Barak Obama və maliyyə böhranı

 

ABŞ-da prezident seçkilərində qalib gəlmiş Barak Hüseyn Obama yanvarın 20-də səlahiyyətlərinin icrasına başlayacaq. İndi hamını belə bir sual maraqlandırır: Barak Obama dünyanın bir nömrəli iqtisadiyyatına sahib dövlətin lideri kimi bütün ölkələri cənginə almış böhrana qalib gələcəkmi? ABŞ çoxdan gözlənilən dəyişikliklərə açılacaqmı? Yoxsa oturuşmuş sistem qaradərili prezidentin vədlərini yerinə yetirməyə imkan verməyəcək? Bütün bu suallara birmənalı cavab vermək çətindir. Təbii ki, dəyişiklik vədiylə çıxdığı yolda Barak Obamanı çətinliklər gözləyir, amma dəyişikliklərin olacağı heç kimdə şübhə doğurmur. O ki qaldı maliyyə böhranına, onu qeyd etmək olar ki, dünya maliyyə böhranına təkbaşına qalib qəlmək mümkün olmayacaq. Bunu Barak Obama da yaxşı anlayır. Bizim də anlamağımız vacibdir.

Beləliklə, ABŞ növbəti 4 ilini Barak Obamanın hakimiyyəti altında keçirəcək. Onun təkcə qaradərili olması növbəti prezidentlik müddətinin tarixə düşməsinə kifayət edir. Son 400 ildə ilk dəfə ABŞ-da qaradərilinin ölkə başçısı seçilməsi, təbii ki, hadisənin tarixi dəyərini yüksəldir. Ancaq Barak Obama yalnız dərisinin rənginin fərqlənməsilə amerikalı seçicinin səsini qazanmadı. Seçki kampaniyasına “dəyişiklik” şüarıyla qatılan Barak Obama amerikalılara “Amerika arzusu”nu qaytaracağını vəd etdi. Son 8 ildə İraq və Əfqanıstan əməliyyatlarıyla beynəlxalq imici zədələnmiş ABŞ-da buna böyük ehtiyac duyulur. Səsini adı sıravi amerikalının qulağına uyuşmayan namizədə vermiş vətəndaşın dəyişikliklər arxasınca qaçması 4 noyabr seçkilərinin taleyini demokratların xeyrinə həll etdi. Lakin indi dünyanın siyasi və maliyyə dairələrində baş sındırırlar: dünyanı cənginə almış maliyyə böhranı fonunda Barak Obama seçki proqramının ana postulatlarını yerinə yetirə və maliyyə böhranının nəticələrini aradan qaldıra biləcəkmi?

Bu suala cavab verməzdən öncə baş vermiş maliyyə böhranının anatomiyasını araşdırmaq vacibdir. İlk növbədə böhranın geosiyasi spesifikasına nəzər yetirmək lazımdır. Bunu yaxşı anlamaq üçün indiki böhranı 1997-ci ildə baç vermiş beynəlxalq maliyyə böhranıyla müqayisə etmək zəruridir. Məlumdur ki, 1997-ci il böhranı Cənub-Şərqi Asiya korporativ sektorunda baş vermişdi. Oradan da Rusiyaya, Braziliyaya, Meksikaya, Türkiyəyə və digər inkişaf etməkdə olan ölkələrə yayılmışdı. Amma o zaman böhranı dünya statuslu yox, beynəlxalq statuslu adlandırmışdırlar. Yəni 1997-ci il böhranı total xarakter daşımamış və bütün dünya ölkələrinə yayılmamışdı. Bundan başqa, 1997-ci il böhranı dünya iqtisadiyyatını 2 seqmentə bölmüşdü, yəni iqtisadi artım problemi yaşayan ölkələr bu böhrandan daha da ciddi zərər görmüşdü, digər ölkələr, daha dəqiq desək, inkişaf etmiş ölkələrsə, əksinə, böhrandan artım üçün əlavə impuls kimi yararlanmışdı. Belə demək olarsa, həmin müddətdə “mərkəz-əyalət” modeli realizə olunmuşdu.

İndiki böhransa başqa spesifikaya malikdir. Hər şeydən öncə onun mənbəyi hansısa Asiya ölkəsində yox, dünyanın ən qüdrətli ölkəsində—ABŞ-da yerləşir. Məhz okeanın o tayında baş vermiş maliyyə böhranı bütün dünya bazarlarına ildırım sürətilə yayıldı. 1997-ci il böhranından fərqli olaraq, 2008-ci il böhranı bütün dünyanı ağuşuna aldı və dünya maliyyə böhranı statusunu qazanmaqda gecikmədi. Beləliklə, 1997-ci il maliyyə böhranı inkişaf etməkdə olan ölkələrdən yayılmışdısa, 2008-ci il maliyyə böhranının mənbəyi rolunda inkişaf etmiş ölkələr çıxış etdi. Bununla da “mərkəz-əyalət” modeli indiki böhranda işləmədi, yəni dünya kapitalının qaçacağı yer qalmadı. Buna müvafiq olaraq da böhranın nəticələri daha gözlənilməz xarakter alır.

Təbii ki, indiki böhran nə ilk, nə də sonunsu olacaq. Artıq belə bir fikir də aksioma çevrilib ki, müasir dünya iqtisadiyyatı ard-arda sıralanmış maliyyə böhranları sayəsində inkişaf edir. Yəni maliyyə bazarlarında qiymət şişirdilməsi nəticəsində böhran baş verir və dünya arzuolunmaz mənzərənin şahidinə çevrilir. Lakin belə böhranların bəzən başqa tərəfi ortaya çıxır. Belə ki, qiymətlərin sabun köpüyü kimi şişərək sonradan partlaması qısa zaman ərzində kapitalı müəyyən sektorda mobilizə etmək imkanı yaradır ki, bu da həmin sektorların sürətlə inkişaf etməsinə səbəb olur. Bəs, o zaman problem nədədir? Problem ondadır ki, bütün “sabun köpükləri” sahəvi xarakter daşıyır, yəni onlar total təsir zonasına malik olmurlar, ancaq müəyyən sektorlara təsir göstərirlər. Təsir zonasına düşən yeni və qabaqcıl sektorlardırsa, o zaman “sabun köpükləri” yeni bazarların sürətli “işğalına” imkan yaradır. Bu da öz növbəsində cəmiyyətin ümumi maraqlarına cavab verir. Lakin “köpüklər” köhnə və mühafizəkar bazarlara toxunursa, o zaman onlar kapitalı perspektivsiz istiqamətlərə yönəldərək, iqtisadiyyatda destruktiv rol oynamağa başlayır.

Yəqin 2001-ci ildə yüksək texnologiya sektorunda baş vermiş dünya böhranını xatırlayırsınız. O zaman bu sahədə müşahidə edilmiş “köpüklər” yeni sahələrə və fəaliyyət növlərinə yayılmışdı. Doğrudur, o zaman bir çox şirkətlər və ayrı-ayrı sərmayədarlar müflis olmuşdular, lakin böhranın yüksək texnologiya sahəsində yeniliklərə yol açması da sirr deyil. 20 il öncə ucuz fərdi kompyuterlər, mobil əlaqəsi və internet arzu kimi qəbul edilirdi, lakin indi sadaladıqlarımız müasir insanın həyat normasına çevrilib. Bu baxımdan 2001-ci il böhranını konstruktiv hesab etmək olar. Lakin indiki böhran özündə heç bir yeniliyi daşımayan və ənənəvi sektor hesab edilən mənzil-tikinti sahəsində baş verib. Prinsipcə inkişaf etmiş ölkələrdə mənzil bazarı çoxdan formalaşıb və pis də fəaliyyət göstərməyib. Lakin ənənəvi bazarlarda süni qiymət şişirdilməsinə getmək özündə böyük risk daşıyır və heç zaman konstruktiv sayıla bilməz. Buna görə də, ABŞ-da mənzil-tikinti sahəsində qiymət şişirdilməsi sərhədi aşdı və nəticədə hamı böhranın acı “simasını” gördü və bu dəfə irəliyə yox, geriyə addım atıldı.

Mütəxəssislərin əksəriyyəti indiki böhranın fundamental səbəblərinin ABŞ-da siyasi hakimiyyətin müasir çağırışlara adekvat reaksiya verə bilməməsində görürlər. Belə düşünməyin əsasları da var. Axı, indiki böhran birdən-birə baş vermədi. ABŞ maliyyə bazarında hadisələrin xronologiyası göstərir ki, böhran hər an baş verə bilər. Belə olduğu halda qabaqlayıcı tədbirlər həyata keçirilə bilməzdimi? Mütəxəssislərin fikrincə, böhranın qarşısını almaq olardı. Sadəcə, Ağ evin siyasi prioritetində iqtisadi problemlərin həll edilməsi məsələsi dayanmadığından böhranın qarşısı alınmadı. Bundan başqa, ABŞ hökümətinin elan etdiyi “Hamının evi olmalıdır” şüarı da okeanın o tayında mənzil-tikinti bazarında atmosferi qızışdırırdı. Göründüyü kimi, siyasi prioritetlərin düzgün müəyyənləşdirilməsi həyatı əhəmiyyət daşıyır.

Təbii ki, günahı təkcə ABŞ-da axtarmaq düzgün olmazdı. Böhran kollektiv fəaliyyətin nəticəsində baş verib. Yəni okeanın bu tayındakılar, daha dəqiq desək, Avropada nəyi gözləyirdilər? Cavab sadədir: avropalılar da amerikalılar kimi “köpük” üfürürdülər. Uzun zaman ABŞ digər ölkələr üçün etalon rolunu oynadığından Avropada da amerikalılarn hərəkətlərini kopiyalamaqla məşğul olublar. Bir sözlə, avropalılar da amerikalı sərmayədarların addımlarını təqib edirdilər. Halbuki Avropa kapitalını yeni bazarlara yatırmaqda cərbəst idi. Ancaq onlar da dəbə uyğun hərəkət olunmasını daha məqbul saydılar. Amma burada bir məqama diqqət yetirmək lazımdır: böhran baş verdikdə ABŞ fond birjalarında 32 faiz ucuzlaşma müşahidə olundu. Halbuki bu rəqəm Çində 64 faiz, Rusiyada 73 faiz təşkil etdi. Buradan belə nəticəyə gəlmək olur ki, “köpüklərin” sürətli şişirdilməsində təkcə ABŞ günahkar deyil.

Yuxarıda qeyd etdik ki, böhranın baş verməsinin əsas səbəbi dünya kapitalının səhv istiqamətlərə yönəldilməsindədir. Bəs, nəyə görə ünvanı səhv saldılar? Bəzi mütəxəssislər cavabı insan psixologiyasında axtarmağı məsləhət görürlər. Yəni böhranın baş verməsinə təkan verən səbəblərdən biri də iqtisadi agentlərin psixoloji transmutasiyasıdır. Bu prosesə də dünyada rifahın artması təkan verib. Yəni rifah halının artması istehlakçının sərmayadara çevrilməsinə şərait yaradıb. Burada nəsə pis olan bir şey varmı? İqtisadi ədəbiyyatda sərmayədarla istehlakçı arasındakı fərq aydın şəkildə izah edilir. Belə ki, sərmayədar cari xərclərdən imtina edir və gələcəkdə gəlir gətirəcək layihələrə kapital yatırır. İstehlakçılarısa gələcək maraqlandırmır, onlar pullarını bu gün xərcləyirlər. Bunlar tamamilə fəqrli psixologiya və fərqli iqtisadi strategiyalardır. Lakin istehlakçının gəliri atrdıqca əlavə vəsait yaranır və bu pulları hansısa sahəyə yatırmaq ehtiyacı meydana çıxır. Bu zaman istər-istəməz istehlakçı sərmayədara çevrilir və davranış strategiyasını dəyişir. Qısası, proses belə inkişaf edir: bazar qanunlarından xəbərsiz olan vətəndaşlar fond birjasına gələrək müxtəlif şirkətlərin səhmlərini alırlar. Belə sərmayədarlarınsa səhv etmələri təəccüb doğurmur.

Lakin burada ikinci vacib amil ortaya çıxır. Həvəskar-sərmayədarın olması maliyyə bazarı üçün o qədər də təhlükəli olmaya bilər. Proses o zaman eybəcər xarakter alır ki, həvəskar-sərmayədar spekulyant-sərmayədara çevrilir. Spekulyantınsa əsas məqsədi qısa zaman ərzində gəlir götürməkdən ibarətdir. Mənzil-tikinti sektorunda müşahidə edilən artıma görə bu sahənin səhmlərilə janqlyorluq edən spekulyantlar son anda maliyyə böhranının baş verməsini sürətləndirdilər. Təbii ki, istənilən bazarda spekulyant var. Lakin inkişaf etmiş ölkələrin bazarlarında daha çox normal strategiyanı təqib edən sərmayədarlar üstünlük təşkil edirlər. Amma bu da bir həqiqətdir ki, spekulyantların sayı sərmayədarların sayını üstələyirsə, o zaman maliyyə bazarı gözlənilməz inkişaf trayektoriyasına qədəm qoyur. Yəni bazar da spekulyativ olur. Belə görünür, böhran ərəfəsində ABŞ bazarlarında üstünlük daha çox spekulyantlar tərəfində olub. Bir daha qeyd etmək lazımdır ki, spekulyantlar təkcə ABŞ-da hökmranlıq etməyiblər. Avropa və Asiya birjalarında da tez gəlir götürmək istəyənlərin sayı çox olub. Bəs, bununla bağlı nə etmək lazımdır? Birmənalı cavab vermək çətindir.Aydın olan budur ki, bu gün altruizm kimi fəlsəfi keyfiyyət tələb olunur. Lakin etiraf etmək lazım gəlir ki, 21-ci əsrdə bu keyfiyyətə tələb aşağı səviyyədədir, daha doğrusu, dəbdə deyil. Bir sözlə, böhran sivil xarakter daşıyır və onun aradan qaldırılması müasir səmayədarın indiki mental modelində prinsipial dəyişikliklərin olunmasını tələb edir. Burada gəlirlərin düzgün bölüşdürülməməsi amilini də unutmaq olmaz. Birinin ayda 20 milyon dollar, digərininsə ildə 20 min dollar qazanması, xüsusilə də bərabər imkanlar şəraitində, asan pul arxasısnca qaçanların sayını artırır. Bölüşdürmə sistemində baş vermiş bu əyrilik stimullaşdırma və motivasiya kimi vacib amillərin əhəmiyyətini aşağı salır. Belə bir şəraitdə mental modeldə hansısa dəyişikliyin ola biləcəyini gözləmək çoxları üçün yolverilməzdir. Bu cür halların baş verməsi də istənilən cəmiyyətin lokomotivi funksiyasını daşıyan orta sinfə ağır zərbələr vurur. Nəticədə meydanda ancaq daha varlı və daha kasıb təbəqələrin nümayəndələri qalırlar. Təbii ki, belə sosial strukturda sabit iqtisadi inkişaf mümkün deyil və böhran qaçılmazdır. Kapitalizmin tarixi göstərir ki, sosial və iqtisadi inkişaf yalnız orta təbəqəsi güclü olan ölkələrdə müşahidə edilib. Əks təqdirdə böhran və rihaf halının aşağı düşməsi dönməz xarakter alır.

Beləliklə, yazdıqlarımız qısa da olsa, indiki böhranın anatomiyasına nəzər yetirə bildik. Bunlardan göründüyü kimi, Barak Obama seçki proqramının ana postulatlarını yerinə yetirmədə və maliyyə böhranının nəticələrini aradan qaldırmaqda çətinliklərlə üzləşəcək. Qeyd etdiyimiz kimi, böhranın aradan qaldırılması yeni hökumətin siyasi və iqtisadi prioritetlərində vurğuların düzgün qoyulmasından asılı olacaq. Bu prosesə yeni hökumətin “ağırlığı” da təsir göstərəcək. Barak Obamanın açıqladığı kabinetsə yetərincə “ağırdır”. Hətta onu gənc Obamanın “ağ saçlı” höküməti adlandıranlar da var. Cozef Bayden, Hillari Klinton, Lourens Sammers, Robert Qeyts, Ceyms Cons və digər təcrübəli simalar yeni prezidentə vədlərini yerinə yetirməkdə kömək edəcəklər. Lakin yeni prezident vədlərini yerinə yetirməkdə bir qədər tələsməyəcək. Çünki böhranın aradan qaldırılması sistemli və tarazlaşdırılmış addımların atılmasını tələb edir ki, bu da vaxt və zaman aparacaq. Bundan başqa, Barak Obama Amerikanın sistemli böhranlara dirəniş gücünü tükətmiş İraq və Əfqanıstan əməliyyatlarına dərindən nəzər salmalıdır. Belə görünür, yeni prezident dünyanın siyasi palitrasını toza bürümüş layihələrlə bağlı qəti qərar qəbul edəcək. Onun “Ölkə vergiödəyicilərin milyardlarla dollarını xərcləyən sistemi dəsləkləyə bilməz” sözlərini də dediklərimizin təsdiqi kimi göstərmək olar. Böhranın aradan qaldırılması həm də inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrin atacaqları addımlarla dünya maliyyə sisteminin normal məcraya yönəlməsinə töhfələrini vermiş olacaqlar. Məhz o zaman uduzan tərəfin kim olacağı aydınlaşacaq.

 

Səbuhi MƏMMƏDOV

 

Xalq qəzeti.-2008.-25 dekabr.- S.10.