İnsan alverinə qarşı mübarizə dövlətin hüquq-mühafizə

siyasətinin prioritet istiqamətlərindəndir

 

Azərbaycan unitar bir dövlətdir və ölkə başçısı cənab İlham Əliyev ümummilli liderimiz Heydər Əliyevin müəyyən etdiyi siyasi kursu uğurla davam etdirir. Məhz bunun sayəsindədir ki, ölkəmizdə insan hüquqlarının təminatlı müdafiəsinə getdikcə daha mükəmməl formada nail olunur. Bu sahədə isə ilk növbədə qanunların aliliyi, hər növ cinayətkarlığa qarşı barışmaz mübarizə öndə durur. Azərbaycan Prezidenti cənab İlham Əliyevin də hüquq-mühafizə orqanları qarşısında qoyduğu ən mühüm vəzifə bunlardır.

Elə təhlükəli transmilli cinayətlər var ki, ona qarşı səmərəli mübarizə ayrı-ayrı dövlətlərin birgə mübarizəsi sayəsində mümkün olur. Bu baxımdan da ölkəmiz digər sahələrdə olduğu kimi, cinayətkarlığa qarşı mübarizədə də beynəlxalq konvensiyalara, müqavilələrə qoşulub. Odur ki, hər növ cinayətkarlığa qarşı ölkəmizdə səmərəli mübarizə var və kriminogen durum daim ciddi nəzarət altındadır.

Müasir dünyada insan və vətəndaş hüquqlarını ən ciddi şəkildə pozan, təhlükəsizliyinə təhdidlər yaradan, geniq miqyaslı problemə çevrilən insan alveri qul alverinin yeni tipi, köləliyin müasir formasıdır. Cinayətkarlar cəmiyyətin ən zəif fərdləri — qadınlar və uşaqların hesabına asan qazanc əldə etməyə üstünlük verir, qurbanlarını müxtəlif yollarla aldadaraq cinsi istismara və məcburi əməyə cəlb edirlər.

Bu gün Azərbaycanda insan alverinə qarşı mübarizə, o cümlədən qadın və uşaqların məcburi əməyə cəlb olunması, cinsi istismara məruz qalması kimi hüquqazidd əməllərə son qoyulması dövlətin hüquq-mühafizə siyasətinin prioritet istiqamətlərindəndir. Məhz buna görə də kifayət qədər formalaşdırılmış hüquqi bazamız mövcuddur.

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2004-cü il 6 may tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Fəaliyyət Planı”nda nəzərdə tutulmuş tədbirlər 2008-ci ildə ardıcıl və uğurla həyata keçirilmişdir.

İnsan alveri probleminin aktuallığı nəzərə alınmaqla hazırda aidiyyəti dövlət qurumlarının, beynəlxalq və qeyri-hökumət təşkilatları numayəndələrinin iştirakı ilə insan alveri qurbanlarının Milli İstiqamətləndirmə Mexanizmlərinin yaradılmasına dair tədbirlər görülür. Eyni zamanda, beynəlxalq qurumların tövsiyələri nəzərə alınmaqla yeni Milli Fəaliyyət Planının hazırlanması yönümündə iş aparılır. Milli Fəaliyyət Planına uyğun olaraq insan alverinin profilaktikası, bu cinayətlərin doğurduğu təhlükələr barədə cəmiyyətin hərtərəfli məlumatlandırılması və maarifləndirilməsi üzrə müəyyən işlər görülmüşdür.

“Azərbaycan Respublikasında İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Fəaliyyət Planı”nın iştirakçısı olan Ədliyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi, Səhiyyə, Gənclər və İdman, Milli Təhlükəsizlik, Təhsil, Mədəniyyət və Turizm nazirliklərinin, Dövlət Sərhəd Xidməti, Dövlət Gömrük, Ailə, Qadın və Uşaq Problemləri üzrə dövlət komitələrinin əməkdaşlarından ibarət yaradılmış işçi qrup tərəfindən bu çoxşaxəli məsələnin həllinə kompleks şəkildə yanaşılır.

Ölkəmizin qanunvericilik bazasının beynəlxalq sənədlərə uyğunlaşdırılması üzrə tədbirlər çərçivəsində bu ilin fevral ayında “İnsan alveri qurbanlarının dərhal və maneəsiz xüsusi polis qurumuna təhvil verilməsi “Qaydaları” hazırlanaraq Nazirlər Kabinetinin 2008-ci il 1 fevral tarixli, 21 nömrəli qərarı ilə təsdiq olunmuşdur. İnsan alverinə qarşı mübarizə üzrə yeni Milli Fəaliyyət Planı və İnsan alveri qurbanlarının Milli İstiqamətləndirilməsi Mexanizmlərinin həyata keçirilməsi Qaydaları"nın layihəsi hazırlanmış və insan alverinə qarşı mübarizə üzrə işçi qrupun üzvləri olan dövlət qurumları, mötəbər beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəlikləri və bir sıra qeyri-hökumət təşkilatları ilə 2008-ci il 11 dekabr tarixdə müzakirə edilmişdir.

2008-ci ilin ötən dövrü ərzində həyata keçirilmiş əməliyyat-profilaktik tədbirlər nəticəsində insan alverinə qarşı mübarizə sahəsində 390 cinayət faktı qeydə alınmış, 348 şəxs cinayət məsuliyyətinə cəlb edilmiş və insan alveri qurbanı olan 78 nəfər müəyyən olunmuşdur. Qurbanların sayı əvvəlki illərlə müqayisədə çoxdur. Bu, insan alverinə qarşı ölkəmizdə aparılan sistemli mübarizənin, o cümlədən zərərçəkmişlərin bilavasitə ünsiyyətdə olduqları qeyri-hökumət təşkilatlarına və aidiyyatı dövlət orqanlarına inamlarının nəticəsidir.

Qeydə alınmış cinayətlərdən 76-sı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin insan alveri (144-1-ci), 1-i məcburi əmək (144-2-ci), 115-i fahişəliyə cəlb etmə (243-cü), 174-ü əxlaqsızlıq yuvaları saxlama (244-cü), 10-u yetkinlik yaşına çatmayanı fahişəliyə cəlb etmə (171-ci), 6-sı seksual xarakterli hərəkətlərə məcbur etmə (151-ci), 7-si pornoqrafik materialları qanunsuz yayma (242-ci), 1-i özgə uşağını dəyişmə (172-ci) maddələri üzrə olmuşdur.

2008-ci ilin ötən dövründə sığınacağa yerləşdirilmiş 52 nəfərdən əksəriyyəti cəmiyyətə reinteqrasiya olunmuş, 7-si işlə təmin edilmiş, 3 nəfər peşə kurslarına göndərilmişdir. Həmçinin, 9 qurbana cinayət nəticəsində dəymiş maddi ziyan məhkəmə proseslərində ödətdirilmişdir. Respublika hökumətinin 2006-cı il 17 iyun tarixli 152 nömrəli qərarına əsasən insan alverindən zərər çəkmiş 41 nəfərə reinteqrasiya dövründə müavinətlər verilmişdir.

DİN-in rəhbərliyinin və İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatorun BMT, BMqT (Beynəlxalq Miqrasiya Təşkilatı) və ATƏT kimi mötəbər beynəlxalq təşkilatların nümayəndələri, xüsusən, ABŞ Dövlət Departamentinin beynəlxalq insan alverinə dair hesabatlarının hazırlanması şöbəsinin Cənubi Qafqaz üzrə məsul əməkdaşı Cenifer Doneli, Pakistan İslam Respublikasının Baş Kəşfiyyat Xidmətin direktorunun müavini Məhəmməd Mustafa Xan, BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin regional məsləhətçisi Xayder Mili, ATƏT-in insan alverinə qarşı xüsusi nümayəndəsi Yeva Biode və b. nümayəndələrlə görüşlər keçirilmiş, insan alverinə qarşı mübarizənin mövcud vəziyyəti, qurbanların müdafiəsi, QHT-lərlə əməkdaşlıq və digər məsələlər barədə fikir və məlumat mübadiləsi aparılmışdır.

Cinayətkarlığa qarşı mübarizə işində səmərəliliyə nail olmaq üçün maarifləndirməyə xüsusi diqqət yetiririk. 2008-ci ilin ötən dövründə 30-dan çox qeyri-hökumət təşkilatı ilə qarşılıqlı əlaqədə iş aparılmışdır. İnsan alveri cinayətlərinin baş vermə səbəb və şəraitini araşdırmaq, əhalinin, yerli icra nümayəndəliklərinin, bələdiyyələrin və ərazi polis orqanlarının maarifləndirilməsi məqsədilə qeyri-hökumət təşkilatlarının yaxından iştirakı ilə respublikanın 70 şəhər və rayonunda seminar-müşavirələr, məşğələlər təşkil olunmuşdur. Sığınacaqda xidmət edən qeyri-hökumət təşkilatlarının əməkdaşları üçün təlimlər keçirilmişdir. Sığınacağa yerləşdirilən şəxslərin cəmiyyətə reinteqrasiyası, işlə təmin edilməsi, cinayət nəticəsində onlara dəymiş maddi ziyanın ödətdirilməsi, reinteqrasiya dövründə müavinətlər verilməsi, “Qaynar xətt”ə daxil olan müraciətlərin hər biri üzrə ətraflı araşdırmalar aparılıb adekvat tədbirlərin görülməsi kimi vacib məsələlər də nəzarətdə saxlanılır.

İnsan alveri cinayətlərinin profilaktikası baxımından mətbuatla qarşılıqlı əlaqələrin yaradılması, kütləvi informasiya vasitələri ilə maarifləndirmə proqramlarının həyata keçirilməsi ön plana çəkilmişdir. Ötən müddət ərzində əldə olunmuş müsbət nailiyyətlər bir sıra mətbuat və digər informasiya vasitələrinin diqqətini çəkmiş, insan alverinə qarşı mübarizə sahəsində görülmüş işlərlə bağlı müsahibələr verilmiş, ölkənin bir sıra televiziya kanallarında insan alveri ilə bağlı ayrı-ayrı cinayət hadisələrinə dair videosüjetlər, eləcə də cinayət işlərinin istintaqının materialları əsasında qısametrajlı film çəkilərək nümayiş etdirilmiş, habelə cinayətlərin profilaktikası məqsədilə maarifləndirici vasitələr, bukletlər hazırlanaraq dövlət, qeyri-hökumət qurumlarının, beynəlxalq təşkilatların nümayəndələrinə təqdim edilmiş, habelə respublika ərazisində paylanmışdır. İdarənin və “Təmiz Dünya” qeyri-hökumət təşkilatının birgə təşəbbüsü ilə bir sıra televiziya kanallarında insan alverinin profilaktikası ilə əlaqədar reklam çarxları nümayiş etdirilmişdir. Müvafiq səlahiyyətli orqanların əməkdaşları insan alverinə qarşı müxtəlif mövzular üzrə təhsil müəssisələrində çıxışlar etmişlər.

Daxili işlər naziri Ramil Usubov bizim fəaliyyətimizi daim diqqətdə saxlayır, qarşılaşdığımız problemlərin həllinə kömək edir, işimizə yüksək tələbkarlıqla yanaşır. Məhz bu səbəbdən insan alverinə qarşı mübarizə işi ölkəmizdə gündən-günə daha səmərəli olur. İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşlarının professional səviyyəsinin artırılmasına, qabaqcıl təcrübənin öyrənilməsinə böyük önəm verilərək onlar Avstriya, Finlandiya, Polşa, Fransa, Ukrayna, Estoniya və Türkiyə Respublikasında keçirilən seminar və konfranslarda, Avropa İttifaqının maliyyə dəstəyi ilə Beynəlxalq Əmək Təşkilatı, ATƏT və Miqrasiya Siyasətinin Formalaşması üzrə Beynəlxalq Mərkəz, habelə ABŞ-ın Azərbaycan Respublikasındakı səfirliyi tərəfindən təşkil olunmuş təlim və treninqlərdə iştirak etmişlər.

“Azərbaycan Respublikasının Avropaya İnteqrasiyası üzrə Dövlət Komissiyasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 iyun tarixli sərəncamına əsasən, Azərbaycan hökuməti tərəfindən yaradılmış və Milli Koordinatorun həmsədr olduğu, hüquq-mühafizə və digər dövlət qurumlarının vəzifəli əməkdaşlarından ibarət “Miqrasiya, insan alveri, qaçqınlar və məcburi köçkünlər üzrə işçi qrupu”nun bu il fevralın 29-da, oktyabr və dekabr aylarının 3-də Daxili İşlər Nazirliyində növbəti iclasları keçirilmiş, “Avropa İttifaqı-Azərbaycan Fəaliyyət Planı” çərçivəsində aidiyyəti prioritet sahələr üzrə müəyyən edilmiş öhdəlik və vəzifələrin icrası ilə bağlı qrupa daxil olan qurumlar tərəfindən görülmüş işlər və mövcud problemlərin həlli yolları müzakirə olunmuşdur.

İnsan Alverinə Qarşı Mübarizə İdarəsində ABŞ səfirliyinin əməkdaşları ilə keçirilən görüşdə insan alverinin qurbanları üçün sığınacağın və “Qaynar xətt” xidmətinin əməkdaşları üçün təlimlərin keçirilməsi nəzərdə tutulmuş və idarə əməkdaşları BMqT-nin maliyyə dəstəyi ilə noyabr ayının 4-8-də Ukraynada, 19-23-də isə Türkiyə Respublikasında keçirilən təlimlərdə iştirak etmişlər.

İnsan alverinə qarşı mübarizədə iştirak edən qeyri-hökumət təşkilatları şəbəkəsinin, eləcə də “Antitraffikinq” adlanan yeni internet saytının yaradılması nəzərdə tutulur.

İnsan alveri cinayətlərinin araşdırılmasının məsələyə spesifik yanaşma tələb etməsi baxımından hakimlərin və dövlət ittihamçılarının maarifləndirilməsi, onların hazırlıq səviyyələrinin artırılması istiqamətində beynəlxalq tərəfdaşlarla birgə zəruri tədbirlər həyata keçirilmişdir. Belə ki, 12-13 may 2008-ci il tarixlərdə Apellyasiya Məhkəməsində Avropa İttifaqının maliyyə dəstəyi ilə Beynəlxalq Əmək Təşkilatı (BƏT), ATƏT və Miqrasiya Siyasətinin Formalaşdırılması üzrə Beynəlxalq Mərkəz (MSFBM) tərəfindən hakimlər və digər hüquq-mühafizə orqanları əməkdaşları üçün təşkil edilmiş təlimdə insan alverçilərinin müəyyən edilməsi və törətdikləri əməllərə görə cəzalandırılması, eləcə də bu sahədə milli qanunvericiliyin və çıxarılan hökmlərin beynəlxalq normalara uyğunlaşdırılması məsələləri müzakirə edilmişdir. Bu ilin oktyabr ayında Milli Məclisdə insan alverinə qarşı mübarizə üzrə Milli Koordiatorun hesabatı dinlənilərək qəbul edilmişdir.

Bu gün Azərbaycanda insan alverinə qarşı mübarizə, o cümlədən, qadın və uşaqların məcburi əməyə cəlb edilməsi, cinsi istismara məruz qalması kimi hüquqazidd əməllərə son qoyulması dövlətin hüquq-mühafizə siyasətinin prioritet istiqamətlərindəndir. Odur ki, bu sahəyə dövlət səviyyəsində xüsusi diqqət, qayğı və tələbkarlıq var. Biz də daim çalışırıq ki, bizə göstərilən etimadı yüksək səviyyədə doğruldaq, bu növ cinayətlərə qarşı daha qətiyyətli mübarizə aparaq.

 

Cavad ŞIXƏLİYEV,

DİN-nin İnsan Alverinə Qarşı

Mübarizə İdarəsinin rəisi,

polis polkovniki 

 

Xalq qəzeti.-2008.-25 dekabr.- S.11.