arxası su olan cəbhədə o, bəzən sıravi əsgəri, bəzən zabiti, bəzənsə generalı əvəz edir. Yox! Əvəz etmir, onların vəzifələrini yerinə yetirir. Əks təqdirdə... Yalnız bundan sonra tutduğu kresloda təsadüfi, yoxsa zəruri kadr olduğu üzə çıxır...

Bu sətirlər imzası geniş oxucu kütləsinə yaxşı tanınan yazıçı-həkim, Azərbaycan Tibb Universitetinin dosenti Məmməd SüleymanoğlununNurlannəşriyyatında nəfis tərtibatla çapdan çıxmışAzərbaycanın səhiyyə nazirlərikitabına müəllifin yazdığıÖn sözdən götürülmüşdür.

İnsanların böyük əksəriyyəti üçün əlçatmaz arzu olaraq qalan nazir vəzifəsinin bu cür təqdimatı heç təsadüfi deyil. Əvvəla, burada Azərbaycanın səhiyyə nazirləri nəzərdə tutulur, digər tərəfdən söhbət vəzifəyə vicdanlı münasibətdən, yüksək məsuliyyət hissindən gedir. Müəllifin qeyd etdiyi kimi, nazir kürsüsündə oturmaq üçün təkcə təcrübə savad, elmi dərəcə azdır. O, ilk növbədə yüksək təşkilatçılıq qabiliyyətinə, çevik səfərbərlik tutumuna, fövqəladə hadisələr zamanı düzgün qərar qəbul etmək bacarığına, eyni zamanda xalqına, ölkəsinin hər bir vətəndaşına yanan ürəyə sahib olmalıdır...

Kitabda 1918-ci ildənAzərbaycan Xalq Cümhuriyyəti dövründən indiyədək respublika səhiyyəsinə rəhbərlik etmiş nazirlər haqqında geniş məlumat verilmişdir. Həm bunlar, bizim öyrəşdiyimiz indiyədək bu qəbildən hazırlanan məcmuələrdəki kimi, xronoloji ardıcıllıqla, şablon formada verilmiş, quru, ensiklopedik məlumatlar deyil, bədii-publisistik səpkidə qələmə alınmış portret-oçerklərdir. Oxucu Azərbaycanın ilk səhiyyə naziri Xudadat bəy Pəfibəyovdan tutmuş, bu gün həmin vəzifəni icra edən Oqtay Şirəliyevədək hər bir nazirin xarakterini açan, portretini yaradan bu oçerkləri oxuduqca həm zövq alır, həm onları bir insan, şəxsiyyət və məmur kimi yaxından tanıyır. Bir-birindən maraqlı zəngin ömür yolu qət edən bu insanların həyat fəaliyyətlərinə nəzər saldıqca, elə bil, Azərbaycan səhiyyəsinin inkişaf tarixini vərəqləyirsən. Çünki səhiyyəmizin inkişafı məhz bu insanların fəaliyyəti ilə birbaşa bağlı olub. Buradan həmçinin belə bir faktı da öyrənirik ki, Azərbaycan səhiyyəsinə rəhbərlik edən nazirlərin arasında orta tibb təhsillisi olub, dosent, professor, hətta akademik . Lakin bu, heç onların fəaliyyətinin keyfiyyət göstəricisi olmamışdır.

Hippokrat andıilə açılan hər portret-oçerkin əvvəlində həmin oçerkin qəhrəmanı haqqında ingilis rus dillərində qısa məlumat verilən, şəkillərlə müşayiət olunan bu sanballı kitab (16,5 çap vərəqi həcmində), şübhəsiz, səhiyyəmizin inkişaf tarixi, səhiyyə quruculuğu ilə maraqlanan hər bir şəxs, ümumiyyətlə, geniş oxucu kütləsi üçün dəyərli töhfədir.

Kitabın məsləhətçisi akademik Adilə Namazova, elmi redaktoru Azərbaycan Tibb Universitetinin kafedra müdiri, professor Rafiq Çobanovdur.

 

Qüdrət PİRİYEV

 

Xalq qəzeti.-2008.-21 dekabr.- S.8.