“Erməni iddiaları və azərbaycanlıların
soyqırımı”
Tarixini dərindən
bilən, başına gələn bəlaların səbəblərini
anlayan xalq tədbirli və güclü olur. İmperiya əsarətinə
düşərək zaman-zaman
yaddaşsızlaşdırılmağımız son bir əsrdə
yalançı “erməni məsələsi”ndən qaynaqlanan
fəlakət və faciələr qarşısında
gücsüzlüyümüzə, saysız-hesabsız itkilərimizə
gətirib çıxarmışdır. Nəticədə, tərəqqi
və insan haqları epoxası olan XX əsrdə Azərbaycan
xalqı davamlı soyqırım və deportasiya siyasətinə
məruz qalmışdır. Yeni çap olunmuş “Erməni
iddiaları və azərbaycanlıların
soyqırımı” adlı monoqrafiya bu acı gerçəkliyin
geniş elmi-tarixi mənzərəsini yaradır.
Tarixçi alimlər Xəqani Məmmədovun və Nuru Məmmədovun ciddi axtarışlarının, təhlil və ümumiləşdirmələrinin məhsulu olan bu dəyərli nəşrdə heç bir əsası olmayan “erməni məsələsi”nin fitnəkar mahiyyəti, tarixi kökləri, qanlı cinayətlərlə müşayiət olunan nəticələri açılıb göstərilir, tarixi həqiqət yalan, böhtan və qərəzdən ayırd edilir. Müəlliflər kitabın girişində bu niyyətlərini belə bəyan edirlər: “Azərbaycanlılara və türk xalqlarına qarşı uzun illər ərzində soyqırım və deportasiya siyasəti yeridən, zaman-zaman və mərhələ-mərhələ onu gerçəkləşdirən erməni millətçilərinin iç üzünün, məkrli və avantürist siyasətinin mahiyyətinin açılması,obyektiv faktlarla onların ifşa edilməsi və beləliklə, tarixi həqiqətlərin bərpa edilməsi indi olduqca vacibdir. Məhz bu baxımdan xalqımızın tarixinin həqiqət dili ilə yazılmasına, hadisələrin və tarixi faktların obyektiv işıqlandırılmasına, onun dünya ictimaiyyətinə düzgün çatdırılmasına çox böyük ehtiyac vardır”.
Bu zərurəti cavablandırmağa çalışan tarixçi alimlər kitabda daha sonra göstərirlər ki, türk soyuna qənim kəsilmiş imperialist dairələrin havadarlığı və rüsvayçı təhriklərindən ilhamlanan erməni millətçi-separatçıları Qafqazda və Anadoluda soyqırımlar törətmiş, tarixi türk torpaqlarında Ermənistan adlı dövlət quraraq, onun sərhədlərini təcavüz və işğallarla genişləndirmişlər. Ermənilər Anadoluya və indiki Ermənistan ərazisinə Aralıq dənizi sahillərindən gəlmişlər. Onlar xəyanətkarlıqla Osmanlı imperiyasına qarşı silah çevirmiş, Qafqazda azərbaycanlıları qılıncdan keçirmişlər. Bu namərd, qaniçən xalq yalan və xəyanətləri dayandırmadan Qara dənizdən Xəzər dənizinədək özgə torpaqları hesabına “Böyük Ermənistan” yaratmaq niyyətindən əl çəkmir. Təəssüf ki, bilərəkdən, ya bilməyərəkdən dünyaya ağalıq edən güc mərkəzləri bütün bunlara dözür, Azərbaycan xalqının haqq işinə biganəlik göstərir.
Müəlliflər haqlı olaraq göstərirlər ki, bu təcavüz və haqsızlıqların qarşısını almaq üçün ümumtürk həmrəyliyi, siyasi ayıqlıq, iqtisadi qüdrətlə yanaşı, həm çağdaş dünyada mühüm amilə çevrilmiş informasiya savaşından kifayət qədər bəhrələnmək lazımdır. Erməni yalan və böhtanlarını susdurmadan, onların qanlı cinayətlərini dünya ictimaiyyətinə çatdırmadan, çətin ki, haqq işimizi irəlilətmək mümkün olsun. Həqiqət isə ondan ibarətdir ki, 1918-ci ildə dədə-baba torpaqlarımızda — Qərbi Azərbaycanda Ermənistan Respublikası elan ediləndə onun ərazisi cəmi 9 min kvadratkilometr idi. Sonrakı illərdə azərbaycanlıların deportasiya edilməsi, ərazilərimizin açıq-gizli, hiylə və hərbi yolla işğalı nəticəsində bu rəqəm 45 min kvadratkilometri keçmişdir. Təkcə Qarabağ münaqişəsi başlanandan Ermənistan hərbi təcavüzlə ərazilərimizin 20 faizini işğal etmiş, 1 milyon həmvətənimizi qaçqın-köçkünə çevirmişdir. Sovet dövründə Qərbi Azərbaycandan soydaşlarımızın təzyiqlə sıxışdırılması, 1948—1953-cü illərdə biabırçı deportasiya aktının həyata keçirilməsi, 1988-ci ildə isə həmvətənlərimizin açıq şəkildə qovulması nəticəsində Ermənistanda bir nəfər də azərbaycanlı qalmamışdır.
Kitabda belə bir ciddi fakt da qabardılır: XX əsr boyu davam edən soyqırımlar nəticəsində ermənilər 1 milyon azərbaycanlının həyatına son qoymuşlar. Ermənistandan illər boyu qovulan 1,5 milyon azərbaycanlı və onların törəmələri indi 8 milyonluq xalqımızın, təxminən, yarısını təşkil edir. Halbuki, Qafqazda “erməni vilayəti” XIX əsrdə İrandan və Türkiyədən köçürülən ermənilər hesabına yaradılmışdır. 1823-cü ildə Qafqaz əhalisinin cəmi 8,4 faizi erməni olduğu halda, bu rəqəm süni şəkildə 1832-ci ildə 34,8 faizə, 1897-ci ildə isə 53 faizə çatdırılmışdır. Tarixi Azərbaycan şəhəri olan İrəvanda 1831-ci ildə əhalinin 85,2 faizi azərbaycanlılardan ibarət olmuşdur. Müəlliflər bu silsilədən zəngin faktları ciddi mənbələrə, nüfuzlu xarici mütəxəssislərin əsərlərinə, hətta erməni müəlliflərinə əsaslanaraq ardıcıl və sistemli şəkildə dövriyyəyə gətirmiş, tarixi həqiqətin aydın və inandırıcı mənzərəsini yaratmağa nail olmuşlar.
Tarixi qaynaqlara istinadən göstərilir ki, 1905—1906-cı illərdə erməni quldur dəstələri Gəncə və Qazaxda 200, Cavanşir, Cəbrayıl və Zəngəzurda 75 Azərbaycan kəndini yerlə-yeksan etmişlər. 1918-ci ildə isə Qarabağda 150-dən çox, Zəngəzurda 115, İrəvanda 211, Qarsda 92 kənd oda qalanmış, 575 min azərbaycanlının 565 min nəfəri öldürülmüş və yurd-yuvasından qovulmuşdur. Həmin dövrdə Bakıda, Qubada, Şamaxıda da ermənilər kütləvi qırğınlar törətmiş, 50 min soydaşımızı uşaqlı, qadınlı, qocalı qətlə yetirmişlər.
1937-ci ilin kütləvi repressiyalarında isə 80 min soydaşımız bir çox hallarda ermənilərin əli və təhriki ilə öldürülmüş və sürgün olunmuşdur. 1948-1953-cü illərdə Ermənistandan soydaşlarımızın kütləvi deportasiyası, nəhayət, 1988-ci ildə onların dədə-baba torpaqlarımızdan son nəfərinədək qovulması ilə tamamlanmışdır. Qarabağ müharibəsində 20 min azərbaycanlı öldürülmüş, 50 min soydaşımız əlil olmuşdur. “Əsrin faciəsi” kimi tanınan Xocalı soyqırımında 7 min nəfərlik bir şəhər yer üzündən silinmişdir.
Kitabın “Tarixi həqiqətlər faktların və rəqəmlərin dili ilə” başlıqlı birinci bölümündə ermənilərin Türkiyəyə və Azərbaycana qarşı əsassız və ədalətsiz ərazi iddiaların puçluğu 3—4 min illik tarixin nəzərdən keçirilməsi ilə sübuta yetirilir, bu xəstə təxəyyüllü və vəhşi təbiətli xalqın türk soyuna qarşı soyqırımlarının xronika və statistikası nəzərə çatdırılır. Sonrakı 9 bölümdə isə bu məsələlər daha dərindən araşdırılır, ciddi elmi-nəzəri nəticələr çıxarılır. “Erməni məsələsi necə yarandı” bölümü kitabın ən maraqlı hissələrindən biri kimi bu saxta və qanlı oyunun qaynaqlarını açıqlayır, çağdaş oxucunu və erməni yalanlarının hədəflərini ayıq-sayıq olmağa səsləyir.
Erməni millətçilərinin 1905 – 1906-cı illərdə, 1918 – 1920-ci illərdə törətdikləri fəlakətlərin və soyqırımın əhatəli mənzərəsi ayrı-ayrı bölmələrdə verilmişdir. 1948 – 1953-cü illərin faciəli deportasiyası da ayrıca mövzu kimi araşdırılmışdır. Dağlıq Qarabağ münaqişəsindən qaynaqlanmış 20 Yanvar faciəsi və Xocalı soyqırımı da xüsusi bölümlərdə xalqımıza qarşı ermənilərin və havadarlarının törətdikləri qanlı cinayətlər kimi təqdim olunmuşdur.
Erməni sərsəmliyinin bəşəri təhlükəyə yönəldiyi qənaətinə gələn Xəqani Məmmədov və Nuru Məmmədov, haqlı olaraq, “həyəcan təbili” çalırlar: “Dənizdən-dənizə böyük Ermənistan dövləti” yaratmaq istəyən erməni şovinistlərinin nə tarixi həqiqətlərə, nə də bu günkü siyasi reallıqlara uyğun gəlməyən sərsəm xəyalları, Azərbaycan da daxil olmaqla Rusiya, Dağıstan, İran, Türkiyə, Gürcüstan dövlətlərinə qarşı ərazi iddiaları Qafqazda və bütün dünyada sülh və sabitlik üçün real təhlükə törədən çox böyük münaqişə ocağının yaranmasına gətirib çıxara bilər". Bu məntiqdən çıxış edən müəlliflər ermənilərin azərbaycanlılara qarşı törətdikləri və 2 milyon soydaşımızı qurbana çevirmiş soyqırım və digər cinayətlərin, deportasiya aktlarının dünya dövlətlərinin parlamentlərində və beynəlxalq qurumlarda tanıdılması yönündə səyləri artırmağın zəruriliyini qeyd edirlər və dünyanın haqsevər insanlarını həqiqəti görməyə səsləyirlər.
Kitabda ermənilərin I Dünya müharibəsi dövründə Anadoluda törətdikləri fəlakətlər də açıqlanmış, Ermənistanın Türkiyəyə qarşı ədalətsiz soyqırım və ərazi iddiaları tutarlı fakt və arqumentlərlə ifşa edilmişdir. Osmanlı imperiyasının varlığına son qoymağa çalışmış Qərb dövlətlərinin tarixdə oynadığı fitnəkar rola münasibət bildirən müəlliflər bildirirlər ki, əgər “erməni məsələsi” ortaya çıxmasaydı belə türkün düşmənləri onu mütləq yaradacaqdılar. Bu kart əldən-ələ keçdikcə ermənilərin adına daha çox cinayət yazılmış, onlar düşmənlərinin sayını artırmışlar. Nəticədə, əsassız iddialar erməniləri dinclik və sabitlikdən, inkişafdan kənarda qoymuş, onların davakar xalq imicini formalaşdırmışdır.
Ümummilli lider Heydər Əliyevin ermənilərin xalqımıza qarşı xəyanət və cinayətlərini rəsmi dövlət mövqeyi səviyyəsində qiymətləndirən tarixi fərmanı, 31 Mart Azərbaycanlıların Soyqırımı Gününün elan olunması, ermənilərin törətdiyi soyqırımın dünya xalqlarına çatdırılması və tanıtdırılması yönündə Prezident İlham Əliyevin fəaliyyəti dövlətimizin həyata keçirdiyi ardıcıl, qətiyyətli tədbirlər də müəlliflərin diqqətindən kənarda qalmamışdır. Onlar bu rəsmi sənədlərdə və aksiyalarda irəli sürülən müddəaların tarixin obyektiv məntiqindən irəli gəldiyini və bəşəri həqiqətə uyğun olduğunu yeri gəldikcə ucadan səsləndirmiş, əlavə faktlarla gücləndirmişlər.
Xəqani Məmmədov və Nuru Məmmədov monoqrafiyada qarşılarına qoyduqları məqsədə çataraq oxucuda belə bir qənaət yaradırlar: ermənilər Qafqaza kənardan gəlmişlər, həmişə türklərə qarşı düşmən mövqe tutmuşlar, onları məhv etməklə, qovmaqla, torpaqlarını ələ keçirməklə özlərinə dövlət qurmuşlar, bu siyasəti davam etdirərək başqa xalqlar üçün də təhlükə törədirlər. Kitabdakı zəngin faktlar, dərin təhlil, elmi məntiq ermənilərin azərbaycanlılara və türk soyuna, bütövlükdə, insanlığa qarşı soyqırım siyasətini, bu gün də davam edən təcavüzünü tamamilə sübuta yetirir.
Monoqrafiya son illərdə bu mövzuda yazılmış əsərlər sırasında elmiliyi və əhatəliyi ilə seçilir, xalqımızın köklü maraqlarını, dövlətimizin konstruktiv siyasətini əks etdirir. “Erməni iddiaları və azərbaycanlıların soyqırımı” kitabı ermənilərin gündən-günə şiddətlənən, “palıd ağacında alma yetişir” məntiqinə əsaslanan informasiya hücumlarını neytrallaşdırmaqda və qalib gəlməkdə soydaşlarımızı zəruri bilgilərlə silahlandırır, dostlarımızı haqq işimizin dəstəklənməsinə səfərbər edir.
Tahir AYDINOĞLU
Xalq qəzeti.-2008.-26 dekabr.- S.6.