Çağdaş siyasi tariximizin salnaməsi

 

XX əsr Azərbaycan xalqının tarixində sosial-siyasi, elmi-mədəni cəhətlərdən bütün əvvəlki minilliklər qədər önəmli olmuşdur. Əsrin və minilliyin sonuncu onilliyində taleyin hökmü ilə Azərbaycan Respublikası ittifaq dövlətinin asılılığından qurtularaq suverenlik qazanmışdır. Bir əsrdə iki dəfə əsarətdə yaşamış və iki dəfə müstəqil dövlət qura bilmiş xalqımızın son 15 ildə keçdiyi yol, haqlı olaraq, tariximizin ən yeni dövrü, suverenlik erasının başlanğıcı, tarixi taleyimizin təzə səhifəsi kimi qəbul edilmişdir.

Əzəli və əbədi varlığımızın zirvəsi sayılan bu qızıl dövr ulu öndər Heydər Əliyevin parlaq zəkası və ölməz əməlləri ilə nurlanmış, yaddaşlara həkk olunmuşdur. Bütövlükdə baxarıqsa, 1969-cu ildən 2003-cü ilədək olan 34 illik bir müddət Heydər Əliyevin liderliyi ilə xalqımızın milli oyanışı, sosial-iqtisadi tərəqqiyə nail olması, mədəni intibahı, azadlıq hərəkatından keçərək dövlət müstəqilliyi əldə etməsi, suverenliyini və milli birliyini qoruması ilə əlamətdar olmuşdur. Bu 34 il ümummilli liderin parlaq, zəngin fəaliyyəti ilə yoğrularaq tariximizə “Heydər Əliyev erası” kimi yazılmışdır.

Ümummilli lider Heydər Əliyevin parlaq zəkası ilə formalaşan böyük bir siyasət Azərbaycanın dünənini, bugününü və sabahını nəhəng bir əməl platformasında qovuşdurmuşdur. Bu böyük siyasət minilliklərin ən ülvi arzularını, çağdaş tələbatları cavablandırmış, gələcəyin hədəflərini işıqlandırmışdır. “Mən Azərbaycan xalqının dəyanətinə, dözümünə, qəhrəmanlığına güvənirəm” — deyən ulu öndərin qalibiyyətli məramnaməsi əsl xalq ideologiyası, alternativsiz proqram kimi dahiyanəliklə yaradılmışdır. Bu siyasəti xalq öz taleyinin, nicatının, xoşbəxtliyinin təminatı, qarantı saymışdır. Heydər Əliyevin böyük siyasətinin ölməzliyi həm də öz siyasi varislərini — milli dövlətçilik strategiyasını sədaqətlə, yaradıcılıqla və böyük enerji ilə davam etdirən komandanı hazırlayıb yetişdirməsindədir.

1993-cü ildə xalqın çağırışı ilə Heydər Əliyevin hakimiyyətə gəldiyi gündən Azərbaycanın bütün çətinlikləri geridə qoyacağına, sosial və iqtisadi istiqamətlərdə yeni-yeni uğurlar qazanacağına heç kəsdə şübhə qalmamışdı. Bununla belə, Azərbaycan kiçik ölkə olsa da, onun neft və qaz ehtiyatları, böyük iqtisadi potensialı, habelə coğrafi-siyasi mövqeyi və gələcək taleyi dünya birliyinin diqqətindən yayınmırdı. Axı Heydər Əliyev artıq gənc deyildi. Onun varisinin kim olacağı, hakimiyyətin demokratik qaydada və Azərbaycan reallıqlarına uyğun olaraq kimə keçməsi, Azərbaycan liderinin oğlu İlham Əliyevin hansı siyasi xətti müdafiə edəcəyi barədə düşünüb-daşınanların narahatlığı nəinki ölkə daxilində və keçmiş sovet imperiyası hüdudlarında, hətta bütün dünya miqyasında hiss olunurdu. Xüsusilə də, hamının etiraf etdiyi kimi, “oğul Əliyev əlçatmaz siyasi zirvələri fəth edən atasının müvəffəq olduqlarını davam etdirə biləcəkmi?” sualının qarşısında güclü və təcrübəli siyasətçilərin özləri də çətinlik çəkirdilər.

Ümummilli lider Heydər Əliyev belə düşüncələri çox həssaslıqla və vaxtında duyaraq hələ o zaman öz çıxışlarında deyirdi: “Bütün vətəndaşlar kimi İlham Əliyev də eyni hüquqlara malikdir. O cümlədən də seçilmək hüququna. Lakin mənim oğlum olması onu məsuliyyətdən qurtarmır.” Bəli, zaman yetişdi, xalqın böyük əksəriyyətinin dəstəyi ilə İlham Əliyev 2003-cü ilin payızında Azərbaycan Respublikasının prezidenti seçildi. Ulu öndərin ömrünün davamı kimi təzahür edən bir fenomenin — onun həyat və mübarizə məktəbinin ən layiqli davamçısı, Ata Heydər Əliyevin zəka və ideallarını təcəssüm etdirən Oğul İlham Əliyevin liderlik sükanı arxasına keçməsi Azərbaycan və dünya ictimai düşüncəsində təbii, qanunauyğun bir hadisə, reallıq kimi qəbul olundu.

Böyük öndər Heydər Əliyev özünün siyasi vəsiyyətnaməsi sayılan və siyasi varisini bəyan etdiyi Azərbaycan xalqına 1 oktyabr 2003-cü il tarixli müraciətində məhz bu tarixi zərurəti belə açıqlamışdı: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.

Ulu öndərin həyatının son aylarında onun xeyir-duası ilə, ölkə Konstitusiyasının tələblərinə uyğun baş nazir olan, 3 ay sonra isə xalqın böyük əksəriyyətinin razılığı və dəstəyi ilə ölkə prezidenti seçilən İlham Əliyevin dövlət başçısı kimi müdrik, təşəbbüskar, yorulmaz fəaliyyəti tarixi bir varisnamənin məzmunlu səhifələrinə çevrilməkdədir. Dünya şöhrətli musiqiçi, xalqımızın böyük dostu mərhum Mstislav Rostropoviç Prezident İlham Əliyevin varislik missiyasını, böyük siyasətin davamçısı olmasını, haqlı olaraq, belə mənalandırmışdır: “Siz atanızın xəttini davam etdirirsiniz. Zənnimcə, burada, haradasa, Tanrı hökmü var. Əlbəttə, Heydər Əliyev kimi insan olmaq mümkün deyildir. Lakin Siz onun oğlusunuz, Azərbaycan üçün çox işlər görmüş insanın həyatını, sanki, davam etdirirsiniz... Dahi atanızın müəyyənləşdirdiyi və davam etdirəcəyiniz yolda Sizə bol-bol səadət arzulayıram”.

Böyük siyasətin uğurlu davamının hər gün yazılan, zənginləşən fəaliyyət xronikası artıq çoxcildli nəşrlər həcmindədir. Ümummilli lider Heydər Əliyevin həmişəyaşar irsinin uğurlarını, müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsi, xalqımızın köklü mənafeyinin qorunması istiqamətində ulu öndərin alternativsiz siyasi xəttini uğurla davam etdirən Prezident İlham Əliyevin fəaliyyətini işıqlandıran dəyərli kitablar içərisində Azərbaycan Sosial Rifah Partiyasının sədri, millət şəkili, professor Xanhüseyn Kazımlının müəllifliyi ilə nəşr olunan “Böyük siyasətin davamı” çoxcildliyi məzmununa, məramına və həcminə görə xüsusi seçilir. Ulu öndərin ən layiqli davamçısı Prezident İlham Əliyevin dövlət başçısı kimi ali kürsüdə 5 illik fəaliyyətinin ilk 2 ilinin geniş mənzərəsini yaradan bu ciddi nəşrin artıq 5 cildi işıq üzü görmüşdür. Bu cildlərin önəmli xüsusiyyətləri barədə təəssürat və düşüncələrimi Prezident İlham Əliyevin anadan olduğu gündə oxucularla bölüşmək istəyirəm.

Birinci cilddə Azərbaycan Respublikasının Prezidenti, ulu öndərin ən layiqli davamçısı İlham Əliyevin Baş nazir kimi işə başladığı 2003-cü ilin avqustundan dövlət başçısı olaraq 2003-cü ilin noyabrı — 2004-cü ilin mayınadək olan 9 aylıq fəaliyyətinin ən mühüm fakt və hadisələri yer almışdır. Təbii olaraq, kitabın ilk fəslində ümummilli lider Heydər Əliyevin böyük siyasətinin başlıca məzmunu və istiqamətləri açıqlanmış, onun davamı missiyasını şərtləndirən amillər gündəmə gətirilmişdir.

Baş nazir İlham Əliyevin hökumətə uğurla rəhbərlik etməsi, prezident seçkilərinə qatılması ilə bağlı apardığı geniş, məzmunlu seçkiqabağı kampaniya, şəffaf, demokratik qaydada, beynəlxalq tələblərə uyğun keçirilən seçkilərin xronikası bu cilddə əhatəli əksini tapmışdır. Xalqın böyük əksəriyyətinin dəstəyi ilə seçilən yeni dövlət başçısının təntənəli surətdə and içərək fəaliyyətə başlaması, bu düzgün seçimin radikal müxalifətdə yaratdığı qısqanclıq və qərəzçilik əhval-ruhiyyəsinin iflasa uğraması, xalqın sabitliyi və qayda-qanunun qorunması üçün görülən tədbirləri dəstəkləməsi, dünyanın əksər dövlətlərinin və beynəlxalq qurumların rəhbərlərinin seçkilərdə qalib gəlmiş İlham Əliyevi təbrik etməsi və onunla əməkdaşlıq istəklərini ifadə etməsi və s. önəmli hadisələr də cilddə əhatəli verilmişdir.

Prezident İlham Əliyevin seçkiqabağı platformasına, xalqa verdiyi vədə uyğun olaraq ilk gündən böyük həvəs və enerji ilə işə başlaması, ölkənin sosial-iqtisadi inkişafını sürətləndirməklə bağlı strateji kursu elan etməsi, daxili və xarici siyasətin prioritetlərini açıqlaması kitabda ardıcıl işıqlandırılır. Neft strategiyasının uğurla həyata keçirilməsi, regional inkişafa təkan verəcək proqramın qəbul edilməsi kimi məsələlər də dövlət başçısının məqsədyönlü fəaliyyəti fonunda oxuculara çatdırılır. Prezidentin Ermənistan — Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində qətiyyətli mövqe nümayiş etdirməsi, BMT, ATƏT, Avropa Şurası, Avropa Birliyi, NATO kimi beynəlxalq təşkilatlarla əlaqələri intensivləşdirməsi kimi məsələlər sonrakı fəsillərdə zəngin materiallar əsasında təhlil olunmuş, ümumiləşdirilmişdir.

“Böyük siyasətin davamı” çoxcildliyində materiallar xronoloji ardıcıllıqla verilmiş, xüsusi önəm daşıyan sənədlərə, reallıqlara böyük yer ayrılmışdır. Zəngin fakt və təhlil, əhəmiyyətli məqamlara iri planda baxış bu nəşri günümüz üçün gərəkli bir mənbəyə çevirir. Şübhəsiz ki, oxuculara təqdim olunan bu çoxcildlik müasir siyasi tariximizin Prezident İlham Əliyevin liderlik fəaliyyəti ilə bağlı dövrünün ən mühüm hadisə və faktlarının öyrənilməsi, qələmə alınması və oxuculara çatdırılması istiqamətində atılan ilk zəruri addımlardan biridır.

Azərbaycan Respublikasının Prezidenti kimi İlham Əliyevin çoxcəhətli fəaliyyətinin ilk 4 ili yüksələn xətlə müşayiət olunan yeniləşmə və tərəqqi epoxasının möhkəm özülü olmuşdur. 2004-cü ildə inkişafın əsas göstəricisi olan ümumi daxili məhsul 10, 2005-ci ildə 26 faiz artmış, sonrakı 2 ildə bu rəqəm dünyada ən üstün göstərici olaraq, 35 faizə yüksəlmişdir. Azərbaycan adambaşına düşən investisiyaların həcminə görə keçmiş SSRİ məkanında ön mövqeyə çıxmışdır. Ulu öndər Heydər Əliyevin neft strategiyası Prezident İlham Əliyevin liderliyi dövründə özünün yüksək nəticələrini vermiş, ölkənin zəngin sərvətləri ümumi rifaha və xoş güzərana qapı açmışdır. Bütün bunlar çağdaş nəsillərin şahidi və iştirakçısı olduğu ən yeni tariximizin canlı və öyünclü səhifələridir.

İkinci cilddə verilmiş zəngin materiallar Prezident İlham Əliyevin dövlət başçısı olaraq, fəaliyyətinin ilk ilinin may — iyul aylarını əhatə edir, Baş nazir kimi ölkə rəhbərliyinə gəlişinin 1 ilini tamamlayır. Çoxcildliyin birinci cildində bu 1 ilin təxminən 9 ayı yer almışdısa, eyni həcmli ikinci cilddə son 3 ay əks olunmuşdur. Bu göstəricinin özü Prezident İlham Əliyevin Azərbaycan dövlətinə rəhbərliyinin getdikcə daha məhsuldar və məzmunlu olduğunu, özünün intensivləşən fəaliyyəti ilə xalqın taleyində həlledici rol oynadığını ifadə edir.

İkinci cildin əvvəlində ölkə rəhbəri İlham Əliyevin fəaliyyətə başlamasının ilk aylarında start götürmüş sosial-iqtisadi sürətləndirmə strategiyasının, regional inkişafa dair dövlət proqramının uğurla həyata keçirilməsinin gedişindən söz açılır, neft strategiyasının uğurları təhlil olunur, respublikanın perspektiv inkişafının üstün yönlərinə nəzər salınır. Bütün bunların ölkədə sabitlik və tərəqqi xəttinə möhkəm dəstək qazandırması, yeni dövlət başçısının atdığı addımların insanlarda inam və ruh yüksəkliyi yaratması cilddəki materialların doğurduğu əsas təəssüratdır.

Millət vəkili Mehriban xanım Əliyevanın rəhbərliyi ilə fəaliyyətə başlayan Heydər Əliyev Fondunun həyata keçirdiyi tədbirlər bu cilddən başlayaraq siyasi həyatımızın ciddi maraq doğuran hadisələri sırasında əksini tapmışdır.

Bu gün müstəqil Azərbaycan dövləti xalqımızm çoxəsrlik tarixinin ən məsul bir dövrünə cavabdehlik daşıyır. Dünyanm yeni düzənində özünə layiqli mövqe təmin etməyə çalışan ölkəmiz dostlarını sevindirən, düşmənlərini məyus edən ciddi uğurlar yolundadır. Ulu öndər Heydər Əliyevin xilaskarlıq missiyası ilə dövlət müstəqilliyini qoruyub saxlamış, ümummilli liderin misilsiz zəkası, möhkəm iradəsi ilə xaos və tənəzzüldən yaxa qurtarıb radikal islahatlar yoluna çıxmış Azərbaycan Respublikası ən yeni tarixində keyfiyyətcə daha üstün bir mərhələyə daxil olmuşdur.

Professor Xanhüseyn Kazımlının gərəkli və məhsuldar əməyinin nəticəsi kimi ərsəyə gəlmiş bu çoxcildliyin növbəti üçüncü cildində Prezident İlham Əliyevin dövlət başçısı olaraq fəaliyyətinin ilk ilinin son üç ayının xronikası, müvafiq təhlillər və ümumiləşdirmələr yer alıb. Cildin əvvəlində Prezident İlham Əliyevin ölkəyə rəhbərliyinin ilk günlərindən Azərbaycanın daxili və xarici siyasətinin mühüm istiqamətlərində həyata keçirilmiş mühüm tədbirlərə, qazanılmış uğurlara nəzər salınır, respublikanm hərtərəfli tərəqqisinin əsas yönlərinə diqqət yetirilir. Kitabın “Demokratiya və tərəqqi yolu ilə” adlanan birinci hissəsində böyük siyasətdə varisliyin Azərbaycanın sabit və dinamik inkişafının başlıca təminatına çevrilməsi fakt və hadisələrin mahiyyətinə dərindən nüfuz etməklə sübuta yetirilir. Bu hissəyə daxil olan “Sosial və intellektual uğurlar” və “Milli maraqlar çevrəsində” başlıqlı fəsillərdə toplanmış materiallar Azərbaycanın ulu öndərin müəyyən etdiyi yolla sürətlə və yüksələn xətlə irəlilədiyinə yəqinlik yaradır.

“Sosial-iqtisadi yüksəlişə doğru yol” adlanan ikinci hissədə isə İlham Əliyevin dövlət başçısı kimi fəaliyyətinin ilk aylarında hazırlanmış mühüm dövlət proqramlarının ilk praktik nəticələri, sabitlik və tərəqqinin yeni keyfiyyət halına keçməsi diqqəti daha çox cəlb edir. Cildin, təxminən, yarısından sonrakı materialları əhatə edən “Uğurların əks-sədası” və “Böyük siyasətin davamının bir ili” fəsillərində dövlət başçısının irimiqyaslı fəaliyyəti geniş planda əksini tapıb. Bütün bunlar isə bir daha təsdiqləyir ki, Prezident İlham Əliyev seçkiqabağı marafonda bəyan etdiyi proqramı ardıcıl reallaşdırır, xalqın etimadını inamla doğruldur.

Üçüncü cilddə toplanmış zəngin materialları xronikallığına və mövzusuna görə aşağıdakı kimi səciyyələndirmək olar. Əvvəla, dövlət başçısının fəaliyyəti 2004-cü ilin avqust-oktyabr aylarında ardıcıl işıqlandırılır, onun imzaladığı sənədlər, aldığı və göndərdiyi məktublar, keçirdiyi qəbul, görüş və səfərlər barədə məlumatlar sistemli şəkildə verilir, Prezidentin həyata keçirdiyi siyasətin aydın mənzərəsi yaradılır. İkincisi, ölkə rəhbərinin xarici səfərləri, əcnəbi dövlət başçılarının Azərbaycana gəlişləri də geniş səpgidə təqdim olunur. Oxucularm marağına səbəb olan məqamlar və materiallar iri planda sərgilənir. Nəhayət, mühüm hadisə və sənədlər operativ təhlilə cəlb olunur, ölkə Prezidentinin uğurlarına dəstək qazandıran məsələlər xüsusi vurğulanır.

Bu cilddə də əvvəldən axıradək Azərbaycanın ən ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqlar, ölkəmizin ərazi bütövlüyünün təmin olunması yolunda ölkə Prezidentinin yorulmaz fəaliyyəti və qətiyyətli mövqeyi ardıcıl yer alıb. BMT Baş Məclisinin 59-cu sessiyasında dövlət başçısı İlham Əliyevin iştirakı, keçirdiyi görüşlər və kəskin mövqeli çıxışı bu baxımdan cildin ən çox maraq doğuran materiallarındandır. Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun dövlət başçısının fəaliyyətini tamamlayan, ona ölkəmizdə və xaricdə geniş ictimai dəstək qazandıran gərəkli missiyası ümumi xronikada ardıcıl yer alıb.

“Böyük siyasətin davamı”nın dördüncü cildi son illərdə ölkənin nəqliyyat infrastrukturunun təzələnməsi və böyüməsi xəttinə uyğun olaraq, Xəzər Dövlət Gəmiçiliyinin həyatında yaddaqalan hadisə – "Heydər Əliyev" supertankerinin suya buraxılması mərasimi ilə başlayır. Bu hadisə ulu öndərin ideya və əməllərinin ölməzliyinin rəmzi kimi cildin materialları üçün uğurlu bir başlanğıcdır. Daha sonra Prezident İlham Əliyevin dövlət başçısı kimi fəaliyyətə başladığı ilk aylarda start verdiyi regional inkişaf proqramının həyata keçirilməsi gedişi ilə tanışlıq silsiləsindən Astara, Lənkəran, Masallı və Cəlilabad rayonlarına səfəri, cənub bölgəsində keçirdiyi görüşlər geniş işıqlandırılıb.

Dövlət rəhbəri İlham Əliyevin ölkənin sosial-iqtisadi və mədəni həyatında keyfiyyət dəyişikliklərinə yönəlik siyasəti, bununla bağlı həyata keçirilən çeşidli proqramlar, tədbirlər bu cilddə də aparıcı yer tutur. Prezidentin söylədiyi “Heydər Əliyev tərəfindən müəyyən edilmiş strategiya həm xarici siyasətdə, daxili siyasətdə, iqtisadiyyatda, həm də bütün başqa sahələrdə, həyatda öz əksini tapıbdır və əminəm ki, bundan sonra bizi bu yoldan heç kim və heç bir qüvvə döndərə bilməz” — sözləri bu yüksəliş və tərəqqi prosesinin leytmotivi kimi səslənir.

Ümummilli lider Heydər Əliyevin əbədiyyətə qovuşmasının birinci ildönümü münasibətilə keçirilən xatirə və anım tədbirləri bu qüdrətli insanın Azərbaycan gerçəkliyində tutduğu uca mövqeni, xalqın taleyində oynadığı misilsiz rolu bir daha açıqlayır. Cilddə həmin günlərdə keçirilmiş tədbirlər və söylənən fikirlərlə ətraflı tanış olmaq mümkündür.

Regional inkişaf proqramınm birilliyi münasibətilə keçirilən konfrans və sərgidə dövlət başçısının və digər natiqlərin çıxışları, başlıca nəticələrin təhlili qısa müddətdə bölgələrdə əldə edilmiş ciddi uğurların mənzərəsini canlandırır. Əvvəlki cildlərdə olduğu elmi, ölkənin mədəni həyatında baş verən maraqlı və yaddaqalan hadisələr, Prezidentin və Heydər Əliyev Fondunun milli-mənəvi dəyərləri geniş himayə etməsi ilə bağlı materiallar bu cilddə də ardıcıl olaraq təqdim olunur və onların əhəmiyyəti göstərilir. Müxtəlif ölkələrin, beynəlxalq qurumların, görkəmli adamların Azərbaycanın sürətli inkişafı, regional və beynəlxalq siyasətdə artan rolu, ümummilli lider Heydər Əliyevin tarixi fəaliyyəti, dövlət başçısı İlham Əliyevin öz sələfinin yolunu və siyasətini böyük uğurla davam etdirməsi barədə mülahizələri də yeri gəldikcə oxuculara çatdırılır.

Bu baxımdan Böyük Britaniyanın sabiq baş naziri Toni Bleyerin söylədiyi aşağıdakı sözlər səciyyəvidir: “Azərbaycan Cənubi Qafqazda önəmli strateji mövqeyə malikdir və regionda sabitliyin, inkişafın təmin olunmasında həyati əhəmiyyətli rol oynayır... Azərbaycan Respublikasının Prezidenti zati-aliləri İlham Əliyevin səfəri ilə əlaqədar bu xüsusi məruzənin hazırlanmasına verdiyim töhfədən məmnunluq duyuram. Azərbaycan Respublikasının Prezidenti ən çox alqışlanan qonaqdır və onun ölkəmizə səfəri Birləşmiş Krallıqla Azərbaycan arasında əlaqələrin daha da möhkəmləndirilməsi üçün imkan yaradır”.

Azərbaycan Respublikası, ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi sabitlik və tərəqqi yolu ilə inamla irəliləyir. Ulu öndərin layiqli davamçısı, ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi altında müstəqil dövlətimiz hərtərəfli inkişaf edir, qüdrətlənir. “Böyük siyasətin davamı” çoxcildliyinin növbəti beşinci cildi bu yeniləşmə və yüksəliş prosesinin daha 3 ayını — 2005-ci ilin mart — may aylarını əhatə edir. Əvvəlki cildlərdə olduğu kimi, burada da Azərbaycanın siyasi-iqtisadi və sosial-mədəni həyatının ən üstün qatı olan dövlət başçısının fəaliyyəti xronikal qaydada, bütün istiqamətləri ilə əksini tapmışdır.

Müəllif professor Xanhüseyn Kazımlı ölkə rəhbərinin həyata keçirdiyi irili-xırdalı tədbirləri, onun daxili və xarici səfərlərini, görüş və qəbullarını, imzaladığı sənədləri, böyük siyasətin davamı olaraq, vahid xətt ətrafında cəmləşdirmiş, ən mühüm materialları canlı salnamə səhifəsi kimi oxuculara iri planda təqdim etmiş, seçilən hadisə və faktları politoloji təhlildən keçirmişdir. Beləliklə, təqdim olunan xronikal material, sadəcə, yaxın dünən barədə məlumatlar toplusu deyil, həm də dərin elmi-nəzəri ümumiləşdirmələrlə, ciddi mülahizə və qənaətlərlə zənginləşmiş, sistemə salınmış siyasi tarix səciyyəsi daşıyır.

Beşinci cild Prezident İlham Əliyevin mart ayının ilk günündə imzaladığı sənədlər haqqında məlumat, onların xalqın və dövlətin həyatında əhəmiyyəti barədə müəllif dəyərləndirmələri ilə başlayır. Dövlət başçısının iş qrafikində, ümumi fəaliyyətində yüksələn xətlə davam edən məhsuldarlıq bu cilddə də açıq-aydın seçilir. Kitabdakı materiallar bir daha göstərir ki, Prezident İlham Əliyev hüdudsuz enerjisi, təşəbbüskarlığı, fəaliyyətinin məzmun zənginliyi və forma əlvanlığı ilə ən güclü müasirlərini belə heyran qoymuş sələfi Heydər Əliyevin idarəetmə və liderlik ənənələrini məharətlə davam etdirir. Oxucu görür ki, ölkə rəhbəri daxili, regional və beynəlxalq siyasətin ən müxtəlif məsələlərinə çevik surətdə nüfuz edir, səlahiyyətlərini xalqın və dövlətin mənafeyi naminə ahəngdarlıqla həyata keçirir.

Yeni Azərbaycan Partiyasının III qurultayının gündəliyi, burada həm də partiya lideri olan Prezident İlham Əliyevin geniş nitqi, bu məclisin partiyanın və ölkənin həyatında yaratdığı əhval-ruhiyyə cilddə əhatəli geniş yer tutur. Novruz bayramı şənliklərində dövlət başçısının öz xanımı, Heydər Əliyev Fondunun rəhbəri Mehriban Əliyeva ilə birlikdə iştirakının bu misilsiz el şənliyinə gətirdiyi xüsusi təntənə də kitabda geniş əks olunmuşdur.

Ümummilli lider Heydər Əliyevin anadan olmasının növbəti ildönümü ilə bağlı ölkədə keçirilən çeşidli tədbirlər, xalqın qədirbilənliyinin hüdudsuzluğu, ölkə rəhbərinin anım mərasimində iştirakı ilə bağlı materiallar cildə zənginlik gətirir. Daha bir tarixi hadisə — İkinci Dünya müharibəsinin əsas ağırlığını daşımış sovet — alman cəbhəsində Qələbənin 60 illiyi münasibətilə respublikamızda keçirilən tədbirlər, dövlət başçısı İlham Əliyevin qaliblər nəslinin nümayəndələrinə diqqət və ehtiramını ifadə edən görüşlər də ümumi xronikanın ən maraqlı səhifələrindəndir.

Prezident İlham Əliyevin, ulu öndər Heydər Əliyev ənənələrinin davamı olaraq, vaxtaşırı ölkənin regionlarına səfərləri, mühüm dövlət proqramlarının həyata keçirilməsi gedişi ilə tanışlığı, xalq kütlələri ilə sıx təmasları bu cildlərdə geniş işıqlandırılmışdır. Dövlət başçısının Şamaxıya, Gəncəyə və Goranboya səfərləri, yeni müəssisələrin açılışında iştirakı oxucularda dövlət başçısının regional siyasəti, tarazlı inkişaf strategiyası barədə aydın təsəvvür yaradır. Prezidentin təqvim üzrə peşə bayramlarında iştirakı, ayrı-ayrı qrup və təbəqələrin təmsilçiləri ilə görüşləri, təltif və mükafatlandırmaları ilə bağlı materiallar İlham Əliyevin ötən seçki öncəsi bəyan etdiyi “Mən hər bir azərbaycanlının prezidenti olacağam” vədinə sadiqliyini göstərir.

Beşinci cild ulu öndər Heydər Əliyevin şahanə əsərlərindən olan, Azərbaycanın dünya birliyinə inteqrasiyasının rəmzinə çevrilən Bakı– Tbilisi – Ceyhan neft boru kəmərinin işə salınması, bu xətlə Azərbaycan neftinin dünya bazarına axıdılmağa başlaması mərasimini təsvir edən xronika və onun şərhi ilə sonuclanır. Bu münasibətlə Bakıda keçirilən təntənələrdən bəhs edən materiallar ulu öndər Heydər Əliyevin ideya və əməllərinin ölməzliyinin, Prezident İlham Əliyevin böyük siyasətə ləyaqətlə və sədaqətlə varislik etməsinin canlı timsalı kimi göz önündən ötüb keçir, bu böyük həqiqəti şüurlara həkk edir.

Cildlərin hamısında bir mövzu Prezident İlham Əliyevin fəaliyyətinin ən önəmli, üstün istiqaməti, fasiləsiz məramı kimi diqqəti cəlb edir. Bu, Ermənistan — Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli, ölkəmizin ərazi bütövlüyü və suverenliyi baxımından həlli ilə bağlı dövlət başçımızın qətiyyətli, yorulmaz fəaliyyətidir.

Azərbaycan Prezidenti İlham Əliyevin ulu öndər Heydər Əliyevin liderlik və idarəetmə məktəbinin davamçısı kimi tarixi missiyasını oxuculara ardıcıl və əhatəli surətdə çatdırmağı qarşısına məqsəd qoymuş professor Xanhüseyn Kazımlı öz məqsədinə doğru inamla irəliləyir, istəyini uğurla reallaşdırır. Böyük siyasətin davamı olan bu əzəmətli, taleyüklü fəaliyyətin ilk 2 ili artıq 5 cilddə toplanaraq, nəfis şəkildə çap olunmuşdur. “Böyük siyasətin davamı” çoxcildliyi dövlət başçısının irimiqyaslı fəaliyyətini əks etdirən parlaq və iri bir aynadır, çağdaş siyasi tariximizin əhatəli mənzərəsidir.

 

Fəttah HEYDƏROV,

Milli Məclisin deputatı

 

Xalq qəzeti.-2008.-24 dekabr.- S.4.