Konstitusiyaya əlavə və dəyişikliklər edilməsi ilə bağlı Referendum keçirilməsi xalqın öz iradəsini ifadə etməsinə geniş imkanlar yaradır

 

Nəyahət ki, uzun sürən müzakirələrdən sonra Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən ölkə Konstitutsiyasının 153-cü maddəsinin tələbinə əsasən Konstitusiya Məhkəməsinin rəyinin alınması üçün təqdim olunmuş “Azərbaycan Respublikası Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi haqqında” Referendum Aktının layihəsi ilə bağlı məsələ öz müsbət həllini tapdı. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu 24 dekabr 2008-ci il tarixli iclasında “Azərbaycan Respublikası Milli Məclisinin Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında təkliflərinə rəy verilməsi barədə” qərar qəbul etdi.

Məlum olduğu kimi müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbulundan 13 il ötür. Bu müddətdə ölkədə aparılan sürətli siyasi, iqtisadi islahatlar, gedən demokratik proseslər Konstitusiyaya əlavə və dəyişikliklərin edilməsi zərurətini yaratmışdır. Digər tərəfdən bu, həm də cəmiyyətin istəyidir. Xüsusilə də 101-ci maddənin 5-ci bəndində öz əksini tapmış məhdudiyyətin — bir şəxsin iki dəfədən artıq prezident seçilə bilməməsi ilə bağlı məhdudiyyətin aradan qaldırılması cəmiyyətdən gələn sosial sifarişdir. Ümumilikdə isə Referendum Aktı layihəsində Konstitusiyanın 29 maddəsində təklif olunan əlavə və dəyişikliklərin çoxu insan hüquq və azadlıqlarının təminatını daha da möhkəmləndirəcək, xalqın öz iradəsini ifadə etməsinə daha geniş imkanlar yaradacaqdır. Məsələn, layihədə, seçki hüququ olan 40 min vətəndaşa qanunvericilik təşəbbüsü ilə çıxış etmək imkanının verilməsi nəzərdə tutulmuşdur.

Yaxud, layihədə Əsas Qanunun 101-ci maddəsinin 50-ci bəndində belə bir əlavə edilmişdir: “Müharibə şəraitində hərbi əməliyyatların aparılması şəraitində hərbi əməliyyatların aparılması Azərbaycan Respublikası Prezidenti seçkilərinin keçirilməsini mümkün etmədikdə Azərbaycan Respublikası Prezidentinin səlahiyyət müddəti hərbi əməliyyatların sonunadək uzadılır. Bu barədə qərar seçkilərin (referendumun) keçirilməsini təmin edən dövlət orqanının müraciətinə əsasən Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən qəbul edilir”.

Referendum Aktının layihəsində müharibə şəraitində hərbi əməliyyatların aparılması zamanı parlamentə seçkilərin keçirilməsini mümkün etmədikdə Milli Məclisin çağırışının səlahiyyət müddətinin də eynilə hərbi əməliyyatların sonunadək uzadılması nəzərdə tutulmuşdur. (84-cü maddənin 1-ci hissəsi).

Bələdiyyələrin fəaliyyəti, səlahiyyətləri ilə bağlı müddəanın Əsas Qanunda öz əksini tapmasıda mühüm əhəmiyyət kəsb edir. Layihədə qeyd olunur ki, qanunla müəyyən edilmiş hallarda bələdiyyələr öz fəaliyyəti barədə Milli Məclisə hesabat təqdim etməlidirlər.

Qeyd etmək lazımdır ki, “Konstitusiyaya əlavə və dəyişikliklər edilməsi haqqında” Referendum Aktı layihəsinə istər ölkə daxilində, istərsə də beynəlxalq aləmdə maraq böyükdür. Bunu ölkənin kütləvi informasiya vasitələrində, xarici media orqanlarında, müxtəlif ictimai dairələrdə, araşdırma mərkəzlərində aparılan müzakirələr də təsdiqləyir. Həmin müzakirələrdən belə ümumi nəticə çıxarmaq olar ki, Azərbaycan Konstitusiyasında həyata keçirilməsi nəzərdə tutulan islahatlar, o cümlədən daha çox söhbət gedən müddəanın haqqında bir şəxsin yalnız iki dəfə prezident seçilə bilməsi kimi məhdudiyyəti nəzərdə tutulan müddəanın aradan qaldırılması mütərəqqi addımdır. Lakin, bu məsələdə, az da olsa, bəzi müxalif qüvvələr bərk əl-ayağa düşüblər. Onlar layihədəki bu maddəni, guya Azərbaycanda demokratiyanın boğulması kimi qələmə verərək, ictimai fikri çaşdırmağa çalışırlar.

Onlar dərk etməlidirlər ki, Konstitusiya islahatlarını həyata keçirmək və dövlətin Əsas Qanununun mətnində zamanın tələblərinə müvafiq olaraq dəyişiklik və əlavələr etmək məsələsi hər bir dövlətin müəyyən tarixi inkişaf mərhələsi ilə bağlıdır. Dünya ölkələri üçün vahid konstitusiya modeli mövcud deyil və bu sənədin qəbulu hər bir dövlətin və vətəndaşlarının daxili işi olduğundan, sənədin mətnində hansısa dəyişikliklər və əlavələrin edilməsi də beynəlxalq aləmdə hər bir xalqın suveren hüququ kimi qəbul edilir. Bu baxımdan da Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilərək mətndə bəzi düzəlişlərin həyata keçirilməsi zamanın diktəsidir. Belə ki, Azərbaycan Konstitusiyasında dövlət rəhbərinin xidmət müddətinin beş il nəzərdə tutulduğu və bir şəxsin təkrarən yalnız ikinci dəfə seçilmək hüququna malik olduğu göstərilir. Konstitusiyanın 101-ci maddəsinin 5-ci bəndi dövlət rəhbərinin üçüncü dəfə təkrarən beş il müddətinə xidmət etməsini məhdudlaşdırır. Nəzərə almaq lazımdır ki, 1995-ci ilin 12 noyabrında ümumxalq səsverməsi ilə qəbul edilmiş Azərbaycan Konstitusiyası öz demokartik məzmununa görə, beynəlxalq aləmdə də yüksək qiymətləndirilib. İnsan hüquqlarının təmin edilməsi Konstitusiya mətnində geniş şəkildə əks olunubdur. Həmin Konstitusiyada bir şəxsə dövlət rəhbəri vəzifəsində iki dəfə dalbadal müddətə xidmət etmək hüququnun verilməsi və üçüncü müddətə təkrar xidmət etmək hüququnun verilməməsi insan hüquqlarına zidd deyil. Çünki tətbiq edilən bu norma həmin dövrdə xalq tərəfindən müəyyən edilibdir və o zamankı beynəlxalq təcrübəyə əsaslanıbdır. Xüsusi qeyd etmək lazımdır ki, xalqın qəbul etdiyi norma insan hüquqlarına zidd ola bilməz və əsas təbii hüquqları məhdudlaşdırmır. Lakin, dövlətin müəyyən tarixi dövrü xalqın qarşısında bir şəxsə üçüncü dəfə təkrarən prezident işləmək səlahiyyətini vermək tələbi qoyursa və xalq öz dövlətinin Konstitusiyasında müvafiq normanı dəyişirsə, deməli, bu addım da insan hüquqlarına zidd hesab oluna bilməz. Çünki Konstitusiyaya əsasən, prezident vəzifəsində iki dəfə təkrar müddətə xidmət göstərmiş bir şəxsin üçüncü müddətə təkrar xidmət etmək üçün öz namizədliyini irəli sürmək hüququ, bununla yanaşı, dövlət rəhbəri vəzifəsində işləmək istəyən digər şəxslərin hüquqlarını məhdudlaşdırmır. Bu yanaşma məsələnin hüquqi tərəfidir.

Qeyd edilməlidir ki, Konstitusiya hüquqi sənəd olmaqla yanaşı, dövlətçilik sahəsində normaları əks etdirdiyinə görə siyasi əhəmiyyət də kəsb edir. Konstitusiyada hüquq norması və siyasi reallıq amili mahiyyət baxımından vəhdət təşkil edir. Burada belə bir prinsip vardır: Siyasi reallıq hüquq normasını yaradır, hüquq norması da öz növbəsində siyasi reallığı əks etdirir. Yəni siyasi reallıq tələb edərsə, hüquq norması yaranmalıdır, hüquq normaları isə siyasətin reallaşmasını təmin etməlidir.

Siyasi reallıq:

Etiraf etmək lazımdır ki, dövlət rəhbəri vəzifəsini həqiqətən bu vəzifəyə layiq olan və xalqa yüksək səviyyədə xidmət etməyi bacaran bir şəxs tutmalıdır. Həmin şəxsdə mühüm mənəvi keyfiyyət komponentlərini özündə cəmləşdirən dörd amilin kompleks şəkildə olması labüddür. Birincisi, bu şəxsdə həm yüksək mənəvi-insani keyfiyyətləri ( yüksək intellekt, müdriklik xüsusiyyətləri) özündə cəmləşdirən kompleks amillər; ikincisi, ictimaiyyət, geniş mənada xalq içərisində qazandığı siyasi nüfuz; üçüncüsü, dövləti idarəetmə sahəsində qazanılmış təcrübə-bilik və bacarıq da daxil olmaqla; dördüncüsü, siyasətçinin-siyasi şəxsin beynəlxalq aləmdə tanınması amili. Hansı ki, bu amil dövlətin beynəlxalq münasibətlərdə imicinin formalaşmasında və bu istiqamətdə həyata keçirilən xarici siyasətində çox böyük rol oynayır. Sadalanan kompleks xüsusiyyətləri özündə cəmləşdirən bir şəxsin dövləti uzun müddətə idarəetməsi həmin dövlət və cəmiyyətin sürətlə tərəqqi etməsinə gətirib çıxarır.

Azərbaycanın hazırki Prezidenti cənab İlham Əliyev birinci səlahiyyət müddətində işlədiyi zamanda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin siyasətini layiqincə davam etdirərək, dövlət rəhbəri üçün xas olan xüsusiyyətləri özündə cəmləşdirərək, dövlətçilik sahəsində gördüyü işlər və xalqa göstərdiyi xidmətlər müqabilində Konstitusiyanın ona verdiyi ikinci dəfə prezident vəzifəsində işləmək hüququnu qazandı. İlham Əliyev özünün ikinci prezidentlik dövründə də yüksək səviyyədə xidmət göstərəcəyini xalq qarşısında söz verib və bu istiqamətdə siyasəti həyata keçirməkdədir.

Belə bir sual meydana gələ bilər. Azərbaycana 2013-cü ildən sonra kim rəhbərlik edə bilər?

Hər şeydən öncə, bu sual indidən hər bir vətəndaşı maraqlandırmalıdır. Çünki dövlət rəhbərinin fəaliyyəti, dövlət qanunlarının qəbulu və icrası, onun qərarları, proqram və konsepsiyaları hər bir vətəndaşın həyatında mühüm rol oynayır. Bu baxımdan da vətəndaş öz dövlət rəhbərini seçərkən ilk növbədə özünü düşünməlidir. Vətəndaşların cəm toplumu, yəni cəmiyyətin özü də belə bir məsələ ətrafında geniş düşünməlidir.

Nəzərə almaq lazımdır ki, cəmiyyətdə dövlət rəhbərinin yetişməsi üçün bir neçə mərhələ mövcuddur:

Birincisi, şəxsin kiçik yaşlarından başlayan ailə tərbiyəsi dövrü;

İkincisi, şəxsin kiçik və yeniyetməlik yaş dövründə aldığı ibtidai və orta təhsil də daxil olmaqla, cəmiyyətə ilkin inteqrasiya olunması dövrü;

Üçüncüsü, şəxsin gənclik illərində ali təhsil aldığı, eyni zamanda cəmiyyətin qərarverici üzvü olduğu və cəmiyyətdə mövqeyinin formalaşmağa başladığı dövr;

Dördüncüsü, mütəxəssis kimi əmək fəaliyyəti, cəmiyyətin tam hüquqlu üzvü kimi özünün şəxsi ailəsini yaratdığı dövr;

Beşincisi, əmək fəaliyyəti zamanı cəmiyyətdə nüfuz qazandığı dövr;

Altıncısı, idarəçilik, xüsusilə dövlət idarəçiliyi sahəsində kifayət qədər təcrübə qazandığı dövr.

Bir şəxsin qeyd edilən dövrləri keçməsi üçün təqribən 35-40 il və bəlkə də bir qədər çox vaxt tələb olunur.

Bütün dövrlərin həmin şəxs tərəfindən şərəfli və zamanın, eləcə də cəmiyyətin tələb etdiyi formada keçməsi lazımdır ki, bu şəxs dövlətə rəhbərlik etmək üçün kifayət qədər yetişmiş hesab edilsin. İlham Əliyev həmin dövrləri keçmiş və dövlət rəhbəri postunda da beş il işləmişdir. Şübhəsiz növbəti beş ildə daha da böyük təcrübə əldə edəcəkdir.

Belə hesab etmək olar ki, 2013-cü ildə də xalq, təbii ki, özü buna razı olarsa, İlham Əliyevi seçəcəkdir. Xalqın seçimində başlıca səbəb kimi İlham Əliyevin 2008-2013-cü illərdəki xidməti əsas götürüləcəkdir. Onu da gözləmək olar ki, 2013-cü ilə qədər Azərbaycanda cəmiyyət müsbət istiqamətdə yenə də köklü dəyişikliklərlə diqqət mərkəzində qalacaqdır. Əlavə islahatlar həyata keçiriləcəkdir.

Atılan siyasi addımların nəticəsi kimi, Azərbaycan Konstitusiyasının 101-ci maddəsinin 5-ci bəndinin dəyişdirilməsi də zamanın tələbinə müvafiq olaraq gündəliyə gəlmişdir. Xalq bunu görür və yüksək qiymətləndirir. İnanırıq ki, Azərbaycan xalqı 2009-cu il martın 18-də keçiriləcək Referendumda, həmişəki kimi müdrik qərar qəbul edəcəkdir.

 

Elşən NƏSİBOV,

politoloq  

 

Xalq qəzeti.-2008.-30 dekabr.-S. 9.