Ağcabədi: dünən, bu gün və sabah

 

Müstəqil ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında taleyüklü mühüm məsələlərlə əlamətdar olan daha bir il sona çatmaq üzrədir. Yola saldığımız 2008-ci il respublikamızın beynəlxalq aləmdə nüfuzunun daha da artması, regionda həlledici söz sahibi olması ilə yanaşı, sənaye və kənd təsərrüfatı məhsulları istehsalının yüksəlməsi, yeni iş yerlərinin açılması, genişmiqyaslı tikinti-abadlıq və quruculuq işlərinin sürətləndirilməsi ilə də hər birimizin həyatında silinməz-pozulmaz izlər qoymuşdur.

Bəs, bu ümumi inkişaf və yüksəlişdə həm ərazisinə, həm də əhalisinə görə respublikamızın ən böyük rayonlarından biri olan Ağcabədinin payı necədir? Əldə edilmiş konkret nəticələr nədən ibarətdir? Ümumiyyətlə, rayonda mövcud mənəvi-psixoloji mühit, ab-hava necədir, adamların əhval-ruhiyyəsi, arzu və düşüncələri nədən ibarətdir? Qarşıda duran konkret vəzifələr, həlli vacib olan məsələlər hansılardır?

Biz bu suallara cavab tapmaq üçün rayona getdik, ayrı-ayrı adamlarla görüşüb söhbət etdik, müxtəlif idarə, müəssisə və təşkilatlarda olduq. Gördüklərimizi, şahidi olduqlarımızı və eşitdiklərimizi sizinlə də bölüşürük, əziz oxucular.

 

Salam, yeni şəhər

 

...Bir dəfə yazmışdıq, bir daha təkrar etməyi lazım bilirik: yolu düşənlər buranın yalnız coğrafi mənada əvvəlki Ağcabədi olduğuna inana bilirlər. Əslində, onları qınamaq da olmaz. Ona görə ki, indi keçmiş Ağcabədidən demək olar ki, heç nə qalmayıb. Son illər bu qədim aran şəhəri, sözün əsil mənasında, öz simasını tamamilə dəyişmiş, yeni ictimai və yaşayış binaları tikilmiş, park və xiyabanlar salınmış, küçə və səkilər yenidən qurulmuş, yaşıllıq zolaqları genişləndirilmiş, daha dəqiq desək, əsl şəhər səliqə-sahmanı və səviyyəsi yaradılmışdır.

Bu sözlərin nə dərəcədə həqiqət olduğunu görüb yəqin etmək üçün şəhərin təkcə ulu öndərimiz Heydər Əliyevin adını daşıyan prospektində olmaq kifayətdir. Ağcabədinin bu mərkəzi prospekti indi tanınmaz dərəcədə dəyişmişdir. Rayon icra hakimiyyətinin inzibati binası əsaslı şəkildə yenidən qurulmuş, mərkəzi meydanda ümummilli lider Heydər Əliyevin əzəmətli heykəli ucaldılmış, ulu öndərin adını daşıyan xatirə muzeyi tikilmiş, prospekt boyu bütün binalar təmir edilmiş, müasir arxitektura tələblərinə cavab verməyən yöndəmsiz köşk və budkalar götürülmüş, işıqlandırma sistemi təzələnmişdir.

Biz burada təkcə Heydər Əliyev adına prospektdə görülən işlərdən qısaca da olsa danışdıq. Bu gün Ağcəbədidə 42 küçə var. Qətiyyətlə demək olar ki, abadlıq-quruculuq və səliqə-sahman işləri bütün küçələrdə eyni sürət və keyfiyyətlə davam etdirilir. Məsələn, şəhərin M.Ə.Rəsulzadə prospektində, S.Vurğun, N.Nərimanov, Nəsimi, B.Sərdarov, F.Əlizadə, H.Hacıyev, Xəlvərəddin və başqa küçələrində geniş abadlıq işləri aparılmış, dekorativ piltə döşənmişdir.

Ağcabədililər üçün yola saldığımız ilin ən böyük hadisələrindən biri, heç şübhəsiz, ümumi ərazisi 5 hektar olan “Heydər parkı”nın salınmasıdır. Burada ulu öndərin büstü qoyulmuş, ətraf xüsusi qranit materialla işlənmişdir. Parkda 800 kvadratmetr divar səthinə təbiət mənzərələri, özündə tarixi dövrləri əks etdirən lövhələr və ornamentlər rəngarəng daşlarla işlənmişdir. İnsanların mənalı və məzmunlu istirahəti üçün hər cür şərait yaradılmış, ərazidə müxtəlif növlərdə minlərlə bəzək ağacları və gül kolları əkilmişdir. Bundan başqa, xüsusi rəng çalarları ilə seçilən 11500 kvadratmetr dekorativ piltə döşənmiş, parkın girişində möhtəşəm giriş qapısı və ona bitişik yaraşıqlı hasar tikilmişdir. Hasarın üstündə bəzək ağacları əkilmişdir. Balaca sakinlər də yaddan çıxmamışdır. Parkda uşaqlar üçün 4 əyləncə mərkəzi, açıq konsert meydançası və s. yaradılmışdır. Salınmış yaşıllığın, yaradılmış gözəlliyin qayğı ilə qorunub saxlanması üçün İsrail texnologiyası ilə kompyuter sistemi ilə suvarma şəbəkəsi yaradılmışdır. Orijinal üslubda quraşdırılmış 2 fəvvarə, müasir işıqlanma sistemi parka xüsusi yaraşıq verir.

2008-ci ildə Ağcabədi şəhəri bütün istiqamətlərə doğru inkişaf etmiş, yeni binalar tikilmiş, küçələr, səkilər salınmışdır. Şəhid ailələri və Qarabağ əlilləri üçün 24 mənzilli 3 mərtəbəli, 16 mənzilli 2 mərtəbəli yaşayış binaları tikilib istifadəyə verilmişdir. Bundan başqa, cari ildə Su-Kanal İdarəsi, Dövlət Sosial Müdafiə Fondu Rayon Şöbəsi, 82 saylı Ağcabədi Dairə Seçki Komissiyası üçün inzibati binalar tikilmişdir. Hazırda rayon maliyyə idarəsinin yeni binasında son tamamlama işləri görülür. Ümumi smeta dəyəri 345 min manat, sutkalıq istehsal gücü 2280 kubmetr olan dəmir beton zavodu da Ağcabədinin sənaye coğrafiyasına daxil olmuşdur.

Son illər, xüsusilə 2008-ci il böyük istehsal gücünə malik iri obyektlərin tikilib istifadəyə verilməsi də yaddaqalan olmuşdur. Məsələn, “Gilan Holdinq” şirkəti tərəfindən sutkalıq istehsal gücü 20 ton olan süd emalı zavodunun, bundan başqa, eyni istehsal gücünə malik ikinci süd emalı zavodunu göstərmək olar. Hər iki müəssisədə 250 nəfər işçi daimi işlə təmin ediləcəkdir. Bu siyahıya ümumi smeta dəyəri 2 milyon 100 min manat olan iri sənaye obyektini də əlavə etmək olar. ”Cahidoğlu” Məhdud Məsuliyyətli Cəmiyyətə məxsus olan bu müəssisədə 200 nəfər daimi iş yeri ilə təmin ediləcəkdir.

Təəssüf ki, işin sürətinə və keyfiyyətinə mane olan problemlər də var. Belə ki, müvafiq kredit götürülməsinə ciddi ehtiyac var. Halbuki, bu barədə Sahibkarlığa Kömək Milli Fonduna dəfələrlə müraciət edilmişdir. İnanmaq istərdik ki, sahibkarları, iş adamlarını narahat edən bu vacib məsələ öz müsbət həllini tapacaqdır. Yaddan çıxarmaq olmaz ki, ölkə Prezidenti regionların sosial-iqtisadi inkişafını, yeni iş yerlərinin açılmasını, iri istehsal müəssisələrinin yaradılmasını və bu istiqamətdə sahibkarlara kömək göstərilməsini, müvafiq vəsait yaradılmasını konkret vəzifə kimi qarşıya qoymuşdur.

Hazırda şəhərə xüsusi gözəllik verən 7 mərtəbəli yaşayış binasının tikintisi davam etdirilir. Aparılan sürətli tikinti-quruculuq işləri ilə əlaqədar olaraq beton zavodu tikilib istifadəyə verilmişdir. Şəhərin Heydər Əliyev prospektində, Nəsimi küçəsində yerləşən çoxmərtəbəli yaşayış binalarında əsaslı təmir aparılmış, binaların dam örtüyü və fasadı yenidən işlənmişdir.

Şəhərin prospekt və küçələrinə 1580 ədəd sərv ağacı, 160 ədəd limon yolkası, 110 ədəd palma, 70 ədəd xurma, yol kənarlarına 45 mindən çox ağac əkilmişdir.

 

Rəqəmlərin dili ilə

 

Hər şeydən əvvəl, deyək ki, 2008-ci il ağcabədililər üçün ölkə Prezidenti İlham Əliyevin yanvar ayının 17-də rayona tarixi səfəri ilə yaddaqalan olmuşdur. Ölkə rəhbəri rayona təbii qazın verilməsi münasibətilə keçirilən mərasimdə, Heydər Əliyev Muzeyinin, şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün yaşayış binasının istifadəyə verilməsi mərasimlərində iştirak etmiş, Daxili Qoşunlarının “N” hərbi hissəsində olmuş, ağsaqqallarla, ziyalılarla, rayon ictimaiyyətinin nümayəndələri ilə görüşmüş, öz məsləhət, tövsiyə və göstərişlərini vermiş, qarşıya konkret vəzifələr qoymuşdur. Bu gün dərin razılıq və böyük fərəh hissi ilə demək lazımdır ki, qarşıya qoyulmuş vəzifələr, nəzərdə tutulmuş tədbirlər uğurla yerinə yetirilmişdir. İndi ağcabədililər bu barədə böyük iftixar hissi ilə danışır, öz şəhərlərində, abadlıq və quruculuq işləri ilə, bütün sahələrdə əldə edilmiş irəliləyiş və inkişafla haqlı olaraq fəxr edirlər.

Yeri gəlmişkən, son illər rayonda əldə edilmiş yüksək inkişaf tempini, ayrı-ayrı sahələrdə ümumi məhsul istehsalının dinamikasını əks etdirən bəzi xarakterik göstəriciləri bir daha yada salaq. 2008-ci ildə rayon üzrə ümumi daxili məhsul 141,8 milyon manat olmuşdur. Ondan 9,9 milyon manatı kənd təsərrüfatının, 29,1 milyon manatı tikintinin, 34 milyon manatı ticarətin və s. payına düşür. İstehsal olunmuş 4598,4 min manatlıq sənaye məhsulu ixrac edilmişdir ki, bu da ümumi məhsulun 46 faizini təşkil edir. 2008-ci ildə hər nəfərə 1173,3 manat ümumi daxili məhsul istehsal olunmuşdur ki, bu da 2007-ci ilə nisbətən 205 manat çoxdur. Hazırda rayon üzrə orta aylıq əmək haqqı 156,5 manat təşkil edir. Bu, 2007-ci ildəkindən 46,5 manat çoxdur. Cari ildə bütün maliyyə mənbələri hesabına kapital qoyuluşunun həcmi 19,4 milyon manat olmuşdur. Bu isə əvvəlki ilə nisbətən 8,1 milyon manat, yaxud 71,5 faiz çoxdur. Ümumiyyətlə, 5 il ərzində kapital qoyuluşunun həcmi rayon üzrə 1497 iş yeri açılmışdır ki, bunun da 402-si daimidir. Son 5 il ərzində isə 11459 yeni iş yeri açılmışdır. Onlardan 5256-sı daimi iş yeridir.

 

Bolluq belə yaranır

 

Ağcabədi ənənəvi kənd təsərrüfatı rayonudur. Hələ ötən əsrin 70-80-ci illərində ulu öndər Heydər Əliyev respublikaya rəhbərlik etdiyi dövrdə Ağcabədi respublikanın ən qabaqcıl rayonlarından biri idi. Təkcə belə bir faktı xatırlatmaq yerinə düşər ki, ölkə üzrə 100 min ton pambıq istehsal edən bölgələrdən biri də Ağcabədi idi.

Ancaq çox təəssüf ki, 80-ci illərin axırlarında, 90-cı illərin əvvəllərində respublikanı bürüyən qarşıdurma, xaos və anarxiya buradan da yan keçməmişdir. Bütün sahələrdə olduğu kimi, kənd təsərrüfatı məhsulları istehsalı da kəskin şəkildə azalmış, bir sıra iri emal müəssisələri dağıdılmışdır.

Ümummilli lider Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə qayıdışı respublikanın hər yerində olduğu kimi, Ağcabədidə də həyatın axarını dəyişdi, sabitlik və əmin-amanlıq bərpa olundu, özbaşınalığa son qoyuldu, intizam və tələbkarlıq yaradıldı. Sonrakı illər sabitlik, inkişaf və irəliləyiş illəri oldu. Rəqəm və göstəricilərin artım dinamikasını Ağcabədi rayonunda da görmək mümkündür. Sevindiricidir ki, kənd təsərrüfatı sahəsində müşahidə olunan artım 2008-ci ildə daha sürətlə davam etmişdir. Belə ki, cari ildə rayonda 50057 ton buğda, 11417 ton meyvə, 2219 ton üzüm, 43844 ton şəkər çuğunduru istehsal olunmuşdur ki, bu da əvvəlki illərdən çoxdur. Hazırda rayonda qaramalın sayı 82085 baş, qoyun-keçilər 322461 başdır. Rayon üzrə 5438 ton ət, 48192 ton süd, 975 ton yun istehsal olunmuşdur. Bu isə əvvəlki illə müqayisədə 206 ton çox ət, 178 ton çox süd, 2 ton çox yun deməkdir.

 

Təhsil, səhiyyə, mədəniyyət

 

2008-ci ildə diqqət mərkəzində saxlanılan vacib məsələlərdən biri də təhsil, səhiyyə və mədəniyyət sahələrinin maddi texniki bazasının möhkəmləndirilməsi olmuşdur. Əsaslı infrastruktur dəyişikliklərinin baş verməsi, yeni proqram və layihələrin həyata keçirilməsi nəticəsində məktəb və əlavə korpuslar inşa olunmuş, mövcud məktəblər əsaslı təmir edilmiş, müasir avadanlıqlarla təmin olunmuş və kompyuterləşdirilmişdir. Məsələn, 2008-ci ildə 1500 yerlik yeni məktəb, o cümlədən Ü.Hacıbəyov adına şəhər 7 saylı məktəb üçün 360, C.İbrahimov adına şəhər 8 saylı orta məktəb üçün 640, V.Cəfərov adına Təzəkənd kənd orta məktəbi üçün 220, Xocavənd kənd əsas məktəbi üçün yeni məktəb binaları tikilib istifadəyə verilmişdir. Bununla da 2003–2008-ci illərdə yeni tikilən məktəb binalarının sayı 25-ə çatmış, əlavə 220 şagird yerlik 11 sinif otağı tikilmişdir. Hazırda əlavə olaraq 3 məktəbin tikintisi davam edir. Şəhər 1 və 11 saylı məktəblər isə cari ildə əsaslı təmir olunmuşdur. Hazırda 2009-cu ildə tikintisi nəzərdə tutulan Gələbədin və Nəcəfqulubəyli kənd orta məktəbləri üçün layihə-smeta sənədləri hazırlanmışdır.

2008-ci ildə rayonun ümumtəhsil məktəblərinin XI sinfini bitirən 1489 nəfər məzundan 430 nəfəri ali məktəbə daxil olmaq üçün sənəd vermiş və 89 nəfər məzun ali məktəbə qəbul olmuşdur. Bu da ötən illə müqayisədə 14 nəfər çoxdur. Şəhər 1, 2, 3, 11 saylı, Hindarx qəsəbə, Qaravəlli, C.Quliyev adına Təzəkənd və H.Abdullayev adına Avşar kənd orta məktəblərindən 10 nəfər 500-dən yuxarı bal toplamışdır. Həmin məzunlarla Ağcabədi Rayon İcra Hakimiyyətində görüş keçirilmiş və onlar icra hakimiyyətinin fəxri fərmanı və hədiyyələrlə təltif olunmuşlar. O da fərəhlidir ki, bu il orta məktəbi bitirmiş məzunlardan 5 nəfəri ali hərbi məktəb və akademiyalara, 8 nəfəri isə C.Naxçıvanski adına hərbi liseyə qəbul olmuşlar.

Bu gün Ağcabədidə 2 mərkəzi xəstəxana, 10 kənd sahə xəstəxanası, 17 kənd həkim ambulatoriyası, 22 feldşer-mama məntəqəsi fəaliyyət göstərir. Ümumilikdə 157 həkim, 597 orta tibb işçisi əhaliyə xidmət göstərir. 2008-ci ildə aparılan islahatlara uyğun olaraq səhiyyənin ilkin tibbi yardım, ambulator-poliknik xidmətləri yaxşılaşdırmaq, sanitar-epidemioloji xidmətləri gücləndirmək, səhiyyənin maddi-texniki bazasını inkişaf etdirmək, kadr potensialını gücləndirmək istiqamətində xeyli iş görülmüşdür. Mərkəzi xəstəxananın əsas korpusu – 140 çarpayılıq 2 mərtəbəli binanın sol hissəsi suvanmış və rənglənmiş, 70 çarpayılıq terapiya, boğaz, qulaq, qəbul şöbələri əsaslı təmir olunmuşdur. Mərkəzi xəstəxananın su sistemi yenisi ilə əvəz edilmişdir. Xəstəxananın həyətində yardımçı bina tikilərək istifadəyə verilmiş, stend düzəldilmiş, giriş qapısı yenisi ilə əvəz edilmişdir.

Əhalinin imtiyazlı təbəqəsinə tibbi yardım günün tələbləri səviyyəsində qurulmuşdur. Belə ki, 30 nəfər Böyük Vətən müharibəsi əlili, 28 nəfər Böyük Vətən müharibəsi iştirakçısı, 93 nəfər Qarabağ müharibəsi iştirakçısı və başqaları daimi tibbi dərmanlarla vaxtında təmin olunurlar. Həyata keçirilən ardıcıl və təsirli tədbirlər nəticəsində 2008-ci ildə əhali arasında qarayara, quduzluq, difteriya və başqa xəstəliklər aşkar edilməmişdir.

Rayon mədəniyyət evi çoxdan tikilib istifadəyə verildiyindən təmirə ciddi ehtiyacı vardı. Ona görə də mədəniyyət evi tamamilə yenidən qurularaq əsaslı təmir olunmuş, xüsusi işıqlandırma sistemi quraşdırılmış, yeni tərtibat verilmiş, binanın dam örtüyü dəyişdirilmiş, ətrafına dekorativ plitələr döşənmiş, yaşıllıq salınmışdır. Bundan başqa, şəhərin mərkəzində 1,5 hektar ərazidə Ü.Hacıbəyov adına park salınmış, parkda ahılların istirahət evi, gənclər evi tikilmiş, dahi bəstəkarın büstü qoyulmuşdur. Burada həmçinin yay və qış zalları, 7 sinif otağı olan və ən müasir avadanlıqla təmin edilmiş Qarabağ Muğam Mərkəzi inşa edilmişdir.

 

Üzü sabaha

 

...Bu yazının qəribə bir “tarixçəsi” var. Dəfələrlə cəhd etsəm də, müxtəlif səbəblər üzündən alınmırdı. Ancaq ən ciddi “maneə” Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədovdan gəlirdi: “Ölkə Prezidentinin yüksək etimadına əməli işlə cavab vermək üçün daha yaxşı işləməliyik” – deyirdi. Düzdür, icra başçısının bu düşüncələri, daha xoş və işıqlı arzulardan, sabahkı sürətli inkişaf və irəliləyişdən xəbər verirdi. Ancaq son illər, xüsusilə, 2008-ci ildə görülüb başa çatdırılmış işlər, aparılan genişmiqyaslı tikinti-abadlıq və quruculuq tədbirləri, bütün sahələri əhatə edən inkişaf və yüksəliş də gözümüzün qarşısındadır. Belə yerdə yaxşı deyiblər: hər şey müqayisədə meydana çıxar. Müqayisəni, fərqi, rəqəm və faktları, inkişaf və yüksəlişi isə özünüz oxudunuz və bunların şahidi oldunuz, əziz oxucular.

 

Ziyəddin SULTANOV,

“Xalq qəzeti”nin bölgə

müxbiri  

 

Xalq qəzeti.-2008.- 28 dekabr.- S.5.