“Molla Nəsrəddin”də Türkiyə və türk dünyası

 

Azərbaycan mətbuatı təşəkkül tapmağa başladığı ilk illərdən milli ideyalar – azərbaycançılıq, milli dirçəliş və intibah kimi fundamental məsələlərə diqqətlə yanaşmış, bu ideyaları türkçülük və turançılıq kontekstində götürmüşdür. Əlbəttə, ilk baxışda azərbaycançılıq ideyasının bu əsasda ifadəsi xeyli dərəcədə qəribə görünə bilər. Lakin klassik Azərbaycan sənət nümunələrinə, xüsusilə bədii sözə diqqətlə baxsaq, Nizami Gəncəvidən, Məhəmməd Füzulidən, Mirzə Fətəli Axundovdan başlamış Məhəmməd Hadiyə, Hüseyn Cavidə qədər bir çox sənətkarın məsələni məhz bu şəkildə qoyduğu məlum olar.

XX əsrin ilk onilliklərində Əli bəy Hüseynzadənin, Əhməd bəy Ağaoğlunun, Məhəmmədəmin Rəsulzadənin publisistikasında da Türkiyəyə, turançılığa bağlılıq, əslində, azərbaycançılığın yeni mərhələsi kimi özünü göstərir. Rus imperiyasının Türkiyə–Azərbaycan, Türkiyə–Turan münasibətlərinə son dərəcə qısqanclıqla yanaşmasına baxmayaraq, şair və yazıçılarımız, klassik milli mətbuatımız bu fundamental məsələni daim gündəmdə saxlamışlar. Qeyd edək ki, bu meyl sovet dönəmindəki senzura şəraitində də davam etmişdir. Sovet ideoloji maşını ən adi tədqiqat işlərində belə Azərbaycan klassik mətbuatının azərbaycançılıq və turançılıqla az-çox bağlı nümunələrinin adını çəkməyi yasaq etmişdi. Nəinki yasaq etmişdi, habelə kontekstdən çıxarılmış ayrı-ayrı fikirləri əsas gətirməklə qəzet və jurnallları, onların əməkdaşlarını Türkiyəyə münasibətdə süni cəbhələrə bölməyə, birini digərinə qarşı qoymağa cəhd göstərmişdir. Məsələn, sovet dövrü mətbuat tədqiqatlarının bəzilərində Türkiyəyə və türk dünyasına rəğbətini açıq şəkildə bildirən “Füyuzat”, ”Şəlalə”, “Açıq söz” kimi jurnal və qəzetlər ”Molla Nəsrəddin” kimi milli köklərə bağlı mətbuat orqanlarına qarşı qoyulur, türk dünyasına, azərbaycançılıq ideyalarına baxışda onların tamamilə əks qütblərdə dayandıqları ciddi-cəhdlə “sübuta yetirilirdi”.

Əslində, bütün bu fikirləri əsaslandırmaq üçün kommunist ideologiyasına xidmət edən tədqiqatçılar ayrı-ayrı fikir və mülahizələri ümumi kontekstdən ayırmış və öz müddəalarını yalnız bu şəraitdə “sübut” edə bilmişlər.

Azərbaycanın müstəqillik dövrü, bütün ictimai elm sahələrinə yeni baxışı fonunda bu məsələlərə obyektiv yanaşmanı da təmin etdi. Akademik İsa Həbibbəylinin “Cəlil Məmmədquluzadə: mühiti və müasirləri”, professor Şamil Vəliyevin “Füyuzat” ədəbi məktəbi” kimi tədqiqatları bu məsələlərə aydınlıq gətirdi. Professor Şamil Vəliyev doğru qeyd edir ki, ”Füyuzat”la “Molla Nəsrəddin” arasında bədii-estetik qarşıdurma, bəzi hallarda isə ziddiyyətlər radikal düşmənçilik xarakteri daşımır, tərəflər arasında təsir və əks-təsir mahiyyəti ilə səciyyələnirdi... Tərəflər arasındakı əksliklərin vəhdəti və ziddiyyəti həm milli ictimai, həm də ədəbi-bədii inkişafın dialektikasını təmin edirdi”.

Xüsusi qeyd edək ki, “Molla Nəsrəddin” jurnalı Türkiyə və Turan dünyasına münasibətdə ”Füyuzat”la çox zaman birləşirdi. Təkcə “Füyuzat”ın ümumtürk dili ideyasına münasibətdə bunu açıq görmək mümkündür. Akademik İsa Həbibbəyli sovet dövrü tədqiqatlarının bu məsələyə münasibətdəki, ideoloji ”vəzifədən” gələn qeyri-obyektiv fikirlərinə son qoyaraq yazır: “Təəssüf ki,son illərədək mövcud cəmiyyətin ictimai-siyasi tələbləri əsas götürülərək,reallığı çox da əks etdirmədiyi halda, ”Molla Nəsrəddin”və “Füyuzat”, hətta Cəlil Məmmədquluzadə və Əli bəy Huseynzadə süni şəkildə bir-birinə qarşı qoyulmuş, əks cəbhələri təmsil edən ədəbi qüvvələr kimi təqdim edilmişdir”.

Akademik qarşıdurma faktı kimi hər iki ədibin ədəbi cərəyan ayrılığını, inqilabi-demokratik platformaya münasibətini və sair faktların əsas götürüldüyünü, xüsusilə “Füyuzat”ın pantürkist, panislamist mövqeyinin qabardılmasını göstərir. Həqiqətən də, sovet dövrünün həm bəzi ciddi sayılan tədqiqatlarında, həm də mətbu əsərlərdə dərc olunan bir sıra yazılarda ”Molla Nəsrəddin” və “Füyuzat”ın bütün məsələlərdə bir-birinə düşmən mövqeyini hər vəchlə sübuta yetirməyə çalışmışlar.

Əlbəttə, inkar etmək olmaz ki, “Molla Nəsrəddin” və ”Füyuzat” ayrı-ayrı yaradıcılıq üslubuna malik idilər. Birinci, satirik üslubda olub, hadisələrə ironik munasibət əks etdirir, ikincisi ciddi publisistik üslubda olub, hadisələrə müstəqim münasibəti ilə fərqlənir. Lakin bununla belə, elə məsələlər vardı ki, hər iki jurnal onlara eyni istiqamətdən, eyni mövqedən yanaşırdı. Turk dünyası, azərbaycançılıq, turkçülük bu tip məsələlərdən idi. Butun bunlar həqiqətdir və onda nə üçün biz bu jurnalın Türkiyə və türk dünyasına münasibətini çox ciddi ədəbi üslubda, bir az da dəqiq desək, elitar üslubda nəşr olunan “Füyuzat”la müqayisədə veririk? Bunun əsası ondadır ki, XX əsrin əvvəllərində Türkiyəyə münasibətdə və türk dünyası, ümumtürk dili ideyası sahəsində, ”Füyuzat” çox önəmli bir jurnal olmuşdur. Bu jurnal habelə Azərbaycan milli-mənəvi dəyərlərinin daşıyıcısı olmuş, milli-istiqlal mücadiləsi cəbhəsində dayanmışdır. Məhz ona görədir ki, sovet- kommunist ideologiyası zamanında bu jurnalın tədqiq olunmasına nəinki qadağa qoyulmuş, habelə onu gözdən salmaq kompaniyası da aparılmışdır. Bu gözdənsalma kompaniyasında “Füyuzat” və ”Molla Nəsrəddin”in ayrı-ayrı üsluba malik olması onların bir-birinə düşmənçiliyi kimi qələmə verilmişdir.

Bütövlükdə, “Molla Nəsrəddin” istər milli-mənəvi dəyərlər sistemində, istər milli azadlıq kontekstində, istərsə də xalqın tərəqqisi, demokratik dəyərlərin formalaşması, cəmiyyətin maariflənməsi işində Azərbaycan və Türkiyəni eyni diqqət mərkəzində saxlamış, hər iki ölkənin və hər iki xalqın doğmalıq, eynilik faktını ortaya qoyan mövzulara toxunmuşdur. Jurnal xüsusi olaraq hər iki ölkədə hürriyyətin və demokratiyanın qələbəsini arzulamışdır.

Ümumiyyətlə, “Molla Nəsrəddin” lap ilk nömrələrindən Türkiyənin ictimai, sosial həyatına xüsusi diqqətlə yanaşmışdır. Jurnal hələ özünün ilk nəşr ilinin üçüncü nömrəsindəki ”Osmanlı” sərlövhəli felyetonunda avropalıların Türkiyə mədənlərinə, dəmir yollarına, ticarətxanalarına daraşmasını, “əl-ələ verib işləməsini” və bununla da türklərin özlərinin ləllərini ağdan qaraya vurmamasını” millətin ətaləti kimi qiymətləndirir və türk millətini işgüzarlığa çağırır, ölkəni yadların ixtiyarına buraxmamağı tövsiyə edirdi”. Bu fikir, bu tənqid, əslində, Türkiyəyə və türk xalqına böyük məhəbbətdən qaynaqlanırdı.

“Molla Nəsrəddin” və mollanəsrəddinçilər Türkiyə türkcəsi ilə Azərbaycan türkcəsinin eyni dil olduğunu dəfələrlə müxtəlif şəkildə qeyd edirdilər və Türkiyəyə gedib qayıdan kimi türk ləhcəsində danışmağa meyl edənləri mollanəsrəddinçilər məhz ona görə lağa qoyurdular ki, azərbaycancaya ögey münasibət olmasın.(Elə buradaca qeyd edək ki, məsələ ilə bağlı eyni narahatlıq müasir günlərimizdə də mətbuatda özünü göstərməkdədir). Jurnalın dərc etdiyi “Osmanlı dili” felyetonu məsələni məhz bu şəkildə qoyurdu.

Azərbaycan və Türkiyənin ağır günlərdə həmişə bir yerdə olduğunu diqqətə çatdıran müəllif sultanın bu hərəkətindən təəssüflənir. “Molla Nəsrəddin” jurnalı Türkiyə torpaqlarına erməni iddialarından narahat olan bir mətbuat orqanı idi. Onun ətrafına toplanmış mollanəsrəddinçilər istər bədii əsərlərində, istərsə də publisistikalarında bu mövzunu Azərbaycana sevgiləri qədər gündəmdə saxlamağa cəhd göstərmişlər. Jurnalın səhifələrində dərc edilən “Xaric xəbərlər” rubrikasında özünü göstərən bir satirik yazıda mollanəsrəddinçilərin Türkiyə torpaqları üçün narahatlığı hiss edilir: “Türkiyədə yaşayan ermənilər bu ölkəyə torpaq iddiasından əl çəkmişlər.Rusiya hökuməti bundan çox məyus olmuşdur”. Bu lakonik sətirdə müasir günlərimiz üçün də çox böyük bir məna var. Jurnal qrotesk, ironiya üslubunda ermənilərin Türkiyədən torpaq iddialarının arxasında məhz rus hökumətinin durduğunu bildirmək istəyirdi və buna nail olmuşdur.

“Molla Nəsrəddin” və mollanəsrəddinçilər Türkiyəni həmişə elmli, maarifli, mükəmməl cəmiyyətə malik ölkə kimi görməyi arzulamışlar. Jurnal onlarca nömrəsində və bütün fəaliyyəti boyu müxtəlif tipli yazılarında Türkiyəyə, türk xalqına öz məhəbbət və hörmətini ifadə etmişdir. Ancaq nəzərə alsaq ki, ”Molla Nəsrəddin” öz tipoloqiyası ilə satirik bir jurnal idi, onda bu dərginin bütün materiallarında olduğu kimi, Türkiyəyə aid yazılarında da tənqidi faktların daha çox olmasının səbəbi də aydınlaşar. Məsələn, jurnal özünün tərtib etdiyi “Teleqraf xəbərləri” rubrikası altındakı satirik yazıları ilə Türkiyəni bir dövlət olaraq demokratik dəyərlərə, xalqın rifah halını yüksəltməyə, milli-mənəvi dəyərləri zənginləşdirməyə çağırmışdır.

“Molla Nəsrəddin” fəaliyyətinin birinci onilliyində Türkiyə və türk dünyasına daha çox diqqət ayırmışdır. Bu, 1905–1907-ci illərin inqilabı-demokratik ab-havasının Türküstan ellərindən də yan keçməməsi ilə əlaqədar olmuşdur. Xüsusilə, bu təsir özbək ictimai fikrində və ədəbiyyatında daha çox duyulmuşdur. Özbək ədəbiyyatında məşhur satirik şair kimi nüfuz qazanmış Səidəhməd Siddiqi Əczinin (1864–1927) yaradıcılığı bu baxımdan diqqəti daha çox cəlb edir. Əczi yaradıcılığı bütövlükdə “Molla Nəsrəddin” ab-havası, Mirzə Cəlil yumoru, Sabir poetik fikri, məna və məzmunu üstündə köklənmişdir.

Məşhur özbək ədəbiyyatşünası, akademik Vahid Abdullayev Sabir ədəbi fikrinin Əczi yaradıcılığına təsirini ilk dəfə elmi şəkildə “Sabir və Əczi” məqaləsində araşdırmışdır.Bu məqalədə Sabir ədəbi fikrinin təkcə Əczi yaradıcılığına yox, bütövlükdə Özbəkistan demokratik mühitinə böyük təsiri tədqiq olunmuşdur. Türkdilli ölkələrin ədəbi əlaqələri tarixində mühüm səhifə təşkil edən bu faktlar, söz yox ki, geniş tədqiqat mövzusudur. Akademik Vahid Abdullayev yazır: “Sabir və Əczi arasındakı ədəbi əlaqələr dostluq münasibətlərinədək gəlib çıxmışdır. Bu dostluğa rəvac verən əsas qüvvə Əczinin vətənində geniş yayılmış ”Molla Nəsrəddin” jurnalı idi”.

Təsadüfi deyil ki, Əczi “özbək satirasının Sabiri” kimi tanınmışdır. Sabirin ”Ey pul”, Əczinin “Çervon”, Sabirin ”Əkinçi”, Əczinin “Əkin yerlərinin dərdi-həsrəti”, Sabirin ”Uçitellər”, Əczinin “Ziyalılar” və s. şerlərindəki təsirlər dediklərimizi təsdiq edir. Əczi kimi satirik bir şairin sabiranə əsərləri “Molla Nəsrəddin”in türk dünyasına ədəbi təsirinə çox aydın sübutdur.

“Molla Nəsrəddin” jurnalı, qeyd etdiyimiz kimi, dərc olunduğu zaman da, sonralar da Şərq satira məktəbinin ustadı sayılmışdır. Əldən-ələ gəzən bu mətbu orqan böyük bir satira məktəbinin özülü olmuşdur. Ədəbiyyatşünas Abdulla Qədiri Mirzə Cəlilin də, ”Molla Nəsrəddin”in də, Mirzə Ələkbər Sabirin də Orta Asiya xalqlarının ədəbi-mədəni inkişafına təsirindən danışarkən, bunu xüsusilə qeyd etmişdir: “Orta Asiyada Azərbaycan ədəbiyyatını oxumayan, bilməyən sənətkar yoxdur. Biz həcvçiliyi ”Molla Nəsrəddin”dən öyrənməliyik. Mən qələm tutmağı ərəblərdən, qələmlə güldürməyi isə “Molla Nəsrəddin”dən öyrənmişəm”.

“Molla Nəsrrədin” jurnalının sırf tənqidi ruhu və hadisələrə satirik münasibəti müqəddəs ideallara xidmət etdiyindən, xalqın ağrılı problemlərinə toxunduğundan, dərdlərinə şərik və bu dərdlərə məlhəm olduğundan ziyalılar tərəfindən daim yüksək qiymətləndirilmişdir. Türk dünyasının yorulmaz təbliğatçısı, qəlbi türkə məhəbbətlə döyünən Əlibəy Hüseynzadə jurnal haqqında fikrini belə ifadə etmişdir: ”Molla Nəsrəddin” yalnız həcv ilə, istehza ilə, xəndə ilə qüsurlarımızı tənqid və islah yolunu tutmuşdur. Bundan kimsənin dilgir olmağa haqqı yoxdur. Sabah əgər məni də həcv etsə, təşəkkürdən başqa əlimdən bir şey gəlməyəcək”.

XX əsrin əvvəlləri Azərbaycan ədəbi-ictimai həyatının güzgüsü olan “Molla Nəsrəddin”in və elə eyni dövrdə türk dünyasının ədəbi aynasına çevrilmiş “Füyuzat”ın o zaman başladıqları böyük maarifçilik işi bu gün həmin hadisələrdən bir əsr keçdikdən sonra öz həyati qüvvəsini saxlayır.

 

Allahverdi MƏMMƏDLİ,

 filologiya elmləri namizədi

 

Xalq qəzeti.-2008.-28 dekabr.- S.6.