“Vətən əmanəti, yurd əmanəti!..”
Qarabağ müharibəsinin
qızğın çağlarında, həmçinin atəşkəs
dövründə görüşüb söhbət etdiyim
döyüşçülərimiz şəhid olmuş
yoldaşlarından söhbət düşəndə
çox vaxt bu ifadələri işlədirdilər: “Son
sözü bu oldu: ”Vətən əmanəti, yurd əmanəti!"
Bir də dedi ki, uşaqları (döyüş
yoldaşlarını nəzərdə tutur. — V.İ.)
qoruyun". Axır nəfəsində anasına, sevgilisinə
də son sözünü göndərənlər çox
olub. Yenə hamısında “Vətən”, “yurd” sözləri
var: “Anama deyin ki, çox ağlamasın, Vətən yolunda
şəhid oldum” və s.
İndi şəhid İlqar Millət oğlu Həsənovun döyüş dostlarının,
doğmalarının xatirələri
ilə tanış olanda eyni əhvalatlarla,
eyni ifadələrlə
rastlaşıram. Komandiri
Bəxtiyarın xatirələri
əsasında: “Üzbəüz
döyüş gedir. İlqar ağır yaralıdır. Komandiri hiss edir
ki, artıq onu xilas etmək
mümkün deyil. Başını dizinin üstünə alır. İlqar gözünü açıb onu görür:
— Daha mən gedirəm, komandir. Uşaqları başsız qoyma, onların yanına get.
Çox igidini
son nəfəsində sinəsinə
sıxmışdı komandir.
Bu dəfə qəhər
də boğazını
yandırırdı. Başa
düşürdü ki,
bu cəsur oğlan son anlarını
yaşayır:
— Nə sözün var İlqar, de...
— Vətən
əmanəti, komandir,
yurd əmanəti..."
Budur, qəhrəmanlıq,
Vətənə sonsuz
məhəbbət. Ola bilsin
döyüşlərdə olmayan adamlara qəribə gəlsin. Son
nəfəsində “ANA” haraylamaq
əvəzinə, “VƏTƏN” deyib gözünü yummaq. Amma həqiqət
budur. Ana da, ən doğma adamlar da dilə
gəlir yaralı döyüşçünün son nəfəsində, Vətən,
döyüş dostları
isə heç zaman yaddan çıxmır.
Bu fədailikdir, Vətən
fədaisi olmaq deməkdir.
Qəhrəmanlıq insanın
içində yaşayır
və birdən doğulur, şimşək
kimi çaxır. Həyatda şəxsən
tanıdığım elə
adamlar var ki, onları sakit, həlim xasiyyətli görmüşəm,
bəzən isə hər şeydən çəkinən, ehtiyatlı
adam bilmişəm. Amma Vətən dara düşəndə onların könüllü
silaha sarıldığının,
sonradan qəhrəmanlıqlar
göstərdiyinin şahidi
olmuşam.
İlqarı yaxından
tanıyanlar da deyirlər ki, o, sakit, həlim, mehriban və qayğıkeş idi. Həm də bir gənc kimi
qaynarlığı vardı.
İdmanın karate növü
ilə məşğul
olurdu, idman üstası, III dan qara kəmər sahibi idi. Hərbi
xidmətini Belarusda keçmişdi. Sonra Çita vilayətinə getmişdi, burada Tibb İnstitutunun stomatoloji fakültəsində
təhsil alırdı.
Qarabağ müharibəsi
şiddətlənəndə təhsilini yarımçıq
qoyub, doğulub boya-başa çatdığı
Ağdaşa gəldi.
Bu zaman qardaşı Həsən Laçın
bölgəsində döyüşürdü,
Ağdaşdan cəbhəyə
gedən ilk yeddi könüllüdən biri
idi.
İlqar hərbi
komissarlığa gedib,
onu Laçın bölgəsinə göndərmələrini
istədi. Dedi ki, qardaşı da oradadır, birgə olmaq istəyir. Xahişi yerinə yetirildi. Amma qardaşlar burada görüşə
bilmədilər. Çünki
ayrı-ayrı istiqamətlərdə
döyüşürdülər. Az sonra isə
Həsəni Ağdam
cəbhəsinə göndərdilər.
1992-ci ilin
iyununda İlqar evlərinə gəlmişdi.
Sinəsindən ağır
qəlpə yarası
almışdı. Müalicədən
sonra evə göndərmişdilər. Yaralanmasını
anası Zöhrə xanımdan ciddi-cəhdlə
gizlədirdi. Amma ana ürəyi nəinki hər şeyi hiss edirdi, həm də görürdü.
Nə qədər
təkid etsələr
də İlqar yaraları hələ sağalmamış döyüş
bölgəsinə qayıdır
və yenidən qanlı döyüşlərdə
iştirak edir.
Döyüş dostları
xatirələrində yazırlar
ki, döyüşə
gedəndə həmişə
sağ çiynində
pulemyot, sol çiynində
avtomat olardı. Mahir nişançıydı,
qorxu bilmirdi. Gözlənilməz anda düşmən əsgərlərinin
içərisinə soxulub
sağa-sola fasiləsiz
atəş açar,
onları pərən-pərən
salarmış. Döyüş
dostlarından biri yazır ki, düşmən hücumunun
qarşısını almaq
çətinləşmişdi. Onlar tankları irəli buraxanda geri çəkilmək əmri aldıq. Bu zaman İlqar qumbaraatanla tankı vurmaq üçün ayağa durub, onun üstünə yeridi. Elə bildik indicə hər şey məhv olacaq. Tank qəflətən yerində
fırlanıb çalaya
düşəndə elə
bil ayıldıq, hücuma keçdik, düşmən itki verib, geri çəkildi.
İlqarın belə
şücaətləri çox
olub. Bir dəfə komandanlıq tərəfindən böyük
məbləğdə pulla
mükafatlandırılıb. Bu mükafat “özünə”
qiymət olub, baş daşının düzəldilməsinə xərclənib.
Həm də yaxşı kəşfiyyatçı
olub İlqar. Bacısı Aybəniz onun döyüş dostlarının çoxunu
tapıb, qardaşı
haqqında xatirələrini
toplayıb. Onlar yazırlar ki, İlqarın kəşfiyyatdan
gətirdiyi məlumatları
yoxlamaq lazım deyildi. Hər şeyi özü yüz dəfə ölçüb-biçir, yoxlayırdı.
Qorxu nə olduğunu bilməzdi.
Son döyüşü
1992-ci ilin sentyabrında
olub İlqarın. Ağdərənin Qozlu ərazisində ağır
döyüşlər gedirmiş.
Düşmənin bir
neçə həmləsinin
qarşısı alınır.
İlqar ermənilərin
bir tankını sıradan çıxarır,
xeyli canlı qüvvəsini məhv edir. Sonuncu həmlə
daha güclü olur. İlqar ağır yaralanır. Və bu yara...
İndi Ağdaşın
mərkəzi küçələrindən
biri İlqar Həsənovun adını
daşıyır. Şərəfli
döyüş yolunu
məktəblilər öyrənirlər.
Xatirəsi həmişə
əziz tutulur. Son sözü tez-tez təkrarlanır: Vətən
əmanəti, yurd əmanəti!"
...Qəhrəmanlıq insanın içində gizli yaşayır, qəflətən doğulur, şimşək kimi çaxır... Bu, insanın ikinci doğuluşu kimidir. Birinci dəfə bir ailənin əzizi, sevinci, güvənci olursa, ikinci doğuluşda elin, Vətənin övladına, doğmasına, öyünməli adına, ünvanına çevrilir. İlqar Həsənov kimi...
Vahid İMANOV
Xalq qəzeti.-2008.-28 dekabr.- S.8.