Uğurlu islahatlar dövlət idarəetmə
sistemini daha da təkmilləşdirir
Azərbaycan
Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik
Akademiyasında “Müasir dövrdə Azərbaycan
Respublikasında aparılan islahatlar və dövlət idarəetmə
sisteminin təkmilləşdirilməsi” mövzusunda “dəyirmi
masa” keçirilmişdir.
Akademiyanın rəhbər kadrların ixtisasının artırılması fakültəsi tərəfindən təşkil olunmuş tədbiri DİA-nın rektoru professor, əməkdar elm xadimi Seyfəddin Qəndilov açaraq “dəyirmi masa”nın çox aktual bir mövzuya həsr olunduğunu diqqətə çatdırmışdır. Belə tədbirlərin böyük əhəmiyyət kəsb etdiyini deyən rektor müdavimlərin dövlət idarəetməsi ilə əlaqədar nəzəriyyə və təcrübəyə əsaslanan bilikləri mənimsəmələrini xüsusi vurğulamışdır.
S.Qəndilov son illər Azərbaycanda aparılan islahatlar və dövlət idarəetmə sisteminin təkmilləşdirilməsinin, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş milli dövlətçilik strategiyasının uğurla davam etdirildiyini xüsusi qeyd etmişdir. Rektor bildirib ki, böyük tarixi şəxsiyyət Heydər Əliyev siyasi məktəbinin ən layiqli yetirməsi olan möhtərəm Prezidentimiz İlham Əliyevin idarəetmə məharəti, bütün sahələr üzrə apardığı məntiqli islahatlar, milli dövlətçilik konsepsiyası və strategiyasını yeni çalarla zənginləşdirməsi Azərbaycanı dünyanın diqqət mərkəzində olan lider dövlətə çevirib. Hazırda müstəqil dövlətimiz Avropa və dünya birliyi üçün əhəmiyyətli ölkələrdən biridir. Möhtərəm Prezidentimizin dövlət idarəçiliyində ulu öndər Heydər Əliyev siyasətinə böyük üstünlük verməsi, qabaqcıl təcrübəni və gənclərin qüvvəsini yüksək qiymətləndirməsi bu gün öz gözəl nəticəsini görtərməkdədir. Azərbaycan təkcə regionda yox, dünyada lider dövlətə çevrilməkdədir.
Sonra fakültənin dekanı Natiq Qarayev müdavimlərin mövzu ilə əlaqədar məruzələr hazırladıqlarını diqqətə çatdırdı. Müdavimlərdən Həmid Həbibovun, “Azərbaycanın milli dövlətçilik konsepsiyası və strategiyası”, Qalib Rzayevin “Dövlətin idarəçilik sisteminin təkmilləşdirilməsi”, Fətəli Yəhyayevin “İdarəetmə sistemində kadr islahatları”, Elnur Əliyevin “Dinamik inkişafa, vətəndaş cəmiyyətinə xidmət edən islahatlar”, Rəşad Abbasovun “Dövlət idarəetmə sistemində informasiya texnologiyalarının tətbiqi” və Emil Fərzəliyevin “Yerli özünüidarəetmə sahəsində dövlət siyasəti” mövzusunda məruzələri dinlənilmişdir.
Tədbirdə iştirak edən akademiyanın dosenti Roza Əliyeva, professor Tofiq Rəsulov və dosent Eldar Azadov müdavimlərə öz dəyərli məsləhətlərini vermiş, gələcəkdə öz işlərində daha tutarlı faktlara əsaslanmalarını tövsiyə etmişlər. Alimlərimiz belə tədbirlərin keçirilməsini yüksək qiymətləndirmiş, gənc nəslə dövlət idarəetmə sistemində aparılan müsbət nəticələr barədə vaxtaşırı məlumat verilməsinin, gənclərin bu ruhda yetişmələrinin vacibliyini qeyd etmişlər.
Əliqismət BƏDƏLOV
Xalq qəzeti.-2008.-25 dekabr.- S.9.