Azərbaycanın bütün sahələr üzrə
yüksəlişinin əsas stimulu
2003–2008-ci illər
ölkəmizin ictimai-siyasi, mədəni, elmi, iqtisadi və
digər sahələrində uğurlu nailiyyətlərin
qazanılması ilə yadda qalmaqdadır. Bunlarla
yanaşı, müstəqil dövlətimizin beynəlxalq aləmə
inteqrasiya etmək baxımından xarici ölkələrlə
əlaqələri son beş ildə bir qədər də
genişləndi. Ümummilli lider Heydər Əliyevin əsasını
qoyduğu tərəqqi və inkişaf yolu ən layiqli yetirməsi
möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən
uğurla davam etdirildi. Öz fəaliyyətində ulu öndərin
siyasi kursuna daim sadiq qalacağını bəyan edən
dövlət başçımız bu siyasətin alternativi
olmadığını qətiyyətlə bildirmiş,
dövlətimizin yalnız bu siyasət sayəsində
inkişaf etmiş ən qüdrətli ölkələr
sırasına qoşulacağını əminliklə
bildirmişdir.
Azərbaycanın son illərdəki sürətli inkişafı, əhalinin həyat səviyyəsinin getdikcə yaxşılaşması, əmək haqlarının, sosial müavinətlərin, təqaüdlərin artırılması cənab İlham Əliyevin prezidentlik fəaliyyətinin prioritetini təşkil etmişdir. Son beş ildə 670 min yeni iş yerinin yaradılması, beynəlxalq standartlara uyğun istehsal müəssisələrinin təşkili, insanların sosial-rifah halının daha da yaxşılaşdırılması yoxsulluğun səviyyəsini azaltmış, ölkəmizin iqtisadi qüdrətini artmışdır. Təkcə bir faktı diqqətə çatdırmaq istərdim. 2003-cü illə müqayisədə dövlət büdcəmiz 10 dəfə artmışdır. Növbəti ilin dövlət büdcəsi cari illə müqayisədə daha çoxdur.
2009-cu ilin dövlət büdcəsinin formalaşdırılması dünyada yaranmış iqtisadi böhran ərəfəsinə təsadüf edir. Lakin buna baxmayaraq, bu böhran bizi qorxutmur. Çünki ölkəmizdə ümumi daxili məhsul istehsalı ilbəil artır. Dövlət başçımızın məntiqli daxili və xarici siyasəti nəticəsində iqtisadi sahədə irəliyə doğru sıçrayış yaranmış, ölkəyə kapital axını güclənmiş, valyuta ehtiyatı xeyli artmışdır. Gəlin faktlara diqqət yetirək. 2003-cü illə müqayisədə hazırda ölkəmizdə ümumi daxili məhsul istehsalının artımı 35 faiz, əhalinin adambaşına düşən orta aylıq əmək haqqı 250–280 manat təşkil etmişdir. Azərbaycan əməkhaqlarının artım səviyyəsinə görə Müstəqil Dövlətlər Birliyinə daxil olan ölkələr arasında lider dövlətdir. 1995–2007-ci illərin statistik məlumatlarına görə Azərbaycanda əməkhaqları 16 dəfə artmışdır. Bu, Rusiya, Belarus, Ukrayna, Qazaxıstan kimi dövlətlərdən 4–5 dəfə çox deməkdir. Təkcə 2008-ci ilin altı ayı ərzində istehsal edilmiş ümumi daxili məhsul 2003-cü ilin altı ayının göstəricilərinə görə 29,5 faiz və yaxud 4,2 milyard manat artaraq 19,9 milyard manata çatmışdır. Bu isə o deməkdir ki, ümumi daxili məhsulun adambaşına düşən həcmi 3214 manat təşkil etmişdir.
Möhtərəm Prezidentimiz İlham Əliyev dövlət başçısı kimi fəaliyyətə başladığı vaxtlar imzaladığı ilk fərman və sərəncamlarla sübut etdi ki, ölkəmizin hərtərəfli inkişafı sahəsində aydın, geniş və icra mexanizmləri dəqiq ölçülüb-biçilmiş fəaliyyət proqramına malikdir. 2003-cü ilin noyabrın 24-də “Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında” fərman, 2004-cü il fevralın 11-də təsdiq edilən “Regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramı”, 2004-cü il iyulun 1-də “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”, sahibkarlığın təşviqi, sosial-iqtisadi sahə ilə bağlı verilən sərəncamlar onun fəaliyyət proqramının çeşidli istiqamətlərini ehtiva edir.
Dövlət başçısının imzaladığı sərəncam və qərarların icrasını bilavasitə daima şəxsi nəzarətində saxlaması, ortaya çıxan bütün çətinliklərin vaxtında və yerindəcə aradan qaldırılmasını qarşıya əsas vəzifə kimi qoyması iqtisadi inkişafımızın əsas stimullarındandır. Ölkədə davamlı ictimai-siyasi sabitliyin yaradılması insanların gələcəyə olan inamını daha da artırmış, həyat səviyyəsini xeyli yaxşılaşdırmışdır. Prezident İlham Əliyev bölgələrə səfərləri zamanı əhali ilə keçirdiyi görüşlərdə də bu məsələnin vacibliyini qeyd edərək demişdir: “Cəmiyyətə sabitlik lazımdır. İnsanlar iş, yaxşı maaş, uşaqlarını təhlükəsiz böyütmək istəyirlər və bizim vəzifəmiz onlara bu şəraiti təmin etməkdir”.
Dünyanın tanınmış ictimai-siyasi xadimləri, görkəmli siyasətçiləri də hazırda Azərbaycanda yaradılmış davamlı ictimai-siyasi sabitliyi, iqtisadi inkişafı yüksək qiymətləndirir, bunun əsasının ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu, hazırda isə möhtərəm Prezidentimiz tərəfindən layiqincə davam etdirilməsində görürlər. Məsələn, Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurası sədrinin müavini Svetlana Orlova yazır: “Bu gün Azərbaycan vətəndaşları başa düşürlər ki, İlham Əliyev ölkədə sabitlik deməkdir. Bu gün Prezident İlham Əliyev Azərbaycanı uca zirvələrə doğru aparır və onun siyasi və iqtisadi fəaliyyət xəttinin nəticələri göz qabağındadır. Azərbaycanın çox yaxşı gələcəyi var. Bu şərtlə ki, İlham Əliyevin siyasi xəttinin varisliyi qorunub saxlanılsın”.
Ötən beş il ərzində görülən işlər nəticəsində respublikamızın enerji təhlükəsizliyi sistemi də xeyli dərəcədə yaxşılaşmış, ölkəmiz regionun və dünyanın enerji təhlükəsizliyinin təmin edilməsi sahəsində mühüm əhəmiyyətli dövlətə çevrilmişdir. Dövlət başçımızın ölkənin enerji müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində atdığı mühüm və qətiyyətli addımlar nəticəsində Azərbaycan bu gün Avropanın enerji təhlükəsizliyinin təminatçısına çevrilib. Əfsanədən reallığa çevrilən Bakı–Tbilisi–Ceyhan neft və Bakı–Tbilisi–Ərzurum qaz kəmərləri dünya əhəmiyyətli strateji layihələr olmaqla, nəinki respublikamızın, bütövlükdə Avropanın fasiləsiz enerji ilə təminatına geniş imkanlar açır.
Bir il öncə Türkiyə–Yunanıstan qaz kəmərinin Avropanın bir sıra dövlətlərinin enerji təhlükəsizliyinin müstəsna rolunu təsdiqləmişdir. Bütün bunlarla yanaşı, ölkəmizdə enerji sammitinin keçirilməsi də respublikamızın dünyanın enerji təhlükəsizliyinə verdiyi böyük töhfələr kimi qiymətləndirilir. Bütün bunlar Azərbaycanın beynəlxalq aləmdəki nüfuzunu getdikcə artırmış, mövqelərini möhkəmləndirmişdir. Artıq dünyanın əksər ölkələri bəzi məsələlərin həllində Azərbaycanla, onun başçısı cənab İlham Əliyevlə razılaşmaq məcburiyyətindədir. Arxada qalan beş il ərzində həyata keçirilən xarici siyasət sahəsində qazanılmış uğurlar da bunu təsdiqləyir.
Təbii ki, bu gün hər bir azərbaycanlını narahat edən əsas məsələlərdən biri Dağlıq Qarabağ probleminin nizamlanması, işğal altında olan torpaqlarımızın azad olunması, qaçqın və məcburi köçkün soydaşlarımızın öz doğma ata-baba yurdlarına qaytarılmasıdır. Bu istiqamətdə görülən işlər, aparılan siyasət nəticəsində hazırda Ermənistan dünyada işğalçı, Azərbaycan isə sülhsevər dövlət kimi tanınıb. Halbuki, bir qədər əvvəl dünyanın əksər ölkələri, bəzi beynəlxalq qurumları Ermənistanın haqsız əməllərinin müdafiəçilərinə çevrilmişdilər. İndi isə vəziyyət tamamilə dəyişib. Mən iş fəaliyyətimlə əlaqədar xarici ölkələrdə olarkən bunu daha yaxından hiss edir və bizim xalqa qarşı münasibətləri açıq-aydın hiss edirdim.
Hazırda dünyanın ən qüdrətli dövlətləri, nüfuzlu beynəlxalq qurumları Azərbaycanın haqq işini, dövlət başçımızın mövqelərini dəstəkləyir, münaqişənin beynəlxalq hüququn norma və prinsipləri əsasında, yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə tərəfdar olduqlarını bildirirlər. BMT kimi nüfuzlu bir qurumun Baş Assambleyasında Dağlıq Qarabağ münaqişəsi müzakirə olunan zaman Azərbaycanın ərazi bütövlüyünün əsas prinsip kimi götürülməsi, ABŞ kimi qüdrətli bir dövlətin də bu prinsipi dəstəkləməsi dediklərimi təsdiqləyən təkzibedilməz faktlardır.
Yaxın vaxtlarda Moskvada üç dövlətin – Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin imzaladıqları birgə bəyannamə müstəqil dövlətimizin beynəlxalq aləmdə artan nüfuzundan xəbər verir. Moskva Bəyannaməsi Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında Azərbaycan Prezidentinin qarşıya qoyduğu bütün məsələləri, demək olar ki, tam şəkildə özündə əks etdirib.
Möhtərəm Prezidentimiz İlham Əliyevin münaqişənin həlli istiqamətində yeritdiyi siyasətin əsas mahiyyəti Ermənistanın mövqeyinin beynəlxalq hüquq baxımından tam əsassızlığını sübuta yetirmək, təcavüzkar ölkəni Cənubi Qafqazda dinamik inkişaf prosesindən, qlobal enerji-kommunikasiya layihələrindən təcrid etmək, ən nəhayət, Azərbaycanın iqtisadi, hərbi qüdrətini artırmaqla qarşı tərəfin mövqeyinə təsir göstərməkdən ibarət olmuşdur. Məhz bunun nəticəsidir ki, hazırda Ermənistan beynəlxalq aləmdən təcrid olunmaq üzrədir. Qəsbkar ölkənin ictimai-siyasi xadimləri, hətta, dövlət rəsmiləri də təsdiqləyirlər ki, bu gün Ermənistan yardımlar, ianələr hesabına yaşayan dövlətdir.
Dünyada baş verən maliyyə böhranı ilk növbədə Ermənistanda özünü büruzə verəcək. Bu, artıq özünü göstərməkdədir. Ölkəni bürümüş işçizlik, aclıq, səfalət artıq yerli sakinləri xarici dövlətlərə köçmək məcburiyyəti ilə üz-üzə qoyub. Son məlumatlara görə, Ermənistanın 1,5 milyon sakini acından ölməmək üçün xarici ölkələrə üz tutub. Azərbaycanın isə xarici ölkələrdə olan vətəndaşları kütləvi surətdə doğma Vətənə qayıdırlar. Çünki son illər ərzində ölkəmizdə beynəlxalq standartlar səviyyəsində çoxlu sayda yeni fabrik və zavodlar açılmış, iri xarici şirkətlər istehsal müəssisələri yaratmışlar. Bütün bu müəssisələrdə işləmək üçün ilk növbədə yerli sakinlərə üstünlük verilir.
Azərbaycan xalqı fəxr edir və qürur hissi keçirir ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş daxili və xarici siyasət bu gün intellektual səviyyəli, praqmatik düşüncəli, uzaqgörən siyasətçi möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Biz sabaha ümidlə, inamla baxırıq. Çünki xalqımızı öz arxasınca apara biləcək lider var. Bu lider Azərbaycanın bütün sahələr üzrə inkişafının əsas stimuludur.
Samir MƏMMƏDOV,
“Edis Qroup”
şirkətinin prezidenti
Xalq qəzeti.-2008.-28 dekabr.- S.3.