İbtidai təhsil baza rolunu oynayır
Bu günlərdə Bakının Nizami rayonundakı “Zəngi” liseyində orta məktəblərin I sinif şagirdləri üçün yeni buraxılmış riyaziyyat dərsliklərinin müzakirəsinə həsr olunmuş tədbir keçirildi. “Zəngi” liseyinin direktoru Bayram Heydərov çıxış edərək ölkədə gedən əsaslı inkişafdan bəhs etdi. Bildirdi ki, bu gün respublikamızda həyatın bütün sahələrində sürətli inkişaf, müsbət dəyişikliklər Azərbaycanın artan nüfuzundan xəbər verir. İnsanların rifah halı, həyat səviyyəsi yüksəlir. “Təbii ki, bütün bunlar təhsilə də öz müsbət təsirini göstərir. Artıq təhsilimiz Avropa standartlarına uyğunlaşdırılır, dünya təhsil məkanına inteqrasiya edir.”
B.Heydərov ölkə təhsili ilə bağlı qəbul olunan “Təhsil sektorunun inkişafı” layihəsinin birinci mərhələsinin uğurla başa çatdığını və ikinci mərhələnin başlandığını qeyd etdi. Ötən 5 ili əhatə edən birinci mərhələdə çox böyük uğurlar əldə olunduğunu vurğulayan liseyin direktoru qarşıdan gələn ikinci mərhələdə də yüksək nailiyyətlər əldə olunacağına əmin olduğunu vurğuladı. “Bildiyiniz kimi, Milli Təhsil Konsepsiyası (Milli kurrikulum) qəbul olunub və həmçinin artıq ibtidai sinif fənləri üzrə kurrikulum işlənib hazırlanmışdır. İnanıram ki, bu yeni sistem təhsilin inkişafına daha da öz müsbət təsirini göstərəcək.” O bu gün istər bəzi mətbuat orqanlarında, istərsə də digər vasitələrlə təhsilin inkişafına kölgə salmaq istəyən, lakin bu sahəyə bilavasitə aidiyyatı olmayan insanlara da öz münasibətini bildirdi və bu cür halların yolverilməz olduğunu söylədi. Liseyin direktoru I sinif şagirdləri üçün yeni buraxılmış riyaziyyat dərslikləri ilə bağlı məsələyə də münasibət bildirdi. “Çox təəssüf ki, ibtidai sinif müəllimlərini, şagirdlərini əzbərçi bir zümrəyə çevirən əvvəlki dərslik onların təfəkkürünü dondurub, qapalı, məhdud çərçivədən kənara çıxmağa qoymayıb.”
Müzakirələrdə qeyd olundu ki, Nayma Qəhrəmanova və Cəmilə Əsgərovanın müəllifliyi ilə çap olunan yeni vəsaitlər şagirdlərin ibtidai bilikləri daha yaxşı qavramasına kömək edəcək. Daha sonra çıxış edən liseyin ibtidai sinif müəllimi Zivər Məmmədova isə konkret faktlarla hər iki nəşri müqayisə etdi. O, yeni kitabın müsbət məziyyətlərindən söz açdı. “Yeni dərs vəsaiti yaradıcı, məntiqi və tənqidi təfəkkürü inkişaf etdirən çalışmalar çoxluğu ilə boldur. Kurrikulum tələblərinə tamamilə cavab verir.”
Riyaziyyat müəllimi Ələddin Məmmədli isə şagirdlərin ibtidai siniflərdə aldığı təhsilin gələcək üçün önəmli baza rolu oynadığını vurğuladı. “Biz müəllimlər bəzi hallarda yuxarı siniflərdə şagirdlərin riyaziyyat fənnini çətin qavradıqlarının şahidi oluruq. Düşünürəm ki, bu problemin kökünü ibtidai sinifdə axtarmaq lazımdır. Ona görə də zənnimcə, ibtidai siniflər üçün nəşr olunan yeni dərs vəsaiti bu problemin aradan qalxmasına müsbət təsirini göstərəcək.”
Məsələ ilə bağlı münasibət bildirən ibtidai sinif müəllimləri Afaq Cəfərova, Gültəkin Mustafayeva, riyaziyyat müəllimi Arif Bağırov və başqaları da yeni dərs vəsaitinin üstün cəhətlərini önə çəkdilər.
Qabil YUSİFOĞLU
Xalq qəzeti.-2008.-23 dekabr.- S.4.