İsrail aviasiyası Qəzza bölgəsini bombalayır

 

İsrailin hərbi aviasiyası Fələstinin Qəzza bölgəsinə raket zərbələri endirməkdə davam edir. Bazar günü buradakı İslam Universitetinin tələbə yataqxanası aviazərbələrə məruz qalıb. Bəzi məlumatlara görə, İsrailin hava hücumları nəticəsində son 3 gündə 300 nəfər sakin həlak olub.

İsrail rəsmiləri Qəzzanın hərbi obyektlərinin hədəfə götürüldüyünü iddia etsələr də, müşahidəçilərin sözlərinə görə, ölən və yaralananlar arasında mülki şəxslər də çoxdur. Bu arada xəbər yayılıb ki, Qəzzanın polis rəisi də aviazərbələrin qurbanı olub.

İsrail hərbçiləri daha çox Qəzzanın Misirlə sərhəddəki tunellərə raket zərbələri endirməyə çalışırlar ki, ərəb anklavının qonşu ərəb dövləti ilə əlaqələri kəsilsin. Rəsmi Təl-Əviv iddia edir ki, həmin tunellər vasitəsi ilə Misirdən Qəzza yaraqlılarına silah ötürülür. Fələstinin səlahiyyətli nümayəndələrindən biri etiraf edib ki, buradakı 40 tuneldən üçü İsrailin hava hücumları nəticəsində dağıdılıb.

İsrailin Qəzza yaraqlılarına qarşı başladığı müharibənin tezliklə bitəcəyinə ümid azdır. İsrail hökuməti ehtiyatda olan 6500 əsgər zabitin təcili orduya səfərbər olunması üçün qərar qəbul edib. İsrailin müdafiə naziri Ehud Barak isə bəyan edib ki, əgər İsrail aviasiyasının hava hücumları gözlənilən nəticələri verməsə, ordu yerüstü əməliyyatlara başlaya bilər.

Bazar günü BMT-nin Təhlükəsizlik Şurasının fövqəladə iclası keçirilib. Şuraya üzv dövlətlərin nümayəndələri İsraildən Qəzza bölgəsində zorakılıqlara son qoymağı bu ərazidə humanitar böhranın həllinə başlamağı tələb ediblər. Qeyd edək ki, Təhlükəsizlik Şurasının iclası bağlı qapılar arxasında keçirilib gərgin müzakirələr 5 saatdan çox davam edib.

İsrailin baş naziri Ehud Olmert isə dünya birliyi ölkələrinin mövqeyi ilə hesablaşmaq istəmir. O deyib ki, “biz İsrailin cənub sərhədlərinin təhlükəsizliyini təmin edənə qədər hərbi əməliyyatları davam etdirəcəyik”. İsrail hökumətinin rəsmisi Mark Reqev isə bildirib ki, dünya birliyi bunu da nəzərə almalıdır ki, son vaxtlar İsrail ərazisinə HƏMAS yaraqlıları tərəfindən 110 raket buraxılıb. Onun sözlərinə görə bəzi raketlər Qəzza ilə sərhədin 38 kilometrliyində olan Aşdad şəhərinə qədər çatıb.

İsrail mətbuatının verdiyi xəbərlərə görə, HƏMAS yaraqlılarının raket zərbələri nəticəsində İsrailin bir mülki vətəndaşı həlak olub, 10-a yaxın adam xəsarət alıb.

 

Məsaim ABDULLAYEV

 

Xalq qəzeti.-2008.-30 dekabr.- S.15.