Samuxda daha qışdan qorxmurlar

 

Elə ki qış gəlirdi Samuxun necə deyərlər, qara günləri başlanırdı. Qaz yox, işıq yox, yollar palçıq. Adamların əhval-ruhiyyəsi də tamam bambaşqa. Kimi dindirirdin, məişət problemlərindən danışırdı, gileylənirdi. Özü də bu cür acınacaqlı vəziyyət təkcə Samuxun kəndlərində deyil, hətta rayonun mərkəzində də hökm sürürdü. Əslində artıq şəhər statusu alan rayon mərkəzi o zamanlar həmin kəndlərdən heç nəyi ilə fərqlənmirdi.

Aradan çox vaxt keçməyib. Rayon icra hakimiyyəti başçısının birinci müavini Tahir Qarayevlə rayon mərkəzinin küçələrindən keçirik. Hamar asfalt yollar, səliqəli səkilər diqqətimi cəlb edir. İnanmaq olmur ki, həmin palçıqlı-çirkli, tozlu-torpaqlı küçələrdir. Sulu qar yağmasına, şaxta olmasına baxmayaraq bir dənə evin bacasından tüstü çıxmır.

İndi hər bir kəsin evində qazı, işığı var, odun sobası kimin nəyinə gərəkdir,– deyə T.Qarayev rayonun kənd qəsəbələrinin qazlaşdırılmasından söhbət açır. Tahir müəllim deyir ki, rayon icra hakimiyyəti hələ iyul, avqust aylarında kəndlərdə sorğular aparıb, sakinlərin demək olar ki, hər biri ilə görüşüb, onların problemlərini öyrənib. Xüsusilə payız-qış aylarında yarana biləcək çətinliklər götür-qoy edilib. Vaxtında görülmüş tədbirlər öz müsbət səmərəsini verib. Rayon icra hakimiyyətinin başçısı V.Hacıyev bir sıra nazirlik şirkətlərin rəhbərləri ilə müntəzəm əlaqə saxlayıb, lazımi köməkliklər göstərilməsini xahiş edib. Sağ olsunlar, Samuxun problemlərinə heç biri biganə qalmayıb. Bax elə bunun nəticəsidir ki, qışın oğlan çağında Samuxda adamların əhval-ruhiyyəsi çox yüksəkdir. Samuxlular onlara belə gözəl şərait yaratdığı üçün ölkə başçısı İlham Əliyevə hədsiz minnətdarlıqlarını hər an bildirirlər. Təsadüfi deyil ki, 15 oktyabr prezident seçkiləri günü Samuxda yüksək siyasi fəallıq müşahidə olunurdu.

Şamuxda qışa hazırlığa hələ bir neçə ay əvvəl başlanması indi öz müsbət nəticəsini göstərib. Buna həm sakinlərlə, həm ayrı-ayrı təsərrüfat rəhbərləri ilə görüşüb söhbət etdikdən sonra bir daha əmin olduq. Rayon qaz istismar idarəsinin rəisi R.Hüseynov dedi ki, hələ bu ilin yanvarında Tatlı, Zazalı Qiyaslı kəndlərində qaz təminatı bərpa edilmişdir. İyunun 19-da rayonun Alıuşağı kəndi təbii qazla təmin olunmuş, burada texniki baxış keçirilmiş, kənddaxili qaz xətlərində təmir işləri aparılaraq 230 ədəd məişət qaz sayğacı quraşdırılmışdır. Qonşu Şəmkir rayonunun Qasım İsmayılov kəndi idarənin gücü ilə bu ilin iyun ayında təbii qaz ala bilmişdir. Samuxun Qara-arx kəndindən həmin kəndə diametri 225 mm, uzunluğu 3200 metr olan yeraltı polietilen boru çəkilmişdir. Qara-arx kəndinin özünün daxili qaz xətləri bərpa edilmiş kənd daxilində olan 2 ədəd QTŞ təftiş edilərək 71 ədəd qaz sayğacı quraşdırılmış beləliklə, 2008-ci ilin sentyabrında kəndin qaz təminatı bərpa edilmişdir.

Rayonun Nəbiağalı qəsəbəsində qaçqınlar üçün yeni salınmış yaşayış massivinə diametri 63 mm olan boru vasitəsilə uzunluğu 1800 metr olan qaz xətti çəkilmiş bu ilin mayında sakinlər mavi yanacaqla təmin olunmuşlar.

Rayonun Çobanabdallı, Kolayır, Sərkar, Lək kəndlərində İnstitut qəsəbəsində yeni salınmış yaşayış massivlərinə təbii qaz xətti çəkilmiş, qaz sayğacları quraşdırılmışdır. İndi sakinlər heç bir əziyyət çəkmirlər.

Qarabağlar kəndinin qaz təminatını daha da yaxşılaşdırmaq üçün dairəvi birləşmə quraşdırılmış hazırda kənd təbii qazla tam təmin olunmuşdur.

Yaxın günlərdə, yəni Yeni il ərəfəsində rayonun Seyidlər, Sarıqamış Qədilli kəndlərinin sakinləri sevinəcəklər.

Rayon elektrik şəbəkəsinin kollektivi soyuq günlərdə işıq problemlərinin yaranmaması üçün bütün qüvvəsini səfərbərliyə almışdır. İl ərzində istehlakçılara fasiləsiz, dayanıqlı enerji vermək üçün indiyədək ərazinin müxtəlif yerlərində 7,35 kilometr uzunluğunda 0,4 kilovoltluq, 10,9 kilometr uzunluğunda 10 kilovoltluq hava xətləri əsaslı təmir olunmuşdur. Bundan əlavə istismara yararsız 67 ədəd dayaq dəyişdirilmiş, müxtəlif gücə malik 13 ədəd transformator təmir olunmuşdur.

Rayonun mənzil-kommunal təsərrüfat-istehsalat birliyinin əməkçiləri qışa yaxşı hazırlaşmışlar. Hələ xeyli əvvəl birliyə məxsus traktor yükünü özüboşaldan avtomaşınlar təmir olunaraq hazır vəziyyətə gətirilmişdir. Samux şəhəri, İnstitut Qarayeri qəsəbələrinin daxili yollarının buz örtüyünün əridilməsi üçün duz-qum qarışığı tədarük olunmuşdur. Park xiyabanlarda, o cümlədən Heydər Əliyev parkında bütün mövsümi işlər başa çatdırılmış, ağaclara don suyu vurulması digər işlər üçün tədbirlər görülmüşdür. Yol idarəsi ilə birgə tədbirlər planı hazırlanmış, işçilər lazımi alətlərlə, xüsusi geyimlə təmin olunmuşlar. Birliyin xidmət etdiyi ümumi yaşayış binalarının istilik sistemləri işə salınmış yanacaq problemləri həll edilmişdir.

Sulu qarı lopa qar əvəz edir. Binalar, ağaclar örpəyə bürünür, qayğısız məktəb şagirdləri fasilə vaxtı bir-birlərini qaratəşinətuturlar. Hamı deyir, gülür, sevinir. Bir vaxtlar qarın yağmasından qanları qaralanlar indi uşaq kimi sevinirlər. Çünki bilirlər ki, qar onlara bərəkət, bol ruzi gətirəcək. Bax buna görə Samuxda daha qışdan qorxmurlar.

 

Hamlet QASIMOV

 

Xalq qəzeti.-2008.-24 dekabr.-S.6.