Azərbaycan Respublikası Vergilər Nazirliyi ictimaiyyətlə
əlaqələr şöbəsinin məlumatı
Vergilər Nazirliyində
2008-ci ilin yekunlarına və 2009-cu ildə qarşıda duran
vəzifələrə həsr edilmiş kollegiya iclası
keçirilmişdir.
Kollegiya iclasını açan vergilər naziri, 2-ci dərəcəli dövlət vergi xidməti müşaviri Fazil Məmmədov 2008-ci ilin ölkəmiz üçün uğurlu və bir çox əlamətdar hadisələrlə zəngin olduğunu bildirmişdir. Qeyd edilmişdir ki, 2008-ci ildə ölkənin iqtisadi inkişafında yeni nailiyyətlər əldə edilmiş, xalqımızın və ölkəmizin ictimai-siyasi həyatında əhəmiyyətli hadisələr baş vermişdir. Belə ki, 2008-ci ilin ən tarixi hadisəsi 15 oktyabrda ölkəmizdə prezident seçkilərinin keçirilməsi olmuş, xalqımız ulu öndər Heydər Əliyevin siyasi kursunun davamına, ölkəmizin bundan sonra da inkişafı və tərəqqisinə səs vermiş, möhtərəm cənab Prezident İlham Əliyevi yenidən özünə lider seçmişdir.
Vergilər naziri dövlət başçısının son 5 ildəki uğurlu fəaliyyəti barədə danışmış və bildirmişdir ki, ölkə prezidentinin yürütdüyü iqtisadi siyasət nəticəsində ölkəmiz öz iqtisadi artım templərinə görə dünyanın öncül dövlətlərindən birinə çevrilmişdir. Dövlət başçısının rəhbərliyi altında cəmiyyətin bütün sahələrində inkişaf baş vermiş, iqtisadiyyatın strukturu şaxələnmiş, işgüzar fəallıq yüksəlmiş, özəl sektor, o cümlədən qeyri-neft sektoru böyük artım templəri nümayiş etdirmişdir.
Azərbaycanın əldə etdiyi iqtisadi uğurlar beynəlxalq təşkilatlar tərəfindən də qeyd edilmiş, bu zaman 2008-ci ildə biznes subyektlərinin dövlət qeydiyyatının sadələşdirilməsi xüsusi vurğulanmışdır. Vergilər naziri bildirmişdir ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına əsasən, 2008-ci il yanvarın 1-dən etibarən sahibkarlıq fəaliyyəti subyektlərinin “bir pəncərə” prinsipi üzrə qeydiyyatının aparılması Vergilər Nazirliyinə həvalə edilmişdir. Elektron hökumətin əsas elementlərindən olan “bir pəncərə” sistemi məlumatların bir mərkəzdə cəmləşdirilməsini və digər dövlət orqanları ilə məlumatların “on-layn” rejimdə ötürülməsini təmin etmişdir. Nəticədə qeydiyyat prosedurlarının sayı azalmış və vaxt itkisinin qarşısı əsaslı şəkildə alınmışdır. Bu addım biznesin inkişafına yeni bir təkan vermiş və ölkədə investisiya mühitini daha da yaxşılaşdırmışdır. Şəffaf və çox sadə qeydiyyat sisteminin tətbiqi nəticəsində 2008-ci ildə 44003 sahibkarlıq subyekti, o cümlədən 6421 kommersiya hüquqi şəxs vergi orqanlarında dövlət qeydiyyatına alınmışdır. Kommersiya hüquqi şəxslərinin sayı 2007-ci ilin müvafiq dövrünə nisbətən 32 faiz artmışdır.
Məhz biznes subyektlərinin qeydiyyatının sadələşdirilməsi sahəsində əldə edilmiş nəticələr beynəlxalq təşkilatların diqqət mərkəzində olmuş, bu islahatı əsas götürərək 2008-ci ildə Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyası “Doing business-2009" hesabatında Azərbaycanı dünyada ən islahatçı ölkə kimi tanımış, ölkəmiz biznesə başlanmasının reytinq cədvəlində 51 pillə irəliləyərək 64-cü yerdən 13-cü yerə yüksəlmişdir.
Vergilər naziri qeyd etmişdir ki, Azərbaycan iqtisadiyyatında baş verən dinamik inkişaf digər sahələrdə olduğu kimi, 2008-ci ildə vergi sisteminin digər sahələrində də uğurlu islahatların aparılmasına və dinamik inkişafı təmin edə biləcək çevik vergi siyasətinin həyata keçirilməsinə zəmin yaratmışdır. Iclasda Vergilər Nazirliyinin struktur bölmələrinin rəhbərləri gündəlikdə duran məsələlərlə bağlı məruzələr etmişlər. Qeyd edilmişdir ki, ölkədə yüksək iqtisadi artım tempi vergi orqanları qarşısında öz fəaliyyətlərinin effektivliyini yüksəltmək vəzifəsini qoymuş, həyata keçirilən tədbirlər nəticəsində vergi daxilolmalarının ahəngdarlığı təmin edilmişdir. Belə ki, 2008-ci il üzrə Vergilər Nazirliyi üçün müəyyən edilmiş 5 milyard 399 milyon manat proqnoza qarşı 5 milyard 739,5 milyon manat vəsaitin daxil olması gözlənilir ki, bu da proqnoz tapşırıqların icrasının 106,3 faiz yerinə yetirilməsi deməkdir. Büdcəyə 2007-ci ilə nisbətən 1 milyard 189,2 milyon manat və ya 26,1 faiz çox vəsaitin daxil olması gözlənilir. Qeyd olunan dövrdə Vergilər Nazirliyinin xətti ilə toplanan vəsait ÜDM-in 13,9 faizini təşkil etmişdir.
Qeyd edilmişdir ki, ölkədəki iqtisadi yüksəliş vergi ödəmələrinə də müsbət təsir etmiş, dövlət sektoru üzrə vergi daxilolmaları 26.2 faiz, qeyri-dövlət sektoru uzrə isə 26.1 faiz artmışdır. Artım neft və qeyri-neft sektorunda da müşahidə edilmişdir. Belə ki, neft sektoru üzrə dövlət büdcəsinə daxilolmalar 2007-ci illə müqayisədə 18 faiz, qeyri-neft sektoru üzrə isə 40,6 faiz artmışdır. 2008-ci ildən tətbiqinə başlanmış ƏDV-nin depozit hesabı özünü doğrultmuş, bu hesabın tətbiqi daxilolmalara müsbət təsir göstərmişdir. Belə ki, 2008-ci ilin 11 ayı üzrə depozit hesabdan mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinə keçirilən vəsaitlərin ümumi daxilolmada xüsusi çəkisi 17,6 faiz təşkil etmişdir.
Kollegiya iclasında vergi borclarının məcburi alınması sahəsində görülən işlər və qarşıda duran vəzifələrlə bağlı məsələlər müzakirə edilmişdir. Qeyd edilmişdir ki, 2008-ci ildə vergi borclarının alınması sahəsində həm qanunvericiliyin, həm də inzibatçılığın təkmilləşdirilməsində mühüm addımlar atılmış, vergi borclarının alınmasında optimal iş metodlarının və prosedurların müəyyənləşdirilməsi və tətbiqi mümkün olmuşdur. Qeyd olunmuşdur ki, 2008-ci ildə “Azərdəmiryolbank”, “Texnikabank”, “Rabitəbank”, “Unibank”, “Bank of Baku”, “Standartbank” Səhmdar Cəmiyyətlərində və onların filiallarında olan bank hesablarına sərəncamların elektron formada göndərilməsi və geri qaytarılması işi həyata keçirilmişdir.
Ötən dövrdə vergi borclarının məcburi alınması sahəsində qanunvericilikdə nəzərdə tutulmuş prosedurların tətbiq edilməsi, o cümlədən bildirişlər, sərəncamlar göndərilməsi, əmlakin siyahıya alınması, siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərraclarda satılması barədə məhkəmələrə müraciət edilməsi və s. tədbirlərin həyata keçirilməsi davam etdirilmişdir. Aparılan işlərin nəticəsi olaraq borclu vergi ödəyicilərinin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə azaldılmış, 2008-ci il dekabrın 1-i tarixinə borclu vergi ödəyıcılərinin sayının fəaliyyət göstərən vergi ödəyicilərinin sayına nisbətdə xüsusi çəkisi 7,5 faiz təşkil etmişdur. Kollegiyada həmçinin lİcra intizamının möhkəmləndirilməsi və icraya nəzarətin təşkilinin təkmilləşdirilməsi tədbirləri haqqında» ölkə Prezidentinin 26 oktyabr 2006-cı il tarixli fərmanının icra vəziyyəti də müzakirə edilmişdir.
Kollegiya iclasının yekununda çıxış edən vergilər naziri Fazil Məmmədov 2008-ci ildə dövlət büdcəsi proqnozlarının yerinə yetirilməsi, eyni zamanda vergi inzibatçılığı və vergi xidmətində bir sıra uğurların əldə edildiyini bildirmişdir. Nazir əldə edilən nailiyyətlərlə yanaşı, bir sıra sahələrdə hələ də çatışmazlıqların qaldığını, qarşıdakı ildə bunların tam aradan qaldırılmasının vacibliyini vurğulamışdır.
Vergilər naziri 2009-ci ildə Vergilər Nazirliyi qarşısında duran vəzifələr barədə danışmışdır. Nazir qeyd etmişdir ki, 2009-cu ildə dövlət büdcəsində Vergilər Nazirliyi qarşısında 5 milyard 750 milyon manat proqnoz tapşırıqlar müəyyən edilmişdir. Qarşıdakı ildə qeyri-neft sektoru daxilolmaların 23,8 faiz artımı proqnozlaşdırılmışdır. Bu vergi orqanlarının üzərinə mühüm vəzifələr qoyur.
Bildirilmişdir ki, vergi sisteminin təkmilləşdirilməsinin strateji istiqamətləri üzrə işlər bu il də intensiv şəkildə davam etdiriləcəkdir. Vergilər naziri qeyd etmişdir ki, Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyev cənablarının tapşırıq və tövsiyyələrini əsas tutaraq vergi orqanları qarşıdakı ildə də ölkənin dinamik inkişafını təmin edən addımları davam etdirəcək, vergi xidmətinin və vergi inzibatçılığının təkmilləşdirilməsi istiqamətində bütün səyləri səfərbər edəcəklər.
Vergilər naziri qarşıda duran məsələlərin icrası
ilə bağlı konkret göstərişlər
vermiş, bu sahədə vergi xidmətinin bütün əməkdaşlarının ciddi
səylər göstərməsinin
vacibliyini vurğulamışdır.
Xalq qəzeti.-2008.-30 dekabr.- S. 11.