Heydər ƏLİYEV: “Hər bir azərbaycanlı Azərbaycana ata ocağı kimi baxmalıdır”

 

Ümummilli liderimiz Heydər Əliyevin 2001-ci ilin mayın 23-də “Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi barədə” sərəncam imzalaması ulu öndərimizin bu istiqamətdə atdığı ən humanist addımlardan biri idi. Bu sərəncam xaricdə yaşayan həmvətənlərimizin dövlətimiz ilə əlaqələrinin möhkəmləndirilməsi, onlar arasında birliyin, həmrəyliyin təmin olunması, habelə Azərbaycan icmaları, cəmiyyətləri və təşkilatlarının fəaliyyətinin gücləndirilməsi və əlaqələndirilməsi üçün tarixi sənəd hesab olunur.

2001-ci il noyabrın 9-10-da ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Dünya Azərbaycanlılarının Bakıda keçirilən I qurultayı da dövlət başçısının dünya azərbaycanlılarını birləşdirmək ideyasının reallığa çevrilməsi üçün əsl mərhələ olmuşdur. Qurultayda milli birliyimiz, həmrəyliyimiz, xaricdə yaşayan həmvətənlərimizin diaspor şəklində formalaşması, təşkilatlanması və öz maraqlarını, hüquqlarını, azərbaycançılıq ideyalarını geniş miqyasda müdafiə etmələri üçün strateji proqram müəyyən edilmişdir.

Qurultayın mühüm nəticələrindən biri də dünyanın müxtəlif ölkələrində məskunlaşmış azərbaycanlıların təşkilatlanması, onların hüquqlarının birgə qorunması məqsədilə ulu öndərimizin sədrliyi ilə xüsusi mərkəz — Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının yaradılması oldu. Qarşıya qoyulan məqsəd və vəzifələrin həyata keçirilməsi istiqamətində ötən müddətdə bir sıra tədbirlər həyata keçirilmiş, xaricdə yaşayan həmvətənlərimizlə daim əlaqə saxlanılmış, xaricdəki Azərbaycan icmalarından diaspor formalaşdırılması və təşkilatlanması işi gücləndirilmişdir. Amerika Birləşmiş Ştatları, Böyük Britaniya, İsveç, Rusiya, Danimarka, Moldova, Ukrayna, Kanada, Gürcüstan, Norveç, Almaniya və s. ölkələrdə olan həmvətənlərimizlə intensiv əlaqələr yaradılmışdır. Ulu öndər Heydər Əliyevin çıxışlarının birində vurğuladığı “Hər bir azərbaycanlı buraya ata ocağı kimi baxmalıdır. Mən müraciətlərimdə çalışmışam ki, Avropada, Asiyada, Amerikada və s. yerlərdə yaşayan azərbaycanlıların bu hissiyatını oyadaraq onları Azərbaycana cəlb edib, Azərbaycana doğma münasibət bəsləmələrinə nail olum” sözləri ötən müddətdə Dünya Azərbaycanlıları Konqresinin məqsəd və məramını təşkil etmişdir.

Bunlardan əlavə, biz dünya azərbaycanlılarının mədəni köklərinin, qədim tarixinin və müasir inkişaf mərhələsində tutduğu yolun xaricdə yaşayan soydaşlarımıza və digər xalqların nümayəndələrinə çatdırılması istiqamətində işlər görürük. Milli mentalitetimizin, mədəniyyətimizin, tariximizin, incəsənətimizin bütün dünyada təbliğ edilməsi fəaliyyətimizin əsas ana xəttini təşkil edir. Diasporumuzun nümayəndələrinin ana dilində danışmaları, təhsil almaları üçün işlər diqqət mərkəzində saxlanılır.

Azərbaycan lobbisinin qurulması istiqamətində tədbirlər həyata keçirilir. Bu işdə əsas olaraq diasporumuzun səmərəli fəaliyyət göstərməsini nəzərdə tutmuşuq. Azərbaycanlıların çox məskunlaşdıqları dövlətlərdə güclü lobbimizin yaradılması həmin dövlətlərdə Azərbaycanın maraqlarının müdafiə edilməsi ilə yanaşı, dövlətlərarası əlaqələrin də inkişaf etməsinə yardımçı olacaqdır. Eyni zamanda Azərbaycanpərəst elm, siyasət və mədəniyyət xadimləri ilə də görüşlər keçirilir və onların da köməyindən istifadə edilməsi üçün müvafiq işlər aparılır.

Ümummilli liderimiz xarici ölkələrə səfərləri zamanı keçirdiyi göstərişlərdə, xaricdə yaşayan azərbaycanlıların qarşısında diasporumuzun formalaşmasını və təşkilatlanmasını zəruri vəzifə kimi qoymuşdur. “Xarici ölkələrdə təşkilatlanma prosesinin ilk mərhələsini keçən azərbaycanlı icmalarının, mədəniyyət mərkəzlərinin və dostluq cəmiyyətlərinin imkanlarından geniş istifadə olunmalıdır. Yaxın-uzaq ölkələrin tarixi əyani şəkildə sübut edir ki, mütəşəkkil icmalar halında dünyanın müxtəlif ölkələrində yaşayan, məqsədyönlü fəaliyyət göstərən, özünəməxsus milli ideyalar ətrafında birləşən, öz mütərəqqi adət-ənənlərini qoruyub saxlayan soydaşlar öz ölkələrinə böyük kömək göstərir, yaşadıqları ölkələrlə tarixi vətənləri arasında daha güclü amil kimi çıxış edirlər. Bu sahədə bizim istifadə olunmamış potensialımız var və bu potensial mütləq hərəkətə gətirilməlidir”. Ulu öndərimizin bu sözləri dünya azərbaycanlılarında mənəvi ruh yüksəkliyi yaratmış və onlar bu istiqamətdə işlərini daha da genişləndirmişlər.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də Azərbaycan diasporunun fəaliyyətinin inkişaf etməsinə böyük diqqət və qayğı ilə yanaşır. Dövlət başçımız diasporun inkişaf etdirilməsinin böyük siyasi əhəmiyyət daşıdığını daim xüsusi olaraq vurğulayır, soydaşlarımızın təşkilatlanmasını, yaşadıqları ölkələrin həyatında daha da fəal rol oynadığını böyük qürur hissi ilə qeyd edir. Eyni zamanda, diasporun bu sahədə qazandığı uğurları layiqincə qiymətləndirərək göstərir ki, bu, həm onların mövqelərini möhkəmləndirir, həm də müstəqil Azərbaycan Respublikasının mövqeyini gücləndirir.

Azərbaycan Prezidenti İlham Əliyev haqlı olaraq hesab edir ki, həmvətənlərimizin öz fəaliyyətlərini belə qurmaları üçün hər cür imkan və şərait mövcuddur. Çünki müstəqil Azərbaycan Respublikası bütün ölkələrlə çox işgüzar, səmərəli münasibətlər qurmaqdadır. Belə olan halda, əlbəttə, xaricdə yaşayan azərbaycanlılar da bunu öz gündəlik həyatında hiss edirlər.

Möhtərəm Prezidentimiz İlham Əliyev Dünya Azərbaycanlılarının II qurultayında həmvətənlərimizə belə bir fikri təlqin etmişdir ki, Azərbaycan dövlətinin möhkəmlənməsi dünyada yaşayan azərbaycanlıların da mövqeyinin güclənməsində böyük əhəmiyyət kəsb edir. Dövlət başçımız xarici ölkələrə səfərləri zamanı soydaşlarımızla görüşməyi, qayğıları ilə maraqlanmağı, lazım gələrsə, bu və ya digər problemin həllində onlara kömək göstərməyi öz fəaliyyətinin ayrılmaz tərkib hissəsi hesab edir. Ona görə də soydaşlarımızla görüşlərində Azərbaycan dövlətinin möhkəmlənməsi prosesində onların da yaxından iştirak etməsini arzulayır, bu qəbildən olan fikirləri nəzərlərinə çatdırır.

Bu gün Azərbaycan diasporu daha əvvəlki kimi pərakəndə vəziyyətdə fəaliyyət göstərmir. Onun fəaliyyətinin əsasını artıq doğma Vətənlə bağlı yaxşı dərk edilmiş milli maraqların həyata keçirilməsi problemləri təşkil edir. Azərbaycan Prezidenti cənab İlham Əliyev Dünya Azərbaycanlılarının II qurultayındakı nitqində bu məsələyə xüsusi olaraq toxunmuşdur. O, ölkədə geniş iqtisadi, siyasi, sosial-mədəni sahələrlə bağlı qurultay iştirakçılarına görülmüş işlərdən, eyni zamanda bu istiqamətlərdə qarşıda duran mühüm vəzifələrdən, Azərbaycan həqiqətlərinin yayılmasının çox vacib, böyük ictimai-siyasi əhəmiyyət kəsb etməsindən danışaraq demişdir: “Azərbaycan öz iqtisadi potensialını, hərbi potensialını tam şəkildə işə salır. Biz hər istiqamətdə çox sürətlə, düşünülmüş proqram və konsepsiya əsasında irəliləyirik. Yenə də qeyd etmək istəyirəm ki, bu istiqamətdə Azərbaycan diasporunun çox böyük rolu var. Mən istəyirəm ki, Azərbaycanın dünyada təbliğ edilməsində, Azərbaycan həqiqətlərinin dünya birliyinə çatdırılmasında, azərbaycanlıların yaşadıqları ölkələrin ictimai-siyasi həyatında fəal iştirakında bu rol daha da güclü olsun. Məsələn, mən çox istəyirəm ki, azərbaycanlılar yaşadıqları bütün ölkələrin siyasi həyatında daha fəal rol oynasınlar. Siyasi partiyalara üzv olsunlar. Çalışsınlar ki, o ölkələrin qanunvericilik orqanlarına seçilsinlər. Bu, bizim mövqelərimizi möhkəmləndirir”.

Azərbaycan Prezidenti İlham Əliyevin diaspor nümayəndələri qarşısında qoyduğu mühüm istiqamətlərdən biri də Dağlıq Qarabağ münaqişəsinin həllində azərbaycanlıların daha fəal, daha məqsədyönlü iştirak etmələridir. Cənab İlham Əliyev xaricdə yaşayan həmvətənlərimiz qarşısında çox sərt, həm də indiyədək qoyulmamış vəzifələri irəli sürmüşdür: “Hesab edirəm ki, xarici ölkələrdə, Avropa ölkələrində belə tədbirlərin keçirilməsi böyük əhəmiyyət kəsb edir. Çünki biz özümüzü tanıtmalıyıq, öz potensialımızı təqdim etməliyik. Bəzi hallarda bizim haqqımızda süni rəy formalaşdırılır və bunun arxasında Türkiyə və Azərbaycana düşmənçilik mövqeyi tutan erməni lobbisinin fəaliyyəti dayanır. Biz çox gözəl görürük və hiss edirik. Bizim əleyhimizə çox böyük mütəşəkkil, böyük maliyyə dəstəyinə malik olan və bəzi riyakar siyasətçilər tərəfindən dəstəklənən Ermənistan lobbisi fəaliyyət göstərir. Biz onların təbliğatını ifşa etməliyik, darmadağın etməliyik, ancaq müdafiə naminə yox. Biz hücum etməliyik, çünki həqiqət bizim tərəfimizdədir... Bir daha demək istəyirəm ki, xaricdə bizim fəaliyyətimiz daha da yüksək səviyyədə qurulmalıdır. Bu baxımdan diaspor təşkilatlarının fəaliyyətinə böyük önəm verilməlidir”.

Yeri gəlmişkən, bir məqamı da xatırlatmaq istərdim. Dünya Azərbaycanlılarının II qurultayının sənədlərində öz əksini tapmış təklif və tövsiyələrə uyğun olaraq, 2006-cı ildə keçirilmiş Dünya azərbaycanlı ziyalıları forumu müxtəlif ölkələrdə yaşayan azərbaycanlı mədəniyyət və incəsənət xadimlərinin Azərbaycan dövlətinə bağlılığını, onların daim dövlətin diqqət mərkəzində olduğunu nümayiş etdirmiş, eyni zamanda, azərbaycanlı ziyalıların cənab İlham Əliyevin ətrafında sıx birləşməsinin təsdiqi olmuşdu. Bununla yanaşı, Azərbaycan diasporunun fəaliyyətində yeni ənənələrin əsası qoyulmuş, ayrı-ayrı icmalarda əvvəllər mövcud olmuş fikir ayrılıqlarının aradan qaldırılması üçün zəmin formalaşmağa başlamışdır. Soydaşlarımızın təşkilatlanması prosesi daha böyük vüsət almış, yeni icmalar və birliklər təsis edilmiş, Azərbaycan diaspor təşkilatlarının fəaliyyətinin əlaqələndirilməsi istiqamətində mühüm tədbirlər görülmüşdür.

2007-ci ilin martın 9-da isə Bakı şəhərində keçirilmiş Dünya Azərbaycan və türk diaspor təşkilatları rəhbərlərinin forumu bütün türkdilli xalqların həyatında mühüm hadisə olmuşdur. Forumda aparılan müzakirələrin nəticəsi olaraq “Azərbaycan və türk diaspor təşkilatlarının birgə fəaliyyət strategiyası”, “Bakı Bəyannaməsi” və bir sıra mühüm sənədlər qəbul edilmişdir.

Prezident İlham Əliyevin təşəbbüsü ilə 2007-ci ilin noyabrında Bakıda Türk Dövlət və Cəmiyyətlərinin XI dostluq, qardaşlıq və əməkdaşlıq qurultayı keçirilmişdir. Qurultayda türkdilli xalqlar arasında elm, texnika, mədəniyyət, təhsil, iqtisadiyyat, ticarət, turizm və maliyyə sahələrində əməkdaşlıq, türk dünyasının mədəni irsinin təbliği, türk gəncliyinin qarşısında duran vəzifələr, müasir qloballaşma prosesinin xalqlarımızın həyatına təsiri ilə bağlı məsələlər müzakirə edilmişdir.

2008-ci il martın 27-də Almaniyanın Berlin şəhərində Azərbaycan və Türk Diaspor Təşkilatlarını Əlaqələndirmə Şurasının illik iclası keçirilmişdir. İclasda şuranın həmsədrləri seçilmiş, Azərbaycan və türk diasporları arasında əməkdaşlığın inkişaf etdirilməsi sahəsində qarşıda duran vəzifələr barədə müzakirələr aparılmışdır.

Cənab İlham Əliyevin diaspor fəaliyyətinə xüsusi diqqətinin nəticəsi kimi bir cəhətə də toxunmağı zəruri sayıram. Ölkə Prezidentinin 2008-ci il 19 noyabr tarixli sərəncamı ilə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin əsasında Diaspor ilə iş üzrə Dövlət Komitəsi yaradılmışdır. Bu, təsadüfi deyildir. Çünki qloballaşan dünyamızın reallıqları diaspor quruculuğu sahəsində Azərbaycanın qarşısında yeni vəzifələr qoymaqdadır. Xalqlar arasında gedən sürətli inteqpasiya prosesləri, diaspor və lobbi təşkilatlarının beynəlxalq siyasətdə artan rolu bu sahədə daha geniş miqyaslı fəaliyyət göstərilməsini zərurətə çevirmişdir. Diaspor ilə iş üzrə Dövlət Komitəsinin yaradılması məhz bu zərurətdən irəli gəlmişdir.

Bu faktlar cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində Azərbaycan diasporunun yeni bir mərhələyə daxil olduğunu söyləməyə əsas verir. Xaricdə yaşayan azərbaycanlıların təşkilatlanması prosesinin sürətlənməsi, icmaların fəaliyyətini əlaqələndirən yeni qurumların yaranması, digər xalqların diasporları ilə əlaqələrin gücləndirilməsi, soydaşlarımızın ictimai-siyasi həyatda iştirak səviyyəsinin artması, lobbi quruculuğu istiqamətində əldə olunmuş uğurlar qarşıya qoyulmuş məqsədlərə doğru inamla irəliləməyimizin təsdiqidir.

 

Akif KƏRİMOV,

Azərbaycan Türk Sənayeçiləri və

İş Adamları Birliyi Ağsaqqallar

Şurasının üzvü,

iqtisad elmləri namizədi

 

Xalq qəzeti.-2008.-30 dekabr.- S.11.