Ölkədə quş qripi xəstəliyinə tutulma halları yoxdur
Dekabrın 15-dən
quş qripi xəstəliyinə görə ölkə ərazisində
başlanmış növbəti monitorinq zamanı seçmə
üsulla ovlanaraq götürülən 25 baş çöl
quşunun patoloji materialı, eləcə də ölkəmizin
ayrı-ayrı quşçuluq və həyətyanı təsərrüfatlarından
gətirilən 47 baş ev quşunun patoloji materialı və
2982 baş ev quşunun qan nümunələri Respublika
Baytarlıq Laboratoriyasında müvafiq müayinələrdən
keçirilmişdir. Bununla əlaqədar olaraq Kənd Təsərrüfatı
Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti bildirir
ki, müayinə edilmiş nümunələrin heç birində
quş qripi xəstəliyinin törədicisi müəyyən
edilməmişdir.
Bu nəzarəti tədbir köçəri quşların müvəqqəti məskunlaşdığı Abşeron yarımadası, Dəvəçi, Salyan, Ağcabədi və Lənkəran rayonlarındakı milli park və qoruqlarda, eləcə də respublikanın dənizsahili zonalarında həyata keçirilmişdir. Monitorinqin aparıldığı ərazilərdə nə xəstə, nə də xəstəlikdən tələf olan quşlara rast gəlinməmişdir.
Xatırladaq ki, quş qripi xəstəliyinin profilaktikası məqsədilə ölkə ərazisində həyata keçirilən monitorinq Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin, ekologiya və təbii sərvətlər, səhiyyə nazirliklərinin, eləcə də Ovçular Cəmiyyətinin mütəxəssis və əməkdaşlarının iştirakı ilə aparılmışdır.
Quş qripi xəstəliyinin ölkəmizə köçəri quşlarla keçmə ehtimalını hər zaman diqqət mərkəzində saxlayan Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti respublika ərazisində ardıcıl olaraq monitorinqləri bundan sonra da davam etdirəcəkdir. Quşların miqrasiyasını əsas götürərək növbəti monitorinqin yanvar ayının 12-də başlanması nəzərdə tutulur.
Dövlət Baytarlıq Xidməti bir daha xatırladır ki, ev quşları qapalı şəraitdə saxlanılmalı, köçəri və çöl quşlarının ovlanılması, satılması və ondan qida məhsulu kimi istifadəsi qadağandır.
Kənd Təsərrüfatı yanında
Dövlət Baytarlıq Xidmətinin
mətbuat mərkəzi
Xalq qəzeti.-2008.-27 dekabr.- S.8.