Şəmkir sabaha doğru...
Qərb
bölgəsinin ən böyük kənd təsərrüfatı
rayonu olan Şəmkirin dünəni və bu günü
göz qabağındadır. Bu barədə qəzetimizdə
vaxtaşırı yazılar vermişik, rayonun sürətli
inkişafından söz açmışıq. Ona görə
də yazılanları, deyilənləri təkrar etmək
fikrində deyilik. Çünki inkişaf, tərəqqi elə
yüksək sürətlə gedir ki, bunları bir yazıda
sadalamaq da olmur. Təkcə yola saldığımız 2008-ci
ildə həyata keçirilən işlərin bəzilərini
nəzərdən keçirmək kifayətdir ki, rayonun son
vaxtlar necə dəyişməsi haqqında oxucuda təsəvvür
olsun...
Torpağa bağlılıq
varsa...
Qeyd etdiyimiz kimi Şəmkir Azərbaycanın ən böyük kənd təsərrüfatı rayonlarından biridir. Son vaxtlar üzümçülük, tərəvəzçilik, heyvandarlıq xeyli inkişaf edib. Bu, bir tərəfdən ulu öndər Heydər Əliyevin torpaq islahatı ilə bağlı həyata keçirdiyi uzaqgörən siyasətin nəticəsidirsə, digər tərəfdən şəmkirlilərin özlərinin torpağa həddindən artıq bağlı olmaları ilə əlaqədardır. Sirr deyil ki, Şəmkir camaatı əkməyi, biçməyi, öz məhsullarını bazara çıxarmağı bacarır və bu işdən xüsusi zövq alırlar. Rayon icra hakimiyyətinin başçısı Nazim Veysovla bu barədə söhbət edərkən dedi ki, hələ ümummilli lider Heydər Əliyevin Azərbaycana birinci rəhbərliyi dövründə Şəmkirdə kənd təsərrüfatı sürətlə inkişaf etmişdi. Hətta 1970-ci ildə rayonda pambıq planı respublikada birinci olaraq yerinə yetirilmişdi. Ənənəvi kənd təsərrüfatı sahələrindən olan üzümçülük, taxılçılıq, kartofçuluq və heyvandarlıq sahəsində yeni iqtisadi göstəricilər əldə olunmuşdu. 1981-ci ildə taxıl istehsalı 11 min 213 tona, pambıq istehsalı 42 min 870 tona, üzüm istehsalı 82 min 176 tona çatmışdı. Rayonda 20-dən çox yeni heyvandarlıq kompleksi inşa olunmuşdu.
Rayon icra hakimiyyətinin başçısı belə bir maraqlı məqama toxundu ki, cənab İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi ilk illərdə də Şəmkirdə başqa sahələrdə olduğu kimi kənd təsərrüfatında da böyük bir canlanma hiss olunur. Bu onunla əlaqədardır ki, torpaq sahibləri dövlətin hərtərəfli dəstək və qayğısını hiss edirlər. Ölkə Prezidentinin 23 yanvar 2007-ci il tarixli sərəncamı ilə kənd təsərrüfatı məhsulları istehsalı ilə məşğul olan şəxslərə güzəştli şərtlərlə yanacaq satılması və kübrə alınması üçün hər hektara 40 manat dövlət yardımının verilməsi rayonda bitkiçiliyin inkişafına, adamların maddi-rifah halının xeyli yaxşılaşmasına səbəb olmuşdur. Zarafat deyil, təkcə Şəmkirdə bu il kənd təsərrüfatı məhsulları istehsalına görə 1 milyon 17 min manatdan çox dövlət yardımının verilməsinə başlanılmışdır. Bundan başqa buğda istehsalı ilə məşğul olanlara verilən yardımın həcmi 210 min manata çatmışdır. Təkcə ötən 9 ay ərzində 5728 ton ət, 30 min 482 ton süd, 434 ton yun, 28 milyon 701 min ədəd yumurta istehsal olunmuşdur. Ötən ilin eyni dövrü ilə müqayisədə yumurta istehsalı 24,3 faiz, ət istehsalı 14,6 faiz, süd istehsalı 4,9 faiz artmışdır.
Şəmkir torpağı bərəkətli, məhsuldar torpaqlardan hesab oluna bilər. Hazırda rayon ərazisinin 70 faizindən çoxunu kənd təsərrüfatına yararlı torpaq sahələri təşkil edir. “Torpaq islahatı” haqqında Qanuna uyğun olaraq 36 min 545 ailəyə 48,2 min hektar pay torpaq sahəsi verilmişdir. 2008-ci il üçün kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə 38 min 867 hektar sahədə payızlıq və yazlıq bitkilər əkilmişdir ki, bu da ötən ildəkindən 1884 hektar və ya 5,1 faiz artıqdır. Rayonda həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində təsərrüfatlardan 54 min 566 ton taxıl, 102 min 287 ton kartof, 116 min 27 ton tərəvəz, 37 min 220 ton meyvə, 6583 ton bostan məhsulları tədarük olunmuşdur.
Şəmkirdə torpaq sahibləri ilə söhbətlərimizdən
belə qənaətə gəldik ki, tezliklə rayonda kənd
təsərrüfatının daha sürətlə
inkişaf edəcəyi gözlənilir. Çünki Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin 21 avqust 2008-ci
ildə imzaladığı sərəncama uyğun olaraq
respublika hökuməti kənd təsərrüfatı
məhsulları istehsalçılarına əlavə köməkliklər
göstərməyə başlayıb. Nazirlər
Kabinetinin “Kənd təsərrüfatı məhsulları
istehsalçılarının toxum, gübrə və
damazlıq heyvanları ilə təmin edilməsinə əlavə
dəstək verilməsi barədə” 22 sentyabr 2008-ci il tarixli
qərarına əsasən bu məqsədlə 25 milyon manat
dövlət vəsaiti ayrılmışdır ki, onun
da böyük təsiri olacaqdır.
“Öz rayonumla fəxr edirəm”
Şəmkirdə uşaqdan böyüyə hamı doğma rayonlarının necə böyük sürətlə inkişaf etməsinə, günü-gündən dəyişməsinə, abad, gözəl bir diyara çevrilməsinə görə hədsiz qürur duyur. İndi kimin yolu qonaq kimi bu rayona düşürsə, ona göstərməyə o qədər təzə obyekt, tikili, park var ki, qurtaran deyil. Tələbə dostum, şair-publisist Taleh Həmidlə bu yaxınlarda görüşdük. Söhbətimiz Şəmkirin bugünki inkişafından, tərəqqisindən düşdü. Taleh yarızarafat-yarıciddi şəkildə, “qardaş məni yerliçilikdə qınama, indi mən öz rayonumla fəxr edirəm” dedi.
Şəmkirdə son illər bir-birindən gözəl o qədər yeni obyekt tikilib istifadəyə verilib ki, adam bəzən iki-üç ay əvvəl getdiyi yeri belə tanımır. Əvvəlki illəri yox, elə təkcə 2008-ci ildə istifadəyə verilən obyektləri sadalamaq kifayətdir. Şəhərin mərkəzində yerləşən parkda və ulu öndər Heydər Əliyevin abidə kompleksində əsaslı yenidənqurma işləri aparıldıqdan sonra bu yerlər gözəl ziyarətgaha, əsl istirahət mərkəzinə çevrilmişdir. Heydər Əliyev prospekti tamamilə yenidən qurulmuş, prospektdəki binaların fasadları və dam örtüyü müasir üslubda təzələnmişdir. Şəhərin küçələrinin bir çoxuna, o cümlədən H.Aslanov, Sabir, Nizami, İ.Məmmədov, Vaqif, Mircəlal Paşayev, Həsən Əliyev, Füzuli və Əhməd Cavad küçələrinə asfalt- beton örtüyü çəkilmişdir. Şəmkir-Gədəbəy avtomobil yolunun rayon ərazisindən keçən hissəsinin tikintisi başa çatdırılmış və gözəl bir magistral yol istifadəyə verilmişdir. Zəyəm qəsəbəsi daxilində olan mərkəzi küçənin 2,5 kilometr hissəsinə asfalt-beton örtüyünün salınması da hamının ürəyindən xəbər vermişdir.
Əvvəlki illərdə olduğu kimi yola saldığımız 2008-ci ildə də yeni obyektlərin istifadəyə verilməsi Şəmkirin simasını dəyişdirmişdir. Rayonun Çənlibel kəndinin mərkəzində yeni ticarət mərkəzinin açılışı bir daha göstərmişdir ki, ən ucqar kəndlər də tezliklə tanınmaz olacaqlar.
Rayon mərkəzində bir-birinin ardınca çoxlu yeni inzibati binalar ucaldılmışdır. Özü də diqqətçəkən məqamlardan biri budur ki, həmin binalar öz memarlıq üslubuna, orijinallığına görə biri-birindən seçilirlər. Əhalinin sosial müdafiəsi mərkəzinin, dövlət sosial müdafiəsi fondu rayon şöbəsinin, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Şəmkir ərazi İdarəsinin, “Atabank”ın Şəmkir filialının inzibati binaları, Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 16 mənzilli yaşayış evinin tikintisi başa çatdırılmış və istifadəyə verilmişdir. Öz orijinallığı və gözəlliyi ilə seçilən obyektlərdən biri də Şəmkir Olimpiya İdman Kompleksidir. Bu nəhəng qurğunun da inşası başa çatdırılmışdır.
Fərdi yaşayış binalarının da sayı günü-gündən çoxalır. Bu ilin yanvar-sentyabr ayında 370 fərdi yaşayış evi inşa olunmuşdur ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 12,2 faiz çoxdur.
Bütövlükdə
son doqquz ayda rayonda 13 milyon 887 min manatlıq
tikinti-quraşdırma işləri
görülmüşdür. Bu, 2007-ci illə müqayisədə
təxminən 50 faiz artıqdır.
Təhsilin inkişafı göz
qabağındadır
Bir neçə il əvvəl Şəmkirin ümumtəhsil məktəblərinin vəziyyəti ürəkaçan deyildi. Xüsusilə məktəblərin maddi-texniki bazası yarıtmaz vəziyyətdə idi. Amma indi vəziyyət tamamilə dəyişib. Təkcə son dörd ildə rayonda 49 ümumtəhsil məktəbinin tikilməsi və əsaslı təmir olunması bu sahəyə necə böyük diqqət və qayğının olmasını səciyyələndirən bir rəqəmdir. Hazırda rayonun Dəllər qəsəbəsində 960, Təzəkənd kəndində S.Vurğun adına orta məktəb üçün 960, İrmaşlı kəndində 360, Çinarlı qəsəbəsində 500, Aşağı Seyfəli kəndində 400 şagird yeri olan yeni məktəb binalarının tikintisi davam etdirilir. Əliyaqublu kənd orta məktəbinin binasında əsaslı, Xanallar, Qasım İsmayılov, Düyərli, Dəllər kənd və qəsəbə məktəblərinin binaları əsaslı təmir olunmuşdur. Məktəblərin istilik təminatı da qaydaya salınır. İndiyədək rayonun 9 məktəbində istilik sistemi bərpa olunub. Digər məktəblər də tezliklə istilik sisteminə qoşulacaqlar. Qeyd etmək lazımdır ki, məktəblərdə yaradılan şərait tədrisin keyfiyyətinə bilavasitə təsir göstərməyə başlamışdır. Təkcə belə bir faktı göstərmək kifayətdir ki, 2008-ci ilin mart ayının 18-də keçirilən Respublika fənn Olimpiadasında iştirak etmiş 19 nəfər Şəmkir məktəblisindən 10 nəfəri mükafata layiq yerlər tutmuşlar. Bu il rayon məktəblərini bitirmiş məzunlardan 301 nəfəri respublikanın ali məktəblərinə qəbul olunmuşdur. Onlardan 11 nəfəri 600-dən çox bal toplamışdır. Halbuki bir il əvvəl cəmi 3 nəfər bu göstəriciyə nail ola bilmişdi.
Məktəblərdə yaradılmış şərait istər-istəməz öz müsbət təsirini göstərir, bu, danılmazdır. Amma maddi və mənəvi həvəsləndirmə amillərini də qeyd etməmək mümkün deyil. Çünki rayon icra hakimiyyəti və təhsil şöbəsi bu üsuldan çox məqsədyönlü istifadə etmək təcrübəsi qazana biliblər. Yeri gəlmişkən qeyd edək ki, rayon təhsil şöbəsinin müdiri Məcid Şıxlinski şöbəyə rəhbərlik etdiyi dövrdən təhsildə ciddi dönüş hiss olunur.
...Səhiyyə sahəsində də bir sıra tədbirlər həyata keçirilmişdir. Mərkəzi rayon xəstəxanasının ümumi cərrahiyyə şöbəsi xeyli genişləndirilmişdir. Ümumiyyətlə, burada bir neçə şöbə, Kür qəsəbə xəstəxanasının dam örtüyü və cərrahiyyə şöbəsi, Çinarlı qəsəbə xəstəxanasının doğum şöbəsi təmir olunmuşdur.
Rayonda əhali
arasında peyvənd tapşırığına 98 faiz əməl
olunmuş, son 9 ayda ana ölümü qeydə
alınmamış, bir yaşa qədər uşaqlar
arasında ölüm halları respublika səviyyəsindən
aşağı olmuşdur.
Eviniz istidirmi?
Bir vaxtlar bu sualı kimə versəydin əsəbiləşər, yəqin ki, “qaz, işıq var ki, isti də olsun?” cavabını verərdi. Amma indi Şəmkirin icra strukturlarının nümayəndələri əhali arasına çəkinmədən çıxır, vəziyyətlə maraqlanır, hər bir kəsin evində qaz, işıq, su olması üçün əllərindən gələni edirlər. Artıq bir çox kəndlərə, o cümlədən Sarıtəpə, Qasım İsmayılov, Şiştəpə, Yeniabad, Düzqışlaq kəndlərinə təbii qazın verilişi bərpa olunmuşdur. Hazırda Dəllər-Cırdaxan, Dəllər-Daşbulaq və Plankənd kəndlərinə qaz xətlərinin bərpası işləri davam etdirilir. Şəhərin Sərxan hissəsində yaşayan əhalinin təbii qazla təminatını yaxşılaşdırmaq məqsədi ilə yeni qaz paylayıcı məntəqənin tikintisinə başlanılmışdır. Hazırda rayonun 24-dən çox yaşayış məntəqəsi və əhalinin 65 faizi təbii qazla təmin olunur.
...Elektrik enerjisində də daha fasilələrə yol verilmir. Elə buna görə də onun dəyərinin ödəniş səviyyəsi 100 faizi keçir.
...Şəmkir hər gün inkişaf edir, gözəlləşir. Ona görə də bu gözəlliyi görənlər təəccüblərini gizlətmir, heyranlıqla “Şəmkir necə dəyişdi?!”-deyirlər.
Hamlet QASIMOV
Xalq qəzeti.-2008.-26
dekabr.-S.5.