Azərbaycanda mədəniyyətin tərəqqisinə böyük diqqət və qayğı göstərilir

 

Xalqımızı xalq kimi, millət kimi qoruyub saxlayan bizim ənənələrimiz olub, tariximiz olub, ədəbiyyatımız, ana dilimiz və mədəniyyətimiz olubdur. Mədəniyyət, ədəbiyyat, milli musiqi, ana dilimiz tarixi keçmişimizdir – biz bu sahələrə böyük diqqət göstərməliyik.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan müstəqil Azərbaycanın mədəniyyət siyasəti son illər daha geniş miqyasda həyata keçirilməkdədir. Möhtərəm Prezidentimiz İlham Əliyev hakimiyyətə gəldiyi vaxtdan digər sahələrdə olduğu kimi mədəniyyət sahəsində də əsaslı islahatları daha da sürətləndirməyə başlamışdır.

 

Kino, teatr, musiqi tətbiqi sənət, tarixi abidələrin qorunması və bərpası ilə bağlı qəbul olunan dövlət proqramları və cənab Prezidentin ölkədə bu mədəniyyət sahələrinin inkişafı ilə bağlı sərəncamları bir daha təsdiq edir ki, ölkəmizdə mədəniyyətə, mənəvi dəyərlərin qorunub saxlanılmasına həqiqətən böyük qayğı var. Bu sərəncamlarda mədəniyyətimizin bütün sahələrinin inkişafına dövlət tərəfindən böyük dəstək verildiyi bir daha təsdiqlənir. Cənab Prezidentimizin belə bir fikrini diqqətə çatdırmaq istərdim: “Biz neft sektorundan əldə edilən kapitalın insan kapitalına, intellektual kapitala çevrilməsi üçün mühüm dövlət proqramları həyata keçirəcəyik”. Dövalət başçımızın bu fikirləri artıq həyatda reallaşmaqdadır.

Cəmiyyətin inkişafına güclü stimul verən mədəniyyətin tərəqqisinə dövlətimizin himayəsi son illər həyata keçirilən genişmiqyaslı layihələrdə öz əksini tapmışdır. Bu gün Azərbaycanımız başdan-başa gözəlləşir. Regionlarda salınan park və xiyabanlar, görülən abadlıq işləri bunun əyani sübutudur. Çox xoşbəxtəm ki, bu proseslərdə bir rəssam kimi mənim də xidmətlərim var. Belə ki, Balakəndə salınan böyük xiyaban, Qusarda Bayraq meydanı, Gənclər mərkəzi, Neft Daşlarındakı Heydər Əliyev parkı, Qəbələdə diaqnostika mərkəzinin tərtibat işləri məhz mənim layihələrim əsasında rellaşmışdır. Bu yaxınlarda cənab Prezidentimizin iştirakı ilə açılışı olan Şamaxı diaqnostika mərkəzinin də ətrafının tərtibat işlərinin müəllifiyəm. Daha bir layihəm isə Füzuli rayonunda açılacaq Muğam Mərkəzinin tərtibatı ilə bağlıdır. Burada çox maraqlı bir məqamı qeyd etmək istəyirəm. Mən bütün bu obyektlərin açılış mərasimlərində iştirak etmişəm. Hər dəfə də cənab Prezidentimiz bu tədbirlərdə iştirak edərək onlara öz münasibətini bildirib. Maraqlı burasıdır ki, cənab Prezident hər dəfə müəlliflərlə görüşür və təşəkkürünü bildirir. Bilirsiniz bu, sənət adamlarına dövlət başçımızın xüsusi diqqət yetirməsinin bariz nümunəsidir.

Bu gün elə bir rayon mərkəzi yoxdur ki, öz simasını dəyişməmiş olsun. Yeni yaradılan muzeylər, yeni tikilən yüksək mərtəbəli binalar, parklar, xiyabanlar ölkədə gedən quruculuq işlərinin aydın təzahürüdür.

Mən ulu öndərin dövründən başlayaraq bu günə kimi sənət adamlarına göstərilən qayğının şahidiyəm. Nə qədər sənətçilərimiz orden və medallarla təltif olunmuş, Prezident təqaüdlərinə layiq görülmüş, sənət adamlarının sosial vəziyyətinin yaxşılaşdırılması üçün davamlı tədbirlər həyata keçirilmişdir.

Azərbaycan incəsənəti dünya miqyasında ölkəmizi daha geniş miqyasda tanıtmaqdadır. YUNESKO və İSESKO kimi mötəbər beynəlxalq təşkilatlar artıq Azərbaycanı sivilizasiyalı bir ölkə kimi tanıyır. Bizim bir çox mədəniyyət abidələrimiz YUNESKO-nun maddi və mənəvi irs siyahısına salınmışdır. Hər iki beynəlxalq təşkilatın xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın Azərbaycan mədəniyyətinin dünyada tanınmasında rolu çox böyükdür. Xüsusilə görkəmli sənət adamlarının — şairlərimizin, bəstəkarlarımızın, elm xadimlərimizin yubileylərinin YUNESKO səviyyəsində keçirilməsi Azərbaycan mədəniyyətinə, incəsənətinə verilən yüksək qiymətin nümunəsidir. Bu yaxınlarda bu beynəlxalq təşkilatın xətti ilə Parisdə böyük Azərbaycan rəssamı Səttar Bəhlulzadənin 100 illik yubileyinin qeyd olunması buna əyani sübutdur.

Azərbaycan muğam sənətinin, İçərişəhərin (Şirvanşahlar Tarixi-Qoruq Muzeyi ilə birlikdə), Qobustan Dövlət Qoruğunun, YUNESKO-nun maddi və mənəvi irs siyahılarına salınması milli-mənəvi dəyərlərimizin dünyada tanınması istiqamətində görülən işlərin real nəticəsidir.

Bu gün ölkəmizdə Heydər Əliyev Fondunun mədəniyyətlə bağlı həyata keçirdiyi tədbirlər xalqımız tərəfindən rəğbətlə qarşılanır. Yeni mədəniyyət obyektlərinin tikintisi, mövcud mədəniyyət müəsssiələrinin əsaslı təmiri istiqamətində işlər uğurla davam etdirilir. Bakıda müasir üslubda tikilən Muğam Mərkəzi qapılarını muğamsevərlərin üzünə açmışdır. Hazırda dünyada analoqu olmayan yeni Xalça Muzeyi inşa edilməkdədir. Dövlət Film Fondunun yeni binasının istifadəyə verilməsi xalqımızın mənəvi sərvəti olan kitnofilmlərimizin qorunması və mühafizəsi üçün əlverişli şərait yaratmışdır. Kinostudiyamızın, Nizami kinoteatrının, S.Vurğun adına Dram Teatrının, Akademik Milli Dram Teatrının, Dövlət Gənc Tamaşaçılar Teatrının əsaslı təmir olunması mədəniyyətimizə göstərilən böyük qayğının ifadəsi kimi olduqca əhəmiyyətlidir. Belə quruculuq işləri söz yox ki, regionlardakı mədəniyyət obyektlərində də davam etdirilir.

Bu yaxınlarda Müasir İncəsənət Mərkəzinin açılışı, İncəsənət Muzeyinin bərpa edilərək yenidən istifadəyə verilməsi əlamətdar hal kimi qiymətləndirilməlidir. Cənab Prezidentimiz İncəsənət Muzeyinin bərpadan sonra istifadəyə verilməsi mərasimində iştirak etmişdir. Muzeylə tanışlıq zamanı möhtərəm Prezidentimizin dediyi bu sözləri xatırlatmaq istəyirəm: “Muzeyin yenidən açılması bir də onu göstərir ki, Azərbaycan dövləti öz incəsənətinə çox böyük qiymət verir. Burada nümayiş etdirilən əsərlərin bir hissəsi anbarlarda saxlanılırdı. Gözəl sənətkarlarımızın əsərləri, demək olar ki, nümayiş etdirilmirdi. Şərait yox idi. Ancaq belə gözəl şərait, şəhərin mərkəzində, tarixi binada Azərbaycan sənətkarlarının əsərlərinin nümayişi Azərbaycanın potensialını göstərir, Azərbaycan xalqının nə qədər böyük istedada malik olduğunu göstərir”.

Muzeylərimizin bir çoxunda bu cür əsaslı təmir işləri aparılır. Elə Tarix Muzeyinin təmir edilərək yenidən istifadəyə verilməsi, görkəmli şəxsiyyətlərin ev muzeylərinin yeniləşməsi də dediklərimizə misaldır. Bütün bunlar yenilik, müasirlik, güclü ənənəvi dəyərlər əsasında irəliyə atılan addımlardır.

Bir məsələni də qeyd etmək istərdim. Ulu öndərin fərmanı ilə 2000-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyası yaradılmışdır. Bu vaxta kimi rəssam kadrların yetişdirilməsi üçün Azərbaycanda ali təhsil müəssisəsi yox idi. Rəssamlarımız əsasən Rusiyanın müxtəlif şəhərlərində ali təhsil alırdılar. Ona görə də müstəqil Azərbaycanın Rəssamlıq Akademiyasının açılması Azərbaycanın mədəni həyatında yeni hadisəyə çevrildi. Artıq 9 ildir ki, Akademiyada yüksək ixtisaslı rəssam kadrlar yetişdirilir. Hazırda Akademiyanın yeni tiilmiş korpusunda müasir üslubda, onun prolfilinə uyğun yenidənqurma işləri aparılır. Öz görkəmi ilə bu Akademiyanın binası fərqlənəcəkdir.

Dövlət başçımızın mədəniyyətimizə göstərdiyi qayğının bir nümunəsi də görkəmli sənət adamlarının yubileyləri ilə bağlı xüsusi sərəncamlar imzalamasıdır. Ötən il xalq rəssamı Tahir Salahovun yubileyi ilə bağlı keçirilən tədbirlər buna misal ola bilər. Cənab Prezident Tahir Salahovla görüşdü və yubiley münasibətilə onu təbrik etdi. Eləcə də digər sənətçilərlə belə görüşlər çox olub.

Cənab Prezidentimiz mədəniyyətin bütün sahələrinə olduğu kimi rəssamlığa da böyük önəm verir. Rəssamlar İttifaqının yubileyi münsibətilə möhtərəm Prezident rəssamlarımızdan bir qrupu ilə görüşdü, onlara yaradıcılıqlarında böyük uğurlar arzuladı. Möhtərəm dövlət başçımız sərgilərdə iştirak etmiş, rəssamlarımıza fəxri adlar, Prezident təqaüdləri verilməsi ilə bağlı sərəncamlar imzalamışdır. Rəssamlarımızdan çoxunun yaradıcılıq emalatxanası vardır. Onların əsərlərinin tez-tez sərgiləri təşkil olunur. Əlbəttə, bu gün Mədəniyyət və Turizm Nazirliyi bütün bu işlərin təşkilində əhəmiyyətli rol oynayır. Mədəniyyət və turizm naziri cənab Əbülfəs Qarayev belə tədbirlərdə vaxtaşırı iştirak edir, rəssamlarımızın sosial vəziyyəti ilə mütəmadi olaraq maraqlanır. Bütün bunlar ölkəmizdə rəssamlıq sənətinin inkişaf etməsinə güclü stimul yaradır. İndi Azərbaycan rəssamlarının əsərləri xarici ölkələrin böyük muzeylərinin eksponatına çevrilmiş, müxtəlif ölkələrdə keçirilən beynəlxalq sərgilərdə nümayiş etdirilir.

Bir məqama da diqqəti yönəltmək istəyirəm. Artıq Bakının İslam Mədəniyyətinin Paytaxtı elan edilməsinin bir ili tamam olur. İSESKO-nun qərarı ilə 2009-cu ildə Bakı İslam Mədəniyyətinin Paytaxtı kimi bir sıra tədbirlərin məkanına çevrildi. Bu tədbirlər Azərbaycan mədəniyyətinin İslam dünyasına inteqrasiyasında, mədəniyyətlərarası dialoqun genişləndirilməsində əhəmiyyətli rol oynadı. İSESKO-ya üzv dövlətlərin mədəniyyətləri Bakıda keçirilən tədbirlərdə əsas mövzunu təşkil etdi. Bu ölkələrin mədəniyyət nazirlərinin Azərbaycanda keçirilən VI konfransında hörmətli Prezidentimiz də iştirak etdi. O, bildirdi ki, Bakının İslam Mədəniyyətinin Paytaxtı elan edilməsi, bizim üçün böyük şərəfdir, biz islam aləminin yaxın olmasına, islam həmrəyliyinə çalışırıq və buna böyük ehtiyac var.

Azərbaycan möhtərəm dövlət başçımızın siyasəti nəticəsində ildən-ilə daha qüdrətli dövlətə çevrilir. Bu inkişafda mədəniyyət xadimlərinin də öz rolu və yeri vardır. Cənab Prezident demişdir: “Azərbaycanı dünyada tanıdan bizim ziyalılarımızdır – alimlərimiz, rəssamlarımız şairlərimiz, yazıçılarımız, bəstəkarlarımızdır. Azərbaycanı bu insanlar tanıdırlar. Bu insanlar cəmiyyətin aparıcı təbəqələridir, cəmiyyətin elitasıdır”. Azərbaycanın mədəniyyət və incəsənət xadimləri cənab Prezidentimizin siyasi kursunu dəstəkləyir, Azərbaycanın uğurlu gələcəyi üçün, mədəniyyətimizin inkişafı üçün əllərindən gələni edirlər.

 

 

Cəlil HÜSEYNOV,

xalq rəssamı, Azərbaycan Rəssamlıq

Akademiyasının prorektoru, professor

 

Xalq qəzeti.- 2009.- 20 dekabr.- S. 6.