İnnovasiya texnologiyaları
və
İKT sahəsinin gəlirləri 2018-ci
ildə neft-qaz sektorundan əldə
olunan gəlirlərə bərabər olacaq
Adambaşına
düşən kompyuterlərin sayına görə Azərbaycan
yaxın gələcəkdə Avropa və Asiyanın
inkişaf etmiş ölkələrinin səviyyəsinə
çatacaq. Bunu “2008-ci il prezident seçkiləri:
inkişafın yeni perspektivləri” mövzusunda keçirilən
konfransda rabitə və informasiya texnologiyaları naziri Əli
Abbasov bildirib.
“Gələcək 5 il üçün biz qarşımıza İKT-in inkişafına dair məqsədyönlü plan qoymuşuq. Həmin plan dörd əsas hissədən ibarətdir: kosmik texnologiyaların, nanotexnologiyaların, nüvə və biotexnologiyaların inkişafı. Misal üçün, bu gün Azərbaycanda 50 dollar dəyərində xammal neftdən 500 dollarlıq müxtəlif neft məhsulu hazırlanır, nanoborucuqlar texnologiyasının və digər qabaqcıl innovasiyaların köməyi ilə yaxın illərdə həmin miqdarda 50 dollar dəyərində neftdən Azərbaycan 5000 - 10 000 dollarlıq neft məhsulu istehsal etmək imkanına qadir olacaq”, - deyə nazir qeyd edib. Ə.Abbasov həmçinin bildirib ki, “Azərbaycanda regional innovasiya mərkəzləri yaradılacaq ki, burada infrastruktur və ölkənin müxtəlif rayonlarında müasir texnoloji sektorlar inkişaf etdiriləcək. Nəticədə biz kiçik və orta biznesin inkişafını müşahidə edə bilərik.
Bu ilin yekunlarına
əsasən İKT sektorundan
gəlirlər 1 mlrd. ABŞ dolları,
2010-cu ildə 4 mlrd., 2012-ci ildə 6 mlrd. dollar olacaq. 2018-ci
ildə isə innovasiya texnologiyalarının
gəlirləri neft-qaz
sektorunun gəlirlərinə
bərabər olacaq”.
M. MÜKƏRRƏMOĞLU
Xalq qəzeti.-2008.-26 dekabr.- S.7.