Dünya azərbaycanlılarının həmrəyliyi
milli maraqlar ətrafında daha sıx birliyə zəmin
yaradır
Dünya Azərbaycanlılarının
Həmrəyliyi Günü münasibəti ilə ölkəmizdə
silsilə tədbirlər keçirilməsinə start verilib. Belə
tədbirlərdən biri də Dünya Azərbaycanlılarının
Əlaqələndirmə Şurasının “Azərbaycan —
Şərqin dünyaya açılan qapısı”
mövzusunda keçirdiyi iclas olmuşdur. Xəbər verildiyi
kimi, həmin iclasda “Dünya Azərbaycanlılarının Həmrəylik
Xartiyası”nın layihəsi geniş müzakirə
olunmuş və əsas kimi qəbul olunmuşdur.
Əməkdaşımız tədbirin iştirakçılarından
biri, Dünya Azərbaycanlılarını Əlaqələndirmə
Şurası sədrinin
müavini, “Maynts-Azərbaycan” Cəmiyyətinin
sədri Başa Kömür ilə görüşüb tədbir
və Xartiya barəsində təəssüratlarını
bildirməsini xahiş
etmişdir. O demişdir:
— Ümummilli lider Heydər Əliyevin təşəbbüsü və sərəncamı ilə 2001-ci ilin noyabrında Bakıda keçirilmiş Dünya Azərbaycanlılarının I Qurultayı xarici ölkələrdə yaşayan soydaşlarımızın fəaliyyətində böyük canlanma yaratdı. Bu qurultay xarici ölkələrdəki diasporların vahid Azərbaycançılıq ideyası ətrafında birləşməsi yolunda mühüm əhəmiyyət kəsb etmiş, diaspor hərəkatının tarixində keyfiyyətcə yeni mərhələnin başlanğıcını qoydu. “Maynts — Azərbaycan” Cəmiyyətinin sədri kimi açığını deyim ki, əvvəllər xarici ölkələrdəki diasporlarla əlaqələr çox zəif idi. Diasporlar təkbaşına fəaliyyət göstərirdi. Ümummilli lider Heydər Əliyevin Dünya Azərbaycanlılarının I Qurultayındakı geniş, dərinməzmunlu nitqi bizi sanki yuxudan oyatdı. Biz ondan sonra dərk etdik ki, güclü fəaliyyət göstərmək üçün mütləq vahid ideya ətrafında birləşməli, mənfur düşmənlərimizin güclü lobbisi qarşısında aciz qalmamalıyıq. Elə də etdik. Ondan sonra ümumdünya türk diasporu ilə əməkdaşlığımızı dərinləşdirdik. Bir sıra məsələlərdə iki ölkə diasporunun eyni mövqedən çıxış etməsi, birgə aksiyaların təşkili təmin olundu. Azərbaycanı özünə yaxın bilən digər millətlərin nümayəndələri, dövlət, elm və mədəniyyət xadimləri, qeyri-hökumət təşkilatlarının təmsilçiləri ilə əlaqələr davam etdirilmiş, doğma Vətənimiz haqqında həqiqətlərin olduğu kimi dünya ictimaiyyətinə çatdırılması üçün bütün imkanlarımızdan səmərəli istifadə etmişik. Bu işdə həmişə Azərbaycan dövlətindən dəstək almışıq.
Ümümmilli liderimiz Heydər Əliyevin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin də diqqət və qayğısını daim hiss edirik. Hörmətli Prezidentin təşəbbüsü ilə Azərbaycan və Türk icmaları arasında əməkdaşlığın inkişafı, türkdilli xalqların birliyinin və həmrəyliyinin möhkəmləndirilməsinə xidmət edən mühüm tədbirlərin həyata keçirilməsi diasporlarımızın nüfuzunu xeyli artırmış, fəaliyyətini daha da gücləndirmişdir. Mən ötən il Bakıda keçirilmiş Dünya Azərbaycan və Türk diaspor təşkilatları rəhbərlərinin I forumunu və XI Dostluq, Qardaşlıq və Əməkdaşlıq Qurultayını yüksək qiymətləndirirəm. Xarici ölkələrdə fəaliyyət göstərən diasporlar belə tədbirlərdən sonra daha sıx əlaqələr qurur, Vətənimizin beynəlxalq aləmdəki mövqelərinin möhkəmləndirilməsi, geniş miqyasda tanınması üçün var qüvvə ilə çalışırlar.
Dünya Azərbaycanlılarının Həmrəylik Günü ərəfəsində silsilə tədbirlərin keçirilməsi böyük önəm kəsb edir. Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının toplantısı və bu toplantıda “Dünya Azərbaycanlılarının Həmrəylik Xartiyası”nın layihəsinin geniş müzakirələrdən sonra qəbul olunması diasporlarımız qarşısında duran tarixi vəzifələri özündə əks etdirdi. Bu, Azərbaycançılıq ideologiyasına əsaslanan vahid konsepsiyadır. Azərbaycanlıların ictimai-siyasi fəallığının yüksəldilməsi, cəmiyyətə inteqrasiya prosesində qarşıya çıxan problemlərin aradan qaldırılması, milli-mənəvi dəyərlərin qorunub saxlanılması və təbliği metodologiyasını müəyyən etmək bu Xartiyanın əsas məqsədlərindəndir. Bununla yanaşı, Dünya Azərbaycanlılarının Həmrəylik Xartiyasında xarici ölkələrdəki Azərbaycan diasporlarının ayrı-ayrı regionlar üzrə fəaliyyətinin əsas istiqamətləri də əksini tapacaq.
Biz bundan sonra da fəaliyyətimizi daha geniş miqyasda davam etdirəcəyik. Həmrəyliyimiz nə qədər sıx, nə qədər möhkəm olsa, milli maraqlar ətrafında daha sıx birləşib Vətənimizin nüfuzunu xeyli yüksəkliklərə qaldıracağıq.
Söhbəti qələmə aldı:
Əliqismət BƏDƏLOV
Xalq qəzeti.-2008.-30 dekabr.- S.12.