Lənkəranda bayram sevincləri
Təqvimdə
qışın oğlan çağı olsa da, Lənkəran
həmişəki kimi “istiqanlı”,
güllü-çiçəklidir. Son günlər bura yolu
düşən hər kəs özünü əsl festival
şəhərindəki kimi hiss edir. Oynaq işıqlarla
haşiyələnən şəkilli vitrinlər, gəlin kimi
bəzədilmiş həmişəyaşıl küknarlar,
uşaq təki, “atılıb-düşən” fəvvarələr,
ağacdan-ağaca, dirəkdən-dirəyə çəkilmiş
əlvan bayraqlar şəhərin üzünü
güldürür. Şirin ləhcəli lənkəranlıların
təbəssüm dolu çöhrələri də şəhərin
əsl bayram ovqatından soraq verir. Burada 31 dekabr — Dünya Azərbaycanlılarının
Həmrəylik Gününə və Yeni ilin gəlişinə
hazırlıq qibtəediləndir.
Mərkəzi meydanda — Heydər Əliyev xatirə parkında iri bir küknar ağacına işıqlı oyuncaqlarla elə bəzəklər vurulub ki, deyirsən yaşıl libaslı, daş-qaşlı, zər-zibalı bir gözəldir. Yenidən qurulmuş bu park lənkəranlıların sevimli istirahət yerinə çevrilib.
...Xalq sənətkarlığı şəhərciyində düzənlənən “Çay bayramı” Lənkəranın özünəməxsus etno-mədəni səviyyəsini layiqincə göstərdi. İştirakçılar bayram şirniyyatından daddılar, hərəyə bir stəkan ətirli Lənkəran çayı içdilər və qayım-qədim folklor örnəklərini həvəslə seyr elədilər.
...Qala xiyabanı yenidən qurulub. Suda fırlanan qlobuslar, memarlıq abidələrinin maketləri diqqət çəkir. Xiyabanda qoyulmuş kiçik abidələr Lənkəranın ağsaqqal ziyalılarına hörmətin təzahürüdür. Heykəllərin konkret adamları xatırlatması rəmzi xarakter daşıyır. Burada rastlaşdığım qocaman müəllim Mirhaşım Talışlı sevincini məmnuniyyətlə dilə gətirdi:
— Sağ
olsun Prezidentimiz İlham Əliyev! Onun qayğısı ilə bölgələrimiz
bax, beləcə inkişaf edib! Həyatımız daha da gözəlləşib!
Mən Lənkəran
Dövlət Universitetinin
dosentiyəm. Prezident təqaüdü alıram.
Xoşbəxtəm. Dünyanın
elə paytaxt şəhərləri var
ki, Lənkəran onlardan daha gözəldir.
Eşq olsun bu gözəlliyi yaradanlara, qoruyanlara, artıranlara! İcra başçımız Süleyman
Mikayılov çox zövqlü, çalışqan
və qayğıkeş
rəhbərdir. Onun fəaliyyəti sayəsində
rayonumuz xeyli abadlaşıb. Qış
qayğılarımız azalıb.
Elə buna görə də camaat bu gün
sözün əsl mənasında bayram ovqatındadır. Qoy, illərimiz beləcə bir-birindən uğurlu gəlib keçsin!
...Lənkəran
şəhərinin dəmiryol
vağzalı meydanında
keçirilmiş Yeni
il satış-yarmarkası
bayram ərəfəsində
lap yerinə düşdü.
Mən hələ ötən il Novruz bayramı ərəfəsində burda
təşkil olunmuş
yarmarkadan qəzetimiz üçün reportaj hazırlamış, adını
da “Könüllər
şadlandı bu səxavətdən” qoymuşdum.
Bu dəfə də sakinlər bayram süfrələri üçün
ucuz qiymətə çeşidli təamlar alıb dolu zənbillərlə evlərinə
dönmək imkanı
əldə etdilər.
Könülləri yenidən
şadlandı.
...Osman Mirzəyev adına qarışıq tipli uşaq evində keçirilən Yeni il şənliyi burada tərbiyə alan balaca soydaşlarımızın
yadından, yəqin ki, hələm-hələm
çıxmayacaq. Rayonun
rəhbərliyi, qonaqlar
onları öz balaları kimi öpüb-əzizlədilər, hədiyyələrlə sevindirdilər.
Uşaqlar çevrələrinin
heç vaxt boş qalmadığından
necə də məmnun idilər!
..."Sultan" şadlıq sarayında təşkil edilən şənlik də hər kəsə unudulmuz təsir bağışladı. Ötən
il Rusiya Prezidenti Dmitri Medvedevin Bakıda iki “Şöhrət” ordeni təqdim etdiyi BVM veteranı Ağadadaş Səmədov tədbirə
dövlətimizin ona bağışladığı təzə minik avtomobilində gəlmişdi.
— Əvvəlcə
ulu öndər Heydər Əliyevin və iki dəfə
Sovet İttifaqı Qəhrəmanı Həzi
Aslanovun abidəsini ziyarət elədim — deyə o, bildirdi. — Ümummilli lider müstəqil Azərbaycanın
memarı və qurucusu, əbədiyyət
simvolumuzdur. Həzi Aslanov da mərdlik
rəmzimizdir. Sonra bura gəldim. Biz qocalara, veteranlara böyük diqqət göstərilir. Bundan çox razıyam. Qoy, Azərbaycan hər zaman beləcə çiçəklənsin,
dünyanın lider dövlətlərindən olsun!
Balalarımız qan-qada
görməsin! Mən
inanıram ki, ilk növbədə sürətlə
artan iqtisadi qüdrətimizlə düşməni
diz çökdürəcək
və Qarabağımızı
geri alacağıq.
Lənkəranda son illər
çox iş görülüb. Rayonun sosial-iqtisadi inkişafı
göz önündədir.
Müasir infrastruktur formalaşıb. Hər tərəf gözəl, səliqəli, abaddır.
Gələn il və sonrakı illərdə bu zəfər yürüşü
daha da qətiyyətlə
davam edəcək. Həyat daha da gözəlləşəcək.
Bayram tədbirlərinin
nikbin ab-havası bu inamı daha
da artırır.
Mən Lənkəranı
tərk edəndə axşam düşürdü.
Burada yaşayıb-yaradan
qələm dostlarım
Sərraf Talıblı
və Ağaddin Babayevlə şəhərin
küçələrini “piano dilləri kimi çalan” yağışdan,
gur işıqlardan əməlli-başlı duyğulanmışdıq.
Sərraf dedi:
— Görürsən,
Lənkəran gündüz
də, axşam da əlvan tabloya
bənzəyir. Baxdıqca
baxmaq istəyirsən.
Ağaddinsə doğma
şəhərin bu unudulmaz axşam mənzərəsindən heyranlığını
şeirlə ifadə
elədi:
Nur selində
yuyunur
Şəhərim başdan-başa,
Şəfəqlər damla-damla
Qonur torpağa-daşa,
Əfsanəmi, nağılmı?
Tamaşadır, tamaşa
Lənkəran axşamları...
Mən yerinə
düşən bu misralarda bir yağış alliterasiyası
olduğunu söylədim.
“İstiqanlı”
cənub şəhərinə
ötən həftə
çoxlu qar düşmüşdü. Bu həftə
yağış yağdı.
Bəs, gələn həftə hava necə olacaq? Hər bir halda
Lənkəran yenə
də nur selində yuyunacaq, aydınlıq içində
olacaq.
Əli NƏCƏFXANLI
Xalq qəzeti.-2008.-30 dekabr.- S.13.