Milli-mənəvi dəyərlərimizə dövlət
qayğısı artmaqdadır
Bu gün ölkəmizdə
həyata keçirilən davamlı iqtisadi islahatlar mədəni
inkişafa da güclü təsir göstərir. Həqiqətən,
Azərbaycan mədəniyyəti və incəsənəti
son illər sürətli inkişaf yoluna
çıxmış, incəsənətin bütün sahələrində
uğur qazanılmışdır. Söz yox ki, bu nailiyyətlərin
əldə olunmasında ulu öndər Heydər Əliyevin
misilsiz xidmətləri olmuşdur. Dahi rəhbər
bütün həyatı, fəaliyyəti dövründə
mədəniyyətə xüsusi diqqət yetirmişdir. Ümummilli
liderin dövlətçilik strategiyasının
davamçısı, dövlət başçısı
İlham Əliyev hakimiyyətdə olduğu dövrdə mədəniyyətin
inkişafını dövlət siyasətində
başlıca amillərdən biri kimi daim diqqət mərkəzində
saxlamışdır. Prezident Azərbaycan mədəniyyətinin
sürətli inkişafını təmin etmək
üçün bir sıra dövlət proqramları
imzalamışdır. Onlar arasında tarixi abidələrin
qorunması, kino, teatr sənətinin inkişafı, muzey
işinin təkmilləşdirilməsi, turizmin inkişafı
və s. sahələri əhatə edən dövlət
proqramları vardır. Həmin proqramların hər biri bu
gün səmərəli şəkildə həyata
keçirilməkdədir və öz müsbət nəticəsini
verir.
Prezident İlham Əliyev
xalqın milli xüsusiyyətlərinin qorunub
saxlanılmasında ədəbiyyatın, mədəniyyətin
böyük rolu olduğunu xüsusi vurğulayaraq demişdir:
“Azərbaycan xalqının, bizim hamımızın
xüsusiyyətlərini qoruyub saxlamaq üçün əlbəttə
ki, ədəbiyyatımızın, mədəniyyətimizin
böyük rolu olmuşdur”. Dövlət
başçımızın mədəniyyəti yüksək
qiymətləndirməsinin nəticəsidir ki, bu gün Azərbaycan
mədəniyyətinin sorağı dünyanın hər yerindən
gəlməkdədir.
Ötən beş il Azərbaycan
incəsənətinin, həqiqətən, çiçəkləndiyi
dövrdür. Bu dövrün mədəni hadisələri,
bu sahədə həyata keçirilən davamlı tədbirlər
mədəni həyatımızda xüsusi canlanma
yaratmışdır. Mən burada, YUNESKO və İSESKO-nun
xoşməramlı səfiri, Heydər Əliyev Fondunun
prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın
da xidmətlərini xüsusi olaraq qeyd etmək istəyirəm.
Azərbaycanın mədəni həyatının
inkişafında Mehriban xanım Əliyevanın böyük əməyi
vardır. Muğam sənətimizin, mədəniyyətimizin
digər sahələrinə Mehriban xanımın
qayğısı artıq öz bəhrəsini verməkdədir.
Bu gün Bakıda Muğam Mərkəzinin
açılması, Xalça Muzeyi üçün yeni
müasir tipli binaların tikilməsi məhz bu sahəyə əsaslı
diqqətin nəticəsi kimi dəyərləndirilməlidir.
Söz yox ki, bütün bunlar sənət adamlarında böyük yaradıcılıq əzmi yaratmış, onları yeni uğurlu əsərlər ortaya çıxarmağa sövq etmişdir. Azərbaycan Prezidentinin “Azərbaycanın qabaqcıl mədəniyyət, incəsənət, ədəbiyyat xadimlərinin fəaliyyəti yüksək qiymətləndirilməlidir” sözləri sənətə və sənətkara verilən yüksək qiymət kimi dəyərləndirilməlidir. Məhz bu diqqətin nəticəsidir ki, son beş ildə onlarla sənət adamı Prezident təqaüdünə, yüksək fəxri adlara layiq görülmüşdür.
Mən rəssamam, son illər rəssamlarımıza göstərilən qayğının da əyani şahidiyəm. Azərbaycan rəssamları ulu öndərin böyük qayğısını həmişə hiss etmiş, məhz ulu öndərin hakimiyyəti illərində çox qiymətli əsərlər yaranmış, sərgilər keçirilmişdir. Ulu öndərin davamçısı olan möhtərəm Prezidentimiz İlham Əliyev də bu peşə sahiblərinin əməyini yüksək qiymətləndirmiş, onların yaradıcılığının inkişafı üçün hər cür şərait yaradılmışdır.
Azərbaycanda ali rəssamlıq məktəbinin açılması ulu öndərin şəxsi təşəbbüsü ilə olmuşdur. Bu gün Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının yetişdirdiyi kadrlar milli rəssamlıq sənətimizin inkişafına xidmət göstərirlər. Prezident İlham Əliyevin hakimiyyəti dövründə Rəssamlıq Akademiyasında tədrisin daha keyfiyyətli aparılması üçün yeni korpusun tikintisi başa çatdırılmışdır. İndi artıq yeni emalatxanalar, sərgi salonu tələbələrin ixtiyarına verilmişdir.
Prezident İlham Əliyev 2006-cı il dekabrın 27-də Azərbaycan Rəssamlar İttifaqının 65 illiyi münasibəti ilə bir qrup rəssamla görüşdü. Bu tarixi bir görüş idi. Həmin görüşdə cənab İlham Əliyev Azərbaycan rəssamlarının fəaliyyətlərini yüksək qiymətləndirərək demişdir: “Azərbaycan incəsənəti, rəssamlıq məktəbi çox zəngindir, çox dərin köklərə əsaslanır və eyni zamanda, indi artıq öz yerini tutmaqdadır. Bu da çox vacibdir. Yəni bu əlaqələr qırılmır, bu gözəl ənənələr davam edir. Azərbaycanda bütövlükdə rəssamlıq məktəbi son illər ərzində xeyli dərəcədə güclənmişdir. Bunu Azərbaycan ictimaiyyəti də görür və xarici mütəxəssislər də qeyd edirlər”.
Azərbaycan rəssamları, həqiqətən, bu yubileyə yüksək yaradıcılıq əzmi ilə gəlmişdilər və elə o vaxt açılmış sərgidə nümayiş etdirilən əsərlər bunu bir daha təsdiq etdi. Prezident bu sərgiyə böyük məmnunluqla baxdı və sərginin çox gözəl təəssürat bağışladığını bildirdi.
İlham Əliyev rəssamların, heykəltəraşların yaradıcılıq imkanlarının artmasına da xüsusi diqqət yetirmişdir. Onların emalatxanalarla təmin edilməsinin vacib məsələ olduğunu bildirmişdir. Rəssamlarla görüşündə bu barədə demişdir: “Rəssamları, heykəltəraşları narahat edən, maraqlandıran məsələlərdən biri də emalatxana ilə təminatdır. Mən buna bir az daha da geniş kontekstdə baxıram. Əlbəttə ki, emalatxanalar olmalıdır və olacaqdır. İlk növbədə istər onun yeri, istərsə də dizayn baxımından, sizin də rəyiniz nəzərə alınmalıdır. Ancaq mən hesab edirəm ki, biz gərək buna bir az daha geniş, bir yaradıcılıq mərkəzi kimi baxaq. Orada təkcə emalatxanalar olmamalıdır, görüşlər, konfranslar keçirmək, istirahət etmək üçün yer olsun”. Bu sözlərdən göründüyü kimi, dövlət başçımız məsələyə kompleks yanaşaraq, onun həlli haqqında qərarı elə həmin görüşdəcə vermişdir.
Dövlət başçısı incəsənət xadimlərinin, o cümlədən rəssamların sosial problemlərinin həllini də nəzərdən qaçırmamışdır. Yaşlı rəssamlarımızdan bir neçəsi Prezident təqaüdünə layiq görülmüşlər. Onların bir qismi “əməkdar incəsənət xadimi”, “xalq rəssamı” kimi fəxri adlara layiq görülmüşlər. Prezident rəssamlarımızdan bir neçəsinin yubileylərinin keçirilməsi ilə bağlı sərəncam imzalamışdır. Mən onların birini xüsusi olaraq qeyd etmək istəyirəm. Prezidentimiz Azərbaycanın xalq rəssamı Tahir Salahovun 80 illik yubileyinin keçirilməsi ilə bağlı 11 iyul 2008-ci il tarixli sərəncam imzalamışdır. Cari ilin noyabr ayında bu yubiley dövlətimiz tərəfindən yüksək səviyyədə keçirildi, Prezident Tahir Salahovu qəbul edib, yubiley münasibəti ilə onu təbrik etdi.
Əlbəttə, belə yubileylər çox tez-tez keçirilir və rəssamlarımızın tarixi xidmətləri xüsusi olaraq qeyd edilir. Böyük Azərbaycan rəssamları Səttar Bəhlulzadə, Maral Rəhmanzadə, Böyükağa Mirzəzadə, Lətif Kərimov, Vəcihə Səmədova, Əzim Əzimzadə və başqalarının yubileylərinin keçirilməsi məhz bu dövrdə baş tutmuşdur.
Bu gün ölkəmiz inkişaf edir, gözəlləşir. Azərbaycanın bütün bölgələrində yeni parklar, xiyabanlar salınır, yeni muzeylər, yaraşıqlı binalar ucaldılır. Azərbaycanın arxitektorları, rəssamları, heykəltəraşları bu işə böyük həvəslə qoşulmuşlar. İndi elə bir bölgə tapılmaz ki, onun mərkəzində ulu öndərin adını daşıyan gözəl, yaraşıqlı parklar salınmasın və orada bu böyük tarixi şəxsiyyətin heykəli və yaxud büstü qoyulmasın.
Mən özümü çox xoşbəxt sanıram ki, bir rəssam kimi mən də bu quruculuq işlərinin iştirakçısıyam. Müəllifi olduğum bir neçə layihə əsasında parklar və xiyabanlar salınmışdır. Bu gün Balakəndə salınmış, böyük bir ərazini əhatə edən, bənzəri olmayan xiyaban da onlardan biridir. Bütün bunlar Prezident İlham Əliyevin həyata keçirdiyi davamlı islahatların nəticəsində mümkün olmuşdur.
Artıq 2008-ci ili başa vururuq. Qarşıda Dünya Azərbaycanlılarının Həmrəylik Günü, Yeni il gəlir. Bu münasibətlə xalqımızı təbrik edir, ona yeni-yeni uğurlar, dinc səma arzulayıram.
Cəlil HÜSEYNOV,
Azərbaycan Dövlət Rəssamlıq
Akademiyasının prorektoru,
xalq rəssamı,
professor
Xalq qəzeti.-2008.-30 dekabr.- S.10.