Dünyanın laqeydliklə seyr etdiyi bəşəri cinayət

 

1988-ci ilin noyabr-dekabr ayları. İki ay ərzində indi Ermənistan adlanan Qərbi Azərbaycanda yaşayan azəri türkləri erməni silahlıları — başkəsənləri tərəfindən ata-baba yurdlarından, doğma ev-eşiklərindən qovuldular. 200 min nəfərdən çox soydaşımız qarlı-çovğunlu noyabr-dekabr aylarında var-yoxlarını, mal-mülkünü itirərək qaçqına, köçkünə, didərginə çevrildi. 216 nəfər soydaşımız daşnak quldurları tərəfindən qətlə yetirildi. O qanlı-qadalı, faciəli günləri unutmaq qeyri-mümkündür. Bu ədalətsizlik məhz bədnam Dağlıq Qarabağ münaqişəsinin baş verməsi nəticəsində meydana gəldi. 1988-ci ilin fevralında Xankəndidə qalanan münaqişə ocağının tüstüsü hələ də gözlərimizi yaşardır.

Hörmətli oxucular, bu gün əbəs yerə Goranboy rayonundan söhbət açmıram. Bu məqaləni yazmaqda məqsədim Dağlıq Qarabağda xəyanət küləyinin əsməyə başladığı gün — 1988-ci il fevralın 22-dən 28-dək Şaumyan (kənd) rayonuna (indiki Goranboy rayonunun ərazisindəki kəndlərə) ezamiyyətdə olarkən orada gördüklərim barədə 20 il sonra söhbət açmaqdır.

Digər bölgələrimiz kimi, gündən-günə abadlaşan, inkişaf edib gözəlləşən Goranboy rayonunda qonağam. Gözlərimə inanmıram. Cəbhə xəttində yerləşən, hər gün erməni quldurlarının avtomat və pulemyotlardan açdıqları atəşin səsini eşidən rayon sakinləri inamla qurub-yaradırlar. Daşnakların məğlub olacaqlarına, susdurulacaqlarına inanırlar.

Bu füsunkar gözəllik önündə xəyal məni keçmişə — iyirmi il əvvələ aparır. Dağlıq Qarabağda ermənilərin torpaq iddiası ilə Xankəndidə etiraz mitinqlərinə başladıqları 1988-ci il fevralın 22-də Azərbaycan KP Mərkəzi Komitəsi təbliğat-təşviqat şöbəsi tərəfindən keçmiş Şaumyan (kənd) rayonuna ezam olundum. Məndən başqa dəstədə daha dörd nəfər vardı. Fizika-riyaziyyat elmləri doktoru Barat Nuriyev, fizika-riyaziyyat elmləri namizədi Vərqa Qələndərov, tarix elmləri doktoru Aydın Rzaquliyev və Bakıda yaşayan erməni şairi Vladimir Abramyan Bakı-Gəncə qatarı ilə yola düşdük. Goranboy dəmir yolu stansiyasında rayon rəhbərliyi tərəfindən göndərilmiş maşınlara əyləşib Aşağı Ağcakəndə getdik. Məndən savayı, Baratla Vərqa da erməni dilini yaxşı bilirdilər.

Səhər tezdən əzəli adı Aşağı Ağcakənd olan rayon mərkəzində olduq. Rayon partiya komitəsinin birinci katibi Rudolf Mirzoyev bizi “mehribanlıqla” qarşıladı və özünü elə apardı ki, guya bu saat (yəni fevralın 23-də) Xankəndidə (Stepanakertdə) dalğalanan insan dənizində, erməni millətçilərinin Dağlıq Qarabağ Muxtar Vilayətini Azərbaycan SSR-dən qoparıb Ermənistana birləşdirmək kimi bədxah niyyətlərindən bu rayonun əhalisinin qətiyyən xəbəri yoxdur. Rayonda qaldığımız bir həftə ərzində erməni və azərbaycanlıların yaşadıqları bir sıra kəndlərdə camaatla görüşdük, onların istək və arzuları ilə tanış olduq. Azərbaycan kəndlərində xalqın acınacaqlı vəziyyəti ilə qarşılaşdıq. Əsasən dağlıq ərazidə yerləşən kəndlərə nə əməlli-başlı yol çəkilib, nə onların abadlığına qayğı göstərilib, nə də əhalinin güzəranının yaxşılaşdırılmasına fikir verilib. Kəndlərdəki klub, kitabxana, məktəb günün tələblərinə cavab vermirdi. Xəstəxana, həkim məntəqəsi, hamam, mağaza və s. ictimai-iaşə və məişət xidmətlərindən danışmağa belə dəyməzdi. Buradan o qənaətə gəldik ki, Dağlıq Qarabağın Azərbaycan kəndləri barədə yeridilən siyasət, insanların qayğısına qalmamaq, onların tələb və istəklərinə əməl etməmək, kəndlərin abadlaşdırılmasına, sosial problemlərin həllinə fikir verməmək, yolların bərbad halda olması bu rayonun azərbaycanlılar yaşayan kəndləri üçün də xarakterik idi. İstər Dağlıq Qarabağda, istərsə də Şaumyan (kənd) rayonunda eyni siyasət yeridilirdi: Azərbaycanlıları sıxışdıraraq vilayətin və rayonun ərazisindən — öz ata-baba torpaqlarından didərgin salmaq, millətçi ermənilərin hər yerdə elan etdikləri kimi, “türksüz Artsax və ”türksüz Şaumyan" yaratmaq.

Rayonun kəndlərində görüşlərimiz zamanı Dağlıq Qarabağ Muxtar Vilayətində baş verən hadisələri, nümayişləri, mitinqləri pisləyən, onların atdıqları addımların səhv olduğunu söyləyən ermənilərə də rast gəldik. Lakin sonradan aydın oldu ki, həmin günlərdə onlar tətil edib nümayişə çıxmasalar da, Dağlıq Qarabağdakı mitinqlərlə həmrəy olmuşlar.

Sən demə, qondarma hadisələrə dirijorluq edənlər hiyləgər planlar cızıblarmış. Sonradan məlum oldu ki, rayonun partiya və sovet orqanlarının rəhbər işçilərinin hamısı “Krunk” və “Qarabağ” komitələrinin fəal üzvləriymiş.

Əvvəlcə Dağlıq Qarabağ Muxtar Vilayətinin bir rayonu olmaq, sonra da vilayətlə birlikdə Ermənistan SSR-ə qovuşmaq barədə Şaumyan rayon soveti sessiyasının çıxardığı bədnam qərar dediklərimizə əyani misaldır.

Rudolf Mirzoyevdən sonra Şaumyan (kənd) Rayon Komitəsinin birinci katibi seçilən, bir qrup rəhbər işçi ilə Xanlar (Göygöl) rayonunun Çaykənd kəndinə silah apararkən milis işçiləri tərəfindən yaxalanan Ağacanyana necə etibar etmək, inanmaq olardı?

Şaumyan rayonunun erməni kəndlərinin əhatəsində olan, saqqallı yaraqlıların basqınlarına məruz qalan Şəfəq, Zeyvə, Ballıqaya, Todan və Gürzalılar kəndlərində gecə-gündüz səksəkədə yaşayan azərbaycanlıların, doğmalarımızın təhlükəsizliyi, taleyi barədə kimlər düşünməli idi?

Azərbaycan SSR Ali Sovetinin sessiyasında xalq yazıçısı İsmayıl Şıxlının təklifini hamı yaxşı xatırlayır. İsmayıl müəllim çox haqlı olaraq qeyd elədi ki, bu rayon 1930-cu ildə qeyri-qanuni yaradılıb və vur-tut 16 kəndi əhatə edir. Ona görə də onun bu gün ləğv edilməsi, kəndlərinin də Goranboy və Xanlar rayonlarına verilməsi vacibdir.

İyirmi il əvvəl Şaumyan (kənd) rayonunda gördüklərim, eşitdiklərim məni təəccübləndirdi. Dəhşətə gəldim. Gözlərimə, qulaqlarıma inanmadım. Bakıya qayıtdıqdan sonra “Ey ulu Tanrım” adlı şeirim keçirdiyim hisslərdən, duyğulardan yarandı.

Qeyd etdiyim kimi, erməni kəndlərində keçirdiyimiz görüşlərdə yalanın, ikiüzlülüyün, qeyri-səmimiliyin şahidi olduq. Utanmadan “biz əbədi qonşularıq”, “biz əbədi dostlarıq", “kirvələrik, ”qardaş olub Hayastan — Azərbaycan" — dedilər. Onların hiyləgərliyinə, məkrli mövqelərinə, gözdən pərdə asmalarına təkcə biz yox, qədim Gülüstan da, meşələr də, dağlar da, bulaqlar da, yaylaqlar da şahid oldular. Daşnakların riyakarlığını, xəyanətkarlığını, imansızlığını görüb bu misalları qələmə almaqla ürəyimi boşaltmalı oldum.

İki ildən sonra — yəni 1990-cı il aprelin 14-dən 24-dək Xankəndidə fəaliyyət göstərən Təşkilat Komitəsinin dəvətilə düşmənin dilini bilən ziyalı kimi Dağlıq Qarabağa ezamiyyətim zamanı kəndlərdə millətçi daşnaklarla bir daha üz-üzə gələrək onların xəyanətkar planlarının şahidi oldum. Üzərimə düşən çətin və məsuliyyətli vəzifənin öhdəsindən layiqincə gəldiyim üçün Təşkilat Komitəsi tərəfindən verilmiş təşəkkürnamə ilə Bakıya qayıtdım.

Ümummilli lider Heydər Əliyevin bu qədim diyar haqqında dediyi sözləri xatırladım. “Goranboy rayonu Azərbaycanın iri, çox böyük iqtisadi potensiala malik olan və strateji xarakter daşıyan rayonudur”.

Son illərdə rayonda bütün sahələr üzrə həyata keçirilən möhtəşəm işlər, hərtərəfli tərəqqi ulu öndərin sözlərinin həqiqət olduğunu göstərir.

Rayona yollanan hər kəsin diqqətini cəlb edən ən gözəl memarlıq abidəsi təsiri bağışlayan giriş qapısı olur. Bakı-Qazax avtomagistralından Goranboy şəhər istiqamətində giriş qapısı kompleksi — Azərbaycanın gerbi və zövqlə yazılmış “Goranboy” sözü istedadlı memar təfəkkürünün təcəssümüdür.

Yevlax-Goranboy sərhədində inşa edilmiş digər giriş qapısı da görənləri məftun edir. Rayonun hər iki giriş qapısı milli memarlıq ənənələrindən məharətlə istifadə olunaraq yüksək səviyyədə hazırlanmışdır.

Rayona qədəm basanda dərhal o qənaətə gəlirsən ki, burada regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramı uğurla həyata keçirilir.

Keçən il rayon icra hakimiyyətinin başçısı təyin olunmuş Elşən Abasov inamla bildirir ki, Goranboyu bölgənin iqtisadi cəhətdən inkişaf etmiş yaşayış ünvanına çevirəcəyik. Elşən müəllimi yaxından tanıdığım, onun bacarığına, səriştəsinə arxayın olduğum üçün inamla deyə bilərəm ki, o, verdiyi vədə əməl edən insandır. Mənə dedilər ki, icra başçısı təkcə rayon mərkəzi Goranboyun deyil, 89 yaşayış məntəqəsinin hamısının abadlaşdırılması, kənd camaatının rifah halının yaxşılaşdırılması, yoxsulluğun aradan qaldırılması, kəndlərarası yolların çəkilməsi, yeni məktəb binalarının tikilməsi məsələlərini diqqət mərkəzində saxlayır.

Ümummilli lider Heydər Əliyevin Goranboy şəhərinin mərkəzində ucaldılmış möhtəşəm abidəsinin, RİH-in inzibati binasının, Heydər Əliyev Fondunun vəsaiti hesabına tikilmiş 240 yerlik Goranlı kənd orta məktəbinin binasının, Qarabağ müharibəsi, Çernobıl, “20 Yanvar” əlilləri və şəhid ailələri üçün tikilməkdə olan, 16 mənzilli yaşayış evinin, rayon təhsil şöbəsi üçün inzibati binasının, tarix muzeyinin, şəhər incəsənət məktəbi binasının, rayon prokurorluğunun inzibati binasının, Heydər Əliyev adına mədəniyyət və istirahət parkında “Ağsaqqallar evi”nin, “Ana və uşaq kafesi”nin, “Gilan Holdinq”in gips və alçipan zavodlarının, uşaq intellekt mərkəzinin, şahmat məktəbinin və digər obyektlərin tikilib istifadəyə verilməsi rayonun hərtərəfli inkişafı və mövcud problemlərin həlli deməkdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2005-ci ilin may ayında Goranboyda olarkən dediyi sözləri rayon rəhbərliyi özü üçün fəaliyyət proqramı hesab edir: “Heydər Əliyev Goranboyu və goranboyluları çox sevirdi. Ulu öndər rayonda olarkən Goranboydakı abadlıq və quruculuq işlərini yüksək qiymətləndirmişdir. Onun buraya hər gəlişi rayonun sosial-iqtisadi inkişafına, abadlaşmasına və çiçəklənməsinə böyük təsir göstərmişdir. Ümummilli liderin xüsusi diqqət və qayğısı sayəsində Goranboy inkişaf etmişdir. Mən inanıram ki, rayon bundan sonra da davamlı olaraq inkişaf edəcəkdir”.

Möhtərəm Prezidentimiz cənab İlham Əliyev sözünə davam edərək istək və arzularını da bildirmişdir: “Mən Goranboyun inkişafı naminə və rayonun problemlərinin həlli üçün əlimdən gələni əsirgəməyəcəyəm. Mən istəyirəm ki, paytaxtla rayonlar arasında sosial-iqtisadi inkişaf səviyyəsindəki fərqlər aradan qalxsın, hətta tamamilə silinsin. Əminəm ki, sürətli inkişaf yolunda olan Goranboyda da biz buna nail olacağıq”.

Buradan o qənaətə gəlmək olur ki, istər ulu öndər Heydər Əliyev, istərsə də Prezidentimiz İlham Əliyev Azərbaycanın bu dilbər guşəsini daim diqqət mərkəzində saxlamışlar. Qeyd etmək istərdim ki, bu gün Goranboya səfər etməyim səbəbsiz deyil. Məqsədim 20 il əvvəl qondarma Şaumyan (kənd) rayonuna daxil olan və bu gün Goranboyun kəndləri sırasında layiqli yerləri olan 6 kənd haqqında, indi öz soydaşlarımızın məskunlaşdığı həmin yaşayış məskənləri barədə məlumat almaq, vaxtı ilə daşnakların ögey, düşmənçilik münasibəti bəslədikləri azərbaycanlıların yaşadıqları Şəfəq, Zeyvə, Ballıqaya, Todan və Gürzalılar kəndləri barədə yazmaq, həmin yaşayış məskənlərində abadlıq, quruculuq işlərinin gedişi ilə maraqlanmaq idi.

Rayon icra hakimiyyətinin başçısı Elşən Abasovun həyata keçirdiyi mühüm işlər barədə söylədikləri qəlbimi iftixar hissi ilə doldurdu: “Ölkə Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi strategiya ölkəmizdə möhkəm iqtisadi-siyasi sabitlik, milli birlik formalaşdırmışdır. Bu düzgün strategiya hesabına bütün ölkə üzrə iqtisadi dirçəlişə nail olunması, əhalinin rifah halının yaxşılaşdırılması sahəsində möhtərəm Prezidentimizin atdığı qətiyyətli addımlar xalqımız tərəfindən qürur və rəğbət hissi ilə qarşılanır. Ölkəmizin bütün regionlarında qeyri-neft sektorunda ardıcıl surətdə nəhəng layihələr reallaşır. ”Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)” çərçivəsində ölkə Prezidentinin göstərişi ilə xammalı Goranboy rayonundan çıxarılan gips daşı emal edən, eyni zamanda, gips məmulatları istehsal edən gips-karton və gips zavodları inşa edildi. Eyni zamanda, “Türk Yapı Sənaye” MMC-nin gips zavodu, “Elmir” MMC-nin nəzdində fəaliyyət göstərən gips zavodu tikilib istifadəyə verildi.

Elşən müəllim bildirir ki, Goranboy rayonunda 22 sənaye müəssisəsi fəaliyyət göstərir. Eyni zamanda, rayonumuzda iqtisadiyyatın əsas aparıcı sahəsi olan kənd təsərrüfatı da, digər sahələr kimi, uğurla inkişaf edir.

Ölkəmizdə aqrar sahənin daha da inkişaf etdirilməsi ilə əlaqədar olaraq respublika Prezidenti cənab İlham Əliyevin 23 yanvar 2007-ci il tarixli sərəncamına əsasən, kənd təsərrüfatı əkin sahələrinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına yardım verilməsi və “Aqrolizinq” ASC və digər hüquqi və fiziki şəxslər tərəfindən kənd təsərrüfatı məhsullarının istehsalçılarına mineral gübrələrin güzəştli satılması, taxıl istehsalçılarına pul yardımının verilməsi sahənin dirçəlişinə gətirib çıxarmışdır.

Respublika Prezidentinin cari ilin avqustunda imzaladığı sərəncam dövlətin kənd təsərrüfatının daha da inkişaf etdirilməsinə göstərdiyi qayğının yeni təzahürü kimi böyük əhəmiyyət kəsb edir. Aqrar sahənin tərəqqisi üçün dövlət tərəfindən 25 milyon manat vəsaitin ayrılması, keyfiyyətli, məhsuldar toxumçuluq və cins mal-qara təsərrüfatlarının yaradılması, mineral gübrələrin əldə olunması məqsədilə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi kənd təsərrüfatının inkişafına böyük təkan verəcəkdir. Fermerlər tərəfindən alınan mineral gübrələrin dəyərinin 70 faizinin, habelə cins heyvandarlıq və toxumçuluq təsərrüfatlarının yaradılması üçün lazım olan vəsaitin 50 faizinin dövlət tərəfindən ödənilməsi kənd təsərrüfatı sahəsində misilsiz tərəqqi deməkdir.

İcra başçısının bu fikirlərini də cib dəftərçəmə köçürürəm: “Qarşımızda görüləsi böyük işlər, qlobal vəzifələr durur. Və çalışırıq ki, bu vəzifələri həll etməklə ölkə Prezidentinin göstərdiyi böyük etimadı doğruldaq. Heç kəsə sirr deyil ki, hərtərəfli inkişaf tikintidən, quruculuq, abadlıq işlərindən keçir. Məhz buna görə də biz Goranboy rayonunda növbəti 5 ildə reallaşdırmaq istədiyimiz işlərin “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə davamlı inkişafına dair Dövlət Proqramı”na daxil edilməsi təklifi ilə çıxış etmişik. Regionda tikintinin inkişafına təkan vermək məqsədilə tikinti materialları istehsalının genişləşdirilməsi, yeni tikinti materialları yataqlarının axtarışı bizim qarşıdakı illərdə görəcəyimiz əsas işlərdəndir”.

 

Əli VƏKİL, şair

 

Xalq qəzeti.-2008.- 25 dekabr.- S.8.