Seçkilərdə qələbəni təmin edən
əsas kriterilər və müasirləşmənin fəlsəfəsi
Bu mövzunu qələmə
almaq, fikirlərimi oxucularla bölüşmək istəyi məndə
Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının
rəhbəri, akademik Ramiz Mehdiyevin “Azərbaycan–2003–2008:
reallığa çevrilən qeyri-adi zaman” sərlövhəli
fundamental, elmi-təhlili məqaləsi (“Xalq qəzeti” N 253) ilə
tanışlıqdan sonra yarandı. Özünün
aktuallığı, elmi dərinliyi, səriştəli və
obyektiv təhlili ilə seçilən bu məqalədə
müəllif son 5 ildə Azərbaycanın ictimai həyatında
gedən proseslərə, ölkənin sosial-iqtisadi sahədə,
daxili və xarici siyasətdə, demokratik dövlət
quruculuğunda, milli-mənəvi sferada qazandığı
cahanşümul nailiyyətlərə işıq salır,
qarşıdakı dövr üçün ürəkaçan
proqnozlar verir.
Bəşəriyyətin
inkişafının müxtəlif dövrlərində
dövlətin, yaxud hansısa bir qurumun, toplumun rəhbərləri
vəzifə başına müxtəlif yollarla gəlmişlər.
Uzun müddət varislik və təyinetmə bu məsələdə
dominantlıq təşkil etmişdir. Lakin zaman keçdikcə
seçki üsulu meydana çıxmış, inkişaf
etmiş dövlətlər və mütərəqqi xalqlar bu
yolu üstün tutmuşlar. Seçki yolu ilə müəyyən
postun tutulması dövlətçiliyin sabitliyini və
inkişafını, vətəndaşların demokratik və
ədalətli cəmiyyətdə yaşamasını təmin
edən amillərdən birinə çevrilmişdir. Yeri gəlmişkən,
demək lazımdır ki, seçki prosesinin mahiyyətində
təbiət və cəmiyyətin təkamülündə əsas
rol oynayan elementlər mövcuddur. Təbiətdə mövcud
şəraitə uyğun müsbət keyfiyyətlərin
saxlanılması, əlverişsiz əlamətlərin aradan
qaldırılması istiqamətində hər zaman təbii
seçmə getmişdir. Hazırkı flora və faunanın
forma və məzmunu bu seçmə nəticəsində
formalaşmışdır.
Cəmiyyətin
inkişafı prosesində də lazımi keyfiyyətlərin
üstünlüyü istiqamətində müxtəlif
müstəvilərdə hər zaman seçmələr getmişdir.
Hərbi dühası olan əsgərlər generallara, dövlətçilik
və idarəetmə qabiliyyəti olan sıravi insanlar rəhbərlərə
çevrilmiş, istedadlılar məşğul olduqları
elm sahəsinin zirvəsinə qalxmış, özlərinə
əbədiyaşarlıq qazanmışlar.
Cəmiyyətdə bəzən bu proses mənfi keyfiyyətlərin seçilməsi nəticəsində tənəzzülə, müsbət keyfiyyətlərin seçilməsində isə tərəqqiyə səbəb olmuşdur. Ona görə də cəmiyyət öz inkişafını təmin etmək üçün müsbət keyfiyyətlərin seçilməsini hər zaman arzu etmiş, buna səy göstərmiş və nəhayət, ədalətli seçki üsulunu tətbiq etməyə nail olmuşdur.
Azərbaycan xalqı da mütərəqqi, öz iradəsini diktə edə biləcək iradəyə malik bir millət olaraq seçki üsulu ilə hakimiyyətin müxtəlif qollarını formalaşdırmağı üstün tutmuşdur. Bu seçkilərin ədalətli, demokratik keçirilməsi, həqiqətən layiqli şəxslərin seçilməsi dövlətçiliyimizin inkişafında mühüm amillərdəndir.
Layiqli şəxslər deyəndə nələr nəzərdə tutulur? Bu suala cavab vermək üçün seçkilərdə qələbəni təmin edən əsas kriteriləri müəyyənləşdirək. Burada biz qələbə deyəndə, həm namizədin, həm də cəmiyyətin qələbə qazanmağının şərtlərini müəyyənləşdirməyə çalışacağıq. Bəri başdan deyək ki, seçkilərdə qələbə qazanmağın əsas kriteriləri amorf anlayış olaraq, zaman və məkandan, milli adət-ənənələrdən asılıdır. Yəni seçki hansı tarixi dövrdə, hansı dövlətdə, hansı xalq tərəfindən, hakimiyyətin hansı qolunun formalaşması prosesi üçün keçirilir.
Akademik Ramiz Mehdiyev haqqında söhbət gedən məqaləsində bu məsələdən bəhs edərkən yazır: “Hər bir ölkədə seçkilərin gedişi ərazi quruluşu, idarəetmə formaları və ən başlıcası, siyasi mədəniyyət və ənənələrdən asılı olaraq fərqlənir. Siyasi stratifikasiyanın tərkibindən asılı olaraq, təşviqat və təbliğat sivil və ya qəddar formalarda həyata keçirilir. Yalnız zaman duyumu, vətəndaşla dialoqa yönəmli siyasi liderin şəxsi nümunəsi və iradəsi hər hansı formanın seçimini, sivil istiqamətə yönəlməsini təmin edə bilər. Dünya birliyi 2008-ci ilin seçkilərində qeyri-korrekt texnologiyanın, falş-piarların tətbiq edilmədiyini etiraf etdi. Azərbaycan xalqı isə siyasi yetkinliyə doğru daha bir çox önəmli addımlar atdı”. Müəllifin sözünə qüvvət, mən də 2008-ci il oktyabrın 15-də respublikamızda hakimiyyətin icraedici qoluna rəhbərlik edən prezident seçkilərində qələbənin əsas kriterilərini müəyyənləşdirməyə çalışacağam. Burada məsələyə, yuxarıda qeyd etdiyimiz kimi, iki konteksdən: xalqın, yəni seçicilərin və prezidentliyə namizədlərin seçkidə qələbə qazanmağının əsas kriterilərinin müəyyənləşdirilməsi baxımından yanaşmaq lazım gəlir.
Xalqın seçkidə qələbəsi 5 il dövlətin başında duracaq, onu dünyada təmsil edəcək, hər bir vətəndaşın hüquqlarının təminatçısı olacaq müsbət keyfiyyətlərə malik ən layiqli namizədi seçə bilməkdən ibarətdir.
Bunun üçün aşağıdakı şərtlərin olması zəruridir:
1. Seçkinin ədalətli, demokratik keçirilməsi. Burada dövlət və xalq olaraq biz, seçkilərin ədalətli, demokratik keçirilməsində xarici müşahidəçilərdən və beynəlxalq təşkilatlardan daha çox maraqlı olmalıyıq.
2. Seçicilərini aktivliyi. Yəni, “mən seçkidə müəyyən formada iştirak etməsəm nəticələrə o qədər də təsir etməz” - fikrini hər bir seçici özündən kənarlaşdırmalıdır.
3. Seçkiqabağı proseslərdə fəallıq. Namizədlərin təbliğat proseslərini izləmək, öz namizədinin müsbət keyfiyyətlərini məntiqlə ətrafındakılara izah etmək. Bu işdə qərəzsiz jurnalistlərin və ziyalıların, elm və sənət adamlarının üzərinə böyük məsuliyyət düşür.
4. Kütləvi informasiya vasitələri tərəfindən bitərəf mövqe. Yəni, hər bir namizədə eyni şəraitin yaradılması, onların öz fikirlərinin seçicilərə çatdırılmasında kömək göstərmək, hətta ən “pis” namizədə də şərait yaradılmalıdır ki, onun fonunda “yaxşı”nı xalq seçə bilsin.
5. İşgüzarlıq, dəqiqlik. Seçkinin keçirilməsi ilə məşğul olan əlaqədar təşkilatlar prosesin başa çatması üçün yüksək səviyyədə işləməli, qanunlara dəqiq əməl etməlidirlər.
Obyektiv kriterilər:
1. Xalqın seçkilərdə qələbə çalmağı, yəni öz iradəsinə uyğun ən layiqli namizədi seçməyi üçün yuxarıda göstərilən bütün şərtlər ödənilməlidir.
2. Namizədlərin bütün seçki məntəqələrini əhatə edən ərazilərdə layiqli nümayəndələri olmalı, onun ideyalarının, platformasının cəmiyyətin bütün təbəqələrinə çatdırılmasına çalışmalıdırlar.
3. Seçkilərə hazırlıq, seçki öncəsi və seçkidən sonrakı dövrlərdə lazım olan fəaliyyət növlərini qanunauyğun şəkildə vicdanla, məntiqlə, bacarıq və işgüzarlıqla həyata keçirə biləcək vahid seçki komandası olmalıdır.
4. Namizəd prezident seçilərsə, hansı komanda ilə işləyəcəyini göstərməlidir.
Namizəd bir məsələni unutmamalıdır ki, xalq təkcə onun özünə deyil, həm də komandasının hər bir üzvünə səs vermiş olur. Ona görə də bu komandanın üzvləri ictimaiyyət tərəfindən vicdanlı, vətənpərvər, intellektual və peşəkar səviyyəli kadrlar kimi tanınmalıdır.
Subyektiv kriterilər:
1. Seçkiqabağı platforması. Namizədin seçkiqabağı platforması aydın, reallığa uyğun, məntiqə və zəkaya söykənən əsaslar üzərində qurulmalı, özündə seçicilərin böyük əksəriyyətinin ümumi arzu və istəklərini ehtiva etməlidir. Seçici bu platformada namizədin keçmişdə, hazırda göstərdiyi fəaliyyətin hesabatını görməli, gələcək planlarını öyrənməlidir. Eyni zamanda, hər bir vətəndaş bu platformada şəxs olaraq özünün, millətinin, dövlətinin problemlərini görməli, onun həlli yollarını bilməlidir.
2. Namizədin ideyalarının söykəndiyi əsas prinsiplər. Hər bir prezidentliyə namizədin keçmiş, indiki və gələcək fəaliyyətini müəyyənləşdirən, onun ideyalarını formalaşdıran və uzlaşdıran mənbə olmalıdır. Bu mənbə milli dövlətçiliyə, azərbaycançılıq məfkurəsinə söykənməli, praktikada özünü doğrultmuş, ölkənin inkişafına səbəb olmuş prinsiplərə söykənməlidir. Burada onun hansı siyasi irsin varisi olması önəmli məsələdir.
3. Namizədin keçmiş və indiki fəaliyyəti. Namizədin keçmişdə və indiki zamanda göstərdiyi fəaliyyət onun imicinin xalq arasında formalaşmasında böyük rol oynayır. Onun gələcəkdə nə cür fəaliyyət göstərəcəyi barədə seçicidə mühakimə yürütmək imkanı verir.
4. Şəxsi keyfiyyətləri. Hər bir namizədin seçkidə qələbə çalmağının əsas şərtlərindən biri onun şəxsi keyfiyyətləridir. Şəxsi keyfiyyətlər dedikdə, onun yüksək intellektual səviyyəsi, müasir dünyada gedən mürəkkəb prosesləri düzgün qavraması, gələcəkdə baş verə biləcək hadisələr barədə qabaqcadan mühakimə yürütmək bacarığı, demokratik fikirli, milli dövlətçiliyə sədaqətli, hər bir vətəndaşın prezidenti ola biləcək düşüncə tərzinə malik olması, natiqlik qabiliyyəti, xarizması, cəsarəti və qətiyyəti, öz komandasında birmənalı qəbul edilməsi, verdiyi vədlərə sadiq qalması, qanunlara riayət etmək və cəmiyyətdə özünə inam formalaşdırmaq bacarığı ... kimi dəyərlər nəzərdə tutulur.
Zənnimcə, qeyd etdiyim obyektiv və subyektiv kriterilər prezidentliyə namizədin qalib gəlməsini təmin edən əsas şərtlərdir. Göstərilən kriteriləri tətbiq etməklə 2008-ci ildə respublikamızda keçirilən prezident seçkilərinin nəticələrinin məntiqi əsaslarını tapmaq mümkündür.
Dünya seçki təcrübəsi göstərir ki, obyektiv meyarlar seçkinin taleyində bir o qədər rol oynamır. Əsas məsələ namizədin şəxsən özündən asılı olan subyektiv kriterilərin ödənilməsindədir. Məsələn, ABŞ-da iki dəfə prezident seçilmiş Duayt Eyzenhauerə prezidentliyə namizəd olmağını təklif edəndə, onun heç bir siyasi təşkilatı yox idi və o, dilemma qarşısında qalmışdı ki, namizədliyini Respublikaçılar Partiyasından, yaxud Demokratlar Partiyasından versin. II Dünya müharibəsində qalib çıxan müttəfiq qoşunların komandanı kimi onun Amerikada reytinqi yetərincə yüksək idi və bu, ona seçkilərdə qələbə çalmağa imkan vermişdi.
Məsələ burasındadır ki, Azərbaycanda seçki ilə bağlı qəribə və məntiqəsığmayan ənənələr meydana çıxıb. Hakimiyyətə iddialı siyasi qüvvələr seçkilərdə təkbaşına qalib gələ bilməyəcəyini dərk edib müxtəlif adlar altında birləşməyə başlayırlar. Çox ciddi bir məsələdə yanılırlar. Onlar elə bilirlər ki, birləşsələr xalq bu birliyə daha çox səs verər, onların ayrılıqda aldıqları səslər toplanar və s. Amma reallıq belə deyil. Seçici daha çox konkret şəxsə səs verməyə üstünlük verir. Birləşmədə səslər toplanırsa (birləşən qüvvələrin elektoratı hesabına) ekvivalent olaraq, həm də azalır (birləşən qüvvələri ayrı-ayrılıqda qəbul etməyən qüvvələrin hesabına). Bu, bir daha göstərir ki, seçkilərdə subyektiv kriterilərin ödənilməsi çox böyük rol oynayır. Bunu çox vaxt nəzərə almayan bəzi siyasi qüvvələr seçkiqabağı birliklər yaradır, məğlub olduqdan sonra isə günahı biri-birində görürlər. Onlar bir-birini xəyanətdə, səriştəsizlikdə və s. günahlandıraraq, növbəti seçkiyə qədər enerjilərini mənasız yerə sərf edirlər.
Seçkilər gələndə isə xalq, Vətən və dövlət qarşısında nə kimi xidmətlər göstərdiklərini söyləməyə çətinlik çəkirlər. Seçkiqabağı platformalarını isə yerli-yersiz hakimiyyətin tənqidi, populist vədlər, seçkilərin saxtalaşdırılacağı kimi öncəgörmə fikirlər üzərində qururlar və belə güman edirlər ki, hər bir seçici dünən Azərbaycana gəlib, heç nədən xəbəri yoxdur.
Bütün
bunlar nəzərə alınarsa, İlham Əliyevin 2008-ci il
prezident seçkilərində ikinci dəfə qələbə
çalması zərurətdən doğan nəticədir.
Ona görə ki, seçkilərdə qələbəni təmin
edəcək əsas kriterilər tamamilə ödənilmişdir.
Bunun konkret səbəblərini göstərək:
— seçkiqabağı
platforması özündə beş ildə görülən
işlərin hesabatı, gələcək fəaliyyətin
istiqamətləri, hər bir vətəndaşın mənafeyini
ifadə edəcək, respublikanın hər sahədə
inkişafına səbəb olacaq elmi əsaslara söykənmiş
islahatları, layihələri əks etdirmişdir;
— ideyalarının söykəndiyi əsas qaynaqlar müstəqil Azərbaycan dövlətinin banisi, dövrünün nəhəng siyasətçisi, böyük öndər Heydər Əliyevin ümumbəşəri və milli dəyərlərə söykənən siyasətinin əsas fəlsəfi prinsipləridir. Hansı ki, bu prinsiplər özünü praktikada doğruldub. Onun sayəsində keçən əsrin 90-cı illərinin əvvəllərindəki vətəndaş müharibəsi astanasında olan, xaosun hökm sürdüyü, əraziləri işğal olmaqda davam edən Azərbaycan bugünkü iqtisadi cəhətdən inkişaf etmiş, dünyada qabaqcıllar sırasında yeri olan bir dövlətə çevrilmişdir;
— İlham Əliyevin indiyə qədər göstərdiyi fəaliyyət şəffafdır, ictimaiyyətə hərtərəfli bəllidir. Onun ARDNŞ-in vitse-prezidenti, millət vəkili, MOK-un prezidenti, Baş nazir və prezident kimi göstərdiyi bütün fəaliyyət formalarının əsasında Vətənə, xalqa, dövlətə bütün bilik və bacarığı ilə böyük zəhmət sərf edərək xidmət etmək durur. Onun Azərbaycan dövlətinə, vətəndaşlarına göstərdiyi xidmətlər cəmiyyətə bəllidir. Onları bir-bir sadalamağa ehtiyac yoxdur;
— Prezident İlham Əliyevi təkcə Azərbaycan xalqı deyil, bütün region və dünya yüksək intellektli, xarizmatik xüsusiyyətlərə malik, verdiyi vədlərə sadiq, mürəkkəb situasiyalarda balanslaşdırılmış, incə və çevik siyasət yürütməyi bacaran, demokratik dünyagörüşlü mahir siyasətçi, böyük dövlət adamı kimi tanımışdır. O, bu xüsusiyyətlərinə görə, həqiqətən, müasir dünyada seçilən və sayılan dövlət başçılarından hesab edilir.
Seçkidə qalib gəlmək üçün əsas rol oynayacaq subyektiv kriterilərin İlham Əliyevdə tam ödənilməsi onun 2008-ci il prezident seçkilərində ən layiqli və şanslı namizəd olacağını əvvəldən söyləməyə əsas verirdi. Ən layiqli və üstün keyfiyyətlərinin seçilməsi xalqın seçkidə qələbə çalması, cəmiyyətin və dövlətin hərtərəfli tərəqqisi deməkdir.
Radikal müxalifətin əvvəlcədən nəticələri aydın görünən bu seçkiləri “boykot” etməkdən savayı çarəsi qalmamışdı. 2003-cü il prezident seçkilərində məğlubiyyətlərini iğtişaşlarla ört-basdır etməyə çalışan, Milli Məclisə 2005-ci il seçkilərində çox ciddi məğlub olan müxalifət öz varlığını simvolik olaraq saxlamaq üçün seskidən imtina etdi. Bu, onların siyasət aləmində var olmasını göstərən yeganə yol idi.
Seçkidən imtina edən siyasi partiyaların içərisində seçkiyə qatılmaq istəyən şəxslər və ya qruplar da var idi. Əsasən, imtina tərəfdarı olan liderlər və onların ətrafının sözləri keçdi. Bunun səbəbi odur ki, labüd məğlubiyyət onların tutduqları postdan birdəfəlik getməsi demək idi. Buradan görünən isə o idi ki, bu partiyalar, bir qayda olaraq, demokratiya illüziyası yaratsalar da, əslində, avtoritar qaydalarla idarə edilir. Bu liderlər çayxanada öz həmkəndlilərini hər gün şahmatda udaraq qürrələnən şahmat həvəskarının qroysmesterlə oynamaqdan imtina edib, pərt olmuş vəziyyətdə öz tərəfkeşlərinə “oynamadım, deməli, uduzmadım, oynasaydım udardım” fəlsəfəsinə bənzər ideyaları ilə seçkiyə qatılmadılar.
Müxalifət bu gün özünün gerçək tənəzzül dövrünü yaşayır. Müxalif düşərgə və cəmiyyət müxalifətin gücünü, sosial bazasını özündə ehtiva edən vektorun mənfiyə doğru istiqamətləndiyini açıq şəkildə görür. Bu tənəzzülün qarşısını almaq üçün çıxış yolu nədir?
Prezident İlham Əliyevin “müasirləşmənin hüdudları yoxdur” sözləri müxalifət üçün də aktuallıq kəsb edir. Müxalifət artıq dərk etməlidir ki, hazırkı liderlərlə, kadrlarla, indiyə qədər istifadə etdikləri taktika və strategiyalarla irəli getmək mümkün deyil.
Bu gün bəzilərinə teorem kimi görünən, çox böyük ehtimalla gələcəyin aksiomuna çevriləcək bəzi məsələlər var ki, müxalifət partiyaları onları zamanında həll etməlidir. Hər şeydən əvvəl, müxalifət müasirləşmə prosesinə başlamalıdır. Bu, onların da, cəmiyyətin də, milli dövlətçiliyimizin də xeyrinə olardı. Çünki, cəmiyyətin və dövlətin inkişafı üçün müxalif ideyaların, fikirlərin əhəmiyyəti çoxdur. İnkişafın hərəkətverici qüvvələrindən biri də ziddiyyətdir.
Müxalifətin müasirləşmənin vektorlarını müəyyənləşdirib, onun dizaynını təşkil edəcək hansı problemləri həll etməlidir? Bunun üçün:
— demokratiya partiyaların idarə olunmasında, gündəlik işində sözdə deyil, həqiqətdə tətbiq olunmalıdır ki, təbii yolla, yəni seçkilərlə yeni ideyalar, yeni liderlər köhnələri əvəzləsin;
— elitar təbəqə ziyalı, vətənpərvər, peşəkar gəncləşmə müstəvilərində formalaşsın;
— niyyətlərin, ideyaların, fikirlərin şəffaflığı, aydınlığı, səmimiliyi və ardıcıllığı təmin edilsin ki, gerçək müxalifət özünü cəmiyyətə tanıda bilsin;
— strategiyalarına kürsü, mandat, hakimiyyət arzuları ilə bərabər, xalqa və dövlətə xidməti də əlavə etsinlər. Bunu söz və işdə sübut etsinlər. Milli dövlətçilik maraqlarını şəxsi, qrup, partiya maraqlarından üstün tutsunlar;
— taktiki gedişlərində hər şeyi öz rəngində görüb və öz adı ilə çağırmağa vərdiş etməli, yürüş mitinqləri masa ətrafında söhbətlərlə əvəz etməyi bacarmalıdırlar. Birləşmələr, bloklaşmalar səmimi və davamlı olmalıdır;
— xalqın rəyini beynəlxalq təşkilatların rəyindən dominant hesab etməli, məsləhətləşmələrdə məsafəni qısaltmalıdırlar.
Fikrimcə, müxalifətin müasirləşməsi labüddür, qaçılmazdır və vacibdir. Müasirləşmə təkcə müxalifət üçün deyil, bütün siyasi partiyalar, hakimiyyət təmsilçiləri, cəmiyyət üçün aktuallaşıb. Qloballaşan dünyaya, Avroatlantik məkana, sivilizasiyalara inteqrasiya üçün sağlam, keyfiyyətli və yaxşı köklərin üzərində yeni pöhrələrin əmələ gəlməsi mühüm əhəmiyyət kəsb edir.
Sosial və iqtisadi sahədə müasirləşmənin sürətlənməsi hər iki sahədə “yaxşıların” üzə çıxmasına və normal rəqabətinə, ziddiyyətinə səbəb olacaq ki, bu da bütün mənalarda “yaxşının yaxşısını” seçmək üçün seçənlərə rəngarəng material verəcək. Nəticə xalqın və dövlətçiliyin hərtərəfli inkişafı üçün mühüm rol oynayacaq. Təsadüfi deyildir ki, akademik Ramiz Mehdiyev öz məqaləsində yeni zamanın inkişaf meyarları sırasına “rəqabətə davamlılıq” keyfiyyətini də daxil etmişdir.
Millətin və milli dövlətçiliyin müasirləşməsi böyük öndər Heydər Əliyev tərəfindən müəyyən edilmiş sabitlik, mərkəşləşmə, qanunçuluq, demokratiya, Avroatlantik məkana inteqrasiya və azərbaycançılıq məfkurəsi prinsipləri əsasında formalaşmış, milli ideoloji sistem üzərində getməlidir. Azərbaycançılıq məfkurəsinin inkişaf etdirilməsi xüsusilə vacibdir. Bu ideyanın banisi və tətbiqçisi böyük öndər Heydər Əliyev “Həmişə fəxr etmişəm və indi də fəxr edirəm ki, mən azərbaycanlıyam” — deyərdi. Azərbaycançılıq məfkurəsinin fəlsəfi mahiyyəti gənc dövlətimizin müstəqilliyinin möhkəmlənməsində əsas ideoloji prinsip kimi çoxmüstəvili rol oynayır. Ona görə ki, azərbaycançılıq məfkurəsi millətin özünüdərk, milli dövlətçilik şüurunun formalaşması, vətəndaş həmrəyliyi, cəmiyyətin ortaq məxrəcdə birləşmək simvolu, xalqın tarixən formalaşmış adət-ənənələr və düşüncə sistemləri ilə uzlaşan bazis rolunu oynayır. Eyni zamanda, ideoloji müasirləşmənin müxtəlif aspektlərdə inkişafını təmin edir. Regionda və dünyada müstəqil dövlətin xarici siyasətinin konturlarının cızılmasında tənzimləyici, stabilləşdirici dayaq nöqtəsi rolu oynayır. Cəmiyyətdə müxtəlif fikirlərin, ideyaların, beynəlxalq münasibətlərdə çoxtərəfli maraqların, iqtisadi əməkdaşlıq sistemlərinin kəsişmə nöqtəsini təşkil edir.
Qeyd etdiyim bu vacib məsələləri Azərbaycan dövlətinin banisi, dövrünün və bütün zamanların dahi siyasətçisi ümummilli lider Heydər Əliyev zamanında görmüş, problemlərin həlli yollarını müəyyən etmişdir. Böyük öndər Azərbaycana birinci rəhbərliyi dövründə müstəqil dövlətin var olmasını şərtləndirən əsas amillərdən olan sosial, iqtisadi, ideoloji bazanı yaratmışdır. Milli kadrlar, xüsusilə hərbi kadrlar yetişdirilmiş, makroiqtisadi infrastrukturun əsası qoyulmuş və inkişaf etdirilmiş, nəticədə İttifaqın geridə qalmış aqrar respublikalarından biri olan Azərbaycan, bütün sahələrdə inkişaf etmiş, qabaqcıl respublikaya çevrilmişdir. Ən əsası isə elmi, mədəniyyəti, sənəti, milli dəyərləri azərbaycançılıq məfkurəsi üzərində inkişaf etdirərək intellektual səviyyəli, vətənpərvər insanların çoxluq təşkil etdiyi Azərbaycan cəmiyyətini qura bilmişdir.
Ulu öndərin Azərbaycana rəhbərliyinin ikinci dövründə dövlətçiliyin süqutunun qarşısı alınmış, hüquqi dünyəvi, demokratik dövlət quruculuğunun əsası qoyulmuş, neft strategiyası hazırlanmış, daxili və xarici siyasətin məntiqə, elmi əsaslara, reallığa söykənən strategiya və taktikasının konturları cızılmışdır. Başlıcası isə onu digər dahi siyasətçilərdən fərqləndirən nüans sayıla biləcək layiqli davamçısını — indiki Prezident cənab İlham Əliyevi nəinki ölkədə, regionda lider sayılan mükəmməl dövlət xadimi kimi yetişdirmişdir.
İlham Əliyev prezidentliyinin birinci dövründə böyük öndərin başladığı bütün işləri intellekt, peşəkarlıq, böyük zəhmət hesabına vətəndaşa, Vətənə, dövlətə sevgi motivləri ilə davam etdirdi. Neft strategiyası reallaşdı, bir çox region və dünya əhəmiyyətli layihələr həyata keçirilir. Regionların inkişafı dövlətin diqqət mərkəzinə gətirilib. İqtisadi-sosial sabitlik daha da güclənib. Regionda və dünyada Azərbaycan vaxtilə Heydər Əliyevin arzuladığı kimi söz və hörmət sahibi olub. Bunu şərtləndirən əsas amil kimi balanslaşdırılmış, incə xarici siyasi kursu və sürətlə inkişaf edən iqtisadi potensialı göstərmək olar. Obrazlı desək, Azərbaycan dünyada intellektli, zəngin gənc cəmiyyət içində necə varsa, o cür görünür.
Böyük öndər Heydər Əliyevin başladığı işlər Prezident İlham Əliyev tərəfindən zaman nöqteyi-nəzərindən məntiqin göstərdiyi sürətdən daha intensiv şəkildə davam etdirilir. Prezident İlham Əliyev bu barədə danışarkən demişdir: “Bizim son beş il ərzindəki təcrübəmiz onu göstərir ki, nəyi planlaşdırmışıqsa, nəyi bəyan etmişiksə onu icra etmişik. Və çox hallarda vaxtından tez etmişik...”
Bütün bunları qısaca olaraq ona görə xatırladırıq ki, sadə bir riyazi hesablama aparaq. Müxtəlif siyasi baxışlara, dünya görüşünə malik hər bir kəs səmimi olaraq özlüyündə düşünsün ki, Azərbaycan vətəndaşının, cəmiyyətinin hərtərəfli inkişafında, milli dövlətçilik şüurunun formalaşmasında, dövlətin yaranmasında və inkişafında, beynəlxalq münasibətlərdə qurulmuş əlaqələrdə, inkişaf etmiş iqtisadiyyatda, makroiqtisadi infrastruktur sistemində, respublikanın bütün bölgələrində, eləcə də Bakının və böyük şəhərlərimizin indiki görkəmini müəyyənləşdirən çox elementli mahiyyətində ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin fəaliyyətlərinin nəticələrini — yəni onların etdiklərini çıxdıqda yerdə nə qalır?
Bax bu sualın cavabı və Azərbaycan xalqının Şərqdə ilk demokratik dövlət qurmağı bacaran müdrik, incə duyumlu xalq olduğunu nəzərə alsaq, 2008-ci il prezident seçkilərinin nəticələrinin hansı reallığa, zəkaya, məntiqə söykənən zərurətdən doğduğu aydınlaşmış olar. Bu nəticələr dövlət gerblərimizdə təsvir olunan palıdda olduğu kimi, güclü inkişaf etmiş dərin köklər hesabına möhtəşəmdir. Bu möhtəşəmlikdən vətəndaş olaraq bayrağımızdan qürur duyduğumuz qədər fəxr edirik.
Sonda fikirlərimi akademik Ramiz Mehdiyevin sözləri ilə tamamlamaq istərdim: “Tam məsuliyyətlə, əminliklə demək olar ki, çox qısa zamanda möhtəşəm nailiyyətlər əldə etməyin simvolu olan sürətli inkişaf modellərini — XX əsrin ”Cənubi Asiya", “Yaponiya” möcüzələrini tanıyan dünya bir gün, XXI yüzilliyin “Azərbaycan möcüzəsinin”, “keyfiyyət inqilabının” yaranması ərəfəsindədir. Azərbaycan xalqı qarşıdakı mərhələdə bunun qlobal miqyasda etirafının şahidi olacaqdır."
Sadıq QARAYEV,
AMEA Mərkəzi Nəbatat
bağının elmi işçisi, biologiya
elmləri namizədi
Xalq qəzeti.-2008.-28 dekabr.- S.4.