“Böyük dayaq” geniş xeyriyyə tədbirlərinə
başlayıb
Dünən
Bakıdakı “Yaxt-klub”da Azərbaycanın ictimai həyatına
son zamanlar daxil olmuş, lakin qısa müddətdə
ictimaiyyətin rəğbətini qazanmış ”Böyük
dayaq” Xeyriyyə İctimai Birliyinin təqdimat mərasimi
keçirildi. Tədbirdə Milli Məclisin deputatları Aqil
Abbas, Asim Mollazadə, Fazil Qəzənfəroğlu,
Gürcüstanın Azərbaycandakı səfirliyinin əməkdaşları,
Azərbaycan və Gürcüstan ictimaiyyətinin,
Borçalı ziyalılarının nümayəndələri
iştirak edirdilər.
Tədbiri giriş sözü ilə açan cəmiyyətin fəalı, “Ədalət” qəzetinin şöbə müdiri Ceyhun Musaoğlu bildirdi ki, xeyriyyə təşkilatının təqdimat mərasimi indi keçirilsə də, əslində o, artıq bir ildir ki, Azərbaycanda və Gürcüstanda geniş xeyriyyə fəaliyyəti ilə məşğuldur. Təşkilat heç bir donor tərəfindən maliyyə almır. Onu sadəcə olaraq bir qrup vətənpərvər, insanlıq normalarını həyatının mənası hesab edən xeyriyyəçi insanlar, iş adamları yaradıblar və qarşılarına təkcə Azərbaycanda deyil, Gürcüstanda, eləcə də bütün dünyada yaşayan azərbaycanlılara maddi və mənəvi dəstək göstərmək məqsədi qoyublar.
“Böyük dayaq”ın sədri İlham Əliyev bildirdi ki, belə bir xeyriyyə cəmiyyətinin yaradılması təşəbbüsü ilə əslən Borçalıdan olan iş adamları Eldəniz Məmmədov və Tofiq Qocayev çıxış ediblər. Təşəbbüs Azərbaycanın bir qrup iş adamı tərəfindən də dəstəklənib. ”Mən özüm də Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş rayonlarından birində anadan olmuşam. Mənim elim-obam yağı tapdağındadır. Borçalının ağır zamanlar yaşadığı bir dövrdə belə bir təşəbbüsü ürəkdən dəstəkləməyi özümə borc bildim. Çünki istəmirəm ki, qədim yurd yerlərimizdən olan Borçalı da mənim elimin taleyini yaşasın. Biz birlikdə Borçalını qorumalı, bütün problemlərdən xilas etməliyik”.
Gürcü və azərbaycanlıların tarixi dostluq ənənələrindən danışan natiq qeyd etdi ki, bu iki xalq və dövlət arasında münasibətlərin möhkəmlənməsində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin əvəzsiz xidmətləri olub. Həmin siyasət bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycanın iş adamları da bu ənənəni davam etdirərək iki xalq arasında dostluğun möhkəmlənməsinə öz töhfələrini vermək istəyirlər. “Böyük dayaq” xeyriyyə təşkilatı da məhz bu missiyanı yerinə yetirir. Təşkilat bir müddət əvvəl Gürcüstanda 120 azərbaycanlı ailəsinə, eləcə də Rusiya-Gürcüstan münaqişəsi nəticəsində Cənubi Osetiyadan qaçqın düşmüş insanlara öz maddi və mənəvi yardımını göstərib. Eyni zamanda son vaxtlar Dağlıq Qarabağ münaqişəsi nəticəsində öz torpağında məcburi köçkünə çevrilmiş insanlara da yardım göstərilib.
Sonra təşkilat sədrinin təşəbbüsü ilə “Heydər Əliyev və Gürcüstan” sənədli filmi nümayiş etdirildi. Filmdə Azərbaycanın ümummilli lideri Heydər Əliyevin Gürcüstan və Azərbaycan dövlətləri arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi sahəsində gördüyü böyük işlərdən söhbət açılır, Bakı–Tbilisi–Ceyhan neft, Bakı–Tbilisi–Ərzurum qaz kəmərlərinin, Bakı–Tbilisi–Qars dəmir yolu xəttinin əhəmiyyətindən ətraflı söhbət açılır, bütün bu layihələrin ulu öndərin uzaqgörən siyasəti nəticəsində reallığa çevrildiyi vurğulanırdı. Heydər Əliyevin Gürcüstanın böyük dostu olduğu gürcü lideri Mixail Saakaşvilinin və onun xanımı Sandra Rulofsun, eləcə də sadə gürcü vətəndaşlarının dilindən bir daha xatırladılırdı. Bildirilirdi ki, qədirbilən gürcü xalqı Tbilisi şəhərində küçələrdən birinə Heydər Əliyevin adını verib, burada Heydər Əliyev parkı yaradılıb və ulu öndərin əzəmətli abidəsi ucaldılıb.
Tədbirə Marneuli rayonunun Xancığazlı kəndindən gəlmiş Ehtiram Əmirxanlı “Böyük dayaq” cəmiyyətinin Marneulidəki nümayəndəliyinin rəhbəri Leyla Süleymanovanın azərbaycanlılara dəstək verilməsi ilə bağlı gördüyü işlərdən, cəmiyyətin həyata keçirdiyi xeyriyyə tədbirlərindən danışdı, eyni zamanda, Borçalıda yaşayan azərbaycanlıların problemlərindən söz açdı. Onun sözlərinə görə, bu problemlərin bir qismi sosial-iqtisadi çətinliklərlə bağlıdır ki, bunlar gürcü və azərbaycanlı əhaliyə eyni dərəcədə aiddir. Amma azərbaycanlıların yaşadığı kəndlərdə işsizlik problemi daha qabarıq nəzərə çarpır. Marneuli rayonunun Qaçağan kəndi isə yay aylarında həm də suvarma suyu sarıdan ciddi korluq çəkir. Bu problem bəzi başqa kəndlərdə də hiss edilir. Nəticədə isə bu problemlər yerli əhalinin doğma torpaqları tərk etməsinə, Azərbaycana, Rusiyaya üz tutmasına səbəb olur. Natiq Azərbaycanın iş adamlarının Borçalı kəndlərinə investisiya qoyması təklifini irəli sürdü. Məktəb, dil, gənclərlə iş sahəsində mövcud olan problemləri də qeyd edən E.Əmirxanlı məsələyə hər iki dövlət səviyyəsində müdaxilənin gərək olduğunu bildirdi.
Onun sözlərinə görə, azərbaycanlılar qarşısında dövlət dili olan gürcü dilini öyrənmək kimi tələblər qoyulur. Amma gürcü dilini öz ana dilləri qədər bilən, eyni zamanda Saakaşvilinin təşəbbüsü ilə yaradılmış Jvaniya adına İdarəetmə məktəbini bitirmiş azərbaycanlıların cüzi bir qismi dövlət strukturlarında işə cəlb edilir. “Mən özüm də həmin məktəbi bitirmişəm. Gürcü dilini də yaxşı bilirəm. Döymədiyim qapı qalmayıb, amma işə düzələ bilmirəm”.
Gürcüstanın Azərbaycandakı səfirliyinin birinci katibi Eteri Aztemirova ölkəsində milli ayrı-seçkiliyə yol verilmədiyi haqqında danışaraq bildirdi ki, Rusiya-Gürcüstan müharibəsi iqtisadiyyata böyük ziyan vurub, eyni zamanda, planlaşdırılan bir çox layihələrin həyata keçirilməsinə mane olub.
Millət vəkili Aqil Abbas iş adamı Eldəniz Məmmədovun “Böyük dayaq” kimi xeyriyyə cəmiyyəti yaratmasını təqdir etdiyini bildirdi, dil problemi üzərində dayanaraq dedi ki, bu, gürcü hökumətinin günahıdır ki, indiyədək gürcü dilini yaxşı tədris etməyib, indi isə bunu etməyə maddi imkanı yoxdur.
“Olaylar” qəzetinin baş redaktoru Yunus Oğuz qeyd etdi ki, Gürcüstan Azərbaycan üçün strateji əhəmiyyətli bir ölkədir, həm də burada yarım milyon soydaşımız yaşayır. ”İnanıram ki, Azərbaycan və Gürcüstan dövlətləri və xalqları mövcud problemləri birgə həll etməyə qadirdir”.
Millət vəkili Asim Mollazadə bu iki dost xalqı parçalamağa, bir-birindən ayrı salmağa çalışan qüvvələrin mövcud olduğunu deyərək bildirdi ki, gürcülər və azərbaycanlılar müdrik xalqlardır, problemləri birgə səylərlə aradan qaldıra biləcəklər. “Böyük dayaq” kimi təşkilatlar isə bu məsələnin həllinə yaxından kömək edə bilər.
Millət vəkili Fazil Qəzənfəroğlu da belə bir xeyriyyə cəmiyyətinin yaranmasını təqdirəlayiq hadisə kimi qiymətləndirdi. Onun sözlərinə görə, abxazların, osetinlərin, eləcə də Cavaxetiyada yaşayan ermənilərin Gürcüstana münasibəti tamamilə aydındır. Gürcülər başa düşməlidirlər ki, ölkədə gürcü dövlətinə dayaq olan, hər cür separatizmdən uzaq yeganə xalq azərbaycanlılardır. Gürcüstanın yaşaması, gələcək inkişafı gürcü və Azərbaycan xalqlarının birliyindən asılıdır.
Paşa ƏMİRCANOV
Xalq qəzeti.-2008.-25 dekabr.- S.11.