İslam mədəniyyəti paytaxtından dialoq paytaxtına

 

Vaxt sürətlə ötüb keçir. Elə bil lap yaxın vaxtların söhbətidir: Azərbaycan paytaxtının mərkəzi küçələrində, tamaşa müəssisələrinin və kitabxanaların qarşısında, hətta avtobusların pəncərələrində də rəngbərəng zolaqlı bayraqlar asılmışdı. Bu bayraqlar ölkəmizin mədəni həyatında çox böyük və əlamətdar bir hadisə barədə xəbər verirdi: 2009-cu ildə Bakı sürətlə inkişaf edən, günbəgün gözəlləşən ölkəmizin paytaxtı olmaqla bərabər, həm də İslam mədəniyyəti paytaxtı seçilmişdi. Budur, artıq il başa çatmaq üzrədir. Bu il ərzində keçirilmiş çoxsaylı qeyri-adi və maraqlı tədbirlər təkcə müstəqil Azərbaycanın deyil, bütövlükdə İslam dünyasının mədəni həyatında mühüm hadisə olmuşdur.

 

Cəmi bir neçə gündən sonra Bakı estafeti növbəti şəhərə ötürəcək, lakin bu Mədəniyyət İlinin unudulmaz təəssüratları tarixdə qalacaqdır.

Hər şey ondan başladı ki, 2007-ci il noyabrın axırlarında Liviyanın Tripoli şəhərində keçirilmiş İslam Konfransı Təşkilatının (İKT) üzvü olan ölkələrin mədəniyyət nazirlərinin V konfransında İslam Ölkələrinin Elm, Təhsil və Mədəniyyət Təşkilatı (İSESKO) 2009-cu ildə Bakının İslam Mədəniyyəti paytaxtı seçilməsi barədə qərar qəbul etdi.

2001-ci ilin axırlarında Qətərin paytaxtı Doha şəhərində İslam Konfransı Təşkilatının üzvü olan ölkələrin mədəniyyət nazirlərinin III konfransında İSESKO-nun təklifi ilə “İslam Mədəniyyəti Paytaxtları” Proqramının təsdiq olunması haqqında Qətnamə qəbul edilmişdir. Bu sənədə müvafiq olaraq, İslam Mədəniyyəti paytaxtları İslam Konfransı Təşkilatının üzvü olan ölkələr arasından seçilməli idi. Həmin konfransda qəbul edilmiş digər qərara görə, Səudiyyə Ərəbistanının Məkkə şəhəri ilk İslam Mədəniyyəti paytaxtı elan edilmişdir. Məkkədən sonra ərəb, Asiya və Afrika regionlarını təmsil edən 30 şəhər 10 il müddətində İslam mədəniyyəti paytaxtları olmalıdır.

Bu ada namizəd kimi irəli sürülən şəhər öz regionu və ölkəsi səviyyəsində zəngin tarixə malik olmalı, elmin, incəsənətin, ədəbiyyatın inkişafına xüsusi töhfə verməli, həm İslam mədəniyyətinə, həm də bütövlükdə dünya mədəniyyətinə aidiyyəti olmalıdır. Bundan əlavə, həmin şəhərin həm fərdi, həm də kütləvi şəkildə mədəni tədbirlər təşkil edən elmi mərkəzləri, əlyazma kitabxanaları, arxeoloji qurumları, müvafiq institutları olmalıdır.

V konfransda iştirak etmiş Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev öz məruzəsində Bakı şəhərinin “İslam Mədəniyyəti Paytaxtları” Proqramının bütün meyarlarına müvafiq olmasını vurğulamış və 2009-cu ildə Bakının İslam mədəniyyəti paytaxtı elan olunmasını təklif etmişdir. Qeyd etmək lazımdır ki, konfrans iştirakçıları ölkəmizin nümayəndə heyətinin təklifini yekdilliklə dəstəkləmişdilər.

Bir sıra görkəmli mədəniyyət xadimlərinin və tanınmış siyasətçilərin fikrincə, Bakı bu yüksək və şərəfli ada İslam mədəniyyəti və elmi qarşısında görkəmli xidmətlərinə, İslam irsi abidələrinin qayğı ilə qorunub saxlanmasına və zənginləşdirilməsinə görə layiq görülmüşdür. Beləliklə, Azərbaycanın müstəqillik illərində İslam irsinin qorunub saxlanmasına və zənginləşdirilməsinə verdiyi böyük töhfə qeyd edilmişdir.

İSESKO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri Bakıda səfərdə olarkən demişdir: “Bakının İslam mədəniyyəti paytaxtı elan edilməsi İslam dünyasında mədəniyyətlərarası əlaqələrin möhkəmləndirilməsi üsuludur, çünki Bakı İslam dünyasının ən qədim şəhərlərindən biridir”. Əl-Tüveycri onu da qeyd etmişdir ki, Bakıda müxtəlif simpoziumlar, festivallar, sərgilər keçiriləcək, bu tədbirlər İslam mədəniyyətinin təbliğinə töhfə verəcəklər. Əbülfəs Qarayev bir il əvvəl bu mövzuya həsr edilmiş brifinqlərin birində demişdir: “Gələn il ərzində müxtəlif tədbirlər keçiriləcək, onların vasitəsilə biz təkcə İslam mədəniyyətini deyil, daha çox Avropada inkişaf etmiş incəsənət növlərini də nümayiş etdirəcəyik. Buraya teatr festivalları, caz festivalları və digər tədbirlər daxildir”.

İSESKO namizəd seçərkən respublika rəhbərliyinin Azərbaycan xalqının mədəni və mənəvi dəyərlərinin dirçəldilməsinə yönəlmiş siyasətini və bu məsələlərə diqqətini nəzərə almışdır. Prezident İlham Əliyevin ölkəmizdə mədəniyyətin inkişafına verdiyi töhfəni, dövlət başçısının mədəniyyət xadimlərinə qayğısını təsvir etmək çətindir.

Son illərdə ölkəmiz mədəniyyət sahəsində mühüm tədbirlər keçirilməsinin təşəbbüsçüsü olmuş, dünya mədəni elitasının tanınmış və nüfuzlu nümayəndələrini Azərbaycan torpağında görüşdürmüşdür. Belə misallardan çox göstərmək olar. 2009-cu il də bu mənada istisna olmamışdır.

Budur, “Bakı-İslam mədəniyyəti paytaxtı – 2009” Mədəniyyət İli başa çatmaq üzrədir. Vəd edildiyi kimi, bu il ərzində mədəni həyatda çox əlamətdar hadisələr baş vermiş, onlar Azərbaycan mədəniyyətinin dünya miqyasında daha da məşhurlaşmasına və təbliğinə şərait yaratmışdır. Mübaliğəsiz deyə bilərik ki, sözün həqiqi mənasında gurultulu premyeralar, prestijli festivallar, adlı-sanlı incəsənət ustalarımızın beynəlxalq səviyyədə qeyd edilən yubileyləri, görkəmli rəssamların əsərlərinin sərgiləri və bir sıra digər təşəbbüslər sayəsində indi ölkəmiz bütün dünyada təkcə Avropanın enerji təhlükəsizliyində fövqəladə mühüm rol oynayan dövlət kimi deyil, həm də qeyri-adi istedadların doğulduğu və inkişaf etdiyi, xalqın mədəniyyətinin və mənəviyyatının ən qədim dövrlərdən qaynaqlandığı və zaman keçdikcə daha da zənginləşərək dünya mədəniyyət xəzinəsində bənzərsiz bir təbəqə formalaşdırdığı gözəl diyar kimi tanıyırlar.

Mübaliğəsiz deyə bilərik ki, İslam Konfransı Təşkilatının üzvü olan dövlətlərin mədəniyyət nazirlərinin VI konfransının Bakıda keçirilməsi bu il təşkil edilmiş tədbirlərin kulminasiya nöqtəsi hesab oluna bilər. Dünyanın 45-dən çox ölkəsinin və müxtəlif təşkilatların 200-dən çox nümayəndəsi Azərbaycanın mədəniyyətin inkişafı işinə verdiyi misilsiz töhfələrdən məmnunluğunu və buna görə Azərbaycana minnətdarlığını bildirmək üçün Bakıda - İslam Mədəniyyəti paytaxtında toplaşmışdı. İSESKO-nun Baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri öz çıxışında qeyd etmişdir ki, müxtəlif mədəniyyətlərin qovuşduğu məkanda yerləşən Azərbaycan sivilizasiyalar arasında dialoqa böyük töhfə verir. Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev mədəniyyət ilinin proqramı barədə söhbət açaraq qeyd etmişdir ki, Proqrama milli və beynəlxalq miqyaslı 100-dən çox tədbir daxil edilmişdir. O, qonaqların diqqətinə çatdırmışdır ki, Azərbaycan dövləti mədəniyyət sahəsində islahatlar aparır və müxtəlif proqramlar həyata keçirir. Bu halda həm Avropa ölkələrinin, həm də İslam dövlətlərinin mütərəqqi təcrübəsindən istifadə edilir. Nazir Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın mədəniyyət sahəsinə yetirdiyi diqqəti xüsusi vurğulamışdır.

Konfransda Naxçıvan şəhərinin 2018-ci ildə İslam mədəniyyəti paytaxtı seçilməsi barədə qərar təsdiq edilmişdir.

Konfransdan sonra keçirilmiş “dəyirmi masa”ya yekun vuran Əbülfəs Qarayev demişdir: “Biz ”Dialoq paytaxtı" ideyası üzərində fikirləşməliyik. Bakı şəhəri “Dialoq paytaxtı” statusunu birinci olaraq qəbul edə bilər. Bu, hədsiz böyük məsuliyyətdir. İnanıram ki, iştirakçılar bu təklifi müsbət qiymətləndirəcəklər”.

Nazir vurğulamışdır ki, Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2011-ci ildə Azərbaycanda Dünya Mədəniyyətlərarası Dialoq Forumu təşkil ediləcəkdir.

Bizim milli mədəniyyətimiz, təsviri incəsənətimiz artıq dünya mədəniyyətinin tərkib hissələrinə çevrilmişdir. Bu fikrə etiraz edən çətin tapılar. Bu həqiqəti təsdiqləyən misallar çoxdur. Ona görə də Azərbaycan paytaxtının İslam Mədəniyyəti paytaxtı seçilməsi faktı tamamilə qanunauyğundur. Cəmi bir neçə gündən sonra Bakı bu estafeti öz xələfinə verəcək, lakin yeni səviyyə - “Dialoq paytaxtı” statusu üçün təşəbbüs irəli sürülmüşdür. Bu isə o deməkdir ki, qarşıda çoxlu maraqlı işlər və yeni nailiyyətlər gözlənilir.

 

 

Xalq qəzeti.- 2009.- 16 dekabr.- S. 4.