Ana dilimizin qorunması hər bir
azərbaycanlının müqəddəs borcudur
Dil millətin təsdiqi,
onun milli varlığını müəyyənləşdirən
əsas amillərdən biridir. Milli-mənəvi sərvətimizdən,
mənəviyyatımızdan söhbət düşəndə,
ilk növbədə ana dilimiz yada düşür. Əgər
bir xalqın ana dili yoxdursa, demək həmin xalqın
özü də yoxdur.
Dövlət müstəqilliyimizin
atributlarından biri hesab edilən ana dilimizi qorumaq, inkişaf
etdirmək və yaşatmaq hər bir azərbaycanlının
vətəndaşlıq borcudur. Belə olan halda
xalqımız zəngin dil mədəniyyətinə sahib
olar. Bu da müstəqil dövlətimizin gələcək
inkişafına zəmin yaradar.
SSRİ dövründə Azərbaycan dilinin inkişafına süni maneələr yaradılırdı. Lakin xalqımızın müdrik oğlu, ümummilli liderimiz Heydər Əliyevin Vətəninə, millətinə sonsuz məhəbbəti bu maneələri aradan qaldırdı. 1978-ci ildə SSRİ Konstitusiyasına Azərbaycan dilinin dövlət dili olması haqqında maddə daxil edildi. Onu da qeyd edək ki, həmin dövrdə Azərbaycan buna nail olan 3 respublikadan biri idi.
Sovet İttifaqının süqutundan sonra müstəqillik yolunda ilk kövrək addımlarını atan respublikamıza rəhbərlik təəssüf ki, idarəetmədə naşı, savadsız şəxslərin əlinə keçdi. Onlar düşünülməmiş qərarlar qəbul edir, demokratiyanı, müstəqilliyi mahiyyətini dərindən dərk edə bilmir, ölkədə xaos, anarxiya və başıpozuqluğun yaranmasına zəmin yaradır, yenicə əldə edilmiş müstəqilliyimizi uçuruma daha da yaxınlaşdırırdılar. AXC-Müsavat cütlüyünün hakimiyyəti dövründə qəbul edilən qərarlar Azərbaycanın varlığına, milli-mənəvi dəyərlərimizə daha ciddi zərbələr vurdu. Belə zərbələrdən biri də Azərbaycan dilinin dövlət dili kimi ləğv edilməsi oldu. 1992-ci il noyabrın 25-də (İsa Qəmbərin Ali Sovetin sədri olduğu vaxt) Milli Şuranın iclası keçirildi. O vaxt Milli Şuranın 50 üzvü vardı. Onlardan yalnız 24-nün iştirak etdiyi iclasda Azərbaycanın dövlət dili məsələsi müzakirə olundu. İştirakçıların sayından da görünür ki, iclasın keçirilməsi üçün yetərsay olmayıb. Ona görə də iclasın keçirilməsi, qəbul etdiyi qərarlar qanunsuz hesab edilməlidir. Lakin buna baxmayaraq, İsa Qəmbərin sədrliyi ilə Milli Şuranın 24 üzvünün iştirakı ilə iclas keçirildi və bu iclasda Azərbaycan dilinin dövlət dili kimi ləğv olunması barədə qərar qəbul edildi.
Ümummilli lider Heydər Əliyev xalqın təkidli tələbi və xahişi ilə 1993-cü ildə yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra öz müdrikliyi, təcrübəsi, iradəsi, zəhməti və gərgin səyi sayəsində Azərbaycanı bəlalardan qurtardı, onu parçalanmaq, yer üzündən silinmək təhlükəsindən xilas etdi. Milli-mənəvi sərvətimiz olan ana dilimiz özümüzə qaytarıldı. Hakimiyyətə gəldiyi qısa vaxtdan sonra respubilkanın tanınmış dilçi alimlərini, görkəmli ziyalılarını bir yerə toplayıb geniş müzakirələr apardı və Azərbaycan dilinin dövlət dili kimi ləğv olunmasının düşünülməmiş, səhv qərar olduğunu bildirdi. 1995-ci il noyabrın 12-də qəbul edilmiş müstəqil dövlətimizin Konstitusiyasında Azərbaycan dili dövlət dili kimi öz əksini tapdı. Konstitusiyanın 21-ci maddəsində deyilir: “Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Azərbaycan Respublikası Azərbaycan dilinin inkişafını təmin edir”.
2001-ci il iyulun 18-də Prezident Heydər Əliyev “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” fərman imzaladı. Bu sənəd ana dilimizin inkişafı üçün böyük imkanlar yaratdı. Fərmanda deyilir: “İnkişaf etmiş zəngin dil mədəniyyətinə malik xalq əyilməzdir, böyük gələcəyə malikdir. Ona görə də xalqımıza ulu babalardan miras qalan bu ən qiymətli milli sərvəti hər bir Azərbaycan övladı göz bəbəyi kimi qorumalı, daim qayğı ilə əhatə etməlidir. Bu, onun müqəddəs vətəndaşlıq borcudur”.
Ana dilinin daha da inkişaf etdirilməsi, işlənməsi və saflığının qorunması ilə əlaqədar müxtəlif illərdə dövlət başçısı tərəfindən fərmanlar imzalanmış və Milli Məclis tərəfindən qanunlar qəbul edilmişdir. 2002-ci ilin sentyabrında qəbul olunmuş “Dövlət dili haqqında” Qanun, 2003-cü ilin yanvarında imzalanmış “Azərbaycan Respublikasında dövlət dili haqqında” fərman, həmin il qəbul olunmuş “Azərbaycan dilinin işlənməsi və qorunması haqqında” qanun və digər sənədlər ana dilinin işlənməsi və qorunmasına xidmət edir.
“Azərbaycan dilinin işlənməsi və qorunması haqqında” qanunda Azərbaycan dilinin geniş tətbiq edilməsi və qorunması irəli sürülmüş, buna qarşı çıxanların isə məsuliyyətə cəlb olunması və cəzalandırılması öz əksini tapmışdır. Təəssüf ki, bəzi kütləvi informasiya vasitələri, reklam agentlikləri, radio verilişlərinin aparıcıları, xüsusilə də bəzi televiziya kanallarının idman şərhçiləri ana dilimizin işlənməsi və qorunması ilə əlaqədar imzalanmış fərmanlara, habelə qanunlara əhəmiyyət vermir, dilimizin saflığına xələl gətirirlər. Bu gün Bakı şəhərində elə küçələr var ki, oradan keçərkən özünü hansısa xarici ölkələrin birində hiss edirsən. Çünki mağazaların, yeməkxanaların, çil-çırağa qərq olmuş gecə barlarının, restoranların qarşısından asılmış reklam lövhələri xarici dillərdə yazılmış və burada milliliyimizi əks etdirən əlamətlərdən əsər-əlamət belə yoxdur. Bu obyektlərin sahibləri bəlkə də xarici ölkə vətəndaşlarıdır. Lakin onlar Azərbaycanın qayda-qanunlarına, o cümlədən “Dil haqqında” qanuna riayət etməli, fəaliyyətlərini Konstitusiyanın müddəalarına uyğunlaşdırmalıdırlar.
Azərbaycan müstəqillik qazandığı vaxtdan bir müddət sonra demokratik prinsiplərin inkişafına xüsusi önəm yetirildi. Müstəqil mətbuatın inkişafı üçün hər cür şərait yaradıldı. Çoxlu sayda qəzet və jurnallar, radio, televiziya kanalları açıldı. Qeyri-peşəkarların kütləvi informasiya vasitələrinə asanlıqla yol tapmaları, daha dəqiq desək, axını digər mənfi amillərlə yanaşı dilimizin korlanmasını, bəzi sözlərin əcaib, dilimizə yad formada səsləndirilməsini, əhalinin böyük əksəriyyətinin başa düşmədiyi xarici sözlərdən istifadə olunmasını xeyli çoxaltdı. Belə qeyri-peşəkarlar, savadsızlar ana dilimizin işlənməsi və qorunması haqqında qanunlardan da bixəbər olduqlarını təsdiqlədilər. Bu baxmdan televiziyanın idman şərhçilərinə daha çox irad bildirmək olar. Əksər futbol şərhçiləri reportaj apararkən dilimizdə olmayan sözlər işlədirlər. Məsələn, “küncdən zərbə” sözü əvəzinə — “korner”. “Korner” sözü ingilis sözü olsa da yenə düzgün işlədilmir. Sadəcə olaraq futbol şərhçisi bu sözü özünün düzgün olmayan formada dərk etdiyi kimi səsləndirir. Bu da nə Azərbaycan, nə də ingilis dilinə uyğun gəlmir. Əksər idman şərhçiləri futbolçuya “topqovan”, oyunu idarə edən hakimə “referi” (bu da ingilis dilindədir — Ə.B.) qapıçıya “qolkiper”, hücumçuya “forvard” deməklə dilimizin saflığına xələl gətirir və bu sahədə qəbul olunmuş qanunları pozurlar. Bəzi şərhçilər isə futbolçulara müxtəlif “ad”lar qoyaraq tamaşaçıların əsəbləri ilə oynayırlar. Onlar sanki unudurlar ki, işlədikləri televiziya kanalları Azərbaycana məxsusdur. Tamaşaçı hardan bilsin ki, futbol şərhçisi “zadəganlar”, “qırmızı şeytanlar”, “canavarlar”, “sarı-qırmızılar”, “cim-bomlar” və digər qəribə “ad”lar səsləndirməklə hansı komandaları nəzərdə tuturlar. Ona görə də idman şərhçiləri məsuliyyətli olmalı, azərbaycanlı olduğunu unutmamalı və ana dilinə hörmətlə yanaşmalıdırlar. Belə tənqidi fikirləri bəzi özəl radio verilişlərinin aparıcılarına da aid etmək olar. Televiziya və radio aparıcıları ilk növbədə Azərbaycan dilini mükəmməl bilməli, sonra efirə çıxmalıdırlar. Mən belələrinə “Azərbaycan Respublikası Dövlət dili haqqında” qanunun 6-cı — “Dövlət dilinin televiziya və radio yayımlarında işlənməsi” maddəsini xatırlatmaq istərdim. Həmin maddədə deyilir: “Mülkiyyət formasından asılı olmayaraq, Azərbaycan Respubilkası ərazisində təmsil edilən və fəaliyyət göstərən, dövlət dilində yayımlanan bütün televiziya və radio kanallarının aparıcıları dövlət dilini mükəmməl bilməli və səlis danışıq qabiliyyətinə malik olmalıdırlar...” Həmin qanunun 7-ci maddəsi isə reklam və elanlarda Azərbaycan dilinin işlədilməsinə aiddir. Həmin maddəni də xatırlatmağı vacib hesab edirik: “Azərbaycan Respublikası ərazisində bütün xidmət sahələrində, reklam və elanlarda dövlət dili işlənir. Əcnəbilərə xidmət göstərilməsi ilə bağlı müvafiq xidmət sahələrində dövlət dili ilə yanaşı, digər dillər də tətbiq oluna bilər. Zəruri hallarda reklam və elanlarda (lövhələrdə, tablolarda, plakatlarda və sair) dövlət dili ilə yanaşı, digər dillərdən də istifadə oluna bilər. Lakin onun tutduğu sahə Azərbaycan dilindəki qarşılığının tutduğu sahədən böyük olmamalı və Azərbaycan dilindəki yazıdan sonra gəlməlidir”. Gəlin görək Bakı şəhərinin mərkəzi küçələrində bu qanuna əməl olunurmu? Əsla yox!
Ana dilimizin zənginliyi tanınmış xarici dilçilər tərəfindən yüksək qiymətləndirilsə də, öz ölkəmizdə belə laqeyd münasibətə yalnız təəssüflənirik. Bir faktı diqqətinizə çatdırmaq istərdim. Bir çox dünya xalqlarının dilini bilən ingilis dilçisi Maks Müller Azərbaycan dilinin zənginliyi haqqında heyranlıqla danışaraq yazırdı: “Azərbaycan dili öz zənginliyinə görə budaqları barlı-bəhərli meyvə ağacını xatırladır”.
Hər bir azərbaycanlı unutmamalıdır ki, xalqımızı dünyada tanıdan ana dilimizdir. Azərbaycan müstəqil dövlətdir. Təbii ki, onun dövlət dili haqqındakı qanunları da realdır və hər birimizin bu qanunlara ciddi riayət etməyimiz ən ülvi borcumuzdur. Ümummilli lider Heydər Əliyevin bu müdrik kəlamı hər bir azərbaycanlıya örnək olmalıdır: “Mən hər bir dilə öz hörmət və ehtiramımı bildirirəm, amma hesab edirəm ki, öz dilimizlə — Azərbaycan dili ilə hər birimiz fəxr edə bilərik. Çünki bu, zəngin dildir, artıq dünyada tanınıb, dilimizin adı tanınıb”.
Əliqismət BƏDƏLOV
Xalq qəzeti.-2008.- 23
dekabr.- S.3.