Azərbaycan iqtisadiyyatının dinamik inkişafı davam edir

 

Ölkə başçısı regionlara davamlı səfərləri və görülən işlərlə yerindəcə tanış olması zamanı xalqa hökumətin fəaliyyəti barədə yetərincə informasiyalar verir. Bu il Azərbaycan iqtisadiyyatında dinamik inkişaf davam etdirilmişdir. Ölkənin iqtisadi artımı əvvəllər olduğu kimi çox yüksək olmuş və ÜDM-in artımı 15 faizə bərabər olmuşdur. Eyni zamanda nəzərə alsaq ki, Azərbaycan Respublıkası iqtısadi inkişaf sürətinə, biznes mühitinin şəffaflığına, iqtisadi islahatların həyata keçırilməsinə və s. göstəricilərə görə dünyada liderdir, onda son illər həyata keçirilən islahatların artıq öz müsbət nəticələrıni verdiyi aydın olar. Bütün bunlar isə ölkənin sürətli iqtisadi inkişaf yolunda olduğunu, eləcə də həyata keçirilən islahatların konkret məsələlərin həllinə yönəldiyini və ölkəmizin uzunmüddətli inkişafını təmin edəcəyini sübut edir.

Qeyd olunanları Azərbaycan iqtisadiyyatının statistik məlumatları da bir daha təsdiq edir. Belə ki, milli iqtisadiyyatın inkişafını xarakterizə edən mühüm göstəricilərdən olan sənaye istehsalının artımı 12 faiz təşkil etmiş, kənd təsərrüfatında artım 8 faizdən çox olmuş, əhalinin pul gəlirlərinin artımı isə 34 faizə bərabər olmuşdur. Əvvəlki dövrlərdə olduğu kimi, son doqquz ayda da ölkədə sosial məsələlərin həllinə, insanların yaşayış şəraitinin daha da yaxşılaşdırılmasına çox böyük diqqət göstərilmiş, bu məsələlər prioritetlik kəsb etmişdir. Məhz bunun nəticəsidir ki, yalnız iyul, avqust, sentyabr ayları ərzində minimum əmək haqqı, minimum pensiyaların baza hissəsi, büdcə təşkilatlarında çalışanların əmək haqqı artırılmış, əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində xeyli sayda sosial təşəbbüslər irəli sürülmüş, yeni məktəblər, xəstəxanalar tikilərək istifadəyə verilmişdir.

İlin 9 ayı ərzində müxtəlif istiqamətləri əhatə edən infrastruktur layihələrin icrası uğurla davam etdırilmiş və nəhəng infrastruktur layihələri - nəqliyyat, energetika, tıkinti və s. sahələri əhatə edən infrastruktur layihələr uğurla icra olunmuşdur. Belə layihələrin həyata keçirilməsi ölkənin uzun müddətli dayanıqlı inkişafını təmin edir və şübhəsiz ki, qeyri-neft sektorunun inkişafına ciddi təkan verir. Ümumiyyətlə, Azərbaycanda son illər ərzində infrastruktur sahələrinin inkışafına çox böyük vəsaitlər qoyulmuşdur. Demək olar ki, dövlət xərclərinin böyük əksəriyyəti infrastruktur layihələrinə sərf olunmuş, çoxlu elektrik stansiyaları tikilmiş, qaz xətləri çəkilmiş, su və meliorasiya məsələlərinin həlli üçün əməli-praktik işlər görülmüşdür. Avtomobil yolları, dəmir yolu, hava, dəniz nəqliyyatı və s. sahələrin inkişafı isə göz qabağındadır. Sevindırıci haldır ki, ümumilikdə ölkənin hərtərəfli inkişafı, regionların inkişafı üçün həyata keçirilən infrastruktur layihələri nəhəng transmilli layihələrlə paralel həyata keçirilir ki, bu da qarşıya qoyulmuş məqsədlərin tamamlanmasında öz bəhrəsini verir. Məhz həyata keçirilən layihələrin nəticəsidir ki, son doqquz ayda da regionların sürətli inkişafı davam etmişdir. Demək olar ki, regionların sosial-iqtisadi inkişafı haqqında məlum Dövlət Proqramı uğurla icra edilmiş, həm infrastruktur layihələri, həm də özəl biznesin inkişafı üçün aparılan işlər, qoyulan sərmayələr regional inkişafı daha da sürətləndirmişdir. Bütün bunlar isə onu göstərir ki, qeyri-neft sektorunun inkişafına son beş il ərzində verilən dəstək və diqqət öz gözəl bəhrəsini verir və Azərbaycan iqtisadiyyatı artıq çoxşaxəli istiqamətlərdə davamlı inkişaf etməkdədir.

Statistik araşdırmalardan aydın olur ki, 2008-ci ili yanvar-sentyabr aylarında Azərbaycanın maliyyə mənbələri güclənmiş, valyuta ehtiyatlarının həcmi xeyli çoxalmış və daha geniş miqyaslı layihələrin həyata keçirilməsi üçün münbit şərait yaranmışdır. Belə ki, ilin əvvəli ilə müqayısədə, ölkənin valyuta ehtiyatları 10,3 milyard ABŞ dolları və ya 2,4 dəfə artaraq, 17 milyard dollara çatmışdır. Sosial sferada əhalinin rifah halının, maddi təminatının və yaşayış səviyyəsinin yaxşılaşdırılması məqsədilə həyata keçirilən sosial-iqtisadi siyasətin nəticəsi olaraq, 2007-ci ilin müvafiq dövrü ilə müqayisədə 2008-ci ilin yanvar-sentyabr ayları ərzində orta aylıq əmək haqqı 23,1 faiz, əhalinin adambaşına düşən gəlirləri 34,1 faiz artmış, əhalinin sərəncamında qalan vəsaitlər 36,9 faiz çox olmuşdur. Bütün bunlar əhalinin pul gəlirlərinin və bank əmanətlərinin artımına şərait yaratmışdır. Bu dövrdə əhalinin pul gəlirlərinin artımı mövcud qiymət artımını 12,6 faiz üstələmiş, əhalinin banklardakı əmanətlərinin məbləği ötən ilin eyni dövrü ilə müqayisədə 52,2 faiz, əhaliyə göstərilən pullu xidmətlərin həcmi isə 29,7 faiz artmışdır. Eyni zamanda, ölkədə sahibkarlığın daha da inkişaf etdirilməsi, ixrac yönümlü istehsal sahələrinin genişləndırilməsi və investisiya mühitinin yaxşılaşdırılması istiqamətində də ardıcıl tədbirlər görülmüşdür ki, bu da daxili sərmayələrin xarici investisiyaları üstələməsinə imkan vermişdir. Belə ki, 2008-ci ilin doqquz ayında əsas kapitala yönəldilən daxili investisiyalar, 2007-ci ilin müvafiq dövrü ilə müqayisədə 77,6 faiz çox olmuşdur.

Aparılan araşdırmalardan aydın olur ki, Azərbaycan hökumətinin qeyri-neft sektorunun inkışafı istiqamətində gördüyü işlər də, artıq öz bəhrəsini verməkdədir. Statistik məlumatlara görə, 2008-ci ilin doqquz ayı ərzində təkcə qeyri-neft sektoru üzrə büdcəyə 1 milyard 737 milyon manat vəsait daxil olmuşdur ki, bu da 2007-ci ilin müvafiq dövrünün göstəricisindən 566,8 milyon manat və ya 48,4 faiz çoxdur. Nəticədə qeyri-neft sektorundan vergi daxilolmalarının ÜDM-də xüsusi çəkisi 2008-ci ildə 17,6 faizə qədər artmışdır. Vergi daxilolmalarında ciddi artım müşahıdə edilən sahələrdən biri də tikinti sektorudur. Bütün ölkə ərazisində aparılan çox möhtəşəm tikinti və quruculuq işlərinin nəticəsidir ki, tikinti sektorundan daxilolmalar 7 dəfə artmış və təkcə 2008-ci ilin doqquz ayı ərzində bu sektordan 330,3 milyon manat vergi hesablanmışdır.

Sahibkarlıq subyektlərinin inkişafı, sahibkarlıq fəaliyyətinə mane olan halların aradan qaldırılması, müdaxilələrin qarşısının alınması və ən əsası, bu sahədə “bir pəncərə” prinsipinin tətbiq edilməsi və beləliklə də sahibkarlığa dövlət qayğısının nəticəsi olaraq, faktik fəaliyyət göstərən vergi ödəyicilərinin sayı 2003-cü ildəki 93 mindən 2008-ci ildə 200 minə qədər artmış, eləcə də sahibkarlara öz hesabatlarının, vergi bəyannamələrinin təqdim olunmasında və vergi ödənişlərində elektron xidmətlərdən istifadə etmək şəraiti yaradılmışdır. Sahibkarlığın inkişaf etdirilməsi isə respublikamızda məşğulluğun təmin olunmasına, büdcə gəlirlərinin artımına və digər müsbət təsirlərə səbəb olur. 2003-cü il oktyabrın 1-dən 2008-ci il iyulun 1-i vəziyyətinə qədər olan dövr ərzində cəmi 705711, o cümlədən 505150 daimi iş yerləri yaradılmışdır. Onu da qeyd etmək lazımdır ki, ötən dövr ərzində yeni açılmış daimi iş yerlərinin 20,1 faizi yeni yaradılmış, 35 faizi mövcud, 3,7 faizi fəaliyyətini bərpa etmiş müəssisə və təşkilatlarda, 41,2 faizi isə fiziki şəxslər tərəfindən yaradılmışdır. Məhz rayonlara göstərilən diqqətin, aparılan abadlıq işlərinin nəticəsidir ki, yeni iş yerlərinin əksəriyyəti regionların payına düşür. Belə ki, ölkədə regionların inkişafına yönəldilmiş tədbirlərin müvəffəqiyyətlə həyata keçırilməsinin nəticəsıdir ki, yeni iş yerlərinin 23,4 faizi Aran, 12,3 faizi Gəncə-Qazax, 9,6 faizi Lənkəran, 6,5 faizi Abşeron, 6,0 faizi Quba-Xaçmaz, 5,3 faizi Şəki-Zaqatala, 4,8 faizi Naxçıvan iqtisadi rayonlarında olmaqla, 80,1 faizi regionlarda açılmışdır.

Heydər Əliyev siyasətini uğurla davam etdirən ölkə başçısı İlham Əliyev ümummilli liderin “Təhsil millətin gələcəyidir” sözlərini əldə rəhbər tutaraq bu sahəyə də xüsusi diqqət və qayğı göstərir. Ölkəmiz inkişaf etdikcə təhsilin keyfiyyətinin cəmiyyətin tələblərinə, müasir dünyanın standartlarına və milli siyasətin tələbatına uyğunlaşdırılması məqsədilə təlim texnologiyalarının və məzmunun yeniləşdirilməsinə ciddi ehtiyac yaranmışdır. Təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlərin nəticəsidir ki, ali təhsil sistemində ixtisaslı kadrların hazırlanmasında ciddi uğurlara nail olunub, ali məktəblərə qəbulda 600-dən çox bal toplayan abituriyentlərin sayı artıb.

Ölkənin gələcək savadlı, müasir texnika və texnolongıyaya bələd olan ixtisaslı kadrlarla təmin edilməsi istiqamətində aparılan işlərin əsas istıqamətlərindən biri də azərbaycanlı gənclərin xaricdə təhsil alması ilə bağlı həyata keçirilən layihələrdir. Hazırda 4000 nəfər azərbaycanlı gənc dünyanın müxtəlif ölkələrinin nüfuzlu ali məktəblərində təhsillərini davam etdirir ki, onlardan da 1000 nəfəri dövlət hesabına təhsil alır. İqtisadi inkişafda davamlılığın təmin olunması, xarici siyasət sahəsində fəal diplomatiyanın həyata keçirilməsi, qanunçuluğun, hüquq qaydalarının möhkəmləndirilməsi, habelə dövlət idarəetmə sistemi üçün yüksək ixtisaslı, bacarıqlı, müasir intellektual səviyyəyə malik, vətənpərvər kadrların hazırlanması elm və təhsil sahəsində də dövrün tələbi ilə səsləşən ardıcıl islahatların aparılmasını zəruri etmişdir. “İnkişaf etmiş ölkələrin təcrübəsinə nəzər salsaq görərik ki, onlarda uğurun əsas səbəbi neft-qaz deyil, bilikdir, savaddır, müasirlikdir. Bizdə isə həm bu olmalıdır, həm də əlbəttə ki, təbii ehtiyatlar var. Bu amillərin sintezi Azərbaycanı çox qabaqcıl, müasir ölkəyə çevirəcəkdir” – deyən ölkə başçısının əsas məqsədi Azərbaycan Respublikasında dayanıqlı və sabit sosial-iqtısadi inkişafı təmin etməkdən ibarətdir. Məhz bu baxımdan cənab İlham Əliyevin 19 oktyabr 2006-cı il tarixli sərəncamı ilə təsdiq edilən “Azərnbaycan gənclərinin xarici ölkələrdə təhsil almasına dair Dövlət Proqramı” xüsusi əhəmiyyət kəsb edir. Dövlət başçısının da vurğuladığı kimi, bu proqram 5, 10 ildən sonra, bəlkə də daha da gec bəhrə verəcəkdir, amma intellektual gələcəyə yönəldilən investisiya kimi mütləq özünü doğruldacaqdır.

2008-ci ilin doqquz ayında təhsil sahəsi ilə yanaşı, digər sosial sahələrdə aparılan isnlahatlar daha da sürətləndirilmiş, sığorta-pensiya sisteminin yenidən qurulması, əmək pensiyaçılarının sosial müdafiəsinin gücləndırilməsi diqqət mərkəzində olmuşdur. Bunun nəticəsidir ki, 2008-ci ilin yanvar-sentyabr aylarında Dövlət Sosial Müdafiə Fondunun gəlirləri keçən ilin müvafiq dövrü ilə müqayisədə 34 faiz artaraq 959 milyon manat olmuşdur. Sosial sığorta haqları üzrə gəlirlər 2007-ci ilin doqquz ayına nisbətən 31faiz artaraq 623 milyon manata çatmışdır. Gəlirlərin 59 faizi qeyri-büdcə təşkılatlarının payına düşür ki, bu da həmin təşkilatlardan daxilolmaların əvvəlki ilin müvafiq dövrünə nisbətən 29 faiz artması deməkdir. Eyni zamanda, ilkin məlumatlara əsasən, 2008-ci ilin ötən doqquz ayında fondun xərcləri 980 milyon manat təşkil etmişdir ki, bu vəsaitin də 97 faizi və ya 949 milyon manatı əhaliyə ödənişlərə yönəldilmişdir. Əhaliyə ödənişlər 2007-ci ilin müvafiq dövrünə nisbətən 37 faiz çoxdur ki, bu da sosial sferanın hər zaman olduğu kimi, son doqquz ayda da dövlətin diqqət mərkəzində olduğunu sübut edir.

Bütün bunlar isə bütövlükdə doqquz ayın yekunlarının ürəkaçan və müsbət olması deməkdir. Araşdırmalar göstərir ki, 2008-ci il üçün qarşıya qoyulmuş məsələlərin həlli uğurla icra edilməkdədir. Bütün istiqamətlərdə ən müasir infrastruktur layihələri uğurla həyata keçirilir. Bütün bunlar Azərbaycan dövlətinin indiki və gələcək inkişafında mühüm rol oynayacaqdır. Artıq icrası başa çatmaqda olan regional inkişaf proqramının davamı olaraq, nəzərdə tutlmuş işlərin yekunlaşdırılması məqsədilə 2009-2013-cü illər üçün regionların sosial-iqtisadi inkışafı Dövlət Proqramının hazırlanması istiqamətində müvafiq göstərişlər verilmişdir. Təbii ki, yeni proqram mövcud proqramın məntiqi davamı kimi, həll olunmamış və ya tamamlanmamış məsələləri əhatə edəcəkdir. Bu da növbəti beş il ərzində regionların bütün sosial, iqtisadi, infrastruktur problemlərinin həlli deməkdir. Başqa sözlə desək, həyata keçirilən iqtisadi siyasət belə deməyə əsas verir ki, regional inkişaf və sahibkarlığın inkişaf etdirilməsi məsələləri əvvəlki illərdə olduğu kimi, novbəti illərdə də prioritet sahələr olacaqdır.

Aparılan təhlil və araşdırmalardan aydın olur ki, bu gün bütün dünyanın diqqət mərkəzində olan məsələlərdən biri də ərzaq təhlükəsizliyi məsələsidir. Eyni zamanda, sürətli iqtisadi inkişaf yolunda olan, əldə edilmiş inkişafı davamlı iqtisadi inkişafa çevirmək məqsədi ilə vaxtaşırı olaraq geniş əhatəli tədbirlər planı qəbul edən və həyata keçirən Azərbaycan Respublikasında da əsas məsələlərdən biri əhalinin ərzaq məhsulları ilə təminatını yaxşılaşdırmaq, istehsal edilən ərzaq məhsullarının keyfiyyətini yüksəltmək, bir sözlə ölkənin ərzaq təhlükəsizliyini təmin etməkdir. Bu baxımdan ölkə başçısının 25 avqust 2008-ci il tarixli Sərəncamı ilə təsdiq edilən “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nda cəmiyyəti narahat edən aktual problemlərin həlli nəzərdə tutulmuşdur və proqram davamlı inkişafın təmin edilməsində xüsusi əhəmiyyətə malikdir. Həm də ərzaq təhlükəsizliyinin təmin edilməsi ölkənin milli təhlükəsizliyinin ayrılmaz tərkib hissəsi olan iqtisadi təhlükəsizliyin təmin edilməsidir.

Məlumdur ki, iqtisadi təhlükəsizliyin əsasında cəmiyyətin və ölkənin iqtisadi maraqları durur. Eyni zamanda, iqtisadi təhlükəsizlik iqtisadi maraqların təmin olunmasına mane olan daxili və xarici amillərin zərərsizləşdırilməsidir. Deməli, iqtisadi təhlükəsizlik, həm də iqtisadiyyatın səmərəli fəaliyyətinin təmin olunmasını tələb edir. İqtisadiyyat əgər inkişaf etmirsə və ya ölkənin resurs ehtiyatlarının imkan verdıyi lazımi sürətlə inkişaf etmirsə, onun daxili və xarici təhlükələrə müqavimət göstərmək və uyğunlaşmaq imkanları məhdudlaşır. Eyni zamanda, iqtisadi maraqlar yalnız iqtisadiyyatın səmərəli fəaliyyət göstərdıyi bir halda təmin olunur. İqtisadiyyatın səmərəli fəaliyyəti dedikdə isə, ölkədə geniş təkrar istehsalın həyata keçirilməsi, ölkənin resurs potesialının səmərəli bölgüsü və istifadə olunması, dünya təsərrüfatında səmərəli iştirakın və sosial yönümlü iqtisadiyyatın təmin olunması və s. nəzərdə tutulur. Azərbaycan hökumətinin iqtisadi siyasətinin də əsas məqsədi məhz yuxarıda qeyd olunanların təmin edilməsi, əhalinin bütün əsas ərzaq məhsullarına olan tələbatının tam şəkildə təmin olunmasıdır. Təbii ki, bu istiqamətdə vacib məsələlərdən biri ölkənin taxılla təmin olunmasıdır ki, bu da dövlətin diqqət mərkəzində olan və demək olar ki, artıq həll edilmiş bir problemidir.

Ümumilikdə istər son illər, istərsə də axırıncı doqquz ayda əldə edilmiş iqtisadi uğurların əsas səbəbi bünövrəsi ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş iqtisadi startegiyanın uğurla davam etdirilməsidir. Eyni zamanda, son beş ildə qazanılmış nailiyyətlər ölkə başçısı cənab İlham Əliyevin həyata keçirdiyi balanslaşdırılmış daxili və xarici siyasətin bəhrəsidir. Məhz bu siyasətin nəticəsidir ki, artıq Azərbaycan nəinki regionda, hətta dünyada söz sahibi olan, özünəməxsus mövqeyə malik islahatçı bir ölkə kimi qəbul edilir. Təbii ki, güclü iqtisadi dayağı olmayan siyasət lazımi səmərə verə bilməz. Bunu çox düzgün qiymətləndirən Azərbaycan hökuməti iqtisadi və siyasi sahədə atdığı addımları uzlaşdırmış və nəticədə məqsədə nail olmuşdur. Belə ki, 2003-2008-ci illərdə Azərbaycanın ümumi daxili məhsulu 2,7 dəfə artmış, adambaşına düşən ümumi daxili məhsulun həcmi 5800 dollara çatmışdır ki, bu da ölkənin inkışafını sübut edən makroiqtisadi reallıqdır. Digər tərəfdən, son beş il ərzində sənaye istehsalı 2,7 dəfə artmış, dövlət büdcəsinin xərcləri 2003-cü ildəki 1 milyard 200 milyon dollardan 2008-ci ildə 15 milyard dollara qədər artmışdır. Eyni zamanda, 2009-cu ilin proqnozlarına görə Azərbaycanın icmal büdcəsinin 17-18 milyard dollar təşkil edəcəyi qeyd olunur ki, bu da əldə edilmiş nailiyyətləri daha da gücləndirməyə imkan verəcəkdir.

Axırıncı beş ilin iqtisadi uğurlarından biri də Azərbaycan Respublikasının investisiya cəlbediciliyinin qorunub saxlanması və artırılmasıdır. Statistik araşdırmalardan aydın olur ki, məhz investisiya cəlbediciliyinin nəticəsidir ki, 2003-2008-ci illərdə ölkə iqtisadiyyatına təxminən 44 milyard dollar investisiya qoyulmuşdur ki, bu da müstəqillik illərində Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşunun 77 faizi deməkdir. 2003-cü ildə Azərbaycanın valyuta ehtiyatları 1 milyard 600 milyon dollar təşkil etməsinə baxmayaraq, 2008-ci ilin oktyabr ayında bu rəqəm təxminən 17 milyard dollara bərabər olmuşdur.

Azərbaycan Respublikasının sürətli inkişaf yolunda olduğunu, milli təsərrüfatın ayrı-ayrı sahələrinin davamlı iqtisadi inkişafını sübut edən göstəricilərin siyahısını daha da genişləndirmək olar. Lakin bir məsələni qeyd etmək kifayətdir ki, ölkəmizin əldə etdiyi uğurların əsasını Heydər Əliyev strategiyası və bu strategiyanın uğurla davam etdirilməsi təşkil edir. 2008-ci ilin 15 oktyabrında Azərbaycan xalqı bu strategiyanın davamına bir daha “hə” dedi və xalqın etdiyi bu düzgün seçim milli iqtisadiyyatın gələcəkdə dinamik və sürətli inkişafının əsas qarantıdır. Çünki cənab İlham Əliyev xalqın düzgün seçimidir və xalqa arxalanan hakimiyyət hər şeyə qadirdir.

 

Aqil ƏSƏDOV,

AMEA-nın İqtisadiyyat İnstitutunun

böyük elmi işçisi,

iqtisad elmləri namizədi

 

Xalq qəzeti.-2008.-24 dekabr.- S.5.