Azərbaycan: modernləşmə

 və sürətli yüksəliş illəri

 

Yeni dövrün dinamikası

 

Xalqımızın ümummilli lideri Heydər Əliyevin strategiyasının layiqli davamçısı cənab İlham Əliyev Azərbaycana yeni fəaliyyət qaydaları, idarəçilik prinsipləri, iqtisadi aktivlik, legitimlik, konsolidə olunmuş iqtisadi fəaliyyət praktikası gətirdi. Ölkə Prezidentinin apardığı islahatlar Azərbaycanın iqtisadi artım tempinə görə təkcə regionda deyil, bütün dünyada lider ölkəyə çevrilməsini təmin etdi.

Prezident İlham Əliyev daim güclü liderlik keyfiyyətləri, novatorluq, qətiyyətlilik nümayiş etdirir, onun Prezidentliyi dövrü regionların, qeyri-neft sektorunun, informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin, istehsal və sosial infrastruktur sahələrinin, turizmin, nəqliyyat sektorunun inkişafında, struktur və idarəetmə islahatlarının aparılmasında yeni mərhələnin başlanğıcı oldu. İmzalanmış dövlət proqramları, dinamik inkişafın uzunmüddətli və sabit artımına yeni impulslar gətirdi.

Azərbaycanda ÜDM istehsalının artımı 2005-ci ildə 26 faiz, 2006-cı ildə 35 faiz, 2007-ci ildə 26 faiz, 2008-ci ildə 25 faizdən çox olmuşdur. Mütəxəssislərin hesablamalarına görə ÜDM artımı 2009-cu ildə 16-20 faizdən çox olacaqdır, yüksək artım tempi sonrakı illərdə də davam edəcəkdir. Müqayisə üçün xatırladırıq ki, ABŞ-da 2009-cu ildə ÜDM istehsalı bir faiz, büdcə kəsiri isə 482 milyard dollar təsdiq olunmuşdur.

Azərbaycanda 2003-2008-ci illərdə ÜDM istehsalı 10 dəfədən çox artmışdır. 2008-ci ilin 8 ayında keçən ilin eyni dövrü ilə müqayisədə ÜDM istehsalı 13,2 faiz artaraq 25,9 milyard manat,əhaliyə göstərilən pullu xidmətlərin həcmi 29,6 faiz artaraq iki milyard manat, orta aylıq əmək haqqı 23,4 faiz artaraq 255,3 manat, əhalinin gəlirləri 35,4 faiz artaraq 12,7 milyard manat, əhalinin banklardakı əmanətləri 62,3 faiz artaraq avqustun 1-də 1,8 milyard manat olmuşdur. Xidmət sahələrinin daha üstün sürətli inkişafı təmin edilmişdir.

2003–2008-ci illərdə dövlət büdcəsinin gəlirləri 1,2 milyarddan 10,5 milyard manata çatmış, iqtisadiyyatın qeyri-dövlət bölməsi 65 faizdən 84 faizə yüksəlmişdir. Xarici ticarət dövriyyəsi 4,1 dəfə, ixracat həcmi 6,9 dəfə artmış, valyuta ehtiyatları 4-5 milyon dollardan 17 milyard dollara çatmışdır. Daxili investisiya qoyuluşu 31,6 faiz artmış, xarici mənbələr hesabına əsaslı vəsait qoyuluşunu üstələmişdir. Aylıq orta əmək haqqı 3,3 dəfə artaraq 75 manatdan 255 manata yüksəlmiş, minimum əmək haqqı isə 10,9 dəfə artmışdır. Azərbaycanın xarici ölkələrdən investisiya cəlb edən ölkədən, eyni zamanda xarici ölkələrə investisiya qoyan ölkəyə çevrilməsi təmin edilmişdir.

Beş il ərzində 30 mindən çox yeni iş yeri yaradılmış, 2 minə yaxın yeni məktəb tikilmiş, təmir edilmiş, yenidən qurulmuş, avadanlıqlarla təchiz edilmiş, yüzlərlə körpü salınmış, xəstəxanalar, idman kompleksləri tikilib istifadəyə verilmiş, yüzlərlə km. yollar abadlaşdırılmışdır.

Sosial sahələrin inkişafında Milli Məclisin deputatı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın çox böyük xidmətləri xüsusi qeyd edilməlidir.

Sürətli sosial iqtisadi inkişafın bünövrəsində əsası ulu öndərimiz tərəfindən qoyulmuş, ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilən neft strategiyası və onun reallaşdırılması durur. Hazırda Dövlət Neft Fondundan transferlər də nəzərə alınmaqla dövlət büdcəsi gəlirlərinin 50 faizindən çoxu neft amili hesabına formalaşır.

Ölkənin sıçrayışlı yüksəlişində neft amili mühüm rol oynasa da inkişafımızı yalnız neftlə bağlayanlar yanılırlar. Neft və digər təbii sərvətlər Azərbaycanda əvvəllər də olmuşdur. Lakin belə yüksək inkişaf tempi Azərbaycanda indiyə kimi heç vaxt olmamışdır.

Dövlət neftdən gələn gəlirləri regionların, qeyri-neft sektorunun, informasiya və kommunikasiya texnologiyaları sisteminin inkişafına, yerli istehsalın stimullaşdırılmasına, regionların xammalı bazasında fəaliyyət göstərən emal müəssisələri yaradılmasına, nəqliyyat sektorunun, turizmin inkişafına, xalqın rifahının yüksəldilməsinə yönəldir.

 

Dünya iqtisadiyyatına inteqrasiya prosesinin daha da dərinləşməsi

 

Təcrübə göstərir ki, ən zəngin təbii resursları olan ölkə belə dünyanın ən səmərəli ideyalarından, elmi-texniki yeniliklərindən, qabaqcıl texnoloji sistemlərindən istifadə etmədən müvəffəqiyyət qazana bilməz. Bu cəhətdən Sinqapurun təcrübəsi əlamətdardır.

Təbii resursları yox dərəcəsində olan Sinqapur xarici əlaqəsiz, dünya inkişaf resurslarından, ən yeni texnika və texnoloji sistemlərindən, informasiya, kommunikasiya texnologiyalarından, dünya elmindən, təcrübəsindən və kapitalından istifadə etmədən inkişaf edə bilməzdi. Dünyaya inteqrasiya etmək, Sinqapur hökumətinin birinci dərəcəli işi olmuşdur.

Sinqapurda istehsal və sosial infrastruktur sahələri yaratmaq, yollar, körpülər salmaq, aeroportlar inşa etmək, informasiya və kommunikasiya texnologiyaları sistemləri, enerji, kommunal müəssisələr yaratmaq dövlətin işi olmuşdur. Sahibkarlar isə zavodlar, fabriklər yaratmaqla, istehsal məsələləri ilə məşğul olmuşdur.

Sinqapur, Küveyt, Norveç, Cənubi Koreya kimi ölkələrə irihəcmli investisiya qoyulur. Bu ölkədə Amerika metodunu öyrənməyi də unutmamışlır. Misal üçün, Harvard universiteti 20 milyard dollardan çox vəsaitini olduqca müxtəlif aktivlərə yerləşdirir, külli miqdar gəlir əldə edir. Sinqapurda da universitet fondları yaradılmasından, sərbəst pulların xarici idarəçiliyə verilməsindən geniş istifadə olunur.

İslahata qədərki iqtisadi ədəbiyyatlarda insan kapitalının yaradıcılıq imkanları kifayət qədər öyrənilmişdir. İnsan kapitalı nəzəriyyəsinin əsasını müəyyən maliyyə yığımlarının insan kapitalına investisiyaya yönəldilməsi təşkil edir. Bu cür investisiyaların multiplikativ gəlir gətirməsinə aid praktiki misallar istənilən qədər gətirmək olar. İnsan kapitalına investisiya qoyuluşu fərdlərin əmək məhsuldarlığının yüksəlməsinə təsir etməklə gələcəkdə əldə edilən gəlirlərin dəfələrlə artımını təmin edir.

Dünya təcrübəsi göstərir ki, perspektiv baxımından büdcə daxilolmaları artımının neft hesabına asanlıqla formalaşması, elmi, texniki və texnoloji sistemlərin inkişafına güclü təsir edə bilmir. Xammal ixracatçısı olan ölkələr 2-3 əsas ixrac mallarının, - neftin, misin, təbii qazın, meşə materiallarının dünya bazarında qiymətlərinin dəyişilməsindən asılı vəziyyətə düşürlər.

Xammal ixracat edən ölkələrin əksəriyyəti üçün sənayenin, elmin, texnoloji sistemlərin birtərəfli inkişafı səciyyəvidir. Asanlıqla gəlir əldə etmək bu ölkələri kəskin texniki, texnoloji inkişaf zərurəti qarşısında qoymur. İstənilən ölkə misal ola bilər. Zəngin xammal ehtiyatları olan İraq, Küveyt, Səudiyyə Ərəbistanı, Venesuela və enerji ehtiyatları sıfıra yaxın olan Yaponiya, Cənubi Koreya, Sinqapur, Tayvan və s. ölkələrin sosial-iqtisadi inkişafının müqayisəli təhlili buna sübutdur. Birinci qrup ölkələrdə xammal istehsalı və ixracının artımı emal sektorunun inkişafını 2-3 dəfə qabaqlayır. Xammal ixracı hesabına dövlət büdcəsi gəlirlərinin rahatca formalaşması mürgüləşdirici “maliyyə yastığı” effekti yarada bilər. Axı, yüksək gəlir əldə etmək, heç də avtomatik olaraq iqtisadiyyatın hərtərəfli inkişafı, xalqın rifahının yüksəldilməsi vasitəsinə çevrilə bilmir. Asanlıqla yaranan gəlirlər arxayınçılıq əhval-ruhiyyəsi formalaşdırır. Külli məbləğdə valyuta idxalı pul kütləsi ilə əmtəə kütləsinin nisbətini dəyişdirə, ölkə iqtisadiyyatına inflyasiya “yorğanı” gətirə bilər. Dövlət gəlirlərinin yaranması, bölgüsü və istifadəsində aşkarlıq, şəffaflıq olmaması və ya az olması isə daha ağır sosial-iqtisadi nəticələrə gətirib çıxara bilər.

Ölkə Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi təbii sərvətləri sıfıra yaxın olan ölkələr, yaşamaq, rəqabət aparmaq, inkişaf etmək və qalib gəlmək üçün beyin işlətməyə, elmi-texniki tərəqqini sürətləndirməyə, yeni texnoloji sistemlərə, idarəetmə üsullarına yiyələnməyə, məhsuldarlığı yüksəltməyə çalışırlar. Onların özlərinin təbiət maddələrinə təsir etmə imkanlarını ən yeni texniki, texnoloji sistemlərdən, informasiya, kommunikasiya vasitələrindən istifadə etmədən yaşamaları sadəcə olaraq mümkün deyil.

ABŞ-da iqtisadiyyat və xarici ticarət sahəsində prinsipial qərarların qəbul edilməsində Ağ evdə yaradılmış Elm və Texnologiyalar üzrə Milli Şura, İqtisadi Məsləhətçilər Şurası və Dayanıqlı İnkişaf üzrə Şura bilavasitə iştirak edirlər. ABŞ-ın Dövlət Departamenti, maliyyə, energetika, əmək və müdafiə nazirlikləri, Kiçik Biznes İşləri üzrə İdarə, Ətraf Mühitin Qorunması üzrə Agentlik, İxrac-İdxal Bankı, Ticarət və İnkişaf üzrə Agentlik, Xarici Özəl İnvestisiyalar Korporasiyası kimi hökumət qurumları iqtisadi inkişafın və sənayeyə yardımın müxtəlif aspektləri ilə məşğul olurlar. Bu ölkədə yeni texnoloji siyasətin qarşısına üç əsas məqsəd qoymuşlar: iş yerləri yaratmaqla ətraf mühitin qorunmasını təmin etmək, uzunmüddətli iqtisadi yüksəlişə şərait yaratmaq; vətəndaşların ehtiyaclarına həssaslıqla yanaşan səmərəli hökumətin mövcudluğundan faydalanmaq; fundamental elmi kəşflərdə, riyaziyyat və mühəndis işində dünyada birinci olmaq.

ABŞ-da investisiyaların fundamental tədqiqatlara və yeni texnologiyaların inkişafına qoyulması hökumətin başlıca funksiyasıdır. Orada özəl bölmə ilə tərəfdaşlıq edərək ABŞ-ın iqtisadi qüdrətini möhkəmləndirən texnologiyaların istifadəsinə yönəlmiş milli siyasəti hazırlayan aparıcı orqanlar vardır. Konqresin qərarı ilə yaradılmış Milli Standartlar və Texnologiyalar İnstitutu, Milli Texniki İnformasiya Xidməti, ABŞ hökumətinin qurumlarına və xarici mənbələrə əsaslanan elmi, texniki və iqtisadi məlumatın mərkəzi bankı və s. fəaliyyət göstərir. Onlar dünyada ABŞ-ın yeni texnoloji sistemlər sahəsində liderlik mövqeyinin qorunub saxlanmasını təmin edir.

 

Qeyri-neft sektorunun, regionların inkişafı

 

Hər bir transformasiyaya yeni ideya, yeni konsepsiya xasdır. Dünya təcrübəsi, elə bizim öz təcrübəmiz ən səmərəli ideyaların yaranmasından tətbiq olunması və praktiki nəticələr verməsinə qədər xeyli vaxt lazım olduğunu təsdiq edir.

Ulu öndərimiz Heydər Əliyevin neft strategiyasını formalaşdırdığı vaxtdan ixrac neftinin sanballı gəlir gətirməsinə kimi 10 ildən çox vaxt keçdiyini hamımız bilirik.

Büdcə gəlirlərinin yarıya qədərinin neftdən daxilolmalar hesabına formalaşmasının daimi olmadığını əsas götürən Azərbaycan Prezidenti İlham Əliyev neft hasilatının azaldığı şəraitdə, onun yükünü öz üzərinə götürəcək sahələri müəyyən etmək haqqında icra orqanlarına tapşırıqlar vermişdir. Elə sahələr ki, onlar ölkənin uzunmüddətli dinamik inkişafını təmin etməyə və xalqın rifahını yüksəltməyə qadir olsun. Cənab İlham Əliyevin ölkə Prezidenti kimi iqtisadi problemlərə həsr edilmiş müşavirələrdə, iclaslarda, görüşlərdə çıxış və nitqlərində həmişə qeyd etmişdir ki, “fərz edin ki, neft yoxdur, qeyri-neft sektoru hesabına ölkə qarşısında duran problemlərin həlli yollarını müəyyən etməliyik”.

Ölkə Prezidentinin son illər həyata keçirdiyi tədbirlər yeni iqtisadi ssenarinin konturlarını özündə əks etdirir. Bütün bunlar cənab İlham Əliyevin Azərbaycanın uzun müddətli dinamik inkişafını iqtisadiyyatın bir neçə sektorunun birlikdə və koordinasiya olunmuş fəaliyyəti ilə təmin etmək xəttini götürdüyünü deməyə əsas verir.

Bu bir tərəfdən dövlət büdcəsi gəlirlərinin formalaşmasını iqtisadiyyatın müxtəlif sahələrinə paylaşdırmağa (gəlirlərin diversifikasiyasına), digər tərəfdən dövlət büdcəsi gəlirlərinin bir faktordan asılılığını aradan qaldırmaqla, “holland sindromu” təhlükəsini istisna edən iqtisadiyyat yaratmağa xidmət edər. Qloballaşma təkcə bazarlar sisteminin beynəlmiləlləşməsi demək deyildir. Bu ölkələr arasında iş qüvvəsi, maliyyə vasitələri, əmtəə və xidmətlərin sərbəst hərəkəti üçün meydan açılması, vahid institusional sahənin formalaşması, qlobal maraq və ziddiyyətlərin ifadəsidir. Mütəxəssislərin fikrincə bu gün neft sektoru Azərbaycan iqtisadiyyatının lokomotivi olsa da, uzunmüddətli perspektiv baxımından xammal ixracına əsaslanan iqtisadiyyatın yüksək inkişaf tempini uzun müddət saxlaması çətinliklərlə qarşılaşa bilər.

Dünya təsərrüfatına inteqrasiya olunmuş Azərbaycanın xüsusilə neft sektorunda dünya elmi, texnikası və texnologiyalarından istifadəyə əsaslanan sahələri uğurla fəaliyyət göstərirlər. Azərbaycanın dünya iqtisadiyyatına qoşulmasının coğrafiyası ildən-ilə genişlənir. O qeyri-neft sektoruna aid sahələri də əhatə edir. İKT texnologiyalarının daha da inkişafı, yollar salınması, körpülərin inşası, istehsal və sosial infrastruktur sahələrinin hər birini əhatə edir.

Prezident İlham Əliyevin 2008-ci ildə seçki proqramında regionların sosial-iqtisadi inkişafına mühüm yer verilir. Bu, müasir dövrümüzdə yerli özünüidarəetmə orqanlarının dünyanın aparıcı dövlətlərində qəbul olunmuş “paytaxtda və şəhərdəki istehsal və xidmətlər eyni keyfiyyətlə əyalətlərdə və kəndlərdə olmalıdır” prinsipinin regionların inkişafına da şamil olunacağını göstərir. Azərbaycan Prezidentinin 2004-cü ildə təsdiq etdiyi “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004 - 2008 )” ölkəmizin iqtisadi inkişafında yeni mərhələnin başlanğıcını qoydu və regionların inkişafının sürətlənməsini təmin etməyi dövlətin iqtisadi siyasətinin əsas istiqamətlərindən biri səviyyəsinə qaldırdı. Əyalətdəki iş adamlarına bir sıra vergi güzəştləri və digər imtiyazlar verilməsi təmin edildi. Görülən kompleks tədbirlər nəticəsində regionlarda infrastruktur təminatı və kommunal xidmətlərin səviyyəsi xeyli yüksəldildi. Yeni məktəblər, səhiyyə və mədəniyyət ocaqları, idman kompleksləri tikildi, yollar salındı, yeni iş yerləri açıldı. 2004 - 2008 - ci illər ərzində ölkəmizdə 3700 km yol çəkilmiş və 25 yeni körpü istismara verilmişdir. Oğuz – Bakı su kəmərinin çəkilməsi, Samur – Abşeron kanalının rekonstruksiyası, Bakı - Astara, Bakı - Yalama və Bakı - Qazax avtomobil yollarının beynəlxalq standartlara uyğun yenidən qurulması üçün hazırda intensiv işlər gedir. Əldə olunan bu nailiyyətlərin davam etdirilməsi üçün 2009 - 2013 - cü illərdə “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı” icra olunacaqdır.

Dövlət investisiya xərclərində regionların inkişafı ilə bağlı layihələrin həyata keçirilməsinə ayrılan vəsait artırılacaq. Həmçinin, qarşıdakı illərdə bütün kənd və qəsəbələr qazla tam təmin olunacaq, bütün yaşayış məntəqələrinin telefonlaşdırılması başa çatdırılacaq. Habelə, regionlarda yeni istehsal və emal müəssisələri yaradılacaq və beynəlxalq maliyyə təşkilatlarının texniki, texnoloji və maliyyə dəstəyindən səmərəli istifadə olunması, regionlarda yerli xammal əsasında işləyən rəqabət qabiliyyətli, ixrac yönümlü emal müəssisələri yaratmaq üçün əlavə tədbirlər görüləcəkdir.

Ötən beş il ərzində minimum əmək haqqı və pensiyalar, tələbələrin təqaüdləri artırılmış, orta aylıq əmək haqqı yüksəlmişdir. Yoxsulluğun 49 faizdən 16 faizə endirilməsi təmin edilmişdir. Hazırda 467 min nəfəri əhatə edən 100 min ailəyə ünvanlı sosial yardım göstərilməkdədir.Qarşıdakı illərdə əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində görülən işlər davam etdiriləcəkdir. Yeni iş yerlərinin açılması təşviq ediləcək, maaşlarla istehlak səbətinin arasındakı fərq aradan qaldırılacaqdır. İşsizliyə görə dövlət müavinətləri yaşayış minimumu həddinə qaldırılacaq, çoxuşaqlı ailələrə dövlət qayğısı gücləndiriləcəkdir. Bütün növ müavinət və təqaüdlərin istehlak büdcəsinə uyğunlaşdırılması yönümündə ciddi tədbirlər görüləcəkdir. Həmçinin, Qarabağ əlilləri və şəhid ailələri üçün yaşayış binalarının tikilməsi davam etdiriləcəkdir. Görüləcək işlər “2008–2015 - ci illər üçün Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı” çərçivəsində həyata keçiriləcəkdir.

Dövlət qayğısının istiqamətlərində, reallaşma mexanizmlərində, prinsiplərində və formalarında dəyişikliklər edilməsi nəzərdə tutulur. Əhalini ələbaxımlığa öyrətməyi istisna edən üsullardan istifadəyə diqqət artırılır. Regionlarda yeni iş yerləri yaratmaqla, dövlət xalqa öz yaşayış problemini özlərinin həll etməsinə şərait yaradır. Hazırda bu xətt dövlətin yeritdiyi sosial siyasəti reallaşdırmağın mühüm istiqamətlərindən birini təşkil edir.

Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarından didərgin düşən bir milyona yaxın soydaşımızın problemlərinin həlli ötən illər ərzində daim dövlətin diqqət mərkəzində olmuşdur. Bu məqsədlə “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğun artırılması üçün Dövlət Proqramı” qəbul edilmiş, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu yaradılmışdır. Görülən məqsədyönlü işlər nəticəsində çadır şəhərcikləri tamamilə ləğv edilmiş, 16 mindən çox məcburi köçkün ailəsi 52 yeni tikilmiş qəsəbəyə köçürülmüşdür.

Seçki platformasında münaqişə nizama salınana qədər qaçqın və məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı ərazilərdə torpaq sahələri ilə təmin olunması və yeni salınmış qəsəbələrdə kiçik emal müəssisələri yaratmaqla məcburi köçkünlərin işlə təmin olunması nəzərdə tutulmuşdur. Həmçinin, qarşıdakı dövrdə onların sosial problemlərinin həllinə yönələn dövlət yardımlarının həcmi artırılacaqdır.

Gənc nəslin sağlam böyüməsi və hərtərəfli inkişafı qarşıdakı beş ildə də dövlət siyasətinin prioritet istiqamətini təşkil edəcəkdir. Ötən dövr ərzində bu sahədə mühüm işlər görülmüş – 2005– 2009 - cu illəri əhatə edən “Azərbaycan Gəncliyi Dövlət Proqramı”, xüsusən də idmanın maddi - texniki bazasının inkişafı üçün çoxsaylı olimpiya kompleksləri inşa olunmuşdur. İdmana göstərilən dövlət qayğısı zahirdə görünənlərə nisbətən, daha geniş spektrli problemləri əhatə edir. Bu həm forma, həm də məzmunca belədir. Burada məqsəd gənclərin sağlam, güclü, iradəli, vətəni sevən, onun sosial-iqtisadi inkişafına, müdafiə qabiliyyətinin daha da möhkəmlənməsinə xidmət edən insanlar yetişdirməkdən ibarətdir. İdmanın inkişafına göstərilən qayğı özünü tamamilə doğrultmuşdur. Belə ki, Afina və Pekin olimpiadalarında Azərbaycan idmançıları əldə etdikləri medallarla ölkəmizi dünyanın aparıcı dövlətləri sırasına çıxarmışlar.

Qarşıdakı illərdə də böyüməkdə olan nəsli ölkəmizə layiq vətəndaşlar kimi formalaşdırmaq mühüm vəzifə olaraq qalmaqdadır. Bu məqsədlə gənclərin qabiliyyət və bacarıqlarına uyğun təhsil almalarına dövlət dəstəyi daha da gücləndiriləcək. Gənc ailələrə mənzil - məişət problemlərinin həlli üçün güzəştli kreditlər veriləcək, böyüməkdə olan nəslin vətənpərvərlik tərbiyəsinə diqqət daha da artırılacaqdır.

Yüksək hazırlığa və peşəkarlığa malik gənc mütəxəssislər hazırlamaq məqsədilə “2007– 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” qəbul edilmişdir. Hər bir xalqın gələcəyi onun təhsili, biliyi, intellektual və mədəni səviyyəsindən, həmçinin, bu sahələrdə dünyada baş verən yeniliklərlə ayaqlaşmasından, onların yüksək ixtisaslı mütəxəssis kimi rəqabət qabiliyyətindən asılı olacaqdır. Ötən beş ildə bu sahələrdə mühüm işlər görülmüş, konkret nəticələr əldə olunmuşdur.

İlham Əliyevin seçki proqramında qarşıdakı illərdə (2009– 2015) Elmin İnkişafına dair Milli Strategiya və bununla bağlı dövlət proqramının qəbul olunması nəzərdə tutulmuşdur. Həmçinin, orta və ali məktəblərdə tədrisin keyfiyyətini yüksəltmək məqsədilə əsaslı islahatlar həyata keçiriləcəkdir. Gələcəkdə milli mədəniyyətin dünya mədəniyyətinə uğurlu inteqrasiyası üçün zəruri şərait yaradılacaq, bu sahəyə dövlət qayğısı daha da artırılacaqdır.

Biz bazar iqtisadiyyatına keçidin, liberallaşmanın, rəqabətə meydan açmanın və s. iqtisadi artıma təsir etmə imkanlarından istifadə edirik. Biz dünya iqtisadiyyatının tərkib hissəsiyik. Dünya rəqabət mühitində öz yerimizi tapmalıyıq. Uzunmüddətli iqtisadi strategiyanın yeni şəraitə adekvat modelini müəyyənləşdirməli, onun iqtisadi artıma və xalqın rifahının daha da yüksəldilməsinə təsir etmə mexanizmlərinin reallaşmasına nail olmalıyıq. Burada ulu öndərimiz Heydər Əliyevin təcrübəsindən öyrənmək və istifadə etmək, regionların sosial-iqtisadi inkişafını daha da sürətləndirmək, Azərbaycanın uzun müddətli dinamik inkişafını təmin etməyin zəruri şərtinə çevrilir.

 

İlham Əliyev İKT-nin inkişafını dövlət siyasətinin prioritet sahəsi hesab edir

 

Ölkə Prezidenti İlham Əliyev cəmi 5 il ərzində Azərbaycanın informasiya-kommunikasiya texnologiyaları sahəsində yüksək nailiyyətlər əldə etdiyini önə çəkərək demişdir: “Bu gün isə söhbət ondan gedir ki, biz kosmik sənayenin yaranmasına yaxınlaşırıq. Bu da reallıqdır və bunu etmək üçün artıq konkret tədbirlər planı var, maliyyə imkanları da artıq müəyyən edilibdir. Əminəm ki, gələn ilin büdcəsində biz bu sahənin yaradılması və iki süni peykin orbitə çıxarılması üçün konkret tədbirlər görməliyik. Bu, ölkəmizin müasirləşməsinə, Azərbaycanda yüksək texnologiyaların tətbiq olunmasına yeni təkan verəcəkdir. Eyni zamanda bu, gəlir gətirən sahədir və biz gələcəkdə bu imkanlardan səmərəli istifadə edərək həm iqtisadi imkanlarımızı genişləndirəcəyik, həm də, bir də demək istəyirəm ki, Azərbaycanda yeni sənaye sahəsi, özü də ən yüksək texnoloji sənaye sahəsi yaratmağa xidmət edəcəkdir.

Tarixi İpək yolunun keçdiyi Şərqi Avropa, Yaxın Şərq və Mərkəzi Asiya ölkələrini birləşdirən “Qərb-Şərq yüksək sürətli informasiya magistralı”nın texniki-iqtisadi əsaslandırılma layihəsi üzərində də iş aparılır. Bu super informasiya magistralı İKT-nin ən çox inkişaf etdiyi dünyanın iki nəhəng regionunu - Qərbi Avropanı və Şərqi Asiyanı birləşdirərək magistral üzərində yerləşən, qonşu olan həmin regionlarla müqayisədə zəif inkişaf etmiş təxminən 20 ölkəni əhatə edəcəkdir. Layihə ölkəmizdə beynəlxalq kommunikasiya mərkəzinin və qlobal informasiya bankının yaradılmasını da nəzərdə tutur. Mütəxəssislərin fikrincə, bu layihənin reallaşması dünya miqyasında informasiya texnologiyalarının genişmiqyaslı tətbiqinə və ümumiyyətlə, regional iqtisadi inkişafa yeni təkan verəcəkdir. Azərbaycanın siyasi və iqtisadi nüfuzunu yüksəldən nəhəng enerji və nəqliyyat layihələrinin sırasına yeni bir layihə “Qərb-Şərq yüksəksürətli informasiya magistralı” da daxil olacaqdır.

Ölkənin gələcək inkişafına xidmət edəcək innovativ fəaliyyəti təmin etmək məqsədilə RİTN tərəfindən Azərbaycanda yüksək texnologiyalar üzrə Regional İnnovasiya Zonalarının yaradılmasına hazırlıq işləri aparılır. Bu zonalar iqtisadiyyatın müxtəlif sektorlarında yüksək texnologiyaların tətbiqinə, kiçik və orta sahibkarlığın inkişafına, xarici şirkətlərin və potensial investorların ölkənin İKT sektoruna cəlb edilməsinə, respublikada elektron avadanlıqların və proqram təminatının istehsalına, Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyasının daha da dərinləşməsinə xidmət edəcəkdir. İKT sektorunun inkişafı və ümumən ölkənin iqtisadi, elmi, texniki potensialının inkişafına təkan verəcəyini əminliklə söyləməyə imkan verir.

Regional İnnovasiya Zonası layihəsinin tərkib hissəsi kimi Beynəlxalq İnformasiya Texnologiyaları Universitetinin yaradılması da Azərbaycanın İKT sektoru üçün yüksək səviyyəli kadrlar hazırlanması və bu prosesə region ölkələrinin cəlb edilməsi baxımından böyük sosial-iqtisadi səmərə verə bilər.

Azərbaycan dövləti öz inkişafının daha yüksək mərhələsinə qədəm qoymuşdur. Qarşıdakı illərdə Azərbaycanın dünyanın ən inkişaf etmiş ölkələrindən birinə çevrilməsi, siyasi və iqtisadi cəhətdən daha da qüdrətli olması üçün möhkəm baza, güclü iqtisadi, elmi, texniki, texnoloji potensial və kifayət qədər maliyyə imkanları mövcuddur. Azərbaycanın dinamik inkişafında rabitə və informasiya texnologiyalarının rolu artmaqdadır.

Ölkə Prezidenti İlham Əliyevin uğurla davam etdirdiyi islahatlar, struktur və idarəetmə siyasəti Azərbaycanı inkişaf etmiş ölkələr sırasına çıxaracaqdır.

Alternativ, diversifikasiya olunan iqtisadi artım mənbələri tapmaq, innovasiyalı struktur dəyişiklikləri aparmaq, xammala, enerjiyə qənaət edən, elm tutumlu texnologiyalar, informasiya və kommunikasiya sistemləri tətbiq etmək, infrastruktur sahələrini modernləşdirmək günün ən vacib vəzifəsinə çevrilmişdir.

İqtisadiyyatın xammal ixracatı modelinin, dünya xammal və kapital bazarında qiymətlərin gözlənilən dəyişmələrinə adekvat evolyusiyası, iqtisadi həyatın resurs bazasında fundamental dəyişikliklərin baş verməsi, qloballaşma və dünya iqtisadi inteqrasiyasına qoşulma ABŞ, Rusiya, Türkiyə, Yaponiya, Çin, Tayvan, Almaniya, Qazaxıstan, Fransa və s. ölkələrin yeni inkişaf ssenariləri və modelləri üzərində işləməyə yönəlmişdir.

Zəngin ehtiyatları olan xammal ixracatçıları hasilat sənayesinin imkanlarından daha effektli istifadə etməklə, ixrac potensialını artırmağa, Xüsusi İqtisadi Zonalar (XİZ), texnoparklar yaratmağa, “beyin istehsalı”nı stimullaşdıran tədbirlər sistemi hazırlayıb həyata keçirməyə istiqamətlənmişlər. Bəzi ölkələr “beyin ixracı” və ondan hər il əldə ediləcək gəlirləri də proqnozlaşdırmağa başlamışlar.

Dünya ölkələrinin təcrübəsi göstərir ki, İKT-nin elmi, nəzəri biliklərdən praktikaya transformasiyasını təmin etmədən müvəffəqiyyət qazanmaq olmaz. “Elektron hökumət”in pilot layihələr vasitəsilə reallaşdırılmasına cəmiyyəti hazırlamaq, onun praktikada tədbiqinin gecikdirilməsinə yol verilməməlidir. Bu baxımdan İKT-nin inkişaf perspektivləri haqqında ideyaların reallaşdırılması sürətləndirilməlidir.

1999-cu ildən başlanan gömrük orqanları arasında informasiya mübadiləsi təkmilləşdirilərək Dövlət Gömrük Komitəsinin serveri vasitəsilə həyata keçirilirdi. Layihənin yerinə yetirilməsinin iki ili ərzində Azərbaycan Respublikası gömrük sisteminin informasiyanın ötürülməsi şəbəkəsinin hissə-hissə yeniləşdirilməsi həyata keçirilmişdir. Müasir telekommunikasiya avadanlığını tətbiq etməklə, radiokanallardan istifadə olunmaqla və “frame relay” texnologiyasını tətbiq etməklə Dövlət Gömrük Komitəsi ilə Xaçmaz, Tovuz, Astara gömrük zonaları, Bakı Baş Gömrük İdarəsi, Gəncə, Yevlax, Əli Bayramlı, Biləsuvar və Xudafərin gömrük orqanları arasında informasiya mübadiləsinin “on-line” rejimi təmin olunmuşdur. “On-line” rejimi ilə Samur, Yalama, Böyük Kəsik, Sınıq Körpü, Masallı və Lənkəran kimi sərhədyanı və daxili postlar da əhatə olunmuşdur. Layihənin ikinci mərhələsində, Naxçıvan Muxtar Respublikası, Balakən, Sumqayıt və Binə gömrükxanalarının da bu sistem üzrə qurulması təmin olunmalıdır.

Azərbaycanın İKT sahəsində regionun aparıcı ölkəsinə çevrilməsi üçün məqsədyönlü dövlət siyasəti həyata keçirilir. XXI əsr müasir informasiya cəmiyyətinin yaradılması, regionların zəngin təbii sərvətlərinin təsərrüfatçılıq dövriyyəsinə cəlb edilməsi, insan kapitalına xidmət etməsi yüksək intellektual səviyyənin formalaşması baxımından keyfiyyətcə yeni eranın başlanğıcı sayıla bilər. Siyasi sabitlik, dinamik sosial-iqtisadi inkişaf, cəmiyyətdə demokratik proseslərin daha da inkişafı, dünya iqtisadiyyatına inteqrasiyanın dərinləşməsinə şərait yaradır. Nəhəng enerji və nəqliyyat layihələrinin reallaşması, mütərəqqi təcrübənin mənimsənilməsi Azərbaycanın informasiya və kommunikasiya texnologiyalarının tətbiqi, rabitənin inkişafı sahəsində də qabaqcıl dövlətlər sırasına çıxmasına imkan yaratmışdır. Təsadüfi deyil ki, Davosda keçirilən Ümumdünya İqtisadi Forumunun texnoloji hesabatında Azərbaycanın informasiya və kommunikasiya texnologiyalarının inkişaf səviyyəsinə görə MDB ölkələri arasında birinci yeri tutduğu qeyd olunmuşdur. Bu, nailiyyətdir. Qazanılan uğurların arxasında təkcə İKT sektorunun və informasiya infrastrukturunun inkişafı yox, həmçinin son illər İKT-nin ölkəmizin sosial-iqtisadi həyatının bütün sahələrində tətbiqi və istifadəsi dayanır.

Azərbaycanın İKT sahəsində fəaliyyəti ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi strateji xəttin Prezident İlham Əliyev tərəfindən uğurlu davamı ilə təmin olunur.

“Azərbaycan Respublikasının inkişafı naminə informasiya-kommunikasiya texnologiyaları üzrə Milli Strategiya (2003 – 2012-ci illər)” ölkəmizdə bu sahənin sürətli inkişafına güclü təkan verdi. Cənubi Qafqazda ilk dəfə olaraq qəbul edilmiş bu qlobal strategiya Azərbaycanın İKT sahəsində dünyanın qabaqcıl ölkələri sırasına çıxmasına, iqtisadi artımın sürətlənməsinə və xalqın rifahının daha da yüksəlməsinə şərait yaradacaqdır.  

 

Səttar Səfərov,

Azərbaycan Respublikasının Prezidenti yanında

Dövlət İdarəçilik Akademiyasının professoru, iqtisad elmləri doktoru

 

Xalq qəzeti.-2008.- 24 dekabr.- S.3.