Qobustan qazmaçıları
yeni nailiyyətlərin
sorağındadır
Azərbaycanın quru və
dəniz sahələrindəki neft-qaz yataqları uzun illər
istismar edilməsinə baxmayaraq, burada
çıxarılması mümkün olan ehtiyatlar hələ
çoxdur. Həmin ehtiyatları aşkara çıxarmaq,
onların hasilatına imkan yaratmaq bilavasitə axtarış-kəşfiyyat
və istismar qazmasından asılıdır. Məhz bu səbəbdən
son illər Dövlət Neft Şirkətinin rəhbərliyi
tərəfindən qazma işlərinin
artırılmasına xüsusi qayğı və diqqət
göstərilir. Qazma işlərinin intensivliyini artırmaq məqsədilə
şirkətin tərkibində yaradılmış Kompleks
Qazma İşləri Tresti artıq bu sahədə
böyük uğurlar qazanmışdır. Təkcə onu
demək kifayətdir ki, 2008-ci ilin on bir ayında trest üzrə
nəzərdə tutulmuş 144730 metr əvəzinə 163194
metr qazma işi aparılaraq plan tapşırığına
112,8 faiz əməl olunmuşdur. Bütövlükdə isə
yeraltı zənginliyə yol açan qazmaçılar
Dövlət Neft Şirkəti tərəfindən
qarşıya qoyulmuş illik tapşırıqları
noyabrın 15-də yerinə yetirməyə müvəffəq
olmuşlar.
Kompleks Qazma İşləri Trestinin qabaqcıl, zəngin ənənələrə malik müəssisələrindən sayılan Qobustan Kəşfiyyat-Qazma İşləri İdarəsinin kollektivinə də qazanılmış bu uğurlardan xüsusi pay düşür. Məlumat üçün bildiririk ki, Qobustan qazmaçıları “Lökbatan”, “Puta”, “Qalmas”, “Muradxanlı” və “Cəfərli” sahələrində istismar, Ağstafa rayonunda yerləşən “Cahandar” sahəsində isə kəşfiyyat qazma işləri həyata keçirirlər. Son zamanlar dövlət qayğısına əməli işlə cavab verən qazmaçılar istismar və kəşfiyyat qazması üzrə tapşırıqlara bir qayda olaraq vaxtından əvvəl və keyfiyyətlə əməl edirlər. Təkcə belə bir faktı qeyd etmək yetərlidir ki, idarənin kollektivi Kompleks Qazma İşləri Tresti tərəfindən tapşırılan 18052 metr illik qazma planını sentyabrın 10-da yerinə yetirməyə müvəffəq olmuşdur. Bu da trest üzrə ən yaxşı göstəricidir. 2008-ci ilin 11 ayında isə planda nəzərdə tutulan 16360 metr əvəzinə 240070 metr qazma işləri aparan qazmaçılar tapşırığa 147,1 faiz əməl etmişlər. Ötən ilin müvafiq dövrü ilə müqayisədə 358 metr artıq qazma işləri aparan Qobustan qazmaçıları hesabat dövründə sifarişçi neft və qazçıxarma idarələrinə planda nəzərdə tutulan 13 əvəzinə 15 quyu təhvil vermişlər. Bu isə 2007-ci ilin eyni dövrünə nisbətən 4 quyu çoxdur.
Cari ilin yanvar-noyabr aylarında qazmada hesabat sürəti 349 metr-gəzgah ay olmuşdur ki, bu da əvvəlki ilin müvafiq dövri ilə müqayisədə xeyli artıqdır. Qeyd etmək lazımdır ki, qazma işlərinin təşkili qazmanın vaxt balansı ilə səciyyələnir ki, bu da özünü məhsuldar vaxtda büruzə verir. 2008-ci ilin 11 ayında idarə üzrə qazmanın ümumi vaxt balansında məhsuldar vaxt 89,3 faiz, qeyri-məhsuldar vaxt isə 10,7 faiz təşkil etmişdir.
2008-ci ilin əvvəlindən Qobustan qazmaçıları
Ə.Əmirov adına
Neft və Qazçıxarma İdarəsinin
neftçilərinə 11 quyu
təhvil verimişlər
ki, bu nəzərdə
tutulduğundan 2 quyu çoxdur. Bundan əlavə, hesabat dövründə qazıntısı
başa çatdırılmış
4 quyu Muradxanlı iriləşdirilmiş sahəsinin
neftçilərinə təhvil
verilmişdir. Bir faktı da qeyd
etmək lazımdır
ki, ilin ötən dövrü ərzində İmişli
rayonundakı “Cəfərli”
sahəsində təhvil
verilmiş iki quyu məhsuldarlığı
ilə seçilir. Belə ki, Həmin quyulardan sutkada təqribən 30-40 ton neft
hasil edilir.
Kəşfiyyat qazma işləri sahəsində son illər
böyük uğurlara
imza atan kollektiv hazırda Ağstafa rayonundakı “Cahandar” sahəsində kəşfiyyat quyusunu layihə dərinliyinə
çatdırmaq üzrədir. Artıq həmin
quyuda 3050 metrədək
qazma işi aparılıb, quyuya 9 düymlük kalon buraxılıb. Qalan 200-250 metrlik
qazma işinin isə gələn ilin fevrlında başa çatdırılması
nəzərdə tutulur.
Onu da deyək ki,
2009-cu ildə həmin
sahədə daha bir kəşfiyyat quyusunun qazıntısına
dair sifariş alınmışdır.
Qobustan Kəşfiyyat-Qazma
İşləri İdarəsinin
qazmaçıları hazırda
Naxçıvan Muxtar
Respublikasında yerləşən
“Böyükdüz” sahəsində
yeraltı qaz anbarının yaradılması
üçün nəzərdə
tutulan 1200 metrlik kəşfiyyat quyusunda da qazma işlərini
artıq uğurla başa çatdırmışlar.
Xatırladaq ki, Qaz Əməliyyatları İdarəsi tərəfindən
gələn il
burada layihə dərinliyi təqribən
2 min metr olan daha bir quyu
sifariş edilmişdir.
İdarə qazma ilə yanaşı, yeraltı qaz saxlama anbarı
üçün quyularda
əsaslı təmir
işlərini də həyata keçirir. Cari ilin
yanvar-noyabr aylarında
Qaz Əməliyyatları
İdarəsinin sifarişi
ilə Kalmas sahəsində 18 quyuda əsaslı təmir işləri yüksək
keyfiyyətlə başa
çatdırılmışdır.
Bundan əlavə, hazırda idarənin təmirçiləri “Kürsəngi”
sahəsində vaxtilə
istismarı dayandırılmış
quyunun bərpası istiqamətində iş aparırlar. Bütövlükdə
isə qazma işlərinin intensivliyini
getdikcə artıran Qobustan qazmaçıları
indi “Lökbatan” sahəsində dörd, “Cəfərli”də üç,
“Cahandar”da isə bir quyunun qazıntısını
davam etdirir, təmir işləri sahəsində fədakarlıqla
çalışırlar.
Son zamanlar qazma işlərinə dair sifarişlərin getdikcə
artması, texniki-iqtisadi
göstəricilərin yaxşılaşması
sosial sferada da bir sıra
mühüm tədbirlərin
həyata keçirilməsinə
imkan yaradır. Bu da qazmaçıların iş
şəraitinin və
güzəranının getdikcə
yaxşılaşmasına səbəb olur. İdarənin rəisi Əli İsayevin bildirdiyinə görə,
Dövlət Neft Şirkəti və Kompleks Qazma İşləri Tresti rəhbərliklərinin gündəlik
qayğı və diqqəti sayəsində bütün idarələrdə
olduğu kimi, burada da işçilərin
rifah halının və əmək şəraitinin yaxşılaşdırılması
ön plana çəkilir. 2008-ci ilin əvvəlindən etibarən qazma işləri həyata keçirilən bütün
buruqlar əsaslı təmir olunmuş, yerlərdə lazımi abadlıq işləri başa çatdırılmışdır.
Hazırda isə idarənin
inzibati binasının
həyətində analoji
işlərə başlanılıb.
Qazmaçıların mənzil şəraitinin yaxşılaşdırılmasına da diqqət getdikcə artırılır. Bu il idarənin iki əməkdaşına
yeni mənzillərin açarları təqdim olunub. Yaxın vaxtlarda isə
Salyan şəhərində
dörd mərtəbəli
32 mənzilli bina qazmaçıların sərəncamına
veriləcəkdir.
Hazırda Qobustan Kəşfiyyat-Qazma
İşləri İdarəsində
1360 nəfər çalışır. Onların orta
aylıq məvacibi təxminən 550 manat təşkil edir. Bundan əlavə, ARDNŞ-in işçilərinə
maddi yardım verilməsi haqında əsasnaməyə uyğun
olaraq burada işçilərə bir
sıra maddi yardımlar göstərilir,
qazmaçıların istirahətinin
səmərəli təşkili
istiqamətində lazımi
tədbirlər görülür.
Bütün bunlar Qobustan
qazmaçılarını yeni nailiyyətlərə
ruhlandırır.
Mirbağır YAQUBZADƏ
Xalq qəzeti.-2008.-24 dekabr.- S.6.