Yeni idman məktəbi istifadəyə verildi

 

Bu günlərdə “Vətən” Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Futbol Məktəbi üçün yeni tikilmiş idman məktəbinin açılış mərasimi keçirilmişdir. Təhsil Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, mərasimdə təhsil naziri Misir Mərdanov, Dövlət Neft Şirkətinin və AFFA-nın prezidenti Rövnəq Abdullayev, təhsil nazirinin müavini Elmar Qasımov, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev və ölkəmizin tanınmış idman mütəxəssisləri iştirak etmişlər.

Öncə qonaqlar idman kompleksində yaradılmış şəraitlə tanış olublar. Təhsil naziri Misir Mərdanov ölkə başçısı cənab İlham Əliyevin bədən tərbiyəsi və idmanın inkişafına xüsusi diqqət, qayğı göstərdiyini qeyd edib və Azərbaycan idmançılarının beynəlxalq yarışlarda qazandıqları uğurların sayının getdikcə artdığını diqqətə çatdırıb. Nazir Təhsil Nazirliyi ilə AFFA-nın futbolun inkişafı istiqamətində bir sıra mühüm tədbirlər həyata keçirdiyini vurğulayaraq birgə işgüzar əməkdaşlığı yüksək qiymətləndirib. Məktəbin istilik sistemi ilə maraqlanan Misir Mərdanov yeni idman kompleksinin tikintisinin keyfiyyətindən, eləcə də maddi-texniki bazasının lazımi səviyyədə olmasından razı qaldığını bildirib.

Sonra nazir iştirakçıları qarşıdan gələn 31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edərək onlara gələcək işlərində uğurlar arzulayıb.

Tədbirdə AFFA-nın prezidenti Rövnəq Abdullayev dövlət başçısı İlham Əliyevin sərəncamı ilə təsdiq edilmişAzərbaycan Respublikasında futbolun inkişafına dair Dövlət Proqramına (2005-2015-ci illər) uyğun olaraq görülən işlərdən söz açıb.

Sonra tədbir iştirakçıları yeni idman məktəbi ilə tanış olublar.

                                                                  

M. MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti.-2008.-25 dekabr.- S.11.