Konstitusiyaya əlavə və dəyişikliklər edilməsi

cəmiyyətdən gələn sosial sifarişdir

 

Məlum olduğu kimi, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 24 dekabr 2008-ci il tarixli iclasında “Azərbaycan Respublikası Milli Məclisinin Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında təkliflərinə rəy verilməsi barədə” qərar qəbul etmişdir.

Xalqımızın milli maraqlarına xidmət edən, dövlət əhəmiyyətli bu sənədin qəbul edilməsini zəruri edən səbəblərlə bağlı bir vətəndaş və hüquqşünas kimi, öz fikirlərimi oxucularla bölüşməyə ehtiyac duydum.

Qeyd edim ki, bu məsələ ilk dəfə Milli Məclisin dekabrın 16-da keçirilən iclasında səsləndirilib. Konstitusiyada prezidentlik müddətinə qoyulan məhdudiyyətinin aradan qaldırılması təklifi ilə çıxış edən Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi Əli Əhmədov fikrini belə əsaslandırdı ki, Azərbaycanda prezidentin səlahiyyət müddəti ilə əlaqədar artıq bir neçə ildir müzakirələr gedir. Və bu müzakirələrdə ortaya belə bir reallıq çıxır ki, Konstitusiyada bir şəxsin iki dəfədən artıq prezident seçilməsinə qoyulan məhdudiyyətin aradan qaldırılmasının vaxtı çatmışdır.

Deputat Ə.Əhmədov qeyd etdi ki, bir şəxsin iki müddətdən artıq prezident seçilməsinə məhdudiyyətin qoyulması, bir tərəfdən vətəndaşın seçilmək hüququnu, digər tərəfdən xalqın seçmək hüququnu məhdudlaşdırır. Yəni xalqın öz iradəsini tam şəkildə ifadə etməsinə imkan vermir. Belə bir şəraitdə xalqın həqiqi mənada prezident görmək istədiyi şəxsə səs vermək imkanı olmadığından, başqa bir şəxsin-xalqın dövlət başçısı kimi görmək istəmədiyi şəxsin prezident seçilmək imkanı yaranır.

Odur ki, deputat haqqında söhbət gedən məhdudiyyətin aradan qaldırılması ilə bağlı məsələnin Milli Məclisin növbəti iclaslarının gündəliyinə salınmasını və müzakirələrdən sonra referendum keçirilməsinə dair qərar qəbul olunmasını təklif etdi.

Məsələ ilə bağlı çıxış edən digər deputatların – Zahid Orucun, Siyavuş Novruzovun, Mübariz Qurbanlının, Sabir Hacıyevin, Qənirə Paşayevanın, Həvva Məmmədovanın, Hüseynbala Mirələmovun və başqalarının da mövqeləri öz həmkarlarının mövqeyi ilə üst-üstə düşdü.

Qeyd edildi ki, Konstitusiyanın bir şəxsin iki dəfədən artıq prezident seçilməsinə məhdudiyyəti nəzərdə tutan 101-ci maddəsinin 5-ci bəndinin dəyişdirilməsi demokratik prinsiplərə uyğundur. Belə bir təklifin Milli Məclisdə səsləndirilməsi, əslində, cəmiyyətdən gələn sosial sifarişdir, xalqın istəyidir.

Həmin iclasda qərara alındı ki, məsələyə Milli Məclisin müvafiq komissiyalarında baxılsın və sonradan müzakirəyə çıxarılsın.

Bundan sonra, Milli Məclisin sədri tərəfindən hüquq siyasəti və dövlət quruculuğu məsələləri və insan hüquqları daimi komissiyalarına bu barədə tapşırıq verildi, parlamentdə 4 nəfərdən ibarət işçi qrupu yaradıldı. Həmin işçi qrupu Konstitusiyaya əlavələr və dəyişikliklər edilməsi ilə bağlı təkliflər əsasında Referendum Aktının layihəsini hazırlayıb parlamentin dekabrın 19-da keçirilən iclasının müzakirəsinə verdi.

Layihəni təqdim edən parlamentin hüquq siyasəti və dövlət qurulucuğu daimi komissiyasının sədri Əli Hüseynov xüsusi olaraq vurğuladı ki, 1995-ci ildə ümumxalq referendumu ilə müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul olunmuşdur. Yeddi il keçdikdən sonra — 2002-ci ildə ölkəmizin inkişaf səviyyəsinə uyğun olaraq referendum keçirilmiş və bir sıra mühüm məsələlər həllini tapmışdır. O cümlədən, proporsional seçki sistemi ləğv olunmuş, mojaritar seçki sisteminə keçirilmişdir. Amma son illər Azərbaycanın iqtisadi inkişafı, sürətlə gedən siyasi islahatlar, demokratik inkişaf, əldə edilən nailiyyətlər Konstitusiyanı daha da möhkəmləndirməyi günün zərurətinə çevirmişdir. Son vaxtlar cəmiyyətdə Konstitusiyaya əlavələr və dəyişikliklər edilməsi haqqında gedən müzakirələr, ziyalılar tərəfindən irəli sürülən fikirlər, deputatların təklifləri də bunu təsdiqləyir.

Komissiya sədri əlavə etdi ki, Referendum Aktının layihəsi ilə Konstitusiyanın 29 maddəsinə əlavə və dəyişikliklər təklif olunur. Bunlar insan hüquq və azadlıqlarının daha etibarlı şəkildə qorunmasını, sosial ədalət prinsipinin təkmilləşdirilməsini, milli qanunvericiliyin daha da möhkəmləndirilməsini və onların etibarlı qorunması mexanizminin yaradılmasını nəzərdə tutur.

Layihədə Konstitusiyadan 101-ci maddənin 5-ci bəndinin çıxarılması və ora başqa bir bəndin əlavə olunması təklif edilir. Yəni Azərbaycan xalqının istədiyi şəxsi, hər hansı məhdudiyyət olmadan istədiyi qədər prezident seçmək haqqının olduğu təsbit edilir. Həmin maddəyə əlavə olunan digər bənddə isə deylir: “Müharibə şəraitində hərbi əməliyyatların aparılması Azərbacan Respublikası prezidenti seçkilərinin keçirilməsini mümkün etmədikdə Azərbaycan Respublikası Prezidentinin səlahiyyəti müddəti hərbi əməliyyatların sonunadək uzadılır. Bu barədə qərar seçkilərin (referendumun) keçirilməsini təmin edən dövlət orqanının müraciətinə əsasən Konstitusiya Məhkəməsi tərəfindən qəbul edilir”.

Məlum olduğu kimi, “Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi haqqında” Referendum Aktının layihəsi rəy verilmək üçün Milli Məclis tərəfindən Konstitusiya Məhkəməsinə göndərilmişdi. Konstitusiya Məhkəməsinin plenumu 24 dekabr 2008-ci il tarixli iclasının qərarı ilə irəli sürülən təkliflər xalq hakimiyyəti və dövlətin əsaslarına dair Azərbaycan Respublikası Konstitusiyasının ümumi müddəaları ilə ziddiyyət yaratmadığına və 155-ci maddəsinin tələblərinə uyğun olduğuna görə, layihənin ümumxalq səsverməsinə – referenduma çıxarılmasına razılıq vermişdir.

Beləliklə, həm “Azərbaycan Respublikası Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi haqqında ” Referendum Aktının layihəsi, həm də Konstitusiya Məhkəməsi plenumunun qərarı rəsmi qəzetlərdə dərc olunaraq ictimaiyyətin müzakirəsinə verilmişdir. Şübhəsiz, bu mühüm sənədin geniş müzakirəsi keçiriləcək və xalqının, Vətəninin taleyini düşünən heç bir kəs buna biganə qalmayacaqdır. Lakin aramızda layihədəki təkliflərin əleyhinə çıxan beş-üç nəfər də vardır ki, onlar müxtəlif fikirlər səsləndirməklə, insanlar arasında çaşqınlıq yaratmaq istəyirlər. Məsələn, iddia edirlər ki, prezidentin iki dəfədən artıq seçilməsinə qoyulan məhdudiyyətin aradan qaldırılması, guya kiminsə fasiləsiz olaraq prezident olmaq istəyinə xidmət edir. Guya bununla demokratiya boğulur və sair və ilaxır. Şübhəsiz, bunlar heç bir əsası olmayan, cəfəng və uydurma iddialardır. Onlar başa düşməlidirlər ki, seçimi xalq edir. Deməli, xalqın iradəsi olmadan kiminsə prezident seçilməsi, yaxud dövlətin inkişafını, əhalinin firavanlığını təmin edə bilməyən ölkə rəhbərinin təkrar seçilməsi qeyri-mümkündür. Odur ki, bu sahədə geniş təbliğat aparılmalı, əsl reallıq xalqa çatdırılmalıdır.

Azərbaycanda artıq tam müstəqil dövlət qurulmuşdur, dövlətçilik ənənələri formalaşmaqdadır, qanunların aliliyi prinsiplərinə əsaslanan ali hüquqi dövlətin yaradılması qarşıya məqsəd qoyulmuşdur. Hal-hazırda ölkəmizdə dövlətin idarəolunması institutu fəaliyyət göstərir, icraedici, qanunverici və məhkəmə hakimiyyətində əsaslı struktur və funksional islahatlar həyata keçirilir. Azərbaycanın siyasi sistemi—dövlət hakimiyyəti və onun strukturları, siyasi partiyaları və təşkilatları fəaliyyət göstərir, eyni zamanda siyasi qurumlar arasında münasibətlər formalaşmaqdadır.

Ölkənin idarə olunması onun gələcək inkişaf strategiyasının əsaslarını təşkil edir. Dövlətin gələcək strategiyasının müəyyən edilməsində məhz gələcək idarəolunmanın əsas prinsiplərinin müəyyən olunması və tətbiqi mühüm əhəmiyyət kəsb edir. Azərbaycan dövlətinin idarə olunmasında Konstitusiya ilkin və əsas şərtdir, birinci baza sənədidir. Bu Konstitusiyaya istinadən qanunvericilik bazasının yaradılması gələcək idarəolunmanın mühüm prinsiplərini, istiqamətlərini özündə əks etdirir.

Ölkəmizdə qanunverici və məhkəmə hakimiyyəti ilə yanaşı, xüsusi olaraq icra hakimiyyətinin funksiyası da mühüm əhəmiyyət kəsb edir. Belə ki, Konstitusiyaya görə, icra hakimiyyətinin rəhbəri həm də dövlətin rəhbəridir. Bu nöqteyi-nəzərdən dövlətin gələcək inkişaf strategiyası əsasən dövlət rəhbərindən, onun siyasətinin istiqamətlərindən və siyasi kursunun mahiyyətindən asılıdır. Çünki Konstitusiyaya görə, dövlət rəhbərinin ölkənin həm daxili, həm də xarici siyasətinin müəyyən olunmasında əsas rolu vardır, böyük səlahiyyətlərə malikdir. Bu baxımdan dövlət rəhbəri idarəçilik strategiyasını müəyyən edən, onun icrasını yerinə yetirən və məsuliyyət daşıyan əsas şəxsdir. Dövlət rəhbəri öz vəzifəsi baxımından həm də ona görə xüsusi əhəmiyyət kəsb edir ki, o, dövlətin ərazi bütövlüyünün qorunmasının əsas qarantıdır, xalqın vahidliyini təcəssüm etdirir, beynəlxalq münasibətlərdə xalqı və dövləti təmsil edir. Bununla yanaşı o, Silahlı Qüvvələrin Ali Baş Komandanıdır. Prezident dövlətin rəhbəri olaraq, ölkənin gələcək inkişaf strategiyasını müəyyən edən və bu strategiyanın tətbiqində və icrasında əsas qərarverici və idarəedici şəxs olduğundan mühüm əhəmiyyət kəsb edir. Bu nöqteyi-nəzərdən gələcəkdə dövlətin idarə olunmasında əsas strateji xətt olaraq, dövlət rəhbərinin siyasi kursunun səmərəli fəaliyyət istiqamətləri, əsasları araşdırılmalıdır və elə prinsip tətbiq edilməlidir ki, onun xidmətləri dövlət üçün faydalı olsun.

Dövlət rəhbəri gələcək inkişaf strategiyasının tərkib elementləri olan iqtisadi, siyasi və sosial strategiyanı müəyyən edən əsas şəxsdir. Bununla yanaşı, siyasi strategiyanın tərkibi olan milli təhlükəsizlik, o cümlədən müdafiə strategiyasının rəhbəridir. Buna görə də belə bir məntiqi nəticəyə gəlmək olar ki, Azərbaycanın gələcək inkişaf strategiyasının uzunmüddətli olacağını nəzərə alaraq, dövlətin idarə olunmasında bacarıqlı, səriştəli, təcrübəli, ölkənin inkişafını təmin edən, onu qələbələrə aparmağa qabil olan prezidentin seçilməsinə məhdudiyyət qoyulmamalıdır. Siyasi baxımdan onu da əlavə etmək lazımdır ki, Azərbaycan dövlətinin mövcud durumunu—torpaqlarımızın 20 faizinin Ermənistan tərəfindən işğal olunmasını, müharibə şəraitində yaşamağımızı nəzərə alsaq, dövlətin gələcək inkişaf strategiyasının müəyyən olunmasında prezidentin uzunmüddətli xidmət etməsi prinsiplərinin tətbiqi zərurətə çevrilir.

Xalqımızın müzakirəsinə təqdim olunan Referendum Aktı layihəsində Azərbaycan Respublikası Konstitusiyasının 29 maddəsinə təklif olunan əlavə və düzəlişlər, o cümlədən Əsas qanunun 101-ci maddəsinin 5-ci bəndində nəzərdə tutulan əlavə və düzəliş tamamilə demokratik xarakterlidir və xalqımızın milli maraqlarına xidmət edir. Əgər xalq seçiminin düzgün olmadığını hiss edərsə, növbəti seçkilər zamanı başqa namizədə səs verməklə öz iradəsini ortaya qoyar. Yəni seçilən şəxs yalnız xalqın iradəsi nəticəsində prezident ola bilər. Xalq iki dəfə seçilmiş, lakin yenə də prezident görmək istədiyi bir adama səs vermək istəyirsə, bu da onun iradəsinin ifadəsidir, demokratiyanın məğzidir. Yox, əgər seçici növbəti müddətə prezident görmək istədiyi şəxsə səs verə bilmirsə, bu, xalqın seçim hüququnun məhdudlaşdırılması kimi başa düşülməlidir. Ümumiyyətlə, xalqın mənafeyinə və iradəsinə zidd demokratiya ola bilməz. Bu mənada Konstitusiyanın 101-ci maddəsinin 5-ci bəndinə təklif olunan əlavə və düzəlişdə heç bir anti-demokratiklikdən söhbət gedə bilməz, əksinə, bu, tam demokratik bir addımdır.

Dünya birliyinin üzvü olan ölkələrdə istər dövlət quruluşuna (unitar, federativ) və istərsə də dövləti idarəetmə formasına (prezidentli, parlamentli, monarxiya) görə həm fərqlər, həm də oxşarlıqlar var. Bəzi dövlətlərdə konstitusiya müddəları geniş sahələri əhatə edir, bəzilərində məhdud xarakterlidir, əlavə sahələr digər qanunlarla tənzimlənir. Bütün ölkələrin konstitusiyalarında tarixi inkişafla bağlı islahatlar həyata keçirilir. Belə dəyişikliklər demokratiyanın beşiyi sayılan ABŞ, Fransa, İtaliya, Almaniya ... kimi ölkələrdə də aparılmışdır, bizə yaxın olan digər dövlətlərdə də. Məsələn, keçən ay Rusiyanın Dövlət Duması prezidentin səlahiyyət müddətinin 4 ildən 6 ilədək uzadılması barədə qərar qəbul etdi.

Yaxud, nümunə kimi qeyd etmək olar ki, ABŞ-ın Demokratlar Partiyasından seçilmiş 32-ci prezidenti Franklin Ruzvelt 4 dəfə seçilməklə 13 il (1932-ci ildən — 1945-ci ilədək) dövlətə rəhbərlik etmişdir. Onun rəhbərliyi dövründə ABŞ-ın inkişafı, apardığı islahatlar həm xalqı qane edirdi, həm də ölkənin dünyanı bürümüş maliyyə böhranından az ziyanla çıxmasına şərait yaradırdı. Odur ki, xalq belə bir çətin vəziyyətdə öz rəhbərini dəyişmək istəmirdi.

Fransa kimi demokratik ənənələrə malik ölkədə prezidentin neçə dəfə seçilməsinə heç bir məhdudiyyət qoyulmur. İtaliya konstitusiyasında da həmçinin. Yeddi ildən bir seçilən prezident seçicilərin iradəsinə uyğun olaraq dəfələrlə seçilə bilər. Belə misallardan istənilən qədər çəkmək olar.

Zənnimcə, buna ehtiyac yoxdur. Xalqımız müdrikdir, nə etdiyini yaxşı bilir, ağı qaradan, yaxşını pisdən ayırmağı bacarır. İnanıram ki, bu ilin 15 oktyabr prezident seçkilərində olduğu kimi, seçicilərimizin böyük əksəriyyəti bu dəfə də mütəşəkkil şəkildə Referendumda iştirak edəcək, Konstitusiyaya təklif olunan əlavə və dəyişiklikləri dəstəkləyəcək, növbəti sınaqdan da alnıaçıq, üzüağ çıxacaqdır.

 

İsaxan VƏLİYEV,

Milli Elmlər Akademiyasının

Fəlsəfə və Siyasi -Hüquqi

Tədqiqatlar İnstitutu cinayət

hüququ və cinayət prosesi

şöbəsinin müdiri, hüquq

elmləri doktoru  

 

Xalq qəzeti.-2008.-26 dekabr.-S.4.