On dörd il yolu gözlənilən
medal
— 20 Yanvar
faciəsindən sonra
Füzuli tamam dəyişdi. Qarabağ cəbhəsində vəziyyətin getdikcə
gərginləşməsi ona
daha pis təsir edirdi. Elə hey deyirdi ki, biz bu problemin həllini
uşaqlarımıza saxlamamalıyıq.
Azərbaycan Prezidenti
İlham Əliyevin
2008-ci il 25 iyun tarixli sərəncamı ilə ölümündən
sonra “Hərbi xidmətlərə görə”
medalı ilə təltif edilmiş Füzuli Heydər oğlu Quliyevin həyat yoldaşı Gülbəniz Quliyeva bizimlə söhbətinə
belə başladı.
Dedi ki, Bərdənin Dəymədağlı
kəndində yaşayırdıq.
Qarabağda müharibə şiddətlənirdi.
Füzuli daha dözə
bilmirdi. Və bir
gün bizimlə vidalaşıb cəbhəyə
yollandı. “Qurtuluş”
taborunda döyüşürdü.
Tezliklə komandirin müavini
oldu. Hamı onun qəhrəmanlığından
danışırdı. Arabir evə də baş çəkirdi.
Gülbəniz xanımın həyat yoldaşı ilə bağlı xatirələri
bitib-tükənmir. Xatirələr
çözələndikcə gah kövrəlir, gah gülümsəyir, o anları təkrar-təkrar
yenidən yaşayır:
— Sonuncu dəfə evə gələndə çox
tutqun idi. Görürdüm ki, uşaqlarla
oynayanda da qəribə hallar keçirir. Elə bil
onlardan ayrılmaq istəmirdi. Yola düşəndə
çox kədərli
görünürdü. Dedi ki, bilmək
olmaz, bu müharibədir, uşaqları
sənə tapşırıram,
onları yaxşı
böyüt. Ağladım. Elə məni gözü yaşlı qoyub getdi. Çox keçmədi, 1994-cü il yanvarın 20-də
cənazəsini gətirdilər.
Füzulinin dəfn mərasimində döyüş dostları,
yüksək çinli
komandirləri iştirak
etdilər. Hamı onun qəhrəmanlığından,
vətənpərvərliyindən danışdı. Onu da dedilər ki, Füzuli Quliyevin yüksək dövlət
təltifi üçün
sənədlər hazırlanır.
Bu da bir təskinlik
idi. Amma Gülbəniz
xanımı indi daha çox Füzulinin vəsiyyətinə
əməl etmək düşündürürdü: “...Uşaqları sənə
tapşırıram, onları
yaxşı böyüt”.
Üç körpələri
vardı: Aygın, Elnur, Aynur. Hələ dünyanın
yaxşı-yamanını dərk etməyən bu uşaqlar nələr baş verdiyini doğru-dürüst
anlaya bilmirdilər.
...Füzulisiz
keçən günlər,
aylar nə qədər sıxıntılı
olsa da zaman
ötürdü, il-ilə
qovuşurdu. Daha uşaqlar da
böyümüşdü, köçüb Bakıda
yaşayırdılar. Gülbəniz xanım da fərəh hissi keçirirdi ki, həyat yoldaşının
vəsiyyətinə düzgün
əməl edib, tərbiyəli övladlar
böyüdüb. Və
bir gün...
Gülbəniz xanım
danışır:
— 2008-ci ilin
noyabr ayının
20-si idi. Mənə zəng vurub
dedilər ki, Bərdə Rayon Hərbi Komissarlığına gəlməlisən.
Nə məsələ olduğunu
bilməsəm də təcili getdim. Məlum oldu ki, Azərbaycan Prezidenti İlham Əliyev 2008-ci il
25 iyun tarixli sərəncamı ilə
Füzulini “Hərbi xidmətlərə görə”
medalı ilə təltif edib. Böyük bir mərasim qurulmuşdu. Medalı mənə
təqdim etdilər.
Bu təltifin yolunu düz 14 il
idi gözləyirdik. Doğrudan da, heç kəs unudulmurmuş, heç nə yaddan çıxmırmış.
Bütün ailəmiz adından
dövlət başçımıza
minnətdarıq.
...Yenə
acılı-şirinli xatirələr,
yenə Füzulili, Füzulisiz ötüşən
illər. Gülbəniz xanım kövrələ-kövrələ
danışır, göz
yaşlarını saxlaya
bilmir. İndi bu göz yaşlarında kədər
olduğu kimi, sevinc də var. Füzulinin Vətən qarşısında xidmətləri
dövlət başçısı
İlham Əliyev tərəfindən yüksək
qiymətləndirilmişdir.
Vahid İMANOV
Xalq qəzeti.-2008.- 28 dekabr.- S.7.