Azərbaycanlı şairin kitabı İranda
və Türkiyədə
çap olunmuşdur
Çağdaş Azərbaycan
ədəbiyyatının tanınmış nümayəndəsi,
şair Qəşəm Nəcəfzadənin Tehranda
“Yaşmaq ” yayım evində “Ölülər bizə
gülür”adlı şeirlər kitabı Azərbaycan dilində
çap edilib. Kitaba şairin müxtəlif illərdə
yazdığı şeirləri toplanıb. Kitabın redaktoru
istedadlı şair və naşir Səid Muğanlı,
ön sözün müəllifi Səttar Mahmudoğludur. Kitab
132 səhifədən ibarətdir. Səttar bəy ön
sözdə yazır: “Yaşadığımız
uzaq-yaxın dünyamız o qədər
qarışıqdı ki, özünü,
özlüyünü axtarmağa insan oğlu macal tapa bilmir.
Şeir mələyi yuxulu kəpənək sayağı gəlib şairi tapdığı kimi dost da tapırsan bu dünyada. Kiçik dünyamızın böyük guşəsində, Təbrizin mürgüləyən anlarında Muğan oğlu Qəşəm Nəcəfzadəni beləcə tanıdım öz səsiylə, şeirləriylə. Qardaşım Səid Muğanlı ilə birlikdə Azərbaycan anamızın yaşmağına (”Yaşmaq dərgisi") büküb dostluq körpüsündən adlayaraq sizlərə çatdırdıq bu kitabı."
Bundan əlavə, Tehranda “Səhər” musiqi qrupunun buraxdığı alboma Qəşəm Nəcəfzadənin öz səsi ilə şeirləri daxil edilib. İnternet saytlarının və mətbuatın yazdığı xəbərlərə görə, həm albom, həm də “Ölülər bizə gülür” şeirlər kitabı İranda maraqla qarşılanıb.
Qəşəm Nəcəfzadənin Türkiyənin “Bengü” yayım evində “Savaş, ayaqqabı, ölüm” adlı şeirlər kitabı da cap olunub. Topluya şairin son illərdə yazdığı şeirləri daxil edilib. Türkiyə ədəbi mətbuatında, xüsusən “Kardeş Kalemler” dərgisində şairin şeirlərinin son vaxtlar müntəzəm dərci yeni şeirlər kitabını ortaya qoymaq zərurətini yaratdı. Kitabın redaktoru və Türkiyə türkçəsinə çevirəni tanınmış alim, tərcüməçi və pedoqoq Fəti Gədiklidir.
Sualımıza cavab olaraq Qəşəm Nəcəfzadə bildirdi: “Kitabı yayım evi öz vəsaiti hesabına cap eləyib. Bütün bu məsələlər üç ay içərisində reallaşıb. Yayım evindən mənə zəng vurdular ki, kitabını çap eləmişik. Xeyli vaxtdı başqa bir ölkədə kitabımın çap xəbərini gözləyirdim. Biləndə ki, Türkiyədəndi, çox sevindim. Türkiyə başqalarına baxanda bir köynək bizə yaxındı. Həm də bu kitab türkiyəli şair qardaşlarımızın Azərbaycan ədəbiyyatına diqqətidir. Bu kitabda əməyi keçən insanlara dərin təşəkkürümü bildirirəm”. Kitaba toplanan şeirlərin əsas mövzusu yaşadığımız həyatdır.
M.QƏZƏNFƏROĞLU
Xalq qəzeti.-2008.-21 dekabr.- S.8.