Lənkəran çayının
şöhrətini özünə qaytaracağıq
Çayçılıq üzrə
fermer təsərrüfatları bu istiqamətdə uğurla
çalışırlar
Lənkəranın abad, yaraşıqlı yaşayış məntəqələrindən biri Vilvan kəndidir. Bu kənd tarixən görkəmli şəxsiyyətləri ilə tanınıb. Beş mindən çox əhalisi olan bu kəndin övladları doğma yurdlarına həmişə başucalığı gətiriblər.Təbiətən gözəl, münbit torpaqları, mülayim subtropik iqlimi olan bu yaşayış məntəqəsinin öyünüləsi çox işləri var. Kəndin insanları çox mehriban, səmimi və zəhmətkeşdirlər. Elə insanların bu mehribanlığı, əməksevərliyi də kəndi gülüstana döndərib. Bəlkə ona görədir ki, kəndin adı da “güllər diyarı” mənasını verir.
Yeri gəlmişkən qeyd edək ki, bu yaxınlarda Azərbaycan Prezidenti cənab İlham Əliyevin və Rusiyanın Prezidenti cənab Dmitri Medvedevin döyüş şücaətlərinə görə təbrik etdikləri İkinci Dünya müharibəsinin qəhrəmanı Ağadadaş Səmədov bu kənddə yaşayır və fəaliyyət göstərir. 1945-ci ildə Sovet İttifaqı Qəhrəmanı adına təqdim olunmuş, sonradan bu mükafat “Qırmızı Bayraq” ordeni ilə əvəzlənmiş Sərdar Hüseynov, üçüncü dərəcəli “Şöhrət” ordenli Musarza Əzimov, uzun illər məsul vəzifələrdə çalışmış Mehrəli Quliyev, İlyas Əliyev, Sabir Ağayev, Şadulla Əzimov, Eldar Hüseynov, din xadimi şeyx Məhəmməd, el ağsaqqalları Hacı Hüseyn, Qaraş Hüseynov, Ağacan Əzimov, Ali Əzimov, Seyid Mirəjdər, Mikayıl Quliyev, Ələm İbayev, Ağamməd Məmmədov, yazıçı-jurnalist Hacı Etibar Əhədov, Milli Məclisin redaksiya-nəşriyyat şöbəsinin baş məsləhətçisi Kamal Rəhmanov, elmlər namizədləri Abid Tahirov, Cəmaləddin Rəhmanov, Vəfaddin İbayev və başqaları iş və əməlləri ilə kəndə daim başucalığı gətiriblər.
Kəndin əsas iqtisadiyyatını çayçılıq, tərəvəzçilik, taxılçılıq, heyvandarlıq və sitrusçuluq təşkil edir. Buradakı münbit torpaqlar çayçılığın inkişafında mühüm rol oynamışdır. Xüsusilə ötən əsrin 70-80-ci illərində kənddəki çayçılıq təsərrüfatı yüksələn xətlə inkişaf etmişdir. Bu inkişafı çox haqlı olaraq tanınmış çay mütəxəssisi, alim-aqronom, hazırda doğma kəndlərində fermer kimi fəaliyyət göstərən İlyas Əliyevin adı ilə bağlayırlar.
Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun aqronomluq fakültəsini bitirmiş İlyas Əliyev müxtəlif illərdə kənddəki təsərrüfatda briqadir, sovxoz partiya komitəsinin katibi, baş aqronom, sovxoz direktoru işləyib. İlyas müəllim ömrünün çox hissəsini Lənkəranda çayçılığın inkişafına həsr edib. Sovxoza rəhbərliyi dövründə çay istehsalını 230 tondan 1500 tona çatdırıb. Hər hektarın məhsuldarlığına görə sovxoz ötən əsrin 70-80-ci illərində rayonda birincilər sırasında olub.
Çayçılıq sahəsindəki indiki vəziyyət İlyas müəllimi çox narahat edir.–Çay gəlirli sahədir, –deyir.–Çayın əvvəlki şöhrətini özünə qaytarmalıyıq. Əgər belə etməsək gələcək nəsil bizi bağışlamaz.
İlyas müəllim nümunə göstərərək pay torpaqlarında yeni çay sahəsi salıb. Təcrübəli çay mütəxəssisi kimi əkindən tutmuş becərməyə qədər bütün işlərə özü nəzarət edir. Gənclik həvəsi ilə işləyir. Gecəni gündüzə qataraq əsl nümunə göstərir.
O, 2005-ci ildə 3 hektar, 2008-ci ildə 1,5 hektar sahədə çay əkini keçirib.İkicərgəli sıx əkin tətbiq etməklə hər hektarda 44 min ədəd çay şitili əkib. 2008-ci təsərrüfat ilində İlyas Əliyev yeni üsul tətbiq edərək cərgəaraları 1,5 metr əvəzinə 0,75 metr, bitkiarası 0,25 olmaqla hektara 45 min ədəd əkin materialı sərf edib. Məqsəd sahədəki seyrəkliyi aradan qaldırmaq, yığım səthini genişləndirməklə tam sahə əldə etməkdir. Belə üsulla işləmək həm də torpaq sahəsindən daha səmərəli istifadə etməyə imkan verir.
-Bu həvəs sizdə hardandır? - deyə soruşanda o, müraciətimizə belə cavab verdi:
-Millət vəkili Cavanşir Paşazadə seçkiqabağı platformasında aqrar məsələlərə, xüsusilə də çayçılığın inkişafına geniş yer vermişdir. Bu baxımdan Lənkəran iqtisadiyyatının gəlirli sahəsi olan çayçılığın bərpası çox vacibir. Bu haqda millət vəkili ilə ətraflı söhbət etdik. Mən fikirlərimi bir mütəxəssis kimi əsaslandırdım. Axı ömrümün 50 ildən çoxunu çay, limon, naringi... əkib becərməyə sərf etmişəm. Mən bu sahənin təəssübkeşiyəm. Həyatımın bir anını çaysız, təsərrüfatsız təsəvvür edə bilmirəm. Çay mənim həyat amalımdır.Çay müqəddəs içkidir, sağlam həyat tərzidir. Elə bir içkidir ki, dinindən, mənsubiyyətindən, irqindən, böyük-kiçikliyindən asılı olmayaraq, hamı onu içir, hamı da onun faydasını görür. Çay süfrəyə mehribanlıq, işgüzar ovqat gətirir. Çay ürəyin, əsəbiliyin, başlıca olaraq xərçəngin dərmanıdır. Təbii çay sağlamlıq üçün böyük nemətdir. Çox sağ olsun, millət vəkilimiz çayın strateji məhsul olduğunu, rentabelliliyini, insan səhhətinə xeyrini nəzərə alaraq, bir seçici kimi mənə dayaq oldu. Budur, bu gördüyünüz sahə üç il müddətinə araya-ərsəyə gətirilib. Çay kolları əkildiyi vaxtdan 3-4 il sonra məhsul verir. Bu dövrdə çay kollarında ucvurma əməliyyatı keçirilməklə ümumi məhsulun 20-30 faizini, sonrakı illərdə 50-80 faizini yığmaq olar. Belə üsulla işləmək həm də çay bitkisi çətirinin formalaşmasına, əlavə gəlir qazanmağa imkan verir. İstəsəm, indi də bu sahənin məhsulunu yığa bilərəm. Amma buna yol vermirəm. Çay kolları qoy bir az da qol-qanad açsın. Necə deyərlər, ətə-qana gəlsin.
–Yəqin ki, bunlar asan
başa gəlməmişdir. Çəkdiyinz zəhmət
gec-tez öz uğurlarını verəcək...
-Elədir,
gördüyünüz çay kollarını böyük zəhmət
bahasına ərsəyə gətirmişik. Bunları
yetişdirmək üçün dövlətdən indiyədək
bir qəpik də almamışam. Kənd
Təsərrüfatı Nazirliyinə müraciətim olub.
Mənə dedilər ki, bizi
çayçılıq maraqlandırmır. Üzümçülük olsaydı, kömək
edərdik. Bilmirəm, bu
ayrı-seçkilik nəyə lazımdır. Axı, üzümü çox yerlərdə
yetişdirmək olar, ancaq çay nadir bitkidir və nadir
torpaqları xoşlayır. Çayçılıqla
məşğul olanlar da nadir, qiymətli insanlardır. Onların qədrini bilməliyik. Mən indi bu sahənin sirlərini cavanlara öyrədirəm.
Qonşu kənddəki
çayçılıq üzrə fermer təsərrüfatın
başçısı Araz nümunəvi gənclərimizdəndir.
Bu çətin işə əzmkarlıqla
girişib. İşi uğurlu olsun. Mənim rəhbərlik etdiyim fermer
çayçılıq təsərrüfatı həqiqi mənada
Lənkəran çayçıları üçün
nümunə, təcrübə məktəbidir. Bizə öyrədiblər, indi növbə bizimdir,
biz öyrədirik. Mən öz işimdən
zövq alıram. Fikirləşirəm ki,
ölkədə ərzaq bolluğunun yaradılmasına
hamı öz töhfəsini verməlidir.
Ani sükutdan sonra İlyas Əliyev
dedi:
-Torpağın hər
qarışından səmərəli istifadə etməyə
çalışırıq. Çay əkininin
ilk illərində çay cərgə aralarında kələm
tam yığılmamışdan qabaq pomidor əkini
keçirməklə sıx əkin tətbiq edirik. Bununla da biz eyni sahədən ildə bir neçə
dəfə məhsul yığırıq. Bu, əlavə gəlir deməkdir.
Fermer İlyas Əliyevin
tarla qayğıları çoxdur. Mütərəqqi iş
üsulları tətbiq etməklə bir sıra təcrübələr
aparmış və uğurlar qazanmışdır. O, eyni
zamanda çay sahələrinin ətrafında, su
arxlarının keçdiyi yerlərdə feyxoa və limon əkini keçirmişdir. Hazırda o,
sintetik örtük altında həyətyanı sahəsində
300 ədəd limon, 500 ədəd naringi
yetişdirir. Çay sahələrinin kənarında
isə 500 ədəd feyxoa əkini keçirmişdir.
Bu sahələrdən ildə 4-5 ton naringi, 10 min ədəd limon, yarım tona yaxın feyxoa məhsulu
yığır.
Fermer İlyas Əliyev
söhbətinin sonunda dedi:
–Ulu öndərimiz Heydər
Əliyevin Azərbaycana rəhbərliyi dövründə ətirli
çayımız dünyada özünə şöhrət
tapmışdı. Çayçılığın
inkişafı ilə bağlı bir sıra qərarlar qəbul
edilmişdi. Ötən əsrin 70-80-ci illərində
Lənkəranda ildə 17 min tondan çox yaşıl
çay yarpağı yığılırdı. Bunun 10 faizindən çoxu təsərrüfatımızın
payına düşürdü. Təəssüf
ki, doxsanıncı illərin əvvəllərində hakimiyyətsizlik
üzündən bir çox sahələrdə olduğu
kimi, çayçılıqda da tənəzzül
yarandı. Hazırda respublikada bu sahəyə
diqqət artmaqdadır. Ümummilli lider
Heydər Əliyevin layiqli davamçısı İlham Əliyevin
rəhbərliyi ilə çayçılıqla
bağlı qərarlar qəbul edilmişdir. Bu ümid verir ki, çayımızın əvvəlki
şöhrəti özünə qaytarılacaq.
Bəxtiyar HÜSEYNOV,
jurnalist
Xalq qəzeti.-2008.-31 dekabr.- S.10.