Nəğmələrdə yaşayan Şəhriyar
“Salam olsun şövkətizə,
elizə,
Mənim də bir adım gəlsin
dilizə”.
XX əsr Azərbaycan poeziyasının güney
qolunu yüksək zirvəyə qaldırmış
Məmmədhüseyn Şəhriyarın
dillər əzbəri
olan bu sözləri
unudulmaz şairə xalq ehtiramının, onun sənət irsinə soydaşlarımızın
sonsuz sevgisinin ifadəsi kimi səslənməkdədir. Almaniyada yaşayan
azərbaycanlıların bu
misraların çağırışı
ilə təşkil etdikləri və şairin xatirəsinə həsr olunmuş silsilə konsertlərdə
tanınmış sənətkarlar
Şəhriyar şeirlərinə
bəstələnmiş nəğmələri
və onun qəzəlləri əsasında
muğamlarımızı ifa
etmişlər.
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının
səhnəsində bu
nəğməli xatirə
estrafetini populyar ifaçı, respublikanın
əməkdar artisti Gülüstan Əliyeva və güneyli soydaşımız Fəraməz
Gərmrudi davam etdirdilər. Hər iki sənətçi
ölməz şairin
poeziyasına sevgilərini
könülləri riqqətə
gətirən, şəhriyarsevərləri
coşduran muğam və mahnı nömrələri ilə
ifadə etdi. Şəhriyarın qəzəlləri və mahnı bəstələnmiş şeirləri
salona toplaşmış
o tay-bu taylı soydaşlarımızı şairin
könül dünyasına
qovuşdurdu, onun solmaz sənət gülşənini musiqinin
qanadlarında yüksəklərə
çaldırdı.
Xatirə konsertində Gülüstan
Əliyeva və Fəraməz Gərmrudi Şəhriyar kimi sənətkarları yetirən
xalqın yaratdığı
el nəğmələrini də səsləndirdilər,
duetlər oxudular. Şəhriyar sənəti və sevgisi həmin axşam müxtəlif ünvanlı soydaşlarımızı
mənən yaxınlaşdırdı,
doğmalaşdırdı. Ulu Vətənimizin hər iki tayını təmsil edən xanəndələrin mahir
ifalarının qiyməti
olan alqışlar Şəhriyar ruhuna ərməğan oldu.
Respublikanın xalq artisti Teymur Göyçəyevin idarəsi ilə Qara Qarayev adına kamera orkestrinin müşayəti, əməkdar artistlər Malik Mansurovun tarda və Elşən Mansurovun kamanda, sənətçilər Şirzad Fətəliyevin balabanda, Kamran Kərimovun nağarada şövqlü ifaları konsertin ümumi uğurunu təmin etdi. Musiqiləri kamera orkestri, xanəndə və xalq çalğı alətləri üçün bəstəkar-pianoçu Ceyhun Allahverdiyev işləmişdi. Konsertdən sonra hər iki xanəndədən qısa müsahibələr aldıq. Gülüstan Əliyeva dedi:
— İndiyədək müxtəlif mövzulu çox konsertlərim, çıxışlarım olub. Şəhriyarın xatirəsinə həsr olunmuş konsertlər silsiləsində sənət dostum Fəraməz bəylə çıxışıma daha ciddi hazırlaşdım. Bu konsert 50 milyonluq xalqımıza bir sənət hesabatı, sevimli şairimiz Şəhriyarın adına layiq musiqi səsləndirmək şansı idi. Fəraməz bəylə bir səhnədə çıxışım sənət bioqrafiyama zənginlik gətirdi.
Fəraməz Gərmrudi isə təəssuratını belə ifadə etdi:
— Həyatımın çox unudulmaz bir gününü yaşadım. Mənim babamın məzarı Bibiheybətdədir. Özüm güneydə doğulmuşam, Tehranda yaşamışam. Bu axşam babamın uyuduğu bu taya, Şəhriyar sevgisi ilə böyüdüyüm o taya övladlıq borcumu verməyə çalışdım. Mənə elə gəlir ki, belə konsertlər ayrı düşmüş soydaşlarımızı ana dilimizin və milli musiqimizin cazibəsi ilə bir araya gətirir, azərbaycançılıq duyğusunu yüksəldir.
Tahir AYDINOĞLU
Xalq qəzeti.-2008.-23 dekabr.- S.7.