Bakı Xoreoqrafiya Məktəbinin 80 illik yubileyi tamam oldu
Dövlət Akademik Opera və Balet Teatrında
Bakı Xoreoqrafiya Məktəbinin 80 illik yubileyinə həsr
olunmuş tədbir keçirildi. Bakı Xoreoqrafiya Məktəbi
respublikamızda balet və xalq rəqsi sahəsində ixtisaslı
artist kadrları hazırlayan yeganə tədris müəssisəsidir.
Opera teatrının
balet truppası üçün milli balet artistləri
hazırlamaq məqsədilə yaradılmış kiçik
studiyadan Bakı Xoreoqrafiya Məktəbinə qədər
böyük inkişaf yolu keçmiş bu sənət
ocağı 80 il ərzində yüzlərlə yüksək
ixtisaslı kadr hazırlamışdır.
Azərbaycan baletinin təşəkkülündə
misilsiz xidmətləri olmuş Qəmər Almaszadə ilk təhsilini
Bakı Xoreoqrafiya Məktəbində almış, milli
xoreoqrafiya məktəbinin parlaq simalarından olan Leyla Vəkilova,
Konstantin Bataşov, Xumar Zülfüqarova, Rəfiqə
Axundova, Maqsud Məmmədov, Vladimir Pletnev, Çimnaz Babayeva,
Vitali Axundov, Afaq Məlikova, Mədinə Əliyeva, Təranə
Muradova və onlarla tanınmış rəqqas məhz bu məktəbdə
sənətə yiyələnmişlər.
Bakı Xoreoqrafiya Məktəbində
Tamilla Şirəliyeva, Yusif Qasımov, Tamilla Məmmədova
kimi respublikanın görkəmli balet və xalq rəqs
ustaları pedaqoji iş apararaq, gənc nəslə xoreoqrafiya
sənətinin sirlərini öyrədir, onları klassik və
xalq rəqsinin incəliklərinə yiyələndirirlər.
Məktəbin yetirmələri
respublikanın aparıcı teatrlarının rəqs
truppalarında, müxtəlif rəqs kollektivlərində
xoreoqraf, artist kimi çalışır, tədris müəssisələrində
pedaqoji fəaliyyətlə məşğul olurlar. Bakı
Xoreoqrafiya Məktəbinin məzunları ABŞ, Almaniya,
Çin, İsrail, Latviya, Rusiya, Türkiyə, Ukrayna,
Yunanıstan və s. ölkələrin nüfuzlu
teatrlarında və təhsil ocaqlarında
çalışaraq Azərbaycan xoreoqrafiya məktəbini
uğurla təmsil edirlər.
Zəngın ənənələrə malik Bakı Xoreoqrafiya Məktəbinin yubileyində iştirak etmək üçün bir çox xarici ölkələrdən – Rusiya, Belarus, Gürcüstan, İtaliya, Moldova, Ukrayna, Türkiyə, Albaniyadan tanınmış balet ustaları, xoreoqraflar gəlmişlər. Yubiley tədbirində TÜRKSOY beynəlxalq təşkilatının nümayəndəsi Əflatun Nemətzadə, Neapol San Karlo Teatrının direktoru Cüzeppe Karbone, Moldovanın xalq artisti Yuri Qorşkov, Moldovanın əməkdar incəsənət xadimi Yuri Madan, Rusiyanın əməkdar incəsənət xadimi, professor Lyudmila Kolençenko, Rusiyanın xalq artisti, professor Valeri Anisimov, Rusiya Xoreoqrafiya Assosiasiyasının üzvü, tanınmış tənqidçi Aleksandr Maksov, Ukraynanın əməkdar incəsənət xadimi Sergey Şvets, Tbilisi Xoreoqrafiya Məktəbinin direktoru Zviad Bakradze və başqaları iştirak edirlər. Bakı Xoreoqrafiya Məktəbinin məzunları, QİTİS Rusiya Teatr Sənəti Akademiyasının dekanı, Rusiyanın və Azərbaycanın əməkdar artisti, Beynəlxalq Pedaqogika Akademiyasının akademiki, fəlsəfə doktoru, professor Vitali Axundov, SSRİ və Belarus Respublikasının xalq artisti, Belarus Dövlət Mükafatı laureatı, professor Valentin Yelizarov, İtaliyada “Azəri” Azərbaycan Mədəniyyəti Assosiasiyasının prezidenti, “Orizon” Rəqs Məktəbinin dosenti Mais Nuriyev, Latviya Milli Operasının solisti, beynəlxalq müsabiqə laureatı Ülvi Əzizov da qonaqlar sırasında idi.
Tədbirdə çıxış edənlər bu məktəbin keçdiyi tarixi yoldan, onun Azərbaycan xoreoqrafiya sənətinin inkişafındakı rolundan danışdılar. Sonda Xoreoqrafiya Məktəbi məzunları və qonaqların iştirakı ilə bədii proqram göstərildi.
M.MÜKƏRRƏMOĞLU
Xalq qəzeti.- 2009.- 16 dekabr.- S. 7.