Respublikamızın 455 min nəfər kənd əhalisi
içməli su ilə təmin ediləcək
Azərbaycan Respublikası ərazisində çay şəbəkəsi qeyri-bərabər paylanmışdır. Ərazidə böyük və kiçik çayların sıx yerləşdiyi regionlarla yanaşı, daimi axarlı çayları olmayan ərazilər də mövcuddur. Ölkəmizdə çay şəbəkə sıxlığının ən aşağı göstəriciləri Kür-Araz ovalığında, Qobustan-Abşeron bölgəsində, Ceyrançöldə, Naxçıvan düzənliyinin qərb hissəsindədir. Azərbaycanın şirin su ehtiyatının əsas hissəsi çaylarda toplanmışdır. Bu çay axınının əksər (69-72%) hissəsi Gürcüstanda, Ermənistanda, Türkiyədə, İranda və Rusiya Federasiyasının Dağıstan ərazisində formalaşır. Respublikanın su ehtiyatlarının illik miqdarının 8,67 mlrd kubmetri yeraltı su hövzələrində cəmləşmişdir. Yeraltı sular ümumi su ehtiyatlarının 23 faizini təşkil edir.
Respublika ərazisində su ehtiyatlarının məhdudluğu problemi, onlardan səmərəli istifadə olunması, su mənbələrinin çirklənməsinin qarşısının alınması və əhalinin keyfiyyətli içməli su ilə lazımi səviyyədə təmin edilməsi əsas məsələlərdən biridir. Bu məqsədə nail olunmaq üçün təsdiq olunmuş müvafiq Dövlət proqramları çərçivəsində aidiyyəti üzrə tədbirlər görülür. Belə ki, son illər həyata keçirilən yaşayış məntəqələrində kanalizasiya xətlərinin çəkilişi, köhnəlmiş və sıradan çıxmış təmizləyici qurğuların təmir olunması, yenilərinin quraşdırılması, yaşayış məntqələrində su mənbələrindən götürülən içməli suların təmizlənməsi və əhalinin keyfiyyətli içməli su ilə təmin edilməsi üçün yerlərdə su təmizləyici sistemlərin quraşdırılması bu məqsədə xidmət edir.
Azərbaycan Respublikasının Prezidenti tərəfindən imzalanmış 2007-ci il 20 iyun tarixli “Xəzər dənizinin çirklənmədən qorunması üzrə bəzi tədbirlər haqqında” sərəncamdan irəli gələn məsələlərin həll edilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan 3,5 milyon manat vəsait ayrılmışdır.
Sərəncamda qeyd olunan sahil ərazilərindən tullantı sularının təmizlənmədən axıdılması Xəzər dənizinin zərərli kimyəvi maddələrlə çirklənməsinə və bunun nəticəsi olaraq onun unikal bioloji müxtəlifliyinin deqradasiyasına səbəb olmuşdur. Müvafiq tədbirlərin həyata keçirilməsi Xəzər ekosisteminə antropogen təsirləri azaltmaqla dənizin biomüxtəlifliyinin və istirahət-rekreasiya zolağının bərpasına qulluq edəcəkdir.
Bu sərəncamdan irəli gələn məsələlərin həlli istiqamətində beynəlxalq standartlara cavab verən modul tipli lokal çirkab su təmizləyici qurğular alınmışdır. Həmin qurğular İtaliya, ABŞ, Almaniya, Tayvan, Türkiyə, Fransa istehsalı olan avadanlıqlardan ibarətdir və Türkiyədə modulda komplektləşdirilmişdir. Bu qurğular nefttutucu avadanlığı da nəzərə alsaq ümumilikdə gündə 4070 kubmetr çirkab su təmizləmə gücünə malikdir.
Qurğuların bir hissəsi Abşeron yarımadasının Bilgəh, Buzovna və Mərdəkan qəsəbələrində quraşdırılmışdır və artıq Xəzər dənizinin ekoloji mühitinin mühafizəsi sisteminin beş stansiyası fəaliyyət göstərir. Bunun sayəsində çirkab sular ətraf mühit və insan sağlamlığına mənfi təsir göstərən inqrediyentlərdən (o cümlədən, bəzi hallarda hər litrdə 2,3 milyon ədəd olan bağırsaq çöpü bakteriyalarından və normanı 100 dəfə üstələyən üzvi çirkləndiricilərdən) təmizlənərək 250-300 metrədək dənizin dərinliyinə axıdılır. Aparılan monitorinq qısa zaman ərzində Xəzər dənizinin bu zonasında dəniz suyunun çirklənmə səviyyəsinin aşağı düşdüyünü göstərir.
Hazırda aparılan işlərin Sumqayıta doğru davamını təmin edərək təmizləyici qurğuların bir hissəsinin Pirşağı qəsəbəsindəki çirklənmə səviyyəsi və mikrobioloji vəziyyəti son dərəcə acınacaqlı olan iki axıntı mənbəyində quraşdırılması işləri başa çatdırılır.
Eyni zamanda, Bilgəh ərazisində dənizin tullantı suları ilə çirklənməsi probleminin tamamilə həll edilməsi məqsədilə “Amburan” istirahət mərkəzi və ətrafdakı ərazilərdə formalaşan və gələcəkdə xeyli artması gözlənilən tullantı sularının idarə olunması üçün burada təmizləyici qurğuların qurulması istiqamətində aparılan müvafiq işlər 2008-ci ilin 1-ci rübü ərzində başa çatdırılacaqdır. Obyektin tələb olunan standartlara və yüksək estetik tələblərə cavab verməsini təmin etmək məqsədilə bütün texnoloji sistem yerin altında inşa edilir.
Azərbaycan Respublikası Xəzəryanı dövlətlər arasında yeganə ölkədir ki, dənizin və onun akvatoriyasının çirklənmədən təmizlənməsi üzrə kompleks tədbirləri həyata keçirir. Bu tədbirlərin növbəti illərdə də davam etdirilməsi Xəzər akvatoriyasının daha da təmizlənməsi ilə nəticələnəcək və Abşeron yarımadasının Xəzər dənizini çirkləndirən mənbələr sırasından çıxarılmasına nail olunacaqdır.
Azərbaycan Respublikası Prezidenti tərəfindən 2007-ci il 20 iyun tarixində təsdiq olunmuş “Əhalinin ekoloji cəhətdən təmiz su ilə təminatının yaxşılaşdırılması ilə əlaqədar bəzi tədbirlər haqqında” sərəncamla Kür və Araz çaylarının suyundan istifadə edən bir sıra yaşayış məntəqələrinin ekoloji cəhətdən təmiz su ilə təmin edilməsi üçün Azərbaycan Respublikasının Prezidentinin Ehtiyat Fondundan 3 milyon manat vəsait ayrılmışdır.
Qeyd olunan sərəncamın icrası nəticəsində keyfiyyətli su imkanları məhdud olan 100 kənddə modul tipli təmizləyici qurguların quraşdırılması hesabına 161,5 min kənd əhalisinə verilən içməli su Ümumdünya Səhiyyə Təşkilatının normalarına uyğun təmizlənəcəkdir.
Sərəncamdan irəli gələn məsələlərin həlli istiqamətində ilkin olaraq 8 rayonda (Yevlax, Zərdab, Kürdəmir, İmişli, Sabirabad, Saatlı, Salyan və Neftçala) 50 yaşayış məntəqəsinin keyfiyyətli su təminatı məhdud olan və içməli sudan əziyyət çəkən 55 mindən çox əhalisi içməli su ilə təmin olunmuşdur.
Ölkəyə gətirilmiş modul tipli su təmizləyici qurğular İtaliya, ABŞ, Almaniya, Belçika istehsalı olan avadanlıqlardan ibarətdir və Türkiyədə modulda komplektləşdirilmişdir. Qurğuların 40 ədədi gündə 20 kubmetr, 10 ədədi isə gündə 30 kubmetr su təmizləmə gücünə malikdir.
Qeyd olunan 50 kənddə su təmizləyici qurğular quraşdırılmış və Türkiyədə istehsal olunmuş 3000 metrdən çox boru kəmərləri vasitəsi ilə su mənbələrinə qoşulmuşdur. Bu kəndlərdə təmizləyici qurğulardan su paylayıcı bulaqlara qədər olan 168 460 metr boru xətti, 404 su paylayıcı bulaqların tikintisi başa çatdırılaraq üzlüklə üzlənmişdir. Sutəmizləyici qurğuların və bulaqların ətrafı hasarlanaraq abadlaşdırılmış, ağac və gül kolları əkilərək yaşıllaşdırılmışdır.
Sərəncamın icrasının növbəti mərhələsində, Naxçıvan Muxtar Respublikası da daxil olmaqla daha 50 kənddə modul tipli təmizləyici qurğuların quraşdırılması hesabına 106,4 min kənd əhalisinə verilən su normalara uyğun təmizlənəcəkdir.
Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin şifahi tapşırığına
əsasən, bu sərancama daxil edilməyən, lakin keyfiyyətli içməli
su ilə bağlı problemləri olan digər yaşayış məntəqələri
barədə müvafiq
məlumatların toplanması
istiqamətində işlər
aparılır. Ümumilikdə
nəzərdə
tutulan işlər başa çatdırıldıqdan
sonra daha 445 min kənd əhalisi
keyfiyyətli içməli
su ilə təmin ediləcəkdir.
M. MÜKƏRRƏMOĞLU
Xalq qəzeti.-2008.-30 dekabr.- S.12.