Mədəniyyət
İşçiləri Müstəqil Həmkarlar
İttifaqı Respublika Komitəsində tədbir
keçirilmişdir
Dünən Azərbaycan Respublikası Həmkarlar
İttifaqları Konfederasiyasında Mədəniyyət
İşçiləri Müstəqil Həmkarlar
İttifaqı Respublika Komitəsinin rəhbərliyinin təşəb-büsü
və təşkilatçılığı ilə
respublikamızın bir sıra qabaqcıl mədəniyyət
işçisinin mükafatlandırılma mərasimi
keçirildi.
Tədbiri Mədəniyyət
İşçiləri Müstəqil Həmkarlar
İttifaqı Respublika Komitəsinin sədri Cəmilə Səttarova
açaraq bildirmişdir ki, bu tədbirin 31 Dekabr Dünya Azərbaycanlılarının
Həmrəyiliyi Günü və Yeni il bayramı ərəfəsinə
təsadüf etməsi rəmzi məna daşıyır. Belə
ki, Respublika Komitəsi ənənəvi olaraq hər il ölkəmizin
elm, təhsil, mədəniyyət, mətbuat və s. humanitar
sahələrdə çalışan ziyalılarını,
qabaqcıl işçilərini, həmkarlar ittifaqı fəallarını
şəxsi və kollektiv yubileylər, digər əlamətdar
hadisələr münasibəti ilə təbrik edir.
C.Səttarova daha sonra məlumat
vermişdir ki, bu il ölkəmizin qocaman dövri nəşrlərindən
biri olan “Xalq qəzeti”nin 90 yaşı tamam olur. Bu qəzet
uzun onillər boyu mətbuatımızın yolgöstərənlərindən,
flaqmanlarından biri olmuş və əvvəlki dövrlərdə
olduğu kimi, müstəqillik illərində də öz
nüfuzunu, sanbalını, yüksək peşəkarlığını,
əqidə mətinliyini və ən başlıcası,
dövlətçiliyimizə sədaqətlə xidmət etmək
qayəsini parlaq şəkildə qoruyub saxlayır. C. Səttarova
dərin məmnuniyyət hissi ilə “Xalq qəzeti”nin bir qrup əməkdaşına
Respublika Komitəsinin Fəxri fərmanlarını və pul
mükafatlarını təqdim etdi.
Mədəniyyət
İşçiləri Müstəqil Həmkarlar
İttifaqı Respublika Komitəsinin Rəyasət Heyətinin
qərarı ilə bu günlərdə 80 yaşını
qeyd etmiş Bakı Xoreoqrafiya Məktəbinin bir qrup müəllimi,
S. Vurğun adına Dövlət Rus Dram Teatrının
aktyoru, xalq artisti Səfa Həsənov, 21 saylı Leopold və
Mstislav Rostropoviçlər adına Bakı Musiqi Məktəbinin
müəllimləri İlham Ağayev və Vladislav Kuznetsov
Respublika Komitəsinin Fəxri fərmanları və pul
mükafatlarına layiq görülmüşdür. Komitə
sədri mükafata layiq görülənləri təbrik
etmiş, onlara əmək fəaliyyətlərində daha
böyük uğurlar arzulamışdır.
Tədbirdə eləcə
də Mədəniyyət İşçiləri Müstəqil
Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən
Lənkərandakı internat evinə müasir kompyuter dəsti
hədiyyə olundu.
Sonda “Xalq qəzeti”nin redaksiyasının həmkarlar itifaqı komitəsinini sədri Ruslan Rəfizadə və digər təltif olunanlar göstərilən diqqət və qayğıya görə Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin rəhbərliyinə dərin minnətdarlıq və təşəkürlərini bildirdilər.
M.ABDULLAYEV
Xalq qəzeti.- 2009.- 22 dekabr.- S. 11.